Erməni ekspert: “Bizə sovet-rus tipli atom elektrik stansiyası lazımdır”

2026/04/1776145888.jpg
Oxunub: 361     09:48     14 Aprel 2026    
“Son 7-8 ildə hakimiyyətin xüsusilə enerji sahəsində apardığı siyasətdə konseptual və strateji yanaşmadan daha çox xaos müşahidə olunur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hayakve” təşəbbüsünün üzvü, erməni ekspert Armen Manvelyan deyib.

“Onlar proqramları həyata keçirməkdən daha çox iflasa uğradıblar, hətta çoxdan istismara verilməli olan layihələr belə tamamlanmayıb. Məsələn, Ermənistan-İran yüksək gərginlikli xətti çoxdan tikilməli idi, lakin hələ də başa çatdırılmayıb. Atom elektrik stansiyası məsələsində də eyni vəziyyətdir. Mən dəfələrlə demişəm ki, bizə sovet-rus tipli VVR atom elektrik stansiyası lazımdır. Niyə bu, Amerika variantından daha uyğundur? Əsas səbəblərdən biri odur ki, bizdə onu istismar edə biləcək mütəxəssislər var. Çox vacibdir ki, sənin belə kadrlar hazırlayan məktəbin olsun. Modul tipli atom elektrik stansiyası üçün isə bizdə belə mütəxəssislər yoxdur”, - deyə o bildirib.

Manvelyan qeyd edib ki, ABŞ ilə bağlanan 9 milyard dollarlıq müqavilənin 4 milyard dolları xidmət və uranın idxalı üçün nəzərdə tutulub.

“Hətta bu 4 milyardın 10-15%-i xidmət xərcləri olsa belə, bu təxminən 400 milyon dollar edir ki, bu da çox böyük məbləğdir. Əgər reaktorla bağlı problem yaransa, sən gözləməli olacaqsan ki, ABŞ-dən mütəxəssislər gəlib baxsın. Rus variantında isə buna ehtiyac yoxdur, çünki mütəxəssislər yerindədir və nə etməli olduqlarını bilirlər.

Yəni Amerika variantı həm bahadır, həm də dövlət üçün əlavə risklər yaradır.

Ümumiyyətlə, kiçik modul stansiyalar yeni konsepsiyadır. Çin, Rusiya və Argentina kimi ölkələrdə tikilir, lakin hələ tam sınaqdan keçməyib. Məsələn, rusların bir işlək kiçik modul stansiyası var, lakin o, gəmi üzərində yerləşir, quruda isə hələ tikilməyib, ancaq hazırda tikilir.

Əvvəlcə bu stansiyaların necə işlədiyini, hansı problemlər yaratdığını və necə istismar olunduğunu öyrənmək lazımdır, sonra isə Ermənistanda tətbiq etmək olar.

Digər tərəfdən, mən hesab edirəm ki, Ermənistana belə stansiyalar lazım deyil. Onlar daha çox geniş əraziyə malik ölkələr üçün uyğundur, məsələn Alyaska, Sibir və ya Çin kimi yerlərdə, uzaq şəhərlər üçün 50-100 meqavatlıq stansiyalar qurmaq daha məqsədəuyğundur”, - deyə Manvelyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manvelyan  


Bizi "telegram"da izləyin