Ordu.az xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Zyunik Ağacanyan deyib.
“Birincisi, Tramp öz adını Amerika tarixinə yazdırmaq istəyir, yəni bu, ambisiyaların təmin olunması ilə bağlı məsələdir, xüsusilə də bu il Amerika 250 illiyini qeyd edir, o isə Nobel mükafatı ala bilmədi, özü də 80 yaşını qeyd edir. Onun üçün bu, bir növ missiyaya çevrilib, hansısa uğurlar silsiləsi əldə edərək adını Amerika tarixinə yazdırmaq istəyir.
İkincisi, İsrail məsələsidir və biz görürük ki, İsrail 2023-cü il oktyabrın 7-dən etibarən, addım-addım hərəkət edib. Burada paralellər aparmaq lazımdır, çünki bunlar bir-biri ilə bağlı proseslər idi. Əvvəl Qəzza zolağında, sonra Livanda, sonra Qərb sahilində, daha sonra Suriyaya yayıldı və sonda İrana çatdı.
Bu plan hələ 90-cı illərdə hazırlanmışdı və 2001-ci il sentyabrın 11-də baş verən hadisələr onun başlanğıc nöqtəsi oldu. Məqsəd, xüsusilə Sovet İttifaqının dağılmasından sonra, qarşısında dayanacaq güc qalmayan ABŞ-nin qlobal üstünlüyünü uzun müddət təmin etmək idi və buna təbii ki, resurs bazalarına nəzarət də daxil idi”, - deyə o qeyd edib.
Ağacanyan bildirib ki, bu zəncirin son halqası İrandır və o, xüsusilə Netanyahunun hakimiyyəti dövründə zərbə altına düşməli idi.
“Tramp administrasiyası artıq bütün formal örtükləri kənara ataraq əməliyyatlara başladı. Bununla paralel olaraq Epşteyn fayllarının ortaya çıxması da təsadüfi deyildi, bu, Trampa və ümumilikdə Qərb siyasətçilərinə təsir göstərmək üçün alətdir, çünki onların barəsində böyük kompromat materialları mövcuddur.
Fevral ayında Netanyahunun Ağ Evə səfəri zamanı eyni vaxtda “Mossad”ın keçmiş agentlərindən biri Kanada mediasına müsahibə verərək bildirmişdi ki, Tramp barədə Epşteyn fayllarının tam paketi onların əlindədir və lazım olan anda açıla bilər. Bu, Trampa təsir etmək üçün şantaj vasitəsi idi.
Lakin onlar İran xalqının düşüncə tərzini nəzərə almadılar və məhz burada, necə deyərlər, səhvə yol verdilər. Hərbi əməliyyatlar başlayandan iki gün sonra artıq aydın idi ki, plan iflasa uğrayıb. Hazırda bütün Yaxın Şərq, o cümlədən İsrail dağıntılar içindədir. İsraildən çox görüntü yayımlanmır, lakin yüzlərlə yaralı olduğu halda ölənlər barədə məlumat verilmir.
Necə deyərlər, eşşəyə minmək bir ayıbdır, düşmək başqa bir ayıb. Onlar artıq bu vəziyyətə düşüblər və çıxış yolu yoxdur. Trampın bildiyi yeganə üsul təhdid və ultimatum dilidir, lakin İranla bu cür danışmaq mümkün deyil”, - deyə Ağacanyan bildirib.
Trampın Hörmüz boğazını bağlamaqla bağlı açıqlamasına münasibət bildirən erməni səfir qeyd edib: “O, çox şey deyə bilər, hər gün yeni bəyanat verir. Bu atəşkəs onun üçün sadəcə quru əməliyyatlarına başlamaq üçün qoyduğu müddətdən çıxmaq üçün bir çıxış yolu oldu.
Hazırda quru müdaxilə olmayacaq, çünki pilotu xilas etmək əməliyyatı zamanı iki helikopter və bir təyyarə itirildi. Bundan sonra onlar başa düşdülər ki, daxili etnik, dini və sosial qrupların üsyan edəcəyinə dair bütün ümidləri puça çıxıb.
İran xalqı daha yaxşı və azad yaşamaq istəyir, lakin nə ABŞ-nin, nə də İsrailin təsiri altına düşmək istəmir.
Unutmayaq ki, söhbət 5000-6000 illik sivilizasiyadan gedir və Tramp onun məhv edilməsi ilə hədələyir. Bu, artıq özü soyqırımı təhdididir. Bu cür bəyanatlar isə digər ölkələri də ABŞ-dən uzaqlaşdırır.
Tramp təhdid edir, lakin cavab daha ağır ola bilər, İran bütün Yaxın Şərqi Daş dövrünə qaytara bilər. Regionun inkişaf etmiş ölkələri tamamilə məhv ola bilər.
Tramp Yaxın Şərqi qurban verə bilməz, çünki bu region onun üçün iqtisadi mənbədir. Hazırda isə bu əsas sarsılıb və hətta gündəlik həyat üçün zəruri şərtlər də təhlükə altındadır. Su problemi mövcuddur və su təmizləmə qurğularının məhv edilməsi əhalinin dağılmasına səbəb olacaq”, - deyə o əlavə edib.
O bildirib ki, Tramp atəşkəs vasitəsilə quru əməliyyatları tələsindən yayınsa da, müharibə davam edir: “Müharibə dayanmayıb və o, İsrail faktorundan tam qurtula bilmir. Tarixi və siyasi asılılıqlar, həmçinin yəhudi lobisinin təsiri buna imkan vermir.
Biz təhdidlər görəcəyik, lakin onların real əməliyyatlara çevrilmə ehtimalı azdır, çünki onların hazırlıq üçün vaxta ehtiyacı var. Onlarda silahlanma problemi var. Əgər ABŞ hərbi gəmilərlə İran sahillərinə yaxınlaşsa, İran rahatlıqla zərbə endirə bilər və belə bir gəminin itirilməsi ABŞ üçün siyasi intihar olar”, - deyə o vurğulayıb.
Erməni diplomatın sözlərinə görə, İranın ABŞ hərbi bazalarının Yaxın Şərqdən çıxarılması tələbi qismən reallaşıb, çünki bu bazaların bərpası real görünmür. Ərəb ölkələri anlayıb ki, bu bazalar onların müdafiəsi üçün deyil, İsrailin maraqlarına xidmət edirdi.
“Bu fonda artıq mediada məlumatlar yayılır ki, ABŞ İsraildə ən böyük hərbi bazasını yaratmaq niyyətindədir. Hörmüz boğazına gəldikdə isə, mən hesab edirəm ki, onun nəzarəti heç kimə verilməyəcək. İran artıq tam nəzarəti təmin edib və ağıllı şəkildə Oman və Çin kimi tərəfdaşları cəlb edib, çünki ödənişlər yuanla həyata keçiriləcək.
Digər tərəfdən, ABŞ də əsassız və hüquqi bazası olmayan tələblərini davam etdirir”, - deyə Ağacanyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az