ABŞ/İsrail-İran müharibəsi: Kamikadze PUA-ları dərin saxta məzmunlara qarşı – Türkiyə Milli Kəşfiyyat Akademiyasının sədr müavini yazır

2026/03/thumb-1774876765.jpg
Oxunub: 790     17:24     30 Mart 2026    
Müharibələrin psixoloji və koqnitiv ölçüsü artıq yeni bir düşüncə mühitində aparılır. Vizual materialın sübut xarakteri aşınıb, “görürəmsə, deməli doğrudur” yanaşması getdikcə “inandığıma uyğun olanı doğru qəbul edirəm” anlayışı ilə əvəzlənib.

Türkiyə Milli Kəşfiyyat Akademiyasının sədr müavini dosent doktor Yenal Göksun ABŞ/İsrail-İran müharibəsində psixoloji müharibə taktikalarının təsiri barədə “AA Analiz” üçün məqalə qələmə alıb.

Bütün dünyanın gözü qarşısında aparılan ABŞ/İsrail-İran müharibəsi eyni zamanda silah və texnologiya imkanlarının yarışdığı strateji rəqabət sahəsinə çevrilib. Hansı silahın daha böyük və ya daha dağıdıcı olmasından çox, bu silahların hansı strategiya ilə, hansı məqsədi həyata keçirmək üçün necə istifadə olunduğu daha mühüm hala gəlib. Daha da önəmlisi, süni zəka texnologiyaları yeni bir silah kimi ön plana çıxıb və yalnız müharibənin fiziki cəbhəsini deyil, həm də zehni cəbhəsini dəyişdirib.

Müharibədə ən müdafiəsiz cəbhə: zehinlər

ABŞ və İsrail ilə İran arasındakı müharibə ballistik raketlərin, aşağı xərcli kamikadze pilotsuz uçuş aparatlarının və hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətini bir daha ortaya qoydu. Bu sahədə bütün dünya meydandakı inkişafları izləyərək nəticələr çıxararkən, müharibənin digər cəbhəsindəki dağıntını müşahidə etmək daha çətindir. Bu müharibə eyni zamanda süni zəka əsaslı sistemlərin psixoloji və koqnitiv proseslərdə istifadəsi baxımından ən qabaqcıl nümunələrdən biridir.

Əlbəttə, bu, müharibələrin psixoloji ölçüsünün yeni yarandığı anlamına gəlmir. Müharibələrin psixoloji və koqnitiv tərəfi rəqəmsallaşmadan və hətta sənayeləşmədən əvvəl də mühüm rol oynayırdı. Orduların mənəvi ruhu, liderlərin qəbul edilən gücü və cəmiyyətlərin müharibə iradəsi çox vaxt sahədəki hərbi imkanlar qədər həlledici olub.

Lakin rəqəmsallaşma və süni zəka texnologiyalarının inkişafı bu qədim ölçünü keyfiyyətcə dəyişdirib. Psixoloji müharibə artıq ikinci dərəcəli element olmaqdan çıxaraq müharibənin əsas komponentlərindən birinə çevrilib.

“Əxlaqi üstünlük” narrativi və “əxlaqi şok” hücumu

ABŞ rəhbərliyi İsraillə birlikdə İrana qarşı hücumlara başlamaq qərarı verdikdə belə bir müharibə üçün lazım olan ictimai dəstəyi təmin etməkdə çətinlik çəkirdi. Bu səbəbdən ictimai dəstəyi qazanmaq və legitimlik yaratmaq üçün “əxlaqi üstünlük” narrativinin qurulması lazım idi. ABŞ və İsrail bu müharibəni İranın nüvə proqramını dayandırmaq, raket imkanlarını məhdudlaşdırmaq, regional təsirini zəiflətmək və İranda rejim dəyişikliyi həyata keçirmək məqsədilə başlatdıqlarını bildirdilər. Bu narrativ həm daxili auditoriyanı inandırmağa, həm də beynəlxalq ictimaiyyət qarşısında müdaxilənin legitimliyini gücləndirməyə yönəlmiş çoxqatlı strateji kommunikasiya səylərinin bir hissəsi idi.

Lakin müharibənin ilk günlərində İranın cənubundakı Minab şəhərində bir məktəbin vurulması və əksəriyyəti uşaqlar olmaqla ən azı 175 nəfərin həlak olması güclü “əxlaqi şok” effekti yaratdı. ABŞ prezidenti Donald Tramp hücumun ABŞ tərəfindən edilmədiyini, məsuliyyətin İrana aid olduğunu bildirsə də, mövcud sübutlar diqqəti Tramp administrasiyasına yönəltdi. Bəzi mənbələr hücumda “Tomahawk” raketlərinin istifadə olunduğunu müəyyən etdi. Bəzi analitiklər isə süni zəka ilə hədəf seçimi zamanı məktəbin səhvən vurulduğunu iddia etdilər. Həqiqət nə olursa olsun, bu hücum iki nəticə doğurdu: birincisi, İran ictimaiyyətində böyük kədər, dərin narahatlıq və eyni zamanda hücumlara qarşı ortaq qəzəb və müqavimət yarandı, ikincisi, Tramp administrasiyasının müharibədəki “əxlaqi üstünlük” narrativi zədələndi və onu bərpa etmək üçün müharibə narrativini daha fəal şəkildə mənimsəmək zərurəti yarandı. Bu hadisədən sonra məktəbə hücum mövzusunun Tramp administrasiyasına qarşı vaxtaşırı gündəmə gətiriləcəyi gözlənilir.

Dərin saxta videolar: “İnanıramsa, doğrudur”

Son 30 ildə baş verən müharibələr rəqəmsal texnologiyalar sayəsində ən çox qeydə alınan və görüntülənən müharibələr kimi tarixə düşüb. Körfəz müharibəsinin televiziya vasitəsilə canlı izlənməsi “görürəmsə, doğrudur” hissini gücləndirmişdi. Lakin bu gün süni zəka əsaslı məzmunlar gördüyümüz şeyin həqiqi olub-olmaması ilə bağlı qeyri-müəyyənlik yaradır. Gördüyümüz və eşitdiyimiz məlumatlara şübhə ilə yanaşdığımız nöqtədə artıq “görürəmsə, doğrudur” yanaşması “inandığıma uyğun olanı doğru qəbul edirəm” düşüncəsi ilə əvəzlənib. Bu yeni paradigma müharibələrin psixoloji və koqnitiv ölçüsünü tamamilə dəyişdirib.

Müharibənin ilk günlərindən etibarən sosial media platformalarında yayılan süni zəka ilə hazırlanmış videolar bu yeni epistemoloji böhranın konkret təzahürləri kimi diqqət çəkib. Bu məzmunlarda bəzən hərbi hücumların təsiri şişirdilib, bəzən isə ümumiyyətlə baş verməmiş hadisələr vizual “sübutlarla” təqdim olunub. Məsələn, ABŞ-yə məxsus USS “Abraham Lincoln” aviadaşıyıcısının pilotsuz uçuş aparatları ilə vurulduğunu göstərən videolar, doğru olub-olmamasından asılı olmayaraq, ABŞ-nin güc imicinin və üstünlük təsəvvürünün müzakirəyə açılmasına səbəb olub. İsrailin Baş naziri Binyamin Netanyahunun öldüyünə dair iddialar isə onun dəfələrlə ictimaiyyət qarşısında sağ olduğunu sübut etməyə çalışmasına gətirib çıxarıb və bu sübut cəhdləri narrativ müharibələrində zəiflik yaradıb.

Müharibədə informasiyanın rolu sürətlə dəyişir

Süni zəka texnologiyaları həm döyüş meydanında hədəflərin müəyyənləşdirilməsində, həm də koqnitiv cəbhədə zehinlərin təsir altına alınmasında istifadə olunur. Buna görə də kəşfiyyat prosesləri də daxil olmaqla informasiyanın yaradılması, təhlili, yayılması və qarşılıqlı təsiri çox sürətli transformasiyaya məruz qalır. Görüntülər, bəyanatlar və narrativlər fiziki reallığı üstələyə biləcək təsir gücünə çatır. Bir hücumun hərbi nəticəsi ilə onun rəqəmsal mühitdə yaratdığı təsir arasında ciddi asimmetriya yarana bilər. Bu baxımdan müharibə, sahədə aparılan hərbi əməliyyatlarla paralel şəkildə rəqəmsal platformalarda aparılan mənalandırma mübarizəsinə çevrilir.

Lakin müharibələrin psixoloji və koqnitiv ölçüsü artıq yeni bir düşüncə mühitində həyata keçirilir. Vizual materialın uzun illər malik olduğu “sübut” xarakteri zəifləyib, “görürəmsə, doğrudur” yanaşması getdikcə “inandığıma uyğun olanı doğru hesab edirəm” anlayışı ilə əvəz olunur. Belə bir epistemoloji mühitdə, həqiqətlə uydurma arasındakı sərhədin bulanıqlaşdığı şəraitdə, qavrayışın idarə olunması strateji silaha çevrilir. Yaxın coğrafiyamızda baş verən müharibələrdən çıxarılan dərsləri bu baxımdan qiymətləndirmək faydalı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin