Polşa-Ermənistan Hərbi-Texniki Əməkdaşlığı: Tarixi Dinamika və Müasir Strateji Kontekst (ANALİZ) – I YAZI

2026/02/1771779326.jpg
Oxunub: 1328     10:27     23 Fevral 2026    
2026-cı il fevralın 19-da Ermənistan hökumətinin iclasında qəbul edilən qərar – Polşanın Milli Müdafiə Nazirliyi ilə hərbi-texniki əməkdaşlıq haqqında yeni sazişin imzalanması əslində onilliklər boyu formalaşan, bəzən gizli, bəzən yarımaçıq şəkildə aparılan strateji tərəfdaşlığın rəsmi kulminasiyasıdır. Bu qərar təkcə ikitərəfli münasibətlərin texniki sənədi deyil, həm də regional geosiyasi tarazlığa, Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə və Azərbaycanın təhlükəsizlik maraqlarına birbaşa təsir edən ciddi hadisədir. Bu sazişin kökləri 2004-cü il sentyabrın 6-da Varşavada imzalanmış “Müdafiə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş”ə gedib çıxır. Lakin son iki onillikdə bu hüquqi çərçivənin arxasında həyata keçirilən əməli addımlar göstərir ki, rəsmi müqavilələr yalnız buzlağın görünən hissəsidir.

Polşanın Ermənistanla hərbi əməkdaşlığa marağının kökündə Varşavanın daha geniş geosiyasi strategiyası dayanır. Polşa Şərqi Avropada Rusiyaya qarşı öz təhlükəsizlik arxitekturasını genişləndirmək niyyətindədir və bu baxımdan Moskvanın nüfuz zonalarının zəiflədilməsinə xidmət edən hər bir layihəni dəstəkləyir. Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı bu strategiyanın əsas sütunlarından biridir və Polşa həmin proqramın ən fəal təşviqatçılarından olub. Rəsmi Varşava aydın şəkildə dərk edir ki, Rusiyanın Qafqaz regionundakı təsirini zəiflətmək üçün Moskva ilə ən sıx hərbi-siyasi bağlara malik olan ölkələrdən biri – Ermənistan açar rolunu oynaya bilər. İrəvanın təhlükəsizlik məsələlərində Rusiyadan asılılığı, erməni cəmiyyətində bu asılılığın getdikcə daha çox narahatlıq yaratması və anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi Polşa üçün strateji fürsət kimi qiymətləndirilir. Varşava hər zaman hesab edib ki, Ermənistana alternativ təhlükəsizlik imkanları təqdim etməklə İrəvanın hərbi-siyasi vektorunu Qərbə doğru dəyişmək mümkündür. Bu yanaşma eyni zamanda Ermənistanda Rusiyanın silah bazarındakı inhisarını sarsıtmaq, İrəvan hakimiyyətinin Qərblə bağlı mövqeyini möhkəmləndirmək və Avropaya doğru daha qətiyyətli addımlar atılmasına şərait yaratmaq məqsədi daşıyır. Bütün bu planlar NATO çətiri altında həyata keçirilir ki, bu da Polşanın fərdi təşəbbüs deyil, Qərbin daha geniş strateji maraqlarının daşıyıcısı olduğuna işarə edir.


