Kor İcraçı – “Araş-2” Kamikadze Tipli PUA-nın Zəif Cəhətləri: Hər Silahın Kölgəsi Var (ANALİZ)

2026/03/1773223815.jpg
Oxunub: 1525     15:08     11 Mart 2026    
Martın 5-də Naxçıvan Muxtar Respublikasına yönəldilmiş 4 kamikadze tipli PUA ilə həyata keçirilmiş hücum Azərbaycanın ictimai müzakirə gündəmini uzun müddətdir zəbt edib. Əvvəlki təhlillərimizdə biz hadisənin texniki tərəfini – radioüfüq anlayışını, effektiv səpilmə səthinin fizikasını, dağlıq relyefin radiolokasiya müşahidəsinə təsirini, aşkarlama ilə məhvetmə arasındakı çoxpilləli prosesi ətraflı izah etdik. SEPAH-ın “Xatəmül-Ənbiya” qərargahının ultimatumunu və Laricaninin “problemimiz yoxdur, lakin...” bəyanatını hərbi-strateji kontekstdə deşifrə etdik. Bütün bu təhlillərdə kamikadze tipli “Araş-2” PUA-nın hava hücumundan müdafiə üçün yaratdığı çətinlikləri (alçaq uçuş hündürlüyünü, kiçik radiolokasiya siqnalını, kompozit gövdə quruluşunu, qısa reaksiya vaxtı buraxan yaxın sərhəd coğrafiyasını) detallı şəkildə açıqladıq. Bu təhlillər öz yerindədir və texniki həqiqətləri əks etdirir.

Lakin hər silahın güclü tərəfləri ilə yanaşı zəif tərəfləri də mövcuddur, bu, hərb elminin aksiomalarından biridir. Heç bir silah sistemi mükəmməl deyil, heç bir döyüş vasitəsi bütün şəraitlərdə eyni dərəcədə effektiv deyil. “Araş-2” PUA-nın müdafiə sisteminə qarşı yaratdığı çətinlikləri izah edərkən eyni dərəcədə vacib olan əks tərəfi – bu PUA-nın öz konstruktiv, texnoloji və taktiki məhdudiyyətlərini təhlil etməmək qeyri-obyektiv yanaşma olardı. Bu yazıda məhz bunu edəcəyik: “Araş-2”nin zəif cəhətlərini sistematik şəkildə araşdıracaq, onun hansı şəraitlərdə effektivliyini itirdiyini göstərəcək və bu zəifliklərin müdafiə edən tərəf üçün hansı imkanlar yaratdığını izah edəcəyik. Məqsəd PUA-nı qorxulu və ya qorxusuz kimi təqdim etmək deyil, onu olduğu kimi güclü və zəif tərəfləri ilə birlikdə anlamaqdır. Çünki düşmənin silahını anlamaq ona qarşı effektiv mübarizənin birinci şərtidir.

“Araş-2”nin ən birinci və ən fundamental zəifliyi onun sürətindədir, daha doğrusu, sürətsizliyindədir. PUA saatda təxminən 185 kilometr sürətlə uçur. Bu, müasir hərbi aviasiya standartları ilə müqayisədə son dərəcə aşağı göstəricidir. Müqayisə üçün: qanadlı raketin sürəti saatda 800 min kilometrə qədərdir, taktiki döyüş təyyarəsi saatda 2 min kilometrdən artıq sürətə çatır, hətta adi mülki sərnişin təyyarəsi saatda 900 kilometr sürətlə uçur. “Araş-2” bütün bu vasitələrdən dəfələrlə yavaşdır, o, sürət baxımından adi avtomobillə müqayisə oluna biləcək səviyyədədir.

Bu yavaşlığın taktiki nəticəsi çox böyükdür. Yüksək sürətli hədəf (qanadlı raket və ya döyüş təyyarəsi) müdafiə sisteminə son dərəcə qısa reaksiya vaxtı buraxır, çünki hədəf saniyələr ərzində öz mövqeyini kəskin şəkildə dəyişir. “Araş-2” isə aşkar edildikdən sonra müdafiə sisteminə nisbətən uzun zaman intervalı verir. Saatda 185 kilometr, bu, saniyədə təxminən 51metr deməkdir. Əgər radar PUA-nı 10 kilometr məsafədə aşkar edirsə, hədəfin obyektə çatmasına təxminən 3 dəqiqə qalır. 3 dəqiqə qanadlı raketlə müqayisədə zenit raket kompleksi üçün lüks vaxtdır. Problem radioüfüq və relyef maneəsi səbəbindən aşkarlamanın gec baş verməsindədir, lakin aşkarlama məsafəsini artıran istənilən texnoloji təkmilləşdirmə “Araş-2”nin bu zəifliyini birbaşa istismar edir. Başqa sözlə, erkən aşkarlama problemi həll olunduqca bu PUA-nın yavaş sürəti onun ən böyük düşməninə çevrilir. Sürətli hədəfi vaxtında görsən belə vura bilməyə bilərsən. Yavaş hədəfi vaxtında görsən, demək olar ki, mütləq vurursan.

Bu yavaşlığın ikinci nəticəsi PUA-nın hava şəraitinə qarşı son dərəcə həssas olmasıdır. Saatda 185 kilometr sürət güclü küləklər, turbulentlik və qəfil atmosfer dəyişiklikləri qarşısında azdır. Hərbi meteorologiya baxımından, saatda 60-70 kilometrdən yuxarı yan külək PUA-nın uçuş marşrutunu ciddi şəkildə pozur, naviqasiya dəqiqliyini azaldır və hədəfə çatma ehtimalını aşağı salır. Naxçıvan bölgəsinin dağlıq relyefi güclü və qeyri-sabit küləklərlə xarakterizə olunur, dağ yamaclarından əsən eniş və qalxış axınları, dərələrdə yaranan tunel effektli küləklər alçaq hündürlükdə uçan yavaş PUA-nı ciddi şəkildə yolundan çıxara bilər. Naxçıvan hadisəsində PUA-lardan birinin məktəbə deyil, onun yaxınlığına düşməsinin səbəblərindən biri məhz bu ola bilər, PUA ya son mərhələdə külək təsirinə məruz qalıb, ya da naviqasiya sistemi hədəfi son dəqiqədə itirib. Bu, təsadüf nəticəsi kimi görünsə də, əslində konstruktiv zəifliyin fiziki təzahürüdür.

“Araş-2”nin ikinci fundamental zəifliyi onun mühərrikindədir. PUA 50 at gücü gücündə porşenli mühərriklə təchiz olunub. Porşenli mühərrik aviasiya texnologiyalarında əsrlik tarixə malik, sadə və ucuz həll yoludur. Lakin onun hərbi tətbiqdə bir neçə ciddi çatışmazlığı var.

Birincisi, porşenli mühərrik xarakterik və nisbətən yüksək səs-küy yaradır. Turboreaktiv mühərriklər yüksək tezlikli, müəyyən mənada ümumi akustik fona qarışan uğultu yaradır. Porşenli mühərrik isə alçaq tezlikli, ritmik, çox xarakterik səs dalğası yayır, bu səs yerdən, xüsusilə sakit kənd və ya şəhərətrafı ərazidə, bir neçə kilometr məsafədən eşidilə bilər. Bu, akustik aşkarlama üçün ciddi üstünlükdür. Müasir PUA-lara qarşı mübarizə sistemlərinin bir komponenti akustik sensorlardır, xüsusi mikrofon massivləri ətraf mühitdəki səsləri analiz edərək PUA mühərrikinin xarakterik tezlik spektrini ayırd edir. “Araş-2”nin porşenli mühərrikinin səs siqnaturu süni zəka əsaslı akustik təsnifləşdirmə alqoritmləri üçün nisbətən asan hədəfdir. Radar onu görmədikdə belə, “qulaq” (istər insan qulağı, istər elektron sensor) onu eşidə bilər.

İkincisi, porşenli mühərrik istilik baxımından da özünü ələ verir. Bəli, porşenli mühərrikin infraqırmızı siqnaturu turboreaktiv mühərriyə nisbətən dəfələrlə aşağıdır, bu, PUA-nın güclü tərəfi kimi qeyd olunub. Lakin “dəfələrlə aşağı” demək “sıfır” demək deyil. Porşenli mühərrikin eqzoz qazları 150-200 dərəcə hərarətə çatır. Müasir infraqırmızı müşahidə sistemləri, xüsusilə soyudulmuş matris tipli istilik kameraları bu hərarət fərqini ətraf mühitin fonunda bir neçə kilometr məsafədən aşkar etmək qabiliyyətinə malikdir. Gecə vaxtı, ətraf mühitin soyuq olduğu şəraitdə bu kontrast daha da kəskinləşir, mühərrikin istilik izi qaranlıq fonda parlaq nöqtə kimi seçilir. Naxçıvanın qış-erkən bahar dövründə gecə temperaturunun sıfırın altına düşdüyü nəzərə alınsa, “Araş-2”nin istilik siqnaturu bu coğrafiyada müdafiə sensorları üçün əlavə aşkarlama imkanı yaradır.

Üçüncüsü, porşenli mühərrik etibarlılıq baxımından turboreaktiv mühərriyə nisbətən daha həssasdır. Porşenli mühərrikdə silindrlər, pistanlar, klapanlar, yağlama sistemi, soyutma sistemi kimi çoxsaylı mexaniki komponentlər mövcuddur. Uzun müddətli uçuş zamanı (“Araş-2”nin elan edilmiş 2 min kilometrlik məsafəsi saatda 185 kilometr sürətlə təxminən 11 saatlıq fasiləsiz uçuş deməkdir) mühərrikin mexaniki komponentləri aşınmaya, vibrasiyaya və istilik yorğunluğuna məruz qalır. Uzun məsafəli uçuşlarda mühərrik nasazlığı ehtimalı uçuş müddəti ilə düz mütənasib olaraq artır. Bu, PUA-nın elan edilmiş 2 min kilometrlik məsafəsinin nəzəri maksimum olduğunu, praktiki döyüş şəraitində isə bu rəqəmin əhəmiyyətli dərəcədə aşağı ola biləcəyini göstərir.

Üçüncü əhəmiyyətli zəiflik “Araş-2”nin naviqasiya sistemi ilə bağlıdır. Bu tip kamikadze tipli PUA-lar əsasən peyk naviqasiya sisteminə, yəni qlobal mövqeləndirmə sisteminə əsaslanır. PUA uçuşdan əvvəl proqramlaşdırılmış marşrut koordinatları üzrə hərəkət edir, son mərhələdə isə ya peyk naviqasiyasının dəqiqliyi ilə hədəfə yönəlir, ya da elektro-optik başlıq vasitəsilə hədəfi vizual olaraq tanıyır.

Bu naviqasiya arxitekturasının birinci zəif nöqtəsi peyk siqnalından asılılıqdır. Peyk naviqasiya siqnalı son dərəcə zəif radiosiqnaldır. Orbitdən yer səthinə çatan siqnalın gücü o qədər azdır ki, onu boğmaq, yəni süni müdaxilə ilə qəbulunu qeyri-mümkün etmək texnoloji cəhətdən nisbətən sadə məsələdir. Radioelektron mübarizə vasitələri peyk naviqasiya siqnalını iki yolla zərərsizləşdirə bilər: birincisi, siqnalın boğulması – güclü radiosəs-küy yaradaraq PUA-nın qəbuledicisinin həqiqi siqnalı fon səs-küyündən ayırd edə bilməməsini təmin etmək; ikincisi, siqnalın saxtalaşdırılması – PUA-nın qəbuledicisinə yalançı koordinatlar ötürərək onu proqramlaşdırılmış marşrutdan sapmağa, yanlış istiqamətə yönəlməyə və ya açıq əraziyə çıxmağa məcbur etmək. Hər iki üsul müasir radioelektron mübarizə arsenalında mövcuddur və texnoloji cəhətdən zenit raket komplekslərindən qat-qat ucuz və sadədir. Əgər “Araş-2”nin peyk naviqasiya siqnalı boğularsa və ya saxtalaşdırılarsa, PUA öz mövqeyini müəyyən edə bilmir, korlaşır. Kor PUA isə hədəfini tapa bilmir.

Bu naviqasiya arxitekturasının ikinci zəif nöqtəsi elektro-optik başlığın məhdudiyyətləridir. Əgər “Araş-2” son mərhələdə elektro-optik naviqasiyadan istifadə edirsə, yəni kameranın təsviri ilə hədəfi tanıyırsa bu sistem bir neçə amildən asılıdır: atmosfer şəraiti, işıqlanma şəraiti, hədəfin vizual kontrastı. Dumanlı, yağışlı, qarlı və ya toz-dumanlı havada elektro-optik başlığın effektivliyi kəskin düşür. Gecə vaxtı isə əgər infraqırmızı deyil, adi optik kamera istifadə olunursa, hədəf tanıma qabiliyyəti demək olar ki, sıfıra enir. Bundan əlavə, elektro-optik başlıq lazer şüalanması ilə kor edilə bilər, bu, PUA-lara qarşı mübarizənin yeni, lakin sürətlə inkişaf edən istiqamətidir. Beləliklə, naviqasiya sistemi “Araş-2”nin ən həssas nöqtəsidir, peyk siqnalının boğulması və ya saxtalaşdırılması PUA-nı korlaşdırır, elektro-optik başlığın məhdudiyyətləri isə mühit şəraitindən asılı olaraq son mərhələdə hədəfə çatma ehtimalını azaldır.

Dördüncü zəiflik “Araş-2”nin manevr qabiliyyətinin olmamasıdır. Bu PUA kamikadze tipli PUA-dır, “gəzən sursat”dır. O, proqramlaşdırılmış marşrut üzrə hərəkət edir və hədəfə birbaşa dalış edir. Onun uçuş profili nisbətən düz xətli, sabit sürətli, minimal manevrli trajektoriyadır. Bu, döyüş təyyarəsinin və ya idarəolunan raketin uçuş profilindən kəskin şəkildə fərqlənir: döyüş təyyarəsi müdafiə sistemindən yayınmaq üçün kəskin dönüşlər, hündürlük dəyişmələri, sürət variasiyaları həyata keçirir, idarəolunan raket isə hədəfə yaxınlaşarkən manevrlərlə zenit raketindən qaçmağa çalışır.

“Araş-2” bunların heç birini edə bilmir, ya da çox məhdud dərəcədə edə bilir. Onun aerodinamik quruluşu (4 metr qanad açıqlığı, nisbətən böyük gövdə, yavaş sürət) kəskin manevrlərə imkan vermir. PUA dönüş zamanı böyük radius çəkir, hündürlük dəyişməsi yavaş baş verir, sürət artımı mühərrikin gücü ilə məhdudlaşır. Bu o deməkdir ki, PUA aşkar edildikdən sonra müdafiə sistemindən “qaça” bilmir. Zenit raketi PUA-ya kilidləndikdən sonra PUA-nın manevrlə qaçma ehtimalı son dərəcə aşağıdır, çünki zenit raketinin sürəti PUA-nın sürətindən 10-20 dəfə artıqdır və raketin manevr qabiliyyəti PUA-nınkını qat-qat üstələyir.

Bu, çox vacib nəticə doğurur: “Araş-2” müdafiə sistemindən qaçaraq sağ qalmaq üçün deyil, müdafiə sisteminə görünməyərək sağ qalmaq üçün hazırlanıb. Onun bütün taktiki üstünlüyü (alçaq uçuş, kiçik ölçü, zəif radiolokasiya siqnaturu) gizlənmək strategiyasına əsaslanır. Gizlənmə pozulduğu an, yəni PUA aşkar edildiyi an, o, demək olar ki, müdafiəsizdir. Bu, çox spesifik zəiflikdir: “ya görünmürsən və sağ qalırsan, ya görünürsən və məhv olursan”. Arada heç bir orta variant yoxdur.

Beşinci zəiflik PUA-nın rabitə və idarəetmə məhdudiyyətidir. “Araş-2” tipli kamikadze tipli PUA-lar əsasən avtopilot rejimində, əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə uçur. Bu, bir tərəfdən güclü tərəfdir, radiosiqnal şüalandırmadığı üçün siqnal kəşfiyyatı vasitələri tərəfindən aşkarlanmır. Lakin digər tərəfdən, bu, ciddi taktiki zəiflikdir.

Proqramlaşdırılmış marşrut uçuşdan əvvəl təyin olunmuş koordinatlar ardıcıllığıdır. PUA havada olduğu müddətdə döyüş meydanındakı vəziyyət dəyişə bilər: hədəf yerdəyişə bilər, müdafiə sistemi yenidən mövqelənə bilər, hava şəraiti dəyişə bilər. Avtopilot rejimində uçan PUA bu dəyişikliklərə reaksiya verə bilmir, o, uçuşdan əvvəl aldığı əmri kor-koranə yerinə yetirir. Əgər hədəf yerdəyişibsə, PUA boş yerə düşür. Əgər müdafiə sistemi PUA-nın marşrutu üzərində yeni mövqe tutubsa, PUA birbaşa tələyə uçur.

Altıncı zəiflik “Araş-2”nin kütləvi istehsal keyfiyyəti ilə bağlı ehtimallardır. İranın hərbi-sənaye kompleksi uzun illərdir ağır sanksiyalar altında fəaliyyət göstərir. Yüksək texnologiyalı komponentlərə, xüsusilə mikroelektronikaya, dəqiq sensorlara, keyfiyyətli kompozit materiallara çıxış ciddi şəkildə məhdudlaşdırılıb. Bu, istehsal olunan silah sistemlərinin keyfiyyət nəzarətinə birbaşa təsir göstərir.

Nəticə olaraq, “Araş-2”nin hər nüsxəsinin eyni performansı göstərməsi zəmanətli deyil. Mühərriklərdə erkən aşınma, naviqasiya sistemlərində dəqiqlik sapmaları, döyüş başlığının tətik mexanizmində nasazlıqlar, kompozit gövdə materialında struktur zəifliklər, bunların hamısı sanksiyalar altında kütləvi istehsalın qaçılmaz riskləridir. Naxçıvan hadisəsində 4 PUA-dan 1-nin qüvvələrimiz tərəfindən zərərsizləşdirilməsi, 1-nin isə hədəfə çatmadan yaxınlığa düşməsi – bu statistikada istehsal keyfiyyəti amilinin müəyyən rol oynaması tamamilə mümkündür.

Yeddinci və sonuncu zəiflik birdəfəlik istifadə paradoksudur. “Araş-2” kamikadze tipli PUA-dır, hədəfə çatdıqda özü də məhv olur. Bu o deməkdir ki, hər hücum üçün yeni PUA lazımdır. Qaytarıla bilən zərbə tipli PUA-dan fərqli olaraq, “Araş-2” heç vaxt bazaya qayıtmır, heç vaxt yenidən istifadə olunmur, heç vaxt döyüş təcrübəsi “toplayaraq” daha effektiv olmur.

Bütün bu zəiflikləri birlikdə nəzərdən keçirdikdə ortaya çıxan mənzərə budur: “Araş-2” mükəmməl silah deyil. O, müəyyən şəraitlərdə (alçaq hündürlükdə, qısa məsafədə, mürəkkəb relyefdə, müdafiənin zəif olduğu istiqamətdə) təhlükəli və effektiv vasitədir. Lakin müdafiə edən tərəfin erkən aşkarlama imkanları artdıqca, radioelektron mübarizə vasitələri gücləndikcə, akustik və infraqırmızı müşahidə şəbəkələri sıxlaşdıqca bu PUA-nın effektivliyi kəskin şəkildə zəifləyir.

Onun yavaş sürəti onu aşkar edildikdən sonra asan hədəfə çevirir. Porşenli mühərriki onu eşidilən və istilik siqnaturu ilə görünən edir. Naviqasiya sistemi elektron müharibəyə qarşı həssasdır. Manevr qabiliyyətsizliyi onu aşkar edildikdən sonra müdafiəsiz qoyur. Avtopilot rejimi onu dəyişən döyüş şəraitinə uyğunlaşa bilməyən kor icraçıya çevirir. Sanksiyalar altında istehsal keyfiyyəti hər nüsxənin performansını şübhə altına alır. Birdəfəlik istifadə isə hər itirilmiş PUA-nı geri dönməyən xərcə çevirir.

Bu zəifliklərin heç biri “Araş-2”ni təhlükəsiz silah etmir, Naxçıvan hücumu bunun ən aydın sübutudur. Lakin bu zəifliklər göstərir ki, gələcəkdə bu silaha qarşı mübarizə aparmaq mümkündür, bunun üçün konkret texnoloji istiqamətlər mövcuddur. Düşmənin silahının güclü tərəflərindən qorxmaq deyil, zəif tərəflərini istismar etmək hərb sənətinin əsasıdır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Araş-2   PUA   Naxçıvan   İran  


Bizi "telegram"da izləyin