Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Aleksandr Xramçixin bildirib.
Onun sözlərinə görə, iki həftəlik atəşkəsin əldə olunmasına baxmayaraq, tərəflər arasındakı ziddiyyətlər səthi deyil, fundamental və strateji xarakter daşıyır.
“Danışıqlar masasında iki tamamilə zidd baxış mövcuddur. Vaşinqton “maksimum təzyiq” siyasətini həyata keçirməyə çalışır. Vens danışıqlara nəticə əldə etmək üçün qoşulsa da, ABŞ prezidenti açıq şəkildə İranın nüvə və raket proqramlarının dayandırılmasını, Hörmüz boğazının qeyd-şərtsiz açılmasını və Tehranın regiondakı təsirinin neytrallaşdırılmasını tələb edir. Digər tərəfdən, Tehran 10 maddəlik plan təqdim edib ki, bu da güzəşt deyil, tələblərdən ibarətdir və ABŞ tərəfindən qəbul olunduğu bildirilir. İran yalnız sanksiyaların tam ləğvini deyil, həm də müharibə zərərlərinin kompensasiyasını və ABŞ qüvvələrinin regiondan çıxarılmasını tələb edir. Bu isə göstərir ki, İran xüsusilə ABŞ-nin məqsədlərinə çatmaqda çətinlik çəkdiyini hiss etdiyi üçün güzəştə getməyə hazır deyil. Danışıqlar qarşılıqlı təhdidlər fonunda gedir və istənilən güzəşt tərəflərin daxili auditoriyası üçün kapitulyasiya kimi qəbul oluna bilər, buna görə də heç bir tərəf buna getmək istəmir”, - deyə Xramçixin bildirib.
Onun sözlərinə görə, ən real ssenari tərəflərin “kiçik addımlar” taktikasına keçməsi və ya ən yaxşı halda atəşkəsin müvəqqəti uzadılmasıdır.
“Hörmüz boğazı vasitəsilə neft daşımalarının təhlükəsizliyi ilə bağlı qismən razılaşma da mümkündür, çünki bu həm qlobal iqtisadiyyatın, həm də tərəflərin maraqlarına uyğundur”, - deyə o qeyd edib.
Xramçixin hesab edir ki, İranın mümkün strateji uğuru və ya mövqelərinin möhkəmlənməsi birbaşa Cənubi Qafqazda apardığı siyasətə təsir göstərəcək.
Onun sözlərinə görə, Tehran regionda öz maraqlarını irəli aparmaqda daha sərt mövqe tuta bilər.
Analitik hesab edir ki, İranın səyləri nəticəsində ABŞ-nin Cənubi Qafqazdakı təsirini gücləndirməsi çətinləşəcək.
“Tehran üçün Cənubi Qafqaz təhlükəsizlik baxımından xarici halqa kimi qiymətləndirilir və Yaxın Şərq cəbhəsində əldə edilən hər hansı üstünlük geosiyasi blokada cəhdlərini iflasa uğratmaq üçün istifadə olunacaq”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az