KİV: Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxsa milyardlarla dollar itirə bilər

2026/04/1775489688.jpg
Oxunub: 454     17:39     30 May 2026    
“Avrasiya İqtisadi Birliyindən çıxmaq Ermənistana ən azı 5 milyard dollara başa gələ bilər. Analitiklər hesab edirlər ki, bu addım ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxsa milyardlarla dollar itirə bilər” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, “Karl-marks.ru” saytı “Baza” “Telegram” kanalına istinadən bildirib ki, əsas zərbə təbii qazın qiyməti ilə bağlı olacaq.

“Hazırda İrəvan Rusiyadan qazı min kubmetr üçün 177,5 dollara alır. Bu güzəşt Avrasiya İqtisadi Birliyinə üzvlük sayəsində mümkündür. Ermənistan birlikdən çıxarsa, qiymət 550 dollara yüksələ bilər”, - deyə məqalədə qeyd olunub.

Nəşr vurğulayır ki, təkcə qaz faktoruna görə Ermənistan hər il təxminən 800 milyon dollar əlavə xərc ödəməli olacaq. “Bu isə ölkə iqtisadiyyatını ciddi şəkildə zəiflədə bilər”, - deyə müəllif qeyd edib.

Məqalədə bildirilir ki, son illərdə Ermənistan sanksiyalara məruz qalan məhsulların Rusiyaya təkrar ixracı üzərində bütöv iqtisadi sahə formalaşdırıb. “2024-cü ildə bu sxem Ermənistana böyük gəlirlər gətirib. Avrasiya İqtisadi Birliyindən çıxmaq isə həmin iqtisadi sahəni dərhal məhv edəcək”, - deyə nəşr yazıb.

Müəllif qeyd edir ki, Ermənistan məhsullarının Rusiyaya birbaşa ixracı da çökə bilər və bunun alternativ bazarı yoxdur.

“Avropa bazarında rəqabət son dərəcə sərtdir, logistika baha başa gəlir, sertifikatlaşdırma isə gəlirin böyük hissəsini aparacaq. 5 milyard dollarlıq itki rəqəmi belə nikbin görünür. Əgər buna investisiyaların azalması, kapital axını və դրամın dəyərdən düşməsi də əlavə olunsa, itkilər 1,5-2 dəfə daha çox ola bilər”, - deyə müəllif vurğulayıb.

Məqalədə qeyd olunur ki, Paşinyan Avropa İttifaqına yaxınlaşmadan danışsa da, Ermənistan biznes dairələri ciddi qeyri-müəyyənlik içindədir.

“İrəvan min kubmetr qaz üçün 550 dollar ödəyəcək, yoxsa 177 dollarlıq güzəşti saxlayacaq? Bu sualın cavabı milyardlarla dollar dəyərindədir”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİB  


Bizi "telegram"da izləyin