Siyasi avantüranın qiyməti: Erməni məhsulları Rusiyanın “qara siyahısı”na düşüb

2026/04/1776062407.jpg
Oxunub: 360     17:44     13 Aprel 2026    
Rusiyadan narahatedici məlumatlar gəlir. Alkoqol və tütün bazarlarına nəzarət üzrə federal xidmət “Rosalkoqoltobakkontrol” idxal olunmuş konyak nümunələrinin planlaşdırılmamış yoxlanışından sonra “Proşyan konyak zavodu”na qarşı məhkəmə iddiası qaldırıb və onun Rusiya bazarına ixrac lisenziyasından məhrum edilməsini tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Siyasi avantüranın qiyməti: Erməni məhsulları Rusiyanın “qara siyahısı”na düşüb” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, səbəb kimi standartlara və texniki parametrlərə uyğun olmayan məhsulun tədarük edilməsi göstərilib.

“Şirkətin lisenziyadan məhrum edilməsi üçün əsas olan pozuntular aşkar edilib. İş artıq arbitraj məhkəməsindədir.

Rusiya bazarına göndərilən bəzi erməni konyaklarının keyfiyyəti ilə bağlı problemlər, əlbəttə, yeni deyil, bu barədə dəfələrlə danışılıb, bəzən müvəqqəti məhdudiyyətlər də tətbiq olunub, lakin məsələ heç vaxt lisenziyanın ləğvinə qədər çatmayıb. Görünür, vəziyyət xüsusilə bəzi emosional şəxslərin nəticələrini düşünmədən “Rusiya bazarı olmadan da keçinmək olar” kimi bəyanatlar verməsindən sonra kəskinləşib.

Hazırda Rusiya bazarına konyak ixracına mümkün məhdudiyyətlərdən danışılır. Lakin problem təkcə konyakla məhdudlaşmır, bir çox digər məhsullar da eyni problemlə üz-üzədir.

Lakin hər şeyi ardıcıllıqla təqdim edək. Uzun müddət Rusiya ilə ultimativ tonda danışan Ermənistan rəhbərliyi üçün Moskvada baş verənlər gözlənilməz oldu. Rusiya prezidenti ilə görüş istəyən Nikol Paşinyan bu görüş vasitəsilə təkcə seçkilərdə Rusiya hakimiyyətinin dəstəyini qazanmağa və ya heç olmasa belə təəssürat yaratmağa deyil, həm də bir sıra çətin məsələləri, o cümlədən dəmir yolunun konsessiya idarəçiliyinin satışı ilə bağlı problemləri həll etməyə ümid edirdi. Lakin baş verənlər çoxları üçün gözlənilməz oldu”, - deyə müəllif yazıb.

Məqaləyə görə, görüşdən sonra Nikol Paşinyan nə qədər mənfi təəssüratı azaltmağa çalışsa və Moskva səfərinin uğurlu olduğunu bildirsə də, aydındır ki, bu səfər uğurlu olmaqdan çox uzaq idi.

“Qərbin dəstəyinə arxalanan Nikol Paşinyan artıq Moskvada etimadı itirib və əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də Rusiya hakimiyyətinin dəstəyini əldə etməsi çətin görünür.

Moskva səfəri həm də ona görə uğursuz oldu ki, dəmir yolunun konsessiya satışına dair razılıq əldə olunmadı. Rusiya açıq şəkildə bildirdi ki, konsessiyadan imtina etmək üçün heç bir əsas yoxdur.

Bu bəyanatdan sonra Nikol Paşinyan danışıqların davam etdiyini iddia etsə də, aydındır ki, bu, sadəcə vəziyyəti yumşaltmaq cəhdidir. Düzdür, dəmir yolunun konsessiya idarəçiliyi müqaviləsi birtərəfli qaydada ləğv etməyə də imkan verir, lakin bu, heç bir halda Ermənistanın maraqlarına uyğun deyil. Bu addım yalnız Rusiya ilə münasibətləri daha da gərginləşdirəcək və Ermənistan vaxtından əvvəl müqaviləni ləğv etdiyinə görə böyük məbləğdə cərimə ödəməli olacaq. Söhbət yalnız 30 milyard rubl həcmində investisiyadan gedir ki, bu da təxminən 400 milyon dollara bərabərdir”, - deyə nəşr vurğulayıb.

Müəllif yazıb ki, konsessiyadan imtina etmək əvəzinə Rusiya dəmir yolunun bəzi hissələrinin bərpasını belə öz üzərinə götürməyə hazırdır.

“Lakin bu da görünür Nikol Paşinyanın planlarına uyğun gəlmir. O, daha çox Rusiyanın bundan imtina etməsini istəyirdi ki, konsessiya müqaviləsi üzrə öhdəliklərin mübahisələndirilməsi üçün əsas yaransın. Lakin bu da baş vermədi. Nəticədə çox mürəkkəb vəziyyət yaranıb: bir tərəfdən Paşinyanın Qərbdəki tərəfdarları Rusiyadan dəmir yolunun idarəçiliyinin geri alınmasını tələb edir, digər tərəfdən isə Rusiya bundan könüllü şəkildə imtina etmək niyyətində deyil. Bu vəziyyət Ermənistanın maraqlarına uyğun deyil, lakin ölkə bu reallıqla üz-üzə qalıb.

Vəziyyət yalnız dəmir yolu məsələsi ilə məhdudlaşmır. Narahatlıqlar bir çox sahədə, o cümlədən atom elektrik stansiyasının fasiləsiz fəaliyyəti və istismar müddətinin uzadılması ilə bağlı mövcuddur”, - deyə məqalədə bildirilib.

Nəşr qeyd edib ki, böyük ehtimalla, yaxın vaxtlarda istehsalçılar da bəzi məhsulların ixracında çətinliklərlə üzləşəcəklər.

“Bu barədə “Rosselxoznadzor” rəhbərinin xəbərdarlığı da buna işarə edir. O bildirib ki, Ermənistandan Rusiyaya göndərilən bitki və heyvan mənşəli məhsullarla bağlı bir neçə il əvvəl yaranmış şikayətlər hələ də qalmaqdadır.

“Məhsul çeşidi və Ermənistandan gələn həcmlər belə qənaətə gəlməyə əsas verir ki, onların hamısı erməni mənşəli deyil. Biz bu məsələ ilə həm 2024-cü ildə, həm də 2023-cü ildə məşğul olmuşuq”, - deyə “Rosselxoznadzor” rəhbəri Sergey Dankvert bildirib və vurğulayıb ki, Avrasiya İqtisadi Birliyi çərçivəsində bazarlara çıxışın asanlaşması tədarüklərin qeyri-məntiqi artımına səbəb olub. Başqa sözlə, bu vəziyyətdən istifadə edərək digər ölkələrin məhsulları Ermənistan üzərindən Rusiyaya daşınır və erməni məhsulu kimi təqdim olunur.

“Üç il ərzində Ermənistan çiçək tədarükünü 36 milyondan 100 milyondan çoxa çatdırıb. Rusiyaya göndərilən böyük həcmdə məhsul isə nəzərdə tutulan ünvanlara çatmır. Bundan əlavə, Ermənistandan gələn yüklərdə təxminən 900 karantin obyekti aşkarlanıb ki, bu da işi xeyli çətinləşdirir”, - deyə Dankvert bildirib.

Bu problem ötən il də mövcud idi. Daha sonra bildirildi ki, məsələ həll olunub. İqtisadiyyat naziri Gevorq Papoyan qeyd edirdi ki, çiçəklərin Ermənistan mənşəli olduğunu sübut edib və onların ölkədəki istixanalarda yetişdirildiyini əsaslandırıblar. Lakin göründüyü kimi, rus tərəfi bu izahatlara tam inanmır”, - deyə müəllif yazıb.

Məqalədə qeyd edilib ki, Ermənistandan qeyri-erməni mənşəli məhsulların tədarükü ilə bağlı şübhələr yalnız çiçəklərlə məhdudlaşmır.

“Biz izlənilə bilməyən məhsulların tədarükünü də görmüşük, məsələn, kərə yağı, pendirlər və forel”, - deyə “Rosselxoznadzor” rəhbəri bildirib və əlavə edib ki, Ermənistanın dağ çaylarında yetişən forel heç bir halda Norveç forelinə bənzəyə bilməz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin