Erməni səfir: “TRIPP hazırda gündəmdən çıxmayıb, təəssüf ki, müharibə də bunun sonu olmayacaq”

2026/04/Ekran-1776146623.jpg
Oxunub: 487     09:58     14 Aprel 2026    
“TRIPP (Zəngəzur dəhlizi-red.) anti-İran və anti-Rusiya proqramının bir hissəsidir və bu proqramı müəyyən şəkildə həyata keçirmək istəyirdilər, lakin bu, 2020-ci ilin 44 günlük müharibəsi zamanı baş tutmadı”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Zyunik Ağacanyan deyib.

“Bu, türkçülüyün əsas elementlərindən biridir. Türkçülük onların bütün Cənubi Qafqaz regionunu Orta Asiyaya doğru yenidən formalaşdırmaq üçün istifadə etdikləri vasitə olub. TRIPP bu model üzrə formalaşdı, çünki bizim ictimai müqavimətimiz və İranın müqaviməti buna imkan vermirdi, İran açıq şəkildə deyirdi ki, bu, istisnadır, yəni biz bunu qəbul edə bilmərik və bu, təbiidir. İran rəqib dövlətin və ya Qərb güclərinin nəzarətində olmayan yeganə sərhədinin Qərbin alətinə çevrilməsinə razılıq verə bilməzdi. Bu, onun tamamilə rəqibləri tərəfindən mühasirəyə alınması və dövlətin boğulması demək olardı.

Bu baxımdan İranın mövqeyində dəyişiklik olmayacaq, amma burada qərar verən İran deyil, Ermənistan xalqıdır və Ermənistan xalqının iyunun 7-də bu məsələyə nöqtə qoymaq üçün müstəsna imkanı var. Söhbət kommunikasiya xətlərinin mövcudluğunu, onların işə salınma metodlarını və ya regional yolların açılmasını bağlamaqdan getmir, söhbət Qərbin, xüsusən ABŞ-nin iştirakı ilə öz ərazisinin yadlaşdırılmasının qarşısını almaqdan gedir. Yəni Ermənistanı hədəfə çevirməkdən və ərazimizi hansısa anlaşılmaz bir şirkətə verməkdən gedir.

Hazırda məsələ gündəmdən çıxmayıb, təəssüf ki, müharibə də bunun sonu olmayacaq. Amerika bu mərhələdə quru hücumu başlada bilməz, halbuki TRIPP bunun mühüm elementidir”, - deyə o qeyd edib.

Ağacanyan iddia edib ki, indi İsrail-ABŞ tandeminin bu təşəbbüsü hansısa qəbul edilə bilən formada bağlaması lazımdır və Vaşinqtonda yaxın günlərdə keçirilməsi gözlənilən Livanla danışıqlar da buna yönəlib.

“Bundan sonra isə ciddi və yekun zərbələr üçün əsaslı yenidən silahlanma və planlaşdırma mərhələsinə keçiləcək, bunun üçün isə ən azı 1-1,5 il vaxt tələb olunacaq.

Hazırkı hakimiyyətin bizi saldığı bu tordan və bu proqramdan, həmçinin əgər hakimiyyəti dəyişsək, bu öhdəliklərdən xilas olmaq şansımız var. Əgər dəyişməsək, qurban gedəcəyik və o halda bizim üzərimizdən keçilməsi, Ermənistanın isə Azərbaycan və ya Türkiyənin vilayətinə çevrilməsi ilə bağlı olan plan ən qısa müddətdə reallığa çevriləcək”, - deyə o bildirib.

Ağacanyanın sözlərinə görə, bundan sonra bir neçə həftə ərzində konstitusiyaya dəyişikliklərinin qəbulu baş verəcək, üstəlik referendum yolu ilə olmayacaq: “Onlar bunun referenduma çıxarılmaması üçün hər şeyi etməyə çalışacaqlar və burada Konstitusiya Məhkəməsinin tərkibinin hazırkı qrup tərəfindən tam mənimsənilməsi məsələsi gündəmə gəlir ki, birdən onlara qarşı mənfi rəy verilməsin”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ağacanyan  


Bizi "telegram"da izləyin