Rus nəşri: Resurs ehtiyatları və İran üzərində şimaldan nəzarət: ABŞ Geoloji Xidməti diqqətini Zəngəzur yataqlarına yönəldib

2026/04/1775906294.jpg
Oxunub: 384     16:32     13 Aprel 2026    
Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bu yaxınlarda TASS agentliyinə verdiyi ətraflı müsahibədə, xüsusilə, Ermənistanın Zəngəzur vilayəti ilə Arazın şimal sahili boyunca Azərbaycanın əsas ərazisi, Naxçıvan və Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpasına dair uzunmüddətli layihəyə konkret xarakteristika verib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Vpoanalytics.com” nəşri “Resurs ehtiyatları və İran üzərində şimaldan nəzarət: ABŞ Geoloji Xidməti diqqətini Zəngəzur yataqlarına yönəldib” başlıqlı məqaləsində yazıb.

“Bakının baxışına görə, Zəngəzur dəhlizi ölkənin iki hissəsi arasında əlaqənin bərpası, Türkiyə ilə birbaşa əlaqənin açılması və Azərbaycanın Avrasiya nəqliyyat-logistika qovşağı kimi inkişafı baxımından vacibdir. Vaşinqton üçün “Tramp marşrutu” (Zəngəzur dəhlizi-red.) Mərkəzi Asiyadan ABŞ-nin kritik faydalı qazıntılarının ixracını təmin edən, həmçinin İranın şimal sərhədinə nəzarət edən beynəlxalq nəqliyyat dəhlizidir.

Moskva üçün Mehri istiqamətindən keçən yol Avrasiya İqtisadi Birliyinə üzv digər dövlət olan Ermənistan ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin İran və Türkiyə bazarlarına çıxışın genişləndirilməsi imkanıdır. Tehran üçün bu, rəqabətli marşrut və ABŞ tərəfindən təhlükədir. Ankara üçün bu, Azərbaycana və Mərkəzi Asiya dövlətlərinə ən münasib çıxış yoludur. İrəvan üçün Mehri hissəsi ölkənin blokadadan çıxmasına, coğrafi mövqeyinin üstünlüklərini reallaşdırmasına və öz iqtisadiyyatının inkişafına əlavə təkan verməsinə imkan yaradır. Bu məsələdə bizim və Ermənistanın maraqları üst-üstə düşür.

Bununla yanaşı, “peşəkar beynəlxalq münasibətlər mütəxəssisləri üçün aydındır ki, yad qüvvələrin Cənubi Qafqaza daxil olması orada formalaşmış təhlükəsizlik balansını pozacaq. ABŞ ilə İran arasında müharibə göstərir ki, regionun bütün ölkələri bu hadisələrə nə qədər sürətlə cəlb olunurlar, halbuki onlar heç vaxt düşünmürdülər ki, bu hadisələr onlara təsir göstərə bilər.

Naxçıvan ərazisinə pilotsuz uçuş aparatları ilə endirilən zərbələr dərhal “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımalarına təsir göstərib və Mehri hissəsinin bərpasına sərmayə qoymaq istəyən investorlar arasında inam yaratmayıb. Əslində, ölkəmizlə əməkdaşlığı dayandırmaq barədə qərarına görə Ermənistan əvvəllər malik olmadığı yeni və çox ciddi təhdidlər əldə edib”, - deyə Overçuk qeyd edib.


Nəşr xatırladıb ki, yanvarın 13-də Vaşinqtonda keçirilmiş danışıqların nəticəsində Ermənistanın xarici işlər naziri və dövlət katibi Marko Rubio “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”nun (TRIPP) Ermənistan-Azərbaycan layihəsi çərçivəsində və onun icrası ilə bağlı birgə bəyanat yaymışdılar.

