Bundan əlavə, nəşr qeyd edib ki, bu məsələ “Milli Təhlükəsizlik üzrə Ali Şuranın iclasında müzakirə olunub, iclasa qurumun rəhbəri Məhəmməd Baqir Zolqadr sədrlik edib və İran əks-kəşfiyyatının hesabatları təqdim olunub”. Rusiya mediasına görə, həmin hesabatlar göstərir ki, “milli iqtisadiyyat dağılma həddinə yaxındır”.
Buna baxmayaraq, “Nezavisimaya qazeta”nın qeyd etdiyi kimi, İranın rəsmi nümayəndələri “dəniz blokadası şəraitində danışıqlara getməyə hazır olmadıqlarını göstərirlər” və vasitəçilərə təqdim olunan “bütün təkliflər əsas məsələlərdə maksimalist xarakter daşıyır”.
Çox diqqətçəkicidir ki, Rusiya nəşri artıq ABŞ “tədqiqat mərkəzlərinə” istinad edərək açıqlayır ki, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əhməd Vahidi “ABŞ ilə müharibənin tərəfdarıdır, ali dini lider Müctəba Xameneyinin yanına giriş üçün xüsusi imtiyaza malikdir və məhz o, “rəhbərin sözçüsü” rolunda çıxış edir”.
İranda faktiki hakimiyyətin İslam İnqilabı Keşikçiləri Korpusunun komandanına keçdiyini qeyd edən “Nezavisimaya qazeta” belə nəticəyə gəlir: “Bu, yaxın gələcəkdə İranın danışıqlar mövqeyinin yumşalmayacağını göstərir: Müctəba bu siyasəti təsdiqləyib”.
Rusiya rəsmi şəkildə İsrail və ABŞ-nin İrana qarşı müharibəsini pisləyib. İran İslam Respublikasının xarici işlər naziri Əraqçinin Sankt-Peterburqa səfərindən və Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra “RİA Novosti” redaksiya məqaləsində vurğulayıb ki, “Moskva Tehrana ən böyük dəstəyi göstərir və prioritet olaraq beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmanı müəyyən edir”.
Ehtimal etmək olar ki, Putin-Əraqçi danışıqları nəticəsində “müəyyən ideyalar hazırlanıb, lakin İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Vahidi onları rədd edib”. Rusiya nəşrinin açıqlaması, ehtimal ki, kəşfiyyat məlumatına əsaslanır və Vahidinin “rəhbərin sözçüsü” olması barədə iddia Moskvanın İslam İnqilabı Keşikçiləri Korpusu komandanından narazı olduğunu göstərir. İstisna deyil ki, “İran-Rusiya nizamlanma prinsipləri ABŞ Prezidenti tərəfindən də rədd edilib”.
İran ətrafında vəziyyətin son dərəcə qeyri-müəyyən olduğu bir vaxtda İsrail mənbələri son günlərdə “ümumi həcmi altı min beş yüz ton olan yeni silahların İsrailə gətirildiyini” bildiriblər, müdafiə naziri Kats isə ordunun “ən qısa müddətdə istənilən problemi həll etməyə hazır olduğunu” bəyan edib. Görünür, “ABŞ müharibədən çıxacaq ki, İsrail onu davam etdirsin” ssenarisi reallığa daha yaxındır. Lakin bu, son olacaqmı?
Asif Cəfərov
Ordu.az