Fevralın 28-də İsrail və ABŞ İrana qarşı koordinasiyalı qabaqlayıcı hərbi zərbə endirdi. Buna cavab olaraq İran İsrailin hərbi obyektlərini və Qərbi Asiyada yerləşdirilmiş ABŞ bazalarını hədəf alan ballistik raketlər və kamikadze pilotsuz uçuş aparatları buraxdı. Çin Xarici İşlər Nazirliyi “zərbələri qətiyyətlə pislədi”, xarici işlər naziri Vanq Yi isə İranın ali rəhbəri Əli Xameneyinin “qətlə yetirilməsini” “suveren dövlət rəhbərinin açıq şəkildə öldürülməsi, beynəlxalq hüququn ciddi pozulması və rejim dəyişikliyi cəhdinin qəbuledilməz forması” kimi xarakterizə etdi. Pekin həmçinin hərbi əməliyyatların dərhal dayandırılmasına çağırdı və öz vətəndaşlarına İrandan təxliyə olunmağı tövsiyə etdi.
Çin-İran münasibətlərinin ən mühüm sütunlarından biri karbohidrogen ticarətidir. Çin İranın neft ixracının təxminən 80 faizini qəbul edir. Müdafiə əlaqələri isə əhəmiyyət baxımından daha uzaq ikinci yerdədir, çünki Pekinin Tehrana silah tədarükünə yanaşması ehtiyatlı olub.
Amma Çinin müharibədə real maraqları nələrdir?
İran müxtəlif beynəlxalq silah embarqolarına məruz qalıb. Avstraliya, ABŞ və Avropa İttifaqı (Aİ) İrana silah və əlaqəli materialların ixracı və tədarükünə ciddi qadağalar tətbiq edib, BMT Təhlükəsizlik Şurası isə 2025-ci ilin avqustunda JCPOA-dan (Birgə Hərtərəfli Fəaliyyət Planı) əvvəlki sanksiyaların yenidən qüvvəyə minməsinə imkan verən “snapback” mexanizmini təsdiqləyib. Bu baxımdan Çin ümumilikdə belə embarqoları pozmaqdan çəkinib (baxmayaraq ki, onların çoxu birtərəfli xarakter daşıyır).
Lakin ötən ilin iyun ayında İsrail və İran arasında baş vermiş “On iki günlük müharibə”dən sonra regionda gərginliyin artması Çin-İran hərbi əməkdaşlığında müəyyən dərəcədə artıma səbəb olub. Pekin üçün Tehrana orta səviyyədə silah satmaq iki məqsədə eyni vaxtda nail olmaq deməkdir. Bu, bir tərəfdən böyük endirimlə satılan xam neftin sabit axınını təmin edir, digər tərəfdən isə Çin qoşunlarını bölgəyə göndərmədən ABŞ üçün Qərbi Asiyada daimi diqqət yayındırıcı amil yaradır.
İranın Çindən aldığı müdafiə idxalı necə görünür
Görünür, Tehran son vaxtlar Çindən qabaqcıl “yer-hava” raket (HHM) batareyaları alıb və yerləşdirib. Bunlara HQ-9, HQ-16 və yüksək hərəkət qabiliyyətinə malik qısa mənzilli HQ-17AE hava hücumundan müdafiə sistemləri daxildir. Bu sistemlər İranın nüvə obyektlərini və rəhbərlik komplekslərini ABŞ-İsrail zərbələrindən qorumaqda indiyədək az kömək edib. Bunun əksinə olaraq, Çinin YLC-8B anti-stels radarları daha yaxşı nəticə göstərib, baxmayaraq ki, yekun qiymətləndirmə üçün daha çox vaxt lazımdır. Onların aşağı tezlikli işləmə prinsipi iranlı komandanlara daxil olan stels vasitələrini əvvəlki Rusiya istehsalı sistemlərlə müqayisədə daha uzaq məsafədən izləməyə imkan verib. Bununla belə, bəzi ciddi itkilərin qarşısını almaq mümkün olmayıb.
Müdafiə sistemlərindən əlavə, İranın Çindən aldığı silahlar hücum xarakterli vasitələri də genişləndirməyə yönəlib. Ən diqqətçəkən məqam isə İranın Çin istehsalı CM-302 supersəs gəmi əleyhinə qanadlı raketlərin alınmasına dair razılaşmanı yekunlaşdırmaq üzrə olması ilə bağlı son xəbərlərdir, Çin isə bu iddiaları “doğru deyil” adlandırıb. Təxminən 290 kilometr mənzilə malik olan və gəmi radarlarından yayınmaq üçün aşağı hündürlükdə və yüksək sürətlə uça bilən CM-302 ABŞ aviadaşıyıcılarını və Fars körfəzi ilə Ərəbistan dənizində fəaliyyət göstərən hərbi gəmiləri hədəfə ala bilər. Bundan əlavə, adı açıqlanmayan rəsmilər bildirirlər ki, Rusiya müdafiə sənayesinin gərgin vəziyyəti səbəbindən yaranmış təchizat boşluqlarını doldurmaq üçün Pekin Tehrana kamikadze pilotsuz uçuş aparatları, yəni “gəzən sursatlar” göndərib. Bu da İranın cavab zərbələri üçün tükənmiş pilotsuz uçuş aparatı parkını yenidən bərpa etməyə imkan verir.
Bu təsdiqlənməmiş silah tədarüklərindən əlavə, ABŞ Müdafiə Nazirliyinin 2025-ci ilin dekabrında yayımlanan “Çinin Hərbi Gücü Hesabatı”nda qeyd olunub ki, “Chang Guang Satellite Technology Co.” kimi Çin peyk şirkətləri İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və Yəməndəki husilərə kəşfiyyat məlumatları təqdim etməklə dəstək veriblər. Digər bir şirkət “MinoSpace Technology Co.” isə Tehrana peyk dəstəyi göstərmək üçün danışıqlar aparıb.
Bundan əvvəl, 2025-ci ilin sentyabrında ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) səkkiz Çin şirkətini husilərə ikili təyinatlı komponentlər və hərbi səviyyəli avadanlıq tədarük etdiklərinə görə sanksiya siyahısına daxil etmişdi. Onlar husilərin “kommersiya satınalmalarında” vasitəçi strukturlar kimi fəaliyyət göstərməkdə ittiham olunurdu. Pekin isə bu əlaqələri inkar edib. Bununla belə, belə bir mübadilənin mövcud olması ehtimalı yüksək sayılır, çünki Çin əvvəllər də münaqişəli bölgələrlə oxşar əlaqələr qurub. Bunun müqabilində husilər, ehtimal ki, Qırmızı dəniz və Ədən körfəzində Pekinin dəniz qüvvələrinin təhlükəsiz hərəkətini təmin edirlər.
Birgə təlimlər, amma hansı məqsədlə?
Çin-İran münasibətlərində diqqət çəkən digər sahə birgə hərbi təlimlərdir. 2026-cı ilin fevralında altıncı dəfə Çin, İran və Rusiya Hörmüz boğazında birgə dəniz təlimi keçiriblər. Bundan əvvəl isə 2025-ci ilin martında üç ölkənin hərbi qüvvələri Oman körfəzində dəniz təlimləri təşkil etmişdi. Bu təlimlərin məqsədi regionun dəniz akvatoriyalarında hərbi güc nümayiş etdirməkdir, lakin bu, Pekinin dəniz boğazlarını silahlandırmaq niyyətində olduğunu mütləq şəkildə göstərmir.
Bütün bunlara baxmayaraq qeyd etmək vacibdir ki, Çin rəsmi olaraq İranla hərbi tərəfdaşlığı qabartmaqdan çəkinir və özünü “məsuliyyətli böyük güc” kimi təqdim edir. Pekinin Qərbi Asiya strategiyası əsasən riskdən qaçmağa yönəlib. Çin regiondakı mövcud vəziyyətdən faydalanıb və ABŞ-nin Yaxın Şərq və Şimali Afrika regionundakı uzunmüddətli hərbi müdaxilələrinin ona necə böyük xərclər yaratdığını yaxşı anlayır. Buna görə də Pekin İranı mühüm müdafiə tərəfdaşı və enerji təhlükəsizliyi üçün vacib qovşaq kimi qiymətləndirsə də, rəsmi şəkildə Tehranın nüvə silahı proqramını dəstəkləmir və İran uğrunda müharibəyə girmək niyyətində də görünmür.
Sevinc Əliyeva
Ordu.az