“Sənəd Ermənistan ərazisi ilə “multimodal tranzit qarşılıqlı bağlılığın” formalaşdırılması mexanizminin işə salınmasını, o cümlədən Azərbaycanın əsas hissəsinin Mehri istiqaməti ilə Naxçıvanla birləşdirilməsini və bütün dəhlizin ehtimal olunan Transxəzər nəqliyyat marşrutuna inteqrasiyasını nəzərdə tutur. Ehtimal olunan “TRIPP Development Company”də ABŞ-nin payı 74 faiz təşkil edəcək, Ermənistana isə cəmi 26 faiz qalacaq.


Ermənistanın təbii ehtiyatlarına kolonial marağı növbəti dəfə ABŞ-nin İrəvandakı səfir müavini Endryu Conson vurğulayıb və Ağ Evin siyasətinin mahiyyətini ətraflı təqdim edib: “ABŞ və Ermənistan dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahəsində əməkdaşlığı fəal şəkildə müzakirə edir və genişləndirirlər. Bizim ümumi məqsədimiz məsuliyyətli investisiyaları cəlb edən bir sənaye yaratmaqdır. ABŞ göstərir ki, Ermənistanın geologiya və dağ-mədən sahələri ciddi uzunmüddətli tərəfdaşları cəlb edir. Amerika şirkətləri qabaqcıl texnologiyalar, yüksək standartlar, şəffaflıq və hesabatlılıq öhdəliyi gətirirlər. Təəccüblü deyil ki, ABŞ Ermənistanın geoloji və dağ-mədən potensialını strateji aktiv kimi qiymətləndirir.

Şəffaf və dayanıqlı inkişaf şəraitində bu, iqtisadi artımı stimullaşdıra, regional sabitliyi qoruya və gələcək nəsillər üçün imkanlar yarada bilər. Biz bu səyləri dəstəkləməyə hazırıq.

Dövlətlər “ABŞ Geoloji Xidməti və ABŞ hökumətinin və akademiyasının digər tərəfdaşları kimi qurumlar vasitəsilə” öz təcrübələrini bölüşməyə hazırdırlar, onlar “geoloji xəritələşdirmə və məlumatlar, peşəkar hazırlıq, eləcə də ətraf mühit və sosial sahədə ən yaxşı təcrübələr üzrə əməkdaşlıq imkanlarını araşdırmağa” hazırdırlar... (əvvəllər) hökumətlərimiz arasında bu məsələlərlə bağlı səmərəli danışıqlar aparılıb. Ermənistan geoloqları üçün sizin işiniz infrastruktur, energetika, su və mineral resurslar sahələrində həlləri müəyyən edir”.

Mövcud məlumata görə, 2025-ci ilin noyabr ayının ortalarında ABŞ dövlət katibinin müavini Elison Huker İrəvanda Ermənistanın cənubunda faydalı qazıntı yataqlarının ABŞ tərəfindən maliyyə və texniki dəstəklə mənimsənilməsi variantlarını müzakirə edib (ehtimal olunan uzunmüddətli konsessiya çərçivəsində)”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, Ermənistanın kiçik ərazisinə baxmayaraq, “nadir torpaq” elementləri və əlaqəli xammalın kəşf edilmiş ehtiyatlarına görə Ermənistan SSR Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu.


“Sovet illərində Zəngəzurda və bir sıra digər yerlərdə uran ehtiyatları aşkar edilib, lakin müxtəlif səbəblərdən hasilat mərhələsinə keçilməyib. Geoloji Xidmətin böyük marağı ilə yanaşı, mümkün uran işlənməsi mövzusu vitse-prezident Cey Di Vensin fevral səfəri zamanı da müzakirə edilə bilərdi.

