Hindistan “Su-30MKI” qırıcıları üçün Rusiyanın 1 milyard dollardan çox dəyərində R-37M uzaqmənzilli raketlərini alır

2026/05/Ekran-1777654341.jpg
Oxunub: 414     20:46     01 May 2026    
Hindistan Rusiyanın R-37M uzaqmənzilli raketlərinin böyük partiyasını almaq üçün 1 milyard dollardan çox dəyərində müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Razılaşma təxminən 1,2 milyard dollar dəyərində 300-ə yaxın raketi əhatə edir və tədarükün 12-18 ay ərzində başlaması gözlənilir.

Raketlər Hindistanın Su-30MKI qırıcı təyyarələrində istifadə olunacaq. Bu təyyarələr Fransanın “Rafale” təyyarələri ilə birlikdə ölkənin Hərbi Hava Qüvvələrinin əsasını təşkil edir.

Razılaşma Hindistanın planlaşdırılan 114 “Rafale” təyyarəsi alışını ləğv edə biləcəyi barədə məlumatlar fonunda imzalanıb. Bildirilir ki, problem Fransanın əsas elektron sistemlərə giriş verməkdən imtina etməsi ilə bağlıdır. Hindistan isə yerli istehsal olan “Astra Mk1” raketlərini inteqrasiya etmək üçün bu sistemlərə çıxış istəyir. Bu raketlər artıq “Su-30MKI”də sınaqdan keçirilib.

Əgər “Rafale” razılaşması ləğv olunarsa, bu, gələcəkdə Fransa istehsalı raket sistemlərinin daha az alınmasına da səbəb ola bilər.

Daha əvvəl Hindistan hökuməti təxminən 25 milyard dollar dəyərində silah və hərbi texnikanın genişmiqyaslı tədarük paketini təsdiqləyib. Ölkə Pakistanla münaqişədən sonra və Çinlə davam edən gərginlik fonunda silahlı qüvvələrinin modernizasiyasını sürətləndirir.

Paket hərbi qüvvələrin bütün qollarını əhatə edir. Xüsusilə Hindistan Hərbi Hava Qüvvələrinin əlavə Rusiya istehsalı S-400 yer-hava raket sistemləri, orta nəqliyyat təyyarələri və zərbə pilotsuz uçuş aparatları alacağı gözlənilir.

Paketə “Su-30MKI” qırıcı təyyarələrinin mühərriklərinin əsaslı təmiri və modernizasiyası da daxildir.

R-37M

R-37M uzaqmənzilli “hava-hava” raketidir və açıq mənbə məlumatlarına əsasən, öz sinfində ən uzaqmənzilli sistemlərdən biri hesab olunur.

Əsas xüsusiyyətlər:

Maksimal buraxılış məsafəsi: 300 km-dən çox
Uçuş sürəti: “Mach 6”ya qədər
Hədəfin maksimal sürəti: 2500 km/saatadək
Uzunluğu: 4,2 m
Gövdə diametri: 0,38 m
Buraxılış çəkisi: təxminən 600 kq
Döyüş başlığının çəkisi: 60 kq


Raket birləşdirilmiş tuşlama sistemindən istifadə edir: orta uçuş mərhələsində radio korreksiya ilə inersial naviqasiya, terminal mərhələsində isə aktiv radar axtarıcı başlıq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Su-30MKI   Rusiya  


Bizi "telegram"da izləyin