ABŞ-ni “böyük şeytan” adlandıran kiçik Xameneyi onun üçün yeganə yerin “dənizin dibi” olduğunu bildirib. İranın dini lideri ölkənin 90 milyonluq əhalisinin “nüvə və raket proqramlarını sona qədər müdafiə etməyə” hazır olduğunu bəyan edib.
Xameneyi Fars körfəzinin ərəb ölkələri ilə həmrəylik elan edib və əmin edib ki, “minlərlə kilometr uzaqdan gəlmiş yadların regionda yeri yoxdur”. O bildirib ki, İranın və Fars körfəzi ölkələrinin “parlaq gələcəyi Amerikanın iştirakı olmadan” olacaq.
Müctəba Xameneyi fəaliyyət qabiliyyətli deyil, məlumatlı mənbələrin iddiasına görə, onun adından İran İslam İnqilabı Keşikçiləri Korpusu çıxış edir. Bu mənada Xameneyinin “müraciəti” İranda SEPAH hakimiyyətinin bərqərar olmasının sübutu sayıla bilər.
Beləliklə, İran ABŞ-nin nizamlanma ilə bağlı ilkin şərtlərini rədd edib. Bunun Rusiya və ABŞ arasında telefon danışığının ertəsi günü baş verməsi olduqca vacibdir. Bu o deməkdir ki, SEPAH komandanlığı ABŞ ilə danışıqlarda Rusiyanın vasitəçiliyini “tələb olunan hesab etmir”.
ABŞ Prezidenti Donald Tramp hansı qərarı qəbul edəcək? İrana qarşı hərbi əməliyyatların bərpası bir neçə baxımdan risklidir. Bir gün əvvəl ABŞ Prezidenti bildirib ki, İran “məğlub olub və özünə gəlib mərhəmət istəməlidir”. Tehran isə silahlı qarşıdurmanın daha bir mərhələsinə hazır olduğunu başa salıb.
Asif Cəfərov
Ordu.az