10 amerikalıdan 6-sı hesab edir ki, İrana qarşı müharibə səhv idi - SORĞU

2026/03/1774007488.jpg
Oxunub: 348     15:23     02 May 2026    
Bu gün dərc edilən “Washington Post/ABC News/Ipsos” sorğusuna görə, 10 amerikalıdan 6-sı ABŞ tərəfindən İrana qarşı hərbi güc tətbiqinin səhv olduğunu düşünür.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“The Washington Post”un qeyd etdiyi kimi, 2006-cı ilin mayında respondentlərin 59%-i İraq müharibəsini səhv hesab etmişdi. 1971-ci ildə keçirilən “Gallup” sorğusu göstərmişdi ki, təxminən 10 amerikalıdan 6-sı Vyetnam müharibəsi barədə də eyni fikri bildirib.

Hazırda demokratların təxminən 10-dan 9-u İrana qarşı hərbi əməliyyatları səhv hesab edir, həmçinin müstəqillərin 71%-i və respublikaçıların 19%-i də bu fikirdədir.

ABŞ-nin sonrakı addımları ilə bağlı fikirlər birmənalı deyil: respondentlərin 48%-i hesab edir ki, ABŞ İranla sülh razılaşması imzalamalıdır, hətta bu, ABŞ üçün daha pis nəticələrə gətirib çıxarsa belə, 46%-i isə düşünür ki, hətta bu, hərbi əməliyyatların yenidən başlaması demək olsa belə, ABŞ İranı daha sərfəli razılaşmaya məcbur etməlidir.

İqtisadiyyatla bağlı sorğu həmçinin göstərib ki, 23%, yəni amerikalıların təxminən dörddə biri maliyyə çətinlikləri yaşadığını düşünür, fevralda bu göstərici 17% idi.

Daha 52% həyat səviyyəsini qorumaq üçün kifayət qədər vəsaitə malik olduğunu deyir, 24% isə irəliləyiş əldə etdiyini qeyd edir.

Sorğu həmçinin göstərib ki, respondentlərin 44%-i daha az avtomobil sürdüyünü bildirib, 42%-i ev xərclərini azaltdığını qeyd edib, 34%-i isə səyahət və ya məzuniyyət planlarını dəyişdirdiyini bildirib. Amerikalıların yarısı qarşıdakı il ərzində benzin qiymətlərinin azalacağını gözlədiyini qeyd edib, halbuki yalnız 21% onların artacağını gözlədiyini deyib.

“Washington Post/ABC News/Ipsos”un aprelin 24-28-də keçirdiyi sorğu çərçivəsində 2560 yetkin amerikalı sorğuya cəlb edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin