“Past”: Mirzoyan Kallasdan vəd edilmiş vəsaitlərlə maraqlanıb

2026/04/1775715821.jpg
Oxunub: 438     17:41     13 Aprel 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Mirzoyan Kallasdan vəd edilmiş vəsaitlərlə maraqlanıb” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, rəsmi məlumata görə, Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının strateji gündəliyinin ardıcıl həyata keçirilməsinə yönəlmiş işlər müzakirə edilib. Mirzoyan və Kallas Yaxın Şərqdəki inkişaflar və vəziyyətin həlli imkanları barədə fikir mübadiləsi aparıblar. Adətən olduğu kimi, belə hallarda rəsmi məlumat danışığın real detalları barədə tam təsəvvür yaratmır.

“Mənbəmizin bildirdiyinə görə, qarşıdan gələn parlament seçkilərində Avropa İttifaqının dəstəyi, eləcə də “hibrid təhdidlər”ə qarşı mübarizə məsələləri müzakirə edilib. Baxmayaraq ki, artıq aprel ayıdır, Avropa İttifaqı Ermənistana operativ reaksiya verən hibrid qrup göndərəcəyinə söz vermişdi, lakin nə qrup gəlib, nə də Avropa İttifaqının müvafiq maliyyə vəsaitləri çatıb. Halbuki bu vəsaitlər hələ dekabr ayında Kallas və Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos tərəfindən Ermənistan hakimiyyətinə vəd edilmişdi.

Mirzoyan şəxsən Kallasa zəng edərək bu vəsaitlərin taleyi ilə maraqlanıb, üstəlik Rusiyadan mümkün çağırışlara və təhdidlərə cavab vermək üçün əlavə maliyyə vəsaitləri də istəyib. Kaya Kallasın nə cavab verdiyi məlum deyil, lakin Avropa İttifaqı Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istiqamətində xeyli səylər göstərməyə davam edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Kallas  


Bizi "telegram"da izləyin