Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Kilsəyə təzyiq göstərilməsi məsələsində xarici faktor çox mühüm rol oynayır” başlıqlı məqaləsində yazıb.
“Maraqlıdır ki, bu cür məzmunlu çıxış 2026-cı ilin yayında Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində səsləndirilib. Aydındır ki, yüksək rütbəli din xadimlərinin dəstəyini və etimadını qazanan bəzi siyasi müxalif qruplar tərəfindən “Vətəndaş Müqaviləsi” partiyası ciddi müqavimətlə üzləşəcək.
Öz növbəsində Avropa Parlamenti açıq şəkildə Paşinyanın anti-kilsə siyasətini dəstəkləyir, çünki orada belə bir qənaət var ki, pravoslavlıq ümumilikdə və xüsusilə Erməni kilsəsi erməni cəmiyyətinin Avropa siyasi sisteminə inteqrasiyasına ciddi mane olur. Bu sistem ənənəvi və milli dəyərləri liberalizm və tolerantlıqla əvəz etməyə çalışır. Seçkiqabağı dövrdə Ermənistan hakimiyyəti ilə Kilsə arasında gedən qarşıdurma seçici kütləsi ilə işləmək üçün spesifik alətə çevrilir və bunun vasitəsilə çirkli təbliğat üsulları və informasiya hücumları həyata keçirilir”, - deyə nəşr qeyd edib.
Müəllif yazıb ki, Paşinyanın Avropa Parlamentinə (Strasburqa) getməsindən əvvəl Ermənistanın Xarici Kəşfiyyat Xidməti çox qeyri-müəyyən bir bəyanat yaymışdı.
“Həmin bəyanatda Ermənistanda gözlənilən seçki proseslərinə mümkün xarici müdaxilə barədə qeyd olunurdu. Lakin yeni yaradılmış bu qurumun bəyanatından aydın olur ki, bu xəbərdarlıqların kimlərə ünvanlandığı xüsusilə nəzərdə tutulur.
Bundan sonra Avropa Parlamentindəki çıxışında Paşinyan bildirdi ki, rəhbərlik etdiyi hökumətin məqsədi Ermənistanda ənənəvi dini institutların erməni cəmiyyətinin dünyagörüşünün formalaşmasına təsirini neytrallaşdırmaqdır. O, xüsusilə qeyd edib: “Bəzi din xadimləri riyakar şəkildə dini əxlaqın bütün qaydalarını pozublar və bununla da özlərini xarici xüsusi xidmət orqanları üçün həssas vəziyyətə salıblar”. Fikrini daha da konkretləşdirən hökumət başçısı din xadimlərini SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlıqda ittiham edib və bunu sübut etmək üçün həqiqiliyi ciddi şübhə doğuran sovet dövrünə aid sənədlərə istinad edib. Paşinyanın sözlərinə görə, bu din xadimləri qrupu Ermənistanın keçmiş rəhbərləri ilə birlikdə, guya “müharibə partiyası”nın liderliyini üzərinə götürüb və Ermənistanın müstəqilliyini üçüncü ölkələrin geosiyasi maraqlarına qurban verməyə çalışır”, - deyə məqalədə qeyd edilib.
Müəllif vurğulayıb ki, Ermənistan hakimiyyəti ilə kilsə arasında siyasi qarşıdurma yeni hadisə deyil.
“Praktiki olaraq bu, hələ 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsindən dərhal sonra başlayıb və tədricən daha da kəskinləşib, hətta gördüyümüz kimi, davam edir. Anti-kilsə tədbirləri 2025-ci ilin yazından etibarən sistemli xarakter almağa başlayıb. Həmin dövrdə hökumət Erməni Apostol Kilsəsinin və şəxsən bütün ermənilərin katolikosu II Qareginin nüfuzuna qarşı hücumlara başlayıb. Hücumların əsas səbəbi kimi guya bəzi din xadimlərinin sovet təhlükəsizlik orqanları ilə əməkdaşlığını ifşa edən saxta sənədlər göstərilib. Lakin bu məlumatlar kilsə strukturları tərəfindən dəfələrlə təkzib olunaraq saxta sənədlər kimi qiymətləndirilib”, - deyə nəşr yazıb.
Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoyun fikrincə, Ermənistan hakimiyyətinin başlatdığı anti-kilsə kampaniyasının motivasiyası əslində həmin sənədlər deyil, ümumilikdə erməni cəmiyyətində erməni kilsəsinin və milli dəyərlərin təsirini zəiflətməkdir. Onun sözlərinə görə, Paşinyanın reytinqi hazırda kritik dərəcədə aşağı səviyyədədir və təxminən 11 faiz təşkil edir. Məhz buna görə o, seçki proseslərini hakimiyyət üçün daha idarəolunan etmək məqsədilə şərait yaratmağa çalışır.
Ermənistandakı daxili siyasi vəziyyəti təhlil edən erməni politoloq Hrant Mikaelyan qeyd edib ki, hakimiyyət tərəfindən kilsəyə qarşı həyata keçirilən təzyiqlərə Erməni Apostol Kilsəsi kifayət qədər təmkinli reaksiya verir. Açıq və aktiv mübarizə xəttindən imtina edərək, kilsə kölgədə qalmağa üstünlük verir və xalq dəstəyinə ümid edir. Erməni politoloqun fikrincə, bu strategiya mübarizənin effektivliyinə mənfi təsir göstərsə də, kilsəyə və şəxsən II Qareginə qarşı yeni repressiyaların eskalasiya riskini xeyli azaldır.
“Erməni Apostol Kilsəsinə və onun rəhbərinə təzyiq göstərilməsi məsələsində xarici faktor çox mühüm rol oynayır. Bütün bunları nəzərə alaraq, hesab edirik ki, bir çox analitiklərin fikri ilə tam razılaşmaq olar. Onların qənaətinə görə, Ermənistan hakimiyyətinin hazırda apardığı həm daxili, həm də xarici siyasət erməni xalqının öz tarixi keçmişi və milli kimliyi ilə bağlarının qoparılmasına yönəlib və bu, nəticədə Ermənistanda xarici qüvvələrə tabe olan siyasi mühitin formalaşmasına gətirib çıxaracaq”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az