Ermənistan KİV-i: Keçmiş hərbi paradlarla cümə axşamı keçirilən parad arasında hansı fərqlər var idi?

2026/05/1780116623.jpg
Oxunub: 416     08:47     30 May 2026    
“Mütəxəssislərlə aparılan müzakirələr nəticəsində hərbi texnikanın nümayişindən daha çox ordunun döyüş qabiliyyəti ilə bağlı bir sıra mühüm məqamlar ön plana çıxıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, ekspertlər hesab edirlər ki, mayın 28-də Nikol Paşinyanın rəhbərliyi ilə təşkil olunan hərbi paradda Ermənistan ordusunun tarixində ilk dəfə olaraq “Qarabağ müdafiə ordusu” (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) iştirak etməyib.

“2023-cü ildən etibarən Nikol Paşinyan hökuməti də Azərbaycan tərəfi ilə eyni ardıcıllıqla “Qarabağ ordusu”nu ləğv edib. Hazırda isə zabit heyətinə Qarabağdan (könüllü-red.) köç etmiş zabitlərə verilmiş mənzilləri boşaltmaları ilə bağlı bildirişlər göndərilir.

İkinci mühüm fərq əvvəlki bütün hərbi paradlardan fərqli olaraq hərbi keşişlərin tədbirdə iştirak etməməsi olub.

Xatırladaq ki, bu il yanvarın 30-dan etibarən müdafiə naziri Suren Papikyan Ermənistan Apostol Kilsəsi tərəfindən orduda təyin edilmiş hərbi keşişlərin xidmətinin dayandırıldığını elan edib. Onun qərarına əsasən, hərbi keşişlər bundan sonra Baş Qərargahın mənəvi-psixoloji idarəsinin koordinasiyası altında fəaliyyət göstərəcəklər”, - deyə məqalədə bildirilib.

Nəşr həmçinin qeyd edir ki, bu paradda bütün ermənilərin katolikosu II Qaregin də iştirak etməyib. Bundan başqa, müxalif siyasi dairələrin nümayəndələri də tədbirdə görünməyiblər.

Məqalədə vurğulanır ki, Ermənistan Müdafiə Nazirliyinin siyasiləşdirilmiş, daha dəqiq deyilsə, partiyalaşdırılmış hərbi paradı yaddaşlarda hakim “Vətəndaş Müqaviləsi” Partiyasının dövlət vəsaiti və vergiödəyicilərinin hesabına aparılan seçkiqabağı kampaniyasının günlərindən biri kimi qalacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parad  


Bizi "telegram"da izləyin