“Past”: ABŞ Ermənistanda yeni atom elektrik stansiyası tikintisi üçün mövqeyini gücləndirir

2026/04/1775489688.jpg
Oxunub: 480     16:19     30 May 2026    
Ermənistanda parlament seçkiləri kampaniyası davam etdiyi bir vaxtda ABŞ tərəfi ölkədə kiçik modul reaktoru layihəsini fəal şəkildə irəli aparır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “ABŞ Ermənistanda yeni atom elektrik stansiyası tikintisi üçün mövqeyini gücləndirir” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, Vaşinqton Ermənistan hakimiyyətini məhz Amerika istehsalı olan reaktorun alınmasına yönəldir və bu reaktorun effektivliyi ilə bağlı indiyədək konkret əsaslandırma təqdim edilməyib.

Məqalədə xatırladılıb ki, fevral ayında ABŞ vitse-prezidenti Cey Di Vensin səfəri zamanı bir sıra sənədlər imzalanıb.

“Bundan sonra Ermənistan hakimiyyəti yeni atom reaktorunun tikintisi ilə bağlı Fransa, ABŞ, Cənubi Koreya və Rusiya ilə danışıqların davam etdiyini bildirirdi. Lakin ABŞ tərəfinin artan fəallığı və atdığı konkret addımlar qərarın faktiki olaraq artıq verildiyini göstərir.

ABŞ Dövlət Departamentinin “Kiçik modul reaktoru texnologiyasının məsuliyyətli istifadəsi üçün fundamental infrastruktur” proqramı çərçivəsində mayın 19-dan 22-dək “Sargent & Lundy” şirkətinin ekspertləri Ermənistanda səfərdə olublar”, - deyə məqalədə bildirilib.

Qeyd olunub ki, ekspertlərin məqsədi kiçik modul reaktor texnologiyası ilə bağlı davamlı texniki məsləhət dəstəyi göstərmək olub.

Nəşrin yazdığına görə, “Sargent & Lundy” şirkəti Ermənistan rəsmiləri ilə birlikdə Ermənistan Atom Elektrik Stansiyasının yeni qabaqcıl Amerika kiçik modul reaktor texnologiyaları ilə əvəzlənməsinin ilkin texniki-iqtisadi qiymətləndirilməsini başa çatdırıb.

“ABŞ-nin Ermənistandakı səfirliyi bildirir ki, Ermənistanda yerləşdirilməsi məqsədəuyğun hesab olunan dörd növ Amerika kiçik modul reaktoru müəyyənləşdirilib. Texniki dəstək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ən yaxşı praktiki standartlarına uyğunlaşdırılıb və diqqət nüvə təhlükəsizliyi, mühafizə və yayılmama standartlarına yönəldilib. Bundan başqa, Ermənistan Atom Elektrik Stansiyasının istismar müddəti başa çatdıqdan sonra əvəzləyici güclərin formalaşdırılması variantları da nəzərdən keçirilib”, - deyə müəllif bildirib.

Nəşrin fikrincə, ekspertlərin səfəri və qəbul edilən qərarlar göstərir ki, Ermənistan hakimiyyəti bir tərəfdən beynəlxalq tərəfdaşlarını, xüsusilə Rusiyanı aldatmağa çalışır, digər tərəfdən isə ABŞ tərəfinin bütün tələblərini yerinə yetirir.

“Məhz buna görə də ABŞ hər vasitə ilə Paşinyanın yenidən hakimiyyətdə qalmasını dəstəkləyir”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   AES  


Bizi "telegram"da izləyin