Bu strateji çərçivənin ən konkret təzahürü 2013-2014-cü illərdə qurulmuş “Lubawa Armenia” birgə müəssisəsi olub. Polşanın “Lubawa S.A” şirkəti ilə Ermənistan Müdafiə Nazirliyinin tabeliyindəki “Çarentsavan Maşınqayırma Zavodu” ASC-nin ortaq müəssisəsi kimi yaradılan bu qurum 2014-cü ilin oktyabrında Çarentsavan şəhərində rəsmən fəaliyyətə başlayıb. Müəssisənin səhmlərinin 51 faizi Polşa, 49 faizi isə Ermənistan tərəfinə məxsus idi. “Lubawa Armenia” şirkətinin fəaliyyət dairəsi olduqca geniş olub. Şirkət Ermənistan Müdafiə Nazirliyini multispektral maskalanma vasitələri, fərdi kamuflyaj, çadır, zirehli gödəkçə və dəbilqə ilə təchiz edirdi. 2014-cü ilin dekabr ayında Ermənistan Müdafiə Nazirliyi “Lubawa Armenia” ilə 80 dəst üçölçülü multispektral örtüyün çatdırılmasına dair 1 milyon ABŞ dolları dəyərində müqavilə bağlayıb. Hər dəstə 12 ədəd 6 metrə 3 metr ölçüdə örtük daxil idi. 2015-ci ilin yanvarında əlavə 190 min ABŞ dolları dəyərində üçölçülü kamuflyaj müqaviləsi imzalanıb və şirkət bu kamuflyajların Ermənistandakı zavodunda istehsal olunacağını rəsmən bəyan edib. Müqavilə üzrə məhsulların çatdırılmasına aprel ayında başlanılıb və iyun ayında yekunlaşması planlaşdırılıb. Ermənistan Müdafiə Nazirliyi birbaşa olaraq Polşanın “Lubawa S.A” şirkətindən indiyədək 20 milyon dollar dəyərində müxtəlif məhsullar satın alıb ki, bu da əməkdaşlığın miqyasını aydın göstərir. 2015-ci ildə Ermənistan Ordusu “Lubawa Armenia”dan rezin materialdan hazırlanmış, hava ilə şişirdilən BMP imitatorları almağa başlayıb. Bu maketlər real BMP ölçüsündə idi və ilk dəfə “Şant-2015” hərbi təlimi zamanı nümayiş etdirilib. Şirkət eyni zamanda BTR, tank və nəqliyyat vasitələrinin imitatorlarının istehsalı istiqamətində də işlər aparırdı. Bu imitatorların əsas məqsədi rəqib tərəfin aviasiyasını və Pilotsuz Uçuş Aparatlarını (PUA) aldadaraq boş ərazilərə (Körfəz müharibəsi zamanı ABŞ aviasiyasının İraqın hərbi texnika maketlərini real hərbi baza zənn edərək bombaladığı təcrübəyə bənzər taktika) hücum etməyə vadar etmək idi. 2017-ci ildə MSPO sərgisində “Lubawa” şirkətinin Ermənistanın Müdafiə Nazirliyi üçün BMP-2 piyada döyüş maşınları və tank imitatorlarının istehsal edəcəyini açıqlaması əməkdaşlığın dərinləşdiyini göstərirdi. Həmin ilin dekabrın 14-də Ermənistan Müdafiə Nazirliyi ilə “Lubawa Armenia” arasında 1,7 milyon ABŞ dolları dəyərində xüsusi təchizat və avadanlıq müqaviləsi imzalanıb. “Lubawa S.A” şirkətinin rəhbəri Marçin Kubiça bu müqavilənin Gürcüstan və Qazaxıstan bazarlarına yol açacağını bildirmişdi. 2017-2019-cu illər arasında isə “Lubawa Armenia” Ermənistan Ordusu üçün 20 min ədəd zirehli gödəkçə istehsal edib. Bu zirehli gödəkcələrin ballistik lövhələri və texniki tekstili Polşadan gətirilir, layihələndirmə və tikiş işləri isə Ermənistanda həyata keçirilirdi. Müəssisə həmçinin dəbilqə istehsalını da aparırdı. Ermənistanın Fövqəladə Hallar Nazirliyi isə bomba zərərsizləşdirmək üçün xüsusi qoruyucu geyimlər, şişmə qayıqlar və xilasetmə avadanlıqları ilə təchiz olunurdu. Şirkətin fəaliyyəti təkcə Ermənistan Ordusu ilə məhdudlaşmırdı, polis təchizatı və Fövqəladə Hallar Nazirliyinin ehtiyacları da qarşılanırdı, hətta “Lubawa”nın Ermənistanda istehsal etdiyi çadırlar və polis təchizatları iki postsovet respublikasına da ixrac olunmuşdu. “Lubawa Armenia”nın İdarə Heyətinin sədri Yaroslav Rux 2015-ci ildə şirkətin Ermənistanda ixrac sertifikatının alınması üzərində işlədiyini bildirmiş, “Lubawa S.A”nın rəhbəri Marçin Kubiça isə Ermənistan üzərindən Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistan bazarlarına genişlənmə planlarını açıqlamışdı. Bu məqam göstərir ki, Polşa Ermənistanı sadəcə bir müştəri deyil, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz bazarlarına çıxış nöqtəsi kimi görürdü.

Əməkdaşlığın ən iddialı layihələrindən biri zirehli texnikanın modernləşdirilməsi sahəsində olub. Rusiyanın Dünya Silah Ticarətinin Analizi Mərkəzinin (SAMTO) hesabatlarına görə, Ermənistan Müdafiə Nazirliyi ilə Polşanın “Bumar Łabędy” şirkəti arasında T-72 tanklarının modernləşdirilməsinə dair müqavilə imzalanmışdı. 100 milyon ABŞ dolları dəyərində olan bu müqaviləyə əsasən 2015-ci ilin sonuna qədər 84 ədəd T-72 tankı modernləşdirilərək PT-72U səviyyəsinə çatdırılmalı idi. Ermənistanın “Razm.info” hərbi portalının məlumatına görə, modernləşmə çərçivəsində tanklara yeni mühərrik və dinamik zireh quraşdırılıb, rabitə sistemi yenilənilib, yeni müşahidə qurğuları, atəşə nəzarət sistemi və videokameralar əlavə edilib. Lakin bu müqavilənin taleyi Polşa-Ermənistan əməkdaşlığının ziddiyyətli xarakterini aydın göstərir, rəsmi İrəvan sonradan Rusiyanın təzyiqi altında bu müqavilədən imtina edib. Bu hadisə əməkdaşlığın hərbi əsaslara deyil, daha çox siyasi hesablamalara söykəndiyini üzə çıxardı. Maraqlıdır ki, Polşa Rusiyanın “İskəndər” operativ-taktiki raket komplekslərinin Kalininqradda yerləşdirilməsinə dəfələrlə kəskin etiraz etdiyi halda, eyni sistemlərin Ermənistanda yerləşdirilməsinə heç bir münasibət bildirməmişdi. Bu seçici yanaşma Varşavanın Ermənistanla münasibətlərə nə qədər həssas yanaşdığını və İrəvanı itirmək istəmədiyini göstərir. Bundan başqa, Ermənistanın Polşadan “Warmate” kamikadze pilotsuz uçuş aparatlarını almaq istəməsi əməkdaşlığın sadəcə müdafiə vasitələri ilə məhdudlaşmadığını, hücum xarakterli silah sistemlərinə qədər genişləndiyini ortaya qoyurdu. “WB Electronics” şirkətinin istehsal etdiyi “Warmate” kamikadze PUA-sı kompozit materiallardan hazırlanır, 4 kiloqram ağırlığında, 1,4 metr qanad açıqlığına malikdir, maksimum sürəti saatda 80 kilometr, havada qalma müddəti 30 dəqiqədir. Bu PUA dörd fərqli döyüş başlığı ilə təchiz oluna bilər: 1350 qramlıq yüksək partlayış gücünə malik başlıq, 530 qramlıq qəlpəli başlıq, 1100 qramlıq kumulyativ başlıq (100-120 millimetr homogen zirehi deşmə qabiliyyətinə malik) və 530 qramlıq termobarik başlıq (təxminən 70 kvadratmetr sahədə 2000 dərəcəyə çatan temperatur effekti yaradır). Ermənistan ilk mərhələdə bəlli sayda kamikadze PUA-nı Polşadan idxal etmək, yaxın iki-üç il ərzində isə seriyalı istehsalı Polşa şirkəti ilə birlikdə Ermənistanda qurmaq niyyətində idi.


Əməkdaşlığın 2018-ci ildən sonrakı taleyi siyasi dönüşlərin hərbi-sənaye münasibətlərə necə təsir etdiyini göstərən ibrətamiz nümunədir. Polşanın Ermənistandakı keçmiş səfiri Yeji Novakovski açıqlamasında bildirmişdi ki, 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan “Lubawa S.A” şirkətinin nümayəndələri ilə görüşdə şirkəti keçmiş Serj Sarkisyan hökuməti ilə əməkdaşlıqda ittiham edib. Novakovski etiraf edib ki, o, bir neçə dəfə “Lubawa”nın sahiblərini Ermənistanı tərk etməməyə inandırmağa çalışıb, lakin Paşinyanın görüşdəki münasibətindən sonra şirkət Ermənistanı tərk etmək barədə yekun qərar qəbul edib. 2018-ci il inqilabı əvvəlcə “Lubawa”nın aktivləşməsinə və işgüzar əməkdaşlığın güclənməsinə ümid yaratmışdı, lakin Paşinyanın şirkətin yeni “inqilabçı” komandanın etimadını qazana bilməyəcəyini bildirməsi bu ümidləri alt-üst etdi. Nəticədə Polşa ilə Ermənistan arasında siyasi münasibətlər zəiflədi, “Lubawa” özəl şirkəti Polşa hökumətinin dəstəyini hiss etməyərək və erməni müştərək müəssisəsindən gəlir əldə etmək imkanına malik olmayaraq müəssisəsini ləğv etmək barədə düşünməyə başladı. Bu hadisə eyni zamanda Ermənistan hakimiyyətinin Rusiya ilə bağları birdəfəlik qırmaq istəməməsi və Moskvanın “sadiq müttəfiq” obrazını qorumaq cəhdi ilə də bağlı idi. Maraqlıdır ki, 2016-cı ilin mayında Ermənistanın Müdafiə Nazirliyinə aid ərzaq payının Polşadakı mağazalarda satışa çıxarılması kimi qəribə hadisə də əməkdaşlığın arxasındakı nizamsızlığı və nəzarət boşluqlarını göstərirdi. Üzərində erməni dilində yazıların olduğu ərzaq payının Polşa mağazalarında satıldığını əks etdirən fotolar sosial şəbəkələrdə yayıldıqdan sonra Ermənistanın Baş Prokurorluğu cinayət işi qaldırmış, nazir Vigen Sarkisyan isə parlamentdə “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyanın tələbi ilə məsələni araşdıracağını vəd etmişdi.

Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryanın 2022-ci ildə diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə yazdığı tənqidi qeyd də əhəmiyyətlidir. Qazaryan Paşinyan hökumətini “türklər və azərbaycanlılar ilə dostluğa can atan” hakimiyyət kimi tənqid edərək ənənəvi tərəfdaşlarla, o cümlədən Polşa ilə münasibətlərin zəifləməsindən narazılığını ifadə etmişdi. O, 2017-ci ildə Ermənistanla Polşa arasında diplomatik münasibətlərin 25 illiyi və Polşanın erməni icmasına verilən xüsusi imtiyazın 650 illiyi münasibətilə təkcə Polşanın 37 şəhərində 118 müxtəlif tədbirin təşkil edildiyini xatırladaraq Paşinyan hökumətindən heç bir rəsminin – nə baş nazirin, nə parlamentin, nə də Xarici İşlər Nazirliyinin 30-cu ildönümü münasibətilə mesaj belə göndərmədiyini vurğulamışdı. Bu tənqid Paşinyan dövründə münasibətlərin real olaraq necə soyuduğunu göstərir. Polşa ilə Ermənistan arasındakı çoxəsrlik tarixi əlaqələr, xüsusilə Polşanın erməni diasporuna verilən 650 illik imtiyaz ənənəsi bu münasibətlərin sadəcə müasir geosiyasi hesablamalarla məhdudlaşmadığını, dərin tarixi köklərə malik olduğunu göstərir.


Rusiyanın tanınmış hərbi eksperti Ruslan Puxovun bu əməkdaşlığa dair qeydləri də diqqətəlayiqdir. Puxov vurğulayıb ki, Polşanın Ermənistana hər hansı ciddi texnologiyalar ötürməsi halında Varşava, xüsusilə həmin dövrdə Polşa rəhbərliyinin Avropa İttifaqı ilə münasibətlərinin gərgin olduğu nəzərə alındıqda, güclü siyasi və institusional təzyiqlərlə üzləşə bilər. Digər tərəfdən Puxov Ermənistanın silah almağa kifayət qədər maliyyə vəsaitinin olmadığını qeyd edərək bildirib ki, birgə müəssisə yaradıb maskalanma torları və zirehli gödəkçələr istehsal etmək başqa məsələdir, bahalı hərbi sistemlər almaq isə tamam fərqli büdcə tələb edir. Bu kontekstdə Ermənistanın 2018-ci il martında müdafiə nazirinin müavini Davit Paxçanyanın Rusiya və Hindistandan başqa, Serbiya, Çin və Polşa ilə hərbi-sənaye əməkdaşlığını dərinləşdirmək istədiyini açıqlaması İrəvanın silah tədarükçülərini diversifikasiya etmək cəhdini göstərirdi.

Polşa Prezidenti Andjey Dudanın 2024-cü ilin noyabrında Ermənistana səfəri isə əlaqələrin siyasi səviyyədə yeni mərhələyə keçdiyini göstərdi. Duda İrəvanda erməni həmkarı Vaahn Xaçaturyanla birgə mətbuat konfransında Polşanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verməyə hazır olduğunu bildirdi, Baş nazir Nikol Paşinyan və parlament sədri Alen Simonyanla görüşlər keçirdi. Lakin Dudanın İrəvandan sonra Naxçıvanla sərhədə – Arazdəyənə gedərək Avropa İttifaqının müşahidə missiyasının “binokl tamaşası”nda iştirak etməsi Azərbaycan tərəfindən diplomatik və ictimai-siyasi mühitdə kəskin etirazla qarşılandı. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaydı, Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilon Xarici İşlər Nazirliyinə çağırıldı. Bu hadisə Varşavanın Bakı ilə münasibətlərini Ermənistanın regional qızışdırıcılıq hərəkətlərinə qurban verən vektora doğru getdiyini göstərdi. Sabiq XİN rəhbəri Tofiq Zülfüqarov bu məsələyə münasibət bildirərək qeyd etmişdi ki, Polşa Avropa İttifaqının nüfuzlu ölkəsi kimi həm Azərbaycana, həm Ermənistana yardımçı olmaq istəyir və bu fəallıq hələ keçmiş prezident Kvasnevskinin dövründən müşahidə olunur. Lakin Zülfüqarov vurğulayıb ki, erməni tərəfi Polşa prezidentini lazımi şəkildə məlumatlandırmayıb və onu qəsdən danışıqlar predmeti olan sərhəddə aparıblar, bunun məqsədi səfərdən siyasi dəstək kimi istifadə etmək idi. 2025-ci ilin birinci yarısında Avropa İttifaqına prezidentlik edəcək Polşanın bu səfəri ilə Ermənistanın regional maraqlarının şişirdilməsi üçün koordinasiya həyata keçirəcəyi şübhələri meydana çıxdı. Maraqlıdır ki, 2025-ci il avqustun 10-da Polşa Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan liderləri arasında tarixi bəyannamənin imzalanmasını məmnunluqla qarşılayaraq ABŞ-nin dəstəyi ilə əldə edilən razılaşmanın regionda suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sabitliyin təmin edilməsinə yol açdığını bildirdi. Bu, Polşanın regional proseslərdə rolunu legitimləşdirmək cəhdi kimi də dəyərləndirilə bilər.


Ermənistanın daxilindən isə fərqli səslər eşidilirdi. Erməni radikal müxalifətçisi Jirayr Sefilyan bölgədə Fransa qoşunlarının yerləşdirilməsi ilə bağlı Qərbin təklifinin Rusiya tərəfindən qəbul edilməyəcəyi təqdirdə fransızların Polşa hərbi kontingenti ilə əvəz olunacağını iddia etmişdi. Lakin tanınmış polşalı analitik, Nikolay Kopernik adına Torun Universitetinin Siyasi Elmlər və Beynəlxalq Araşdırmalar Fakültəsinin professoru Roman Bekker bu iddiaları qətiyyətlə təkzib edərək Polşa mediasında, sosial şəbəkələrdə və forumlarda belə bir təklifə, hətta ideya səviyyəsində belə heç vaxt rast gəlmədiyini, Polşa qoşunlarının Cənubi Qafqaza göndərilməsi fikrini təəccüblü adlandırdığını və bu məsələnin Polşada sadəcə olaraq gündəmdə olmadığını bildirmişdi. Bekker eyni zamanda 2020-ci il 44 günlük Qarabağ müharibəsinin nəticələrinin geosiyasi və müasir hərbi münaqişə forması baxımından çox maraqlı olduğunu vurğulayaraq dünyanın bütün ordularının bu müharibənin təcrübəsini öyrəndiyini qeyd etmişdi.

İndi bütün bu konteksti nəzərə alaraq 2026-cı il fevralın 19-da qəbul edilən qərara qayıdaq. Ermənistan hökumətinin Polşanın Milli Müdafiə Nazirliyi ilə hərbi-texniki əməkdaşlıq haqqında yeni saziş imzalamaq qərarı bir neçə mühüm mesaj daşıyır. Birincisi, Paşinyan hökuməti 2018-ci ildə “Lubawa”nı itirməsinə səbəb olan yanaşmasından geri addım atıb və Polşa ilə hərbi əməkdaşlığın strateji əhəmiyyətini yenidən dərk edib. İkincisi, Ermənistanın Rusiya ilə hərbi ittifaqının faktiki olaraq çöküşü, xüsusilə 2020-ci il müharibəsində Moskvanın İrəvana böyük dəstək verməməsi, sonradan Rusiya sülhməramlılarının bölgədən çıxması və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşması İrəvanı alternativ hərbi tərəfdaşlar axtarmağa vadar edib. Üçüncüsü, Polşanın 2025-ci ilin birinci yarısında Avropa İttifaqına sədrliyi dövründə Ermənistanla münasibətləri daha da gücləndirməsi və Dudanın İrəvan səfəri bu sazişin siyasi zəmini olub. Dördüncüsü, 2025-ci il avqustunda Azərbaycan-Ermənistan arasında ABŞ vasitəçiliyi ilə imzalanan tarixi bəyannamədən sonra regional vəziyyətin nisbətən sabitləşməsi Polşaya Ermənistanla açıq hərbi əməkdaşlıq üçün daha rahat mühit yaradıb.


Qərarın əsaslandırılmasında sazişin “qarşılıqlı fəaliyyət gündəliyini tamamlayacağı, hər iki ölkənin müdafiə qurumları arasında sıx əməkdaşlıq üçün zəmin yaradacağı və ikitərəfli əməkdaşlıq gündəliyinin irəlilədilməsinə xidmət edəcəyi” vurğulanır. Sənədə əsasən tərəflər bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsipləri əsasında əməkdaşlıq edəcəklər. Bu diplomatik dil arxasında konkret olaraq nələrin nəzərdə tutulduğu aydın olmasa da, keçmiş təcrübə göstərir ki, əməkdaşlığın əsas istiqamətləri zirehli texnikanın modernləşdirilməsi, fərdi qoruyucu vasitələrin istehsalı, kamuflyaj və maskalanma texnologiyaları, pilotsuz uçuş aparatları sahəsində texnologiya transferi və hərbi kadr hazırlığı ola bilər. “Lubawa Armenia” təcrübəsinin yenidən canlandırılması və ya oxşar yeni birgə müəssisələrin qurulması da gündəmdə ola bilər. Əgər keçmişdə yarımçıq qalmış “Warmate” kamikadze PUA-ları layihəsi yenidən aktivləşdirilsə, bu, Ermənistanın hücum qabiliyyətinin ciddi şəkildə artması demək olacaq.

Azərbaycan perspektivindən baxıldıqda, bu saziş ciddi narahatlıq mənbəyidir. Keçmişdə “Lubawa Armenia” tərəfindən istehsal olunan məhsulların vaxtilə işğal altında olmuş ərazilərimizdə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr tərəfindən istifadə edildiyi barədə faktlar açıqlanmışdı. İndi müharibə başa çatsa da və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə də, Ermənistanın Qərb texnologiyaları ilə silahlanmasının sürətlənməsi regional güc balansına təsir edə bilər. Polşanın bu sazişlə sadəcə Ermənistana silah satmaq deyil, həm də texnologiya transferi həyata keçirmək, birgə istehsal qurmaq və Ermənistanın hərbi-sənaye potensialını artırmaq niyyətində olması uzunmüddətli strateji nəticələrə malikdir.

Nəticə etibarilə, 2026-cı il fevralın 19-da qəbul edilən qərar Polşa-Ermənistan hərbi əməkdaşlığının yeni və daha ambisiyalı mərhələsinin başlanğıcıdır. Bu əməkdaşlıq 2004-cü ildən bəri hüquqi çərçivəyə malik olsa da, “Lubawa Armenia” təcrübəsi ilə praktik müstəviyə keçsə də, 2018-ci ildə siyasi səbəblərdən yarımçıq qalsa da, indi yeni geosiyasi reallıqlar (Rusiyanın zəifləməsi, Ermənistanın Qərbə yönəlməsi, Polşanın Avropa İttifaqında artan rolu) bu əməkdaşlığı daha da dərinləşdirmək üçün münbit şərait yaradıb. Azərbaycan üçün bu prosesi diqqətlə izləmək, diplomatik vasitələrlə Polşanın regional balansı pozmayacaq şəkildə hərəkət etməsini təmin etmək və öz müdafiə qabiliyyətini daim güclü saxlamaq strateji zərurətdir. Sülh sazişinin imzalanması regionda yeni dövrün başlanğıcı olsa da, silahlanma yarışının gizli formada davam etməsi ehtimalı gözardı edilməməlidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ermənistan   Hərbi-Əməkdaşlıq   Lubawa  


Bizi "telegram"da izləyin