Köçəryan: “Paşinyan Saakaşvilini təkrarlayaraq Rusiya ilə problemlər yaradır”

2026/05/1780126632.jpg
Oxunub: 510     11:34     30 May 2026    
“Nikol Paşinyanın xarici siyasəti keçmiş Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin siyasətini xatırladır”.

Ordu.az xəbər verir ki, bunu “Hayastan” blokunun lideri, Ermənistanın ikinci prezidenti Robert Köçəryan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

Köçəryan bildirib ki, kiçik dövlət üçün ən təhlükəli vəziyyət atılan addımların nəticələrini düşünmədən hərəkət etməkdir.

“Bu gün Nikol Paşinyanın etdikləri Saakaşvilinin siyasətinin təkrarıdır. O da daim addımlar atır, Rusiya ilə problemlər yaradır və sonra Qərbdə dəstək axtarmağa çalışırdı. Bu, mənim qəti şəkildə rədd etdiyim siyasətdir”, - deyə Köçəryan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan böyük dövlətlər arasındakı qarşıdurmalara qarışmamalıdır.

“Mənim modelim budur: böyük dövlətlərin toqquşduğu problemlərin içinə girmə. Həmin vəziyyətə düşmə. Onlarla əməkdaşlıq edə biləcəyin sahələri tapmağa çalış. Böyük dövlətlərin ziddiyyətlərindən istifadə edərək nəsə qazanmağa çalışma. Biz həmişə belə etmişik”, - deyə o bildirib.

Köçəryan qeyd edib ki, Paşinyan həm xarici, həm də daxili siyasətdə daim qarşıdurma yaratmağa çalışır.

“Biz bunu ölkədaxili siyasətdə də görürük. O həmişə vəziyyəti gərginləşdirməyə çalışır və görünür, belə şəraitdə özünü daha rahat hiss edir.

Bəlkə də bu, insanın biokimyası ilə bağlı məsələdir. Amma xarici münasibətlərdə bu çox təhlükəlidir və bunun əvəzini xalq ödəyəcək. Bu gün də xalq ödəyir”, - deyə Köçəryan bildirib.

O, həmçinin Litva ilə imzalanan sənədlərin və Volodimir Zelenskinin Ermənistana səfərinin vaxtını sual altına alıb.

“Litva ilə həmin sənədlərin məhz indi imzalanmasına nə ehtiyac var idi? Yaxud Zelenskinin gəlib burada həmin bəyanatları verməsinə? O hara gedirsə, belə açıqlamalar verir. Bu, əvvəlcədən məlum idi. Elə bir yer olmayıb ki, Zelenski getsin və Rusiyaya qarşı sərt bəyanatlar verməsin. Sən bunu bilirdin. Ona deyə bilərdin ki, gəlməsin. Yaxud gəlirsə, heç olmasa Ermənistan ərazisindən belə açıqlamalar verməsin”, - deyə Köçəryan vurğulayıb.

O əlavə edib ki, Rusiya kimi böyük potensiala malik dövlətin bu məsələlərə sonsuz səbir göstərəcəyini düşünmək düzgün deyil.

“Rusiyanı böyük bir qatara bənzətmək olar. O, sürət yığır, amma sonra onu saxlamaq mümkün olmur. Biz bunu Ukraynada gördük”, - deyə Köçəryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Paşinyan   Saakaşvili  


Bizi "telegram"da izləyin