Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Rusiya sərt ssenariyə keçir, “Cermuk”un da Rusiyaya ixracı qadağan edilə bilər” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, xüsusilə, bir neçə gün əvvəl məlum olub ki, Rusiyada alkoqol və tütün bazarına nəzarət edən dövlət qurumu “Rosalkoqoltobakkontrol” “Proşyan konyak zavodu”nun lisenziyasının ləğvi prosesinə başlayıb.
“Bu isə o deməkdir ki, zavod Rusiyada öz məhsullarını satmaq hüququndan məhrum ola bilər.
Mənbələrimizin məlumatına görə, yaxın vaxtlarda yeni məhdudiyyətlər gözlənilir. Xüsusilə, məlumatlara əsasən, növbəti məhdudiyyət “Cermuk” mineral su zavoduna aid olacaq. Xatırladaq ki, bu şirkətin sahibi keçmiş deputat Aşot Arsenyandır və o hazırda hakimiyyətlə yaxşı əməkdaşlıq edir. Həmçinin onun oğlu Vaaqn Arsenyan Nikol Paşinyan tərəfindən Dərələyəz vilayətinin rəhbəri təyin edilib.
Qeyd edək ki, mənbələrimizin bildirdiyinə görə, təsadüfi deyil ki, məhz bu günlərdə Rusiya İstintaq Komitəsi Vladikavkaz sakininin guya “Cermuk” mineral suyu içdikdən sonra ölümü ilə bağlı cinayət işini yenidən açıb. Bildirilir ki, iş əvvəllər dayandırılmışdı, çünki həmin vaxt cinayətdə iştirak edən şəxsləri müəyyən etmək mümkün olmamışdı. İş yeni hallar nəzərə alınaraq yenidən açılıb”, - deyə nəşr qeyd edib.
Nəşrin məlumatına görə, istisna edilmir ki, “yeni hallar” əslində siyasi məzmun daşıyır: “Ən narahatedici məqam isə odur ki, belə “yeni hallar” Nikol Paşinyanın geosiyasi addımları ilə bağlı davamlı xarakter ala bilər”.
Alpər Mövludoğlu
Ordu.az