Asiya-Sakit okean regionu son illərdə getdikcə artan geosiyasi gərginliklərin mərkəzinə çevrilib. Bir tərəfdən Çinin hərbi imkanlarını sürətlə artırması, digər tərəfdən ABŞ-nin yanlış siyasətlərinin Şərq blokunu bir araya gətirməsi fonunda ABŞ və müttəfiqlərinin Asiya-Sakit okeandakı üstünlüyü getdikcə zəifləyir. Bu da onları yeni müdafiə strategiyaları hazırlamağa yönəldir. Bu günə qədər daha çox ikitərəfli sazişlər və regional hərbi mövcudluq üzərindən hərəkət edən Vaşinqton artıq daha inteqrasiya olunmuş və şəbəkə əsaslı müdafiə arxitekturasına keçidin siqnallarını verir. ABŞ-nin son dövrdə gündəmə gətirdiyi “kill web” (ölüm şəbəkəsi) konsepsiyası da bu transformasiyanın ən konkret nümunələrindən biri kimi qarşımıza çıxır.
ABŞ Cənubi Koreya, Yaponiya və Filippinin hərbi imkanlarını birləşdirmək istəyir
ABŞ Koreya Qüvvələrinin komandanı general Xavier Brunson tərəfindən ortaya qoyulan bu strategiya Cənubi Koreya, Yaponiya və Filippinin hərbi imkanlarını vahid inteqrasiya olunmuş sistemdə birləşdirməyi hədəfləyir. Brunsonun “The Japan Times”a verdiyi müsahibədə ifadə etdiyi kimi, bu yanaşma quru, dəniz, hava, kosmos, kiber və elektromaqnit sahələrini əhatə edən çox təbəqəli struktur nəzərdə tutur. Məqsəd müttəfiqlərin malik olduğu fərqli qabiliyyətləri vahid “hədəf şəbəkəsi” daxilində bir araya gətirərək real vaxt rejimində və koordinasiyalı müdaxilə qabiliyyəti yaratmaqdır. Bu isə klassik hərbi əməkdaşlıqdan kənara çıxan, birbaşa məlumat paylaşımına əsaslanan döyüş arxitekturası deməkdir.
Məhvetmə zənciri əvəzinə ölüm şəbəkəsinə keçilir
Ənənəvi hərbi doktrinalarda “kill chain”, Türkiyə Silahlı Qüvvələri ədəbiyyatında “hədəf aşkarlama və məhvetmə prosesi”nə uyğun gələn struktur hədəfin aşkarlanması, izlənməsi, qərar verilməsi və məhv edilməsi proseslərinin adətən tək platforma və ya ölkə tərəfindən aparılmasına əsaslanırdı. Lakin ölüm şəbəkəsi yanaşması bu xətti strukturu aradan qaldıraraq paylanmış sistem təklif edir. Bu yeni modeldə istənilən sensor, məsələn peyk və ya pilotsuz uçuş aparatı əldə etdiyi məlumatı şəbəkədəki digər elementlərlə paylaşa bilir. Beləliklə, bir ölkənin aşkarladığı hədəf başqa ölkənin silah sistemi tərəfindən saniyələr içində vurula bilir.
Bu struktur xüsusilə qərar qəbuletmə müddətini dramatik şəkildə qısaltmağı və döyüş meydanında çevikliyi artırmağı hədəfləyir. Məsələn, peyk düşmən gəmisini aşkar etdikdə, bu məlumat dərhal başqa ölkənin radar sisteminə ötürülə, son nəticədə üçüncü ölkənin raket batareyası tərəfindən hədəf məhv edilə bilər. Bu cür ssenaridə müxtəlif ölkələrin sistemləri vahid orqanizm kimi hərəkət edir.
Təklif olunan modeldə Cənubi Koreya güclü ordusu və qabaqcıl müdafiə sənayesi sayəsində sistemin əsas düyünü kimi yerləşdirilir. Yaponiya isə həm coğrafi mövqeyi, həm də qabaqcıl müşahidə və erkən xəbərdarlıq sistemləri ilə şəbəkənin “gözləri” rolunu üzərinə götürür. Filippin isə Sakit okean ilə Hind okeanı arasında kritik keçid nöqtəsi təmin edərək strateji çıxış üstünlüyü təqdim edir.
Bununla birlikdə ABŞ hərbi planlaşdırıcıları yalnız əməliyyat inteqrasiyasını deyil, eyni zamanda logistika müstəqilliyini də artırmağı hədəfləyirlər. Bu çərçivədə regionda yerli istehsal və texniki xidmət imkanlarının inkişaf etdirilməsi planlaşdırılır. Beləliklə, ABŞ materikindən gələn uzun və kövrək təchizat zəncirlərindən asılılığın azaldılması hədəflənir.
Süni zəka da bu transformasiyada rol oynayacaq
Asiya-Sakit okeanda baş verəcək bu transformasiyada süni zəkanın da mühüm rol oynayacağı düşünülür. ABŞ tərəfi süni zəka dəstəkli komanda sistemləri, avtonom platformalar və uzaqmənzilli dəqiq zərbə qabiliyyətlərinin birləşməsi ilə “informasiya və qərar üstünlüyü” təmin edən döyüş doktrinasına keçildiyini vurğulayır. Bu baxımdan ölüm şəbəkəsi yalnız texniki inteqrasiya deyil, eyni zamanda müharibənin təbiətini dəyişdirməyə yönəlmiş addım kimi görülür.
Əlbəttə, bu iddialı planın qarşısında ciddi maneələr də var. Fərqli ölkələrin hərbi sistemlərinin texniki baxımdan uyğun hala gətirilməsi olduqca mürəkkəb prosesdir. Bununla yanaşı məlumat paylaşımı, komanda zənciri və nişanalma qaydaları kimi mövzularda da bu ölkələr arasında mühüm fərqlər var. Ortaq sistemə keçmək üçün əvvəlcə ortaq məxrəcə gəlmək lazımdır. Çinin regionda artan təsiri bu ölkələri bir araya gətirmək üçün yaxşı motivasiya vasitəsi olsa da, Cənubi Koreya və Yaponiya arasında tarixi gərginliklər də mövcuddur. Bütün bunlar nəzərə alındıqda ABŞ-nin bu baxışını həyata keçirməsi heç də asan görünmür. Lakin Asiya-Sakit okeanda təqdim olunan bu plan daha qlobal, daha inteqrasiya olunmuş şəbəkələrin formalaşmasının xəbərçisi olması baxımından əhəmiyyət daşıyır. Süni zəka isə bu inteqrasiyanı daha da sürətləndirəcək kimi görünür.
Sevinc Əliyeva
Ordu.az