Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı, dövlət idarəçiliyi üzrə mütəxəssis Hovhannes Avetisyan müharibə dövründə dövlət maraqlarını anlayan rəhbərlərin davranışından danışarkən bildirib.
“Mən hələ də “sovet qəhrəmanı” Hunyan Avetisyanı xatırlayıram. Bu kimi nümunələr, hətta mif olsa belə, həmin dövrdə siyasi hakimiyyət tərəfindən yaradılır ki, cəmiyyəti ruhlandırsın, güc versin, mübarizə ruhu aşılasın.
Amma bizim cəmiyyətimizdə narrativləri yayanlar var ki, deyirlər Türkiyə 80 milyondur, sən 3 milyon, Azərbaycan 10 milyondur, sən 3 milyon, sən zəifsən, nə edə bilərsən, uduzacaqsan və s. Bunlar narrativlərdir... Onlar demirlər ki, məsələn, İsrail 2 milyon olduğu vaxt qonşu Misir 70 milyon idi, digər qonşular da milyonlarla idi və buna baxmayaraq, onların hamısına qarşı müharibədə qalib gəldi. Onlar demirlər ki, bilirsən nədir, hər şey səndən asılıdır”, - deyə Avetisyan bildirib.
Onun sözlərinə görə, hazırkı hakimiyyət erməni cəmiyyətini aşağılayan, orta səviyyəliliyi təbliğ edən bir idarəetmə qurub və buna görə dövlət sistemində hər yerdə orta səviyyəlilik hökm sürür, orada keyfiyyətli kadrlar yoxdur.
“Buna görə də Paşinyan inamla bildirir ki, “mən hökumətəm” və onun siyasətinə qarşı olanlar çıxıb getsinlər. Ən pis ssenarini deyirəm, əgər Paşinyan bu seçkilərdə də hakimiyyətdə qalsa belə, gələcəkdə erməni hakimiyyəti dəyişəcək və onlar hamısı Paşinyanla birlikdə məsuliyyət daşıyacaqlar.
Harada imkan olubsa, o deyib ki, bu mənim yolumdur, bu mənim xəttimdir, istəmirsinizsə çıxın gedin, sizi kim saxlayır? Qalmaq qərarını seçiblər, elə deyilmi, sonra məsuliyyət vaxtı gələndə gəlib deməsinlər ki, ev saxlayırdıq, uşağım xəstə idi, ac idik. Bizim çoxumuz Paşinyanın erməni maraqlarına xidmət etməyən hakimiyyəti ilə əməkdaşlıq etməmişik”, - deyə Avetisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az