Astana Moskvadan uzaqlaşır? Tokayev-Lavrov görüşünün pərdəarxası

2026/05/1777655689.jpg
Oxunub: 601     21:13     01 May 2026    
2026-cı il aprelin 30-da Qazaxıstan Prezidenti Tokayev Rusiya Federasiyasının xarici işlər naziri Lavrovu qəbul edib. Bu barədə Qazaxıstan Prezidentinin Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəsmi saytı məlumat yayıb.

May ayının sonunda Rusiya Prezidenti Putinin Astanaya dövlət səfəri nəzərdə tutulur. Tokayevin dediyi kimi, bu səfər “cari ilin ikitərəfli gündəliyinin əsas hadisəsi olacaq”.

Qazaxıstan Prezidenti Rusiya ilə münasibətləri “strateji müttəfiqlik” kimi qiymətləndirib və onları “inkişaf etdirməyə və dərinləşdirməyə” hazır olduğunu bildirib. Lavrov isə öz növbəsində Tokayevi Putinin “səfərinə hazırlıq barədə” məlumatlandırıb və vurğulayıb ki, Qazaxıstanla “çoxşaxəli əməkdaşlığın bütün əsas məsələləri hökumətlər və xarici işlər nazirlikləri səviyyəsində işlənilir”.

Rəsmi məlumata görə, həmsöhbətlər həmçinin “regional və beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar”. Rusiyanın xarici işlər naziri Astanaya Sankt-Peterburqda Rusiya Prezidentinin İranın xarici işlər naziri ilə görüşündən, İsrail Prezidentinin Astanaya səfərindən və Putin-Tramp telefon danışığından sonra gedib.

Hadisələrin bu “zəncirində” xüsusilə İsrail Prezidenti Hersoqun Astanaya səfəri seçilir. Onun əhəmiyyətini, bəlkə də, onun 8 saat uçuşda olması ilə qiymətləndirmək olar, çünki Türkiyə İsrail təyyarəsinə hava məkanı verməyib. Qazaxıstan bir neçə ay əvvəl “İbrahim razılaşmaları”na qoşulduğunu elan edib.

Bu o deməkdir ki, Astana Qüds ilə strateji əməkdaşlıq xəttini seçir və bu, böyük ehtimalla, təhlükəsizlik və yüksək texnologiyalar sahəsini də əhatə edəcək. İran ətrafında son dərəcə mürəkkəb vəziyyətdə İsrail Prezidentinin Astanaya səfəri Qazaxıstanın geosiyasi seçiminin dönüş xarakterli dəyişməsini simvollaşdırır və bu, Moskvanı narahat etməyə bilməz.

Qazaxıstan KTMT-nin, belə demək mümkündürsə, sistem formalaşdıran üzvüdür və onun seçimi Mərkəzi Asiyanın digər ölkələri üçün nümunə ola bilər. İsrail-Qazaxıstan əməkdaşlığı diplomatik yumşaq ifadələrlə nə qədər ört-basdır edilsə də, faktiki olaraq İrana qarşı yönəlib, bu isə geosiyasət baxımından Rusiyanın maraqlarına da ziddir.

Bu kontekstdə Rusiya Prezidentinin Astanaya dövlət səfərinin effektivliyi problemli görünür, halbuki digər tərəfdən Qazaxıstan neft ixracının logistikası baxımından Moskvadan asılıdır. Ehtimal olunur ki, tərəflər formal olaraq strateji tərəfdaşlıq əməkdaşlığına sadiq qalmağa davam edəcəklər, lakin praktiki münasibətlər artıq əvvəlki kimi olmayacaq. Böyük ehtimalla, Qazaxıstan “Rusiyadan uzaqlaşma həddinə yaxınlaşır”.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Astana   Moskva   Qazaxıstan   Rusiya  


Bizi "telegram"da izləyin