Ordu.az xəbər verir ki, bu barədə bu gün mətbuat konfransı zamanı “Sülh körpüsü” təşəbbüsünün erməni koordinatoru Areq Koçinyan bildirib.
“Ermənistan və Azərbaycanın delimitasiya olunmuş, sərhədləri müəyyənləşdirilmiş hissəsindən keçərək bütün müvafiq pasport və gömrük nəzarəti prosedurlarından keçdikdən sonra Azərbaycana səfər etdik.
Bu formatda dördüncü görüşün keçirilməsi faktı və görüşlərin davam etdiriləcəyi ilə bağlı aydın razılaşmanın olması artıq kifayət qədər böyük nailiyyətdir. Biz bu platformadan, bu formatdan, əlbəttə, 38 illik münaqişədən sonra ekspertlərin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin 4 görüşü nəticəsində cəmiyyətdə böyük dəyişikliklər olacağı kimi yüksək gözləntilərə malik ola bilmərik, lakin görüşlərin keçirilməsi, genişlənməsi və davam etməsi faktının özü, məncə, kifayət qədər vacibdir.
İkincisi, siz onlarla səbəb göstərə bilərsiniz, mən də yüzlərlə səbəb əlavə edə bilərəm ki, niyə biz Azərbaycana getməməliyik və niyə Azərbaycan tərəfinin nümayəndə heyətləri Ermənistana gəlməməlidir. Bu, günlə bağlı, səfərlə bağlı, məzmunla bağlı, forma ilə bağlı, bəyanatlarla bağlı ola bilər. Lakin mən bir səbəb göstərə bilərəm ki, niyə bu səfərlər baş tutmalıdır. Mənim qiymətləndirməmə görə, bu səfərlər sülh gündəliyinin irəlilədilməsinə kömək edir, Ermənistan və Azərbaycan cəmiyyətləri arasında sülhün bərqərar olmasına töhfə verir və müəyyən dərəcədə iki ölkə hakimiyyətləri tərəfindən irəli sürülən sülh gündəliyinə dəstək göstərir”, - deyə o bildirib.
Koçinyan vurğulayıb ki, görüşlər zamanı həm Ermənistanın, həm də Azərbaycanın dövlət rəsmiləri onları əmin ediblər ki, Ermənistan və Azərbaycan arasında artıq sülh mövcuddur, o, artıq bərqərar olunub və hazırda bu sülh genişlənmə, dərinləşmə mərhələsindədir.
“Bu, yəqin ki, vacibdir, çünki biz çox vaxt detallardan, prosesdən, gündəlik xəbər axınından danışarkən ümumi mənzərəni müəyyən dərəcədə bulanıqlaşdırırıq və ya unuduruq.
Üçüncüsü, bizi çox vaxt “unutmaqda, bağışlamaqda, unutdurmaqda, inkar etməkdə” ittiham edirlər. “Sülh körpüsü” təşəbbüsü “keçmişi unutmaq, inkar etmək, dəyişmək, düzəltmək və redaktə etmək” haqqında deyil. “Sülh körpüsü” təşəbbüsü mövcud narrativlərin, mövcud tarixin və mövcud reallığın yanında yeni narrativlər, yeni imkanlar formalaşdırmaq haqqındadır. Bunun uğurlu olub-olmayacağına, təbii ki, heç kim zəmanət verə bilməz, necə ki, sülh prosesinin uğurlu olub-olmayacağına da zəmanət verə bilməz, çünki bu da öz növbəsində çoxsaylı proseslərlə bağlıdır.
Bir məsələ isə dəqiqdir ki, həm bizim işimiz, həm də sülhün bərqərar olunması istiqamətində aparılan digər işlər uğurla nəticələnməyə zəmanət vermir, lakin bu işlər aparılmasa, sülhün heç vaxt olmayacağı zəmanətlidir”, - deyə Koçinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az