Ordu.az xəbər verir ki, bu barədə “Hayastan” blokunun lideri, Ermənistanın ikinci prezidenti Robert Köçəryan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.
Köçəryan hakimiyyəti dövründə seçkilərin kütləvi saxtakarlıqlar və bülletenlərin qutulara əlavə edilməsi ilə keçirilməsi barədə səsləndirilən iddialara münasibət bildirib.
“Ölkə bu təkamül mərhələsindən keçib və əlbəttə ki, hər növbəti seçki əvvəlkindən daha yaxşı olmalıdır”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, həmin dövrdə Ermənistanda formalaşmış feodal sistem mövcud idi və onu qısa müddətdə dağıtmaq həqiqətən çətin idi.
“Bu mədəniyyət yox idi. İnsanların təsəvvürləri də zaman keçdikcə dəyişirdi”, - deyə Köçəryan bildirib.
Erməni jurnalistin həmin feodalların məhz onun xeyrinə səs toplaması, saxtakarlıqlar etməsi və zorakılıq törətməsi barədə iradına cavab olaraq Köçəryan deyib: “Bəs indi həmin feodallar kimin xeyrinə işləyirlər? Onlar eyni adamlardır. Mənim hazırda Cermukda və Vayots Zorda gördüyüm mənzərə budur ki, eyni soyadlı həmin feodalın sadəcə nəsli dəyişib, amma eyni işi görür”.
O bildirib ki, seçkilər zamanı nə baş verəcəyini bilmir, lakin inzibati resurslardan qeyri-bərabər istifadə açıq şəkildə görünür.
“Biz artıq seçki kampaniyasındayıq. Bir nəfəri sadəcə paylaşımı bəyəndiyinə görə işdən çıxarıblar, mitinqə getdiyinə görə işdən çıxarırlar. İndi böyük sual budur: seçki məntəqəsində hansısa pozuntu etmək daha pisdir, yoxsa seçkilərdən aylar əvvəl inzibati resurslardan istifadə edərək insanlara təzyiq göstərmək? Bu isə hər yerdə müşahidə olunur”, - deyə Köçəryan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az