Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın hüquq-mühafizə orqanlarındakı mənbələr “Factor TV”yə bildiriblər.
Məlumata görə, erməni katolikosa və digər təqsirləndirilən şəxslərə Ermənistan Cinayət Məcəlləsinin 507-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb və bu maddə üzrə maksimum cəza 2 il müddətinə azadlıqdan məhrumetmədir. Onlara aid edilən əməl az ağır cinayət hesab olunur, çünki Cinayət Məcəlləsinə görə maksimum cəzası 2 ildən artıq olmayan əməllər az ağır cinayətlər sayılır.
Bildirilib ki, Ermənistan Cinayət Prosessual Məcəlləsinin 192-ci maddəsinə əsasən, istintaq mərhələsində ictimai cinayət təqibi az ağır cinayət üzrə ittihamla üç aydan artıq davam edə bilməz.
“Bu isə o deməkdir ki, katolikos və yepiskoplara qarşı 2026-cı il fevralın 14-də başlanmış ictimai cinayət təqibi ən çoxu mayın 14-nə qədər davam edə bilər. Lakin qanunvericilikdə istisna hallarda, ədalət mühakiməsinin maraqları tələb etdikdə, yuxarı prokurorun nəzarətçi prokurorun təqdimatı əsasında bu müddəti maksimum bir ay uzatmaq səlahiyyəti nəzərdə tutulub və bu da həyata keçirilib.
Məlumata görə, cinayət təqibi müddətinin dayandırılmasının səbəbi iş çərçivəsində beynəlxalq sorğunun həyata keçirilməsi olub və bu sorğunun cavabı olmadan təqibin davam etdirilməsi və ya dayandırılması barədə qərar vermək mümkün deyil”, - deyə nəşr bildirib.
Qeyd olunur ki, erməni katolikos və yepiskoplar məhkəmə qərarının icrasına mane olmaqda ittiham olunurlar.
“İttihama görə, II Qaregin və 6 yepiskop Erməni Apostol Kilsəsinin Masyatsotn yeparxiyasının rəhbəri Gevorq yepiskop Saroyanla bağlı məhkəmə qərarının icrasına mane olublar.
Saroyan vəzifəsindən azad edilməsi qərarını məhkəmədə mübahisələndirib və eyni zamanda iddianın təmin edilməsi ilə bağlı vəsatət təqdim edərək yekun qərara qədər vəzifəsinə bərpa olunmasını tələb edib. Armavir vilayət məhkəməsinin hakimi, Ali Məhkəmə Şurasının üzvü Edqar Hovhannisyan işi icraata qəbul edərək kilsəyə Saroyanın vəzifədə qalmasını təmin etməyi tapşırıb.
Lakin bu qərardan sonra yanvarın 27-də katolikos Ali Ruhani Şuranın 27.01.2026-cı il tarixli qərarına əsaslanaraq, Saroyanı vəzifədən kənarlaşdırıb. Bu isə məhkəmə qərarının icrasına maneə kimi qiymətləndirilib”, - deyə nəşr qeyd edib.
Bildirilib ki, bu ittiham çərçivəsində hansı beynəlxalq sorğunun əsas götürüldüyü məlum deyil, lakin bu addım hüquq-mühafizə orqanlarına istintaq müddətini uzatmaq imkanı verir.
“İstintaq Komitəsindən sorğunun məzmununu öyrənməyə çalışsaq da, bizə yazılı sorğu göndərmək tövsiyə olunub”, - deyə nəşr əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az