İstisna deyil ki, amerikalı tərəfdaşlar “Liçkvaz-tey” və “Terterasar” kompleks yataqları ilə də maraqlanıblar. Bunlardan birincisi Mehri şəhərindən 10-12 km şimal-qərbdə yerləşir ki, bu da gələcək “Tramp” yolunun coğrafi mərkəzidir. Yaxınlıqda Terterasar yatağı da yerləşir və sovet geoloqlarının 1980-ci illərin sonlarında apardıqları müşahidələrə görə, o, “Liçkvaz-tey”in birbaşa davamıdır, geoloji və filiz quruluşu baxımından ona çox bənzəyir. 2011-ci ilin sonuna olan rəsmi məlumata görə, hər iki yatağın ümumi ehtiyatları belədir: molibden və qarışıq filiz - 3,755 milyon ton, mis - 15,499 min ton, qızıl - 20947.59 kq, gümüş - 135.1 ton, selen - 19.2769 ton, tellur - 31.73 ton, bismut - 1434.548 ton, kadmium - 823.47 ton, mərgümüş - 11815.62 ton, qurğuşun - 19336.6 ton, sink - 30431.5 ton, qallium - 22.035 kq (Bax: “Ermənistanda dağ-mədən və metallurgiya sənayesinin perspektivləri və inkişaf yolları”, Ermənistan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, İrəvan, 2011)”, - deyə məqalədə qeyd edilib.

Nəşr vurğulayıb ki, Rusiyanın “Polymetal” nəşrinin qiymətləndirməsinə görə, “Liçkvaz-tey” yatağının etibarlı resursları 2020-ci illərin əvvəlində təxminən 13,4 ton qızıl, təxminən 59 ton gümüş və 15,9 min ton mis təşkil edib (proqnozlaşdırılan resurslar 15-25 faiz daha çoxdur).


“Burada hasilatın və filiz tədarükünün həcmləri isə, qonşu “Terterasar” yatağında olduğu kimi, əvvəlki kimi qeyri-müəyyəndir. Bununla belə, bəzi məlumatlı təhlilçilər istisna etmirlər ki, bu məlumatların “parçalı” xarakteri ABŞ Geoloji Xidməti ilə razılaşdırılmış ola bilər.

Yuxarıda qeyd olunanlarla yanaşı, orta müddətli perspektivdə “Mehriasar” qızıl, “Harutyunadzor”, “Marcan”, “Azatek” qızıl-polimetal, “Qladzor” polimetal, “Qafan” və “Vayk” mis, “Hrazdan” və “Abovyan” dəmir yataqlarının sənaye üsulu ilə mənimsənilməsi də istisna edilmir. Təxminən iki onillikdir ki, Ermənistanda geofiziki, geokimyəvi, xəritələşdirmə və digər metodların tətbiqi ilə sistemli geoloji tədqiqatlar, axtarış və axtarış-qiymətləndirmə işləri aparılmayıb. Bu işlər həyata keçirilmədən bir neçə ildən sonra çoxsaylı faydalı qazıntıların kəşf olunmuş ehtiyatları tükənir (A. Hovhannisyan. Ermənistanda yerin təkinin istifadəsi sahəsində dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi yolları/Ermənistan Milli Politexnik Universitetinin Xəbərləri. buraxılış 3 (102), İrəvan, 1999, səh. 108-109. Metallurgiya, Materialşünaslıq, Yerin təkindən istifadə. 2020. № 1).

Daha əvvəl ehtimallar irəli sürülürdü ki, “Tramp marşrutu”nu, digər məsələlərlə yanaşı, Ermənistanın ən iri vergiödəyicisi olan Zəngəzur mis-molibden kombinatının tədarükləri də tamamlayacaq. 2024-cü ildə Ermənistandan 342 min ton mis konsentratı ixrac edilib (558 milyon dollar), bunun da 78 faizi (və ya 435 milyon dolları) Çinin payına düşüb. Bununla yanaşı, kəskinləşən geosiyasi rəqabət, İran əleyhinə ABŞ-İsrail “təcavüzü” və Rusiya-Ermənistan münasibətlərində mənfi meyillər əvvəllər geniş təbliğ olunan transsərhəd nəqliyyat layihələrinin həyata keçirilməsini sual altında qoyur”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin