D-30-un modernləşdirilməsi mifləri: Ermənistanın real imkanları və texniki məhdudiyyətlər (ANALİZ+FOTOLAR)

2026/02/1770026827.jpg
Oxunub: 1351     14:28     02 Fevral 2026    
“Bu təsəvvür, D-30, D-30, D-30, D-30… Amma bu təsəvvürün içərisində daim nəsə səhv var. Amma biz indi D-30-dan imtina etməmişik. Bizim dövrümüzdə ordumuz ilk dəfə zavod istehsalı olan D-30-a malikdir və bizdən əvvəl heç kim ondan atəş açmayıb. Əvvəllər ordumuzun tarixində bu məşhur və sevilən D-30-lardan heç olmasa bir dənəsi belə olmayıb ki, ilk atəş açan biz olaq. Əksinə, elə D-30-larımız olub ki, yüz faiz sonuncu atəşi biz açacağıq. O qeyri-kondision D-30-lar… bu da deyil, amma çox böyük sayda olub və siz hamınız bunu bilirsiniz. Əgər bilmirsinizsə, mən çox yaxşı bilirəm. Bunlar haqqında bizim reallığımızda danışmaq