Pozitiv ton, praqmatik gündəm: Bakı riskləri necə idarə edir?

2026/02/1770230355.jpg
Oxunub: 625     09:21     05 Fevral 2026    
Dünən Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriblər. Ayrı-ayrı mənbələr liderlərin qapalı təkbətək müzakirə apardıqlarını da qeyd edir. Rəsmi məlumata görə, tərəflər ABŞ prezidentinin dəstəyi və iştirakı ilə Vaşinqtonda keçirilmiş sülh sammitində əldə olunan nəticələrin icrasında irəliləyişi məmnunluqla qarşılayıblar və ikitərəfli əsasda normallaşma prosesində müsbət dinamikanın saxlanılmasını vacib saydıqlarını vurğulayıblar.

Təqdim olunan çərçivə görüşün ümumi ab-havasını da aydın göstərir: dialoq “üçüncü tərəfin” gündəmi müəyyən etdiyi formatdan daha çox, birbaşa razılaşmaların icrası üzərində qurulub. Məlumata görə, tərəflər artıq hər iki ölkənin cəmiyyətlərinin sülhün real faydalarını hiss etməyə başladığı qənaətini bölüşüblər. Xüsusilə ikitərəfli ticarətin başlaması və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsi qeyd olunub. Həmçinin vətəndaş cəmiyyəti təmsilçilərinin qarşılıqlı səfərləri də müsbət addım kimi qiymətləndirilib.

Görüşün diqqət çəkən protokol detalları arasında hər iki tərəfdən baş nazir müavinlərinin (Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan) danışıqlarda iştirak etməsi ön plana çıxır. Bu, texniki və eyni zamanda ən həssas mövzuların müzakirə edildiyi xətt üzrə işin intensivləşdiyini göstərən siqnal kimi görünür. Məhz Mustafayev-Qriqoryan formatı sərhədin delimitasiyası, nəqliyyat və kommunikasiya əlaqələrinin praktiki mexanizmləri, prosedurlar və mərhələlilik kimi mürəkkəb məsələlərə cavabdeh platforma sayılır. Onların liderlərin toplantısında görünməsi yaxın perspektivdə delimitasiya gündəliyində müəyyən “hərəkətlilik” ehtimalını artırır.

Əbu-Dabi görüşünün siyasi mənası isə ondadır ki, tərəflər ən azı bu mərhələdə vasitəçiliyə “kəskin ehtiyac” nümayiş etdirmirlər. ABŞ-nin Vaşinqton sammitinə verdiyi dəstək və iştirak faktı xatırladılmaqla, artıq əldə edilmiş razılaşmaların icrasında üçüncü tərəfin əlavə “müdaxiləsi”nin zəruri olmadığı mesajı önə çıxır. Başqa sözlə, prosesin lokomotivi kimi ikitərəfli məsuliyyət və gündəlik iş rejimi göstərilir.

Yayımlanan rəsmi informasiyanın əsasən pozitiv tonallığı həm də onu deməyə əsas verir ki, Bakı Vaşinqton xəttində yarana biləcək mümkün siyasi “sürprizləri” idarəolunan risk səviyyəsində qiymətləndirir. Media və ekspert mühitində səslənən ehtimallara görə, bu yanaşmaya regionda ABŞ-İran dialoqunun bərpası barədə siqnalların da təsiri ola bilər: belə bir fon mümkün gərginlikləri yumşaldan amil kimi qəbul edilir.

Ümumilikdə, Əbu-Dabidə baş tutan görüş Azərbaycan-Ermənistan normallaşmasının praktik mərhələsinə keçdiyini göstərən indikatorlar verir: ticarət başlanğıcı, enerji məhsullarının ixracı, ictimai təmaslar və nəqliyyat layihələri üzrə müzakirələr. Bu xəttin davamlılığı isə Ermənistanın razılaşmaları texniki səviyyədə icra etməsi, sərhəd və kommunikasiya məsələlərində həll mexanizmlərinə isti yanaşması, eləcə də daxili siyasi gündəminin danışıqlar tempini ləngitməməsi ilə birbaşa bağlı olacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İlham-Əliyev   Ermənistan  


Bizi "telegram"da izləyin