Paşinyan qeyd edib ki, həmin vaxt Qarabağda döyüşməyiblər, qaçıblar. “Sonuna qədər döyüşüblər” və sair kimi miflərə gəlincə, yeri gəlsə, həmin məlumatların məxfiliyini açarıq. Əminəm ki, bu xəmir hələ çox su aparacaq, gözləyəcəyik ki, tam yetişsin və Qarabağ üzrə danışıqlar prosesinin sənədləri kimi, onları da düzgün məqamda dərc edim. Yalandır, belə bir şey olmayıb, qaçıblar, aradan çıxıblar”, - deyə o bildirib.
Ordu.az xəbər verir ki, erməni hərbi ekspert, müharibə iştirakçısı Martin Yesayan Nikol Paşinyanın açıqlamalarını şərh edib.
Onun sözlərinə görə, hətta orduda xidmət etməmiş bir adamın gəncləri bu dərəcədə alçaltmasından sadəcə utanc duyur.
“2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağda bir gün ərzində döyüş meydanında 200-dən çox oğlumuzu itirdik. Silah-sursatın böyük hissəsi istifadə olunub. Ötən gün gənclərdən biri mənə hirsli şəkildə zəng edib deyir: “Eşitmisən, bu məlumatsız hakimiyyət nə danışır?”. Uşaqlar bərk inciyiblər, deyirlər: “Bu, hələ çoxmu davam edəcək?”. Xeyr, çox davam etməyəcək, hər kəs öz cavabını verəcək”, - deyə Yesayan qeyd edib.
Yesayan sual verib ki, döyüşən uşaqlara qarşı bu nə münasibətdir?
“Kim qaçıb? O adam nə bilir silahın neçə faizi istifadə olunub? Nə hərbi xidmətdə olub, nə ekspertdir, nə də ömründə əlinə silah alıb. Hələ onu demirəm ki, Aprel müharibəsi zamanı Qarabağa yalnız may ayında, döyüşlər dayandırılandan sonra getmişdi”, - deyə o qeyd edib.
Sözünə davam edən erməni hərbi ekspert vurğulayıb ki, hakimiyyət müəyyən ifadələr işlətməzdən əvvəl heç olmasa Allahın qəzəbindən qorxmalıdır, çünki itirilmiş ərazilərə və ölən gənclərin həyatına görə cavab verəcəklər.
Alpər Mövludoğlu
Ordu.az