“168.am”: Ermənistanın taleyi ilə oynayırlar: Rusiya cavab verəndə nə olacaq?

2026/04/1776063775.jpg
Oxunub: 319     15:05     13 Aprel 2026    
“Ermənistanın hazırkı hakimiyyəti yuxarıdan aşağıya qədər məsuliyyətsiz insanların toplusudur. Onların arasında bir dənə də adekvat insan yoxdur. Heç biri etdiyi və dediyi üçün özünə hesabat vermir. Siyasi ambisiyalarını təmin etmək üçün istənilən an ölkənin və xalqın taleyini qurban verməyə hazırdırlar”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ölkənin taleyi ilə oynayırlar: Rusiya cavab verəndə nə olacaq?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Ermənistan hakimiyyətinin nümayəndərləri düşünmədən, nəticələri hesablamadan ağıllarına gələni deyirlər.

“Rusiya prezidentinin Avrasiya İqtisadi Birliyindən çıxış halında Ermənistan üçün rus qazının istər-istəməz bahalaşacağı, hətta iki-üç dəfə arta biləcəyi barədə işarəsinə cavab olaraq parlament sədri Alen Simonyan özünün və rəhbərinin məhdud düşüncəsi ilə Rusiya prezidentinə hədələr yağdırır. O deyir ki, əgər Rusiya qaz və ya digər məsələlərlə bağlı qərar versə, Ermənistan da öz qərarını verəcək və həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, həm də Avrasiya İqtisadi Birliyindən çıxacaq.

Biri parlament sədrindən soruşmalıdır ki, bununla kimə zərər vuracaqsınız, Rusiyaya, yoxsa Ermənistana və erməni xalqına?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, xüsusilə də Avrasiya İqtisadi Birliyindən çıxış halında kim zərər görəcək, Rusiya, yoxsa Ermənistan? Heç olmasa nə dediyinizi başa düşürsünüzmü, bu balanssız davranış və düşünülməmiş qərarlarla ölkəni hansı kollaps qarşısında qoya biləcəyinizi təsəvvür edirsinizmi?

Sizə kim belə düşünülməmiş və kinayəli bəyanatlarla ölkənin və xalqın taleyi ilə oynamaq hüququ verib? Bu cür bəyanatlar verməzdən əvvəl xalqın fikrini soruşmusunuzmu, yoxsa xalqın fikri sizin üçün artıq əhəmiyyət kəsb etmir?”, - deyə müəllif bildirib.

Məqalə müəllifinin sözlərinə görə, xalq aydın şəkildə bilməlidir ki, belə halda onu nə gözləyir.

“Bir çoxları bu avantüranın real nəticələrini təsəvvür etmir. Əgər sabah Rusiya qaz və ya Simonyanın dediyi kimi digər məsələlər üzrə arzuolunmaz qərarlar qəbul etsə, bunun nəticələrini nə Alen Simonyan, nə də Nikol Paşinyan çəkəcək. Onlar yenə də hökumət bağ evlərində rahat yaşayacaq və həyatlarından zövq alacaqlar. Bu təsiri hakim partiyanın nümayəndələri də hiss etməyəcəklər, çünki onlar artıq kifayət qədər varlanıblar və bahalı qazdan istifadə etmək imkanına malikdirlər. Bəs bu gün belə çətinliklə dolanan adi vətəndaş nə edəcək? Sabah qazın qiyməti iki-üç dəfə artanda və iqtisadiyyat kollapsa uğrayanda nə edəcək?

Problem yalnız bir neçə soyuq qışla bağlı deyil. Vaxtilə “Karnegi” Fondunun vitse-prezidenti Den Bayerin xəbərdarlıq etdiyi kimi, məsələ ölkənin bütün iqtisadiyyatına aiddir. Qazın bahalaşması ilə yanaşı, Rusiya bazarının və ümumiyyətlə Rusiyanın Ermənistan üçün bağlanması da mümkündür”, - deyə məqalədə vurğulanıb.

Nəşr yazıb ki, onlar Rusiya hakimiyyətini hədələyirlər.

“Halbuki Rusiya hakimiyyəti sadəcə Avrasiya İqtisadi Birliyindən çıxışın nəticələri barədə xəbərdarlıq edib. Bu, bəzi dairələrin iddia etdiyi kimi şantaj və ya təhdid deyil, insanların nə baş verə biləcəyini bilməsi üçün verilən xəbərdarlıqdır.

Bilirsinizmi niyə bunu açıq şəkildə deyirlər? Çünki görürlər ki, Ermənistanın hazırkı rəhbərliyi xalqı aldadır, həqiqəti gizlədir, düşünülməmiş qərarların ağır nəticələri barədə danışmaqdan yayınır, necə ki, bu, əvvəllər də baş verib.

Xalq bilməlidir ki, Avrasiya İqtisadi Birliyindən çıxışdan zərər görən Rusiya deyil, Ermənistan və erməni xalqı olacaq. Bəzi populist nazirlər deyir ki, Rusiya qazı bahalaşdırmayacaq, çünki Ermənistana ehtiyacı var. Yəqin nəzərdə tuturlar ki, sanksiyalar şəraitində Ermənistan vasitəsilə bəzi məhsullar Rusiyaya çatdırılır. Bu insanlar anlamır ki, Rusiya üçün bu əməliyyatların Ermənistan və ya başqa bir ölkə vasitəsilə həyata keçirilməsi arasında ciddi fərq yoxdur. Yoxsa düşünürlər ki, alternativlər tapılmayacaq?

Üstəlik, Rusiyaya qarşı sanksiyalar əbədi deyil. Artıq onların zəiflədiyi müşahidə olunur və bu proses davam edəcək. Belə halda Rusiya Ermənistanın vasitəçiliyinə niyə ehtiyac duysun? Ermənistan Rusiya bazarına nə verir ki, başqa yerdən əldə edilə bilməsin?”, - deyə nmüəllif qeyd edib.

Nəşr bildirib ki, əslində Ermənistan iqtisadiyyatı Rusiyaya və Rusiya bazarına möhtacdır.

“İqtisadiyyat naziri deyir ki, əgər Rusiya qazı bahalaşdırsa və ya Ermənistan əvvəlki faydaları əldə etməsə, niyə bu birlikdə qalmalıdır? Onun sözlərinə görə, başqa birliyə keçid prosesi başlayacaq və daha sürətli olacaq. Amma sizi başqa birlikdə kim gözləyir?

Belə halda Ermənistan sadəcə “kənarda” qalacaq, bir yerdən çıxaraq digərinə daxil olmaq üçün qeyri-müəyyən perspektivlə üz-üzə qalacaq. Yoxsa düşünürlər ki, başqa birliklər Ermənistanı səbirsizliklə gözləyir?

Avrasiya İqtisadi Birliyindən çıxışın nəticələrini xalq çəkəcək. Lakin göründüyü kimi, bu, hazırkı siyasi hakimiyyəti çox da narahat etmir. Onlar ölkəni və xalqı qeyri-müəyyən perspektivlə növbəti bir “cəhənnəm”dən keçirməyə hazırdırlar.

Belə vəziyyətdə heç bir Avropa Ermənistanı iqtisadi və enerji kollapsından xilas edə bilməz. Onlar düşünürlər ki, atom elektrik stansiyasını günəş enerjisi ilə əvəz etmək mümkündür, bu isə sadəcə cəfəngiyyatdır. Lakin fərqi yoxdur, bu cür primitiv üsullarla xalqı aldatmağa çalışırlar. Əgər xalq nəhayət ayılmasa və taleyi ilə oynayan bu insanların qarşısını almasa, nəticələr son dərəcə ağır olacaq. Zərər görən Rusiya deyil, Ermənistan və erməni xalqı olacaq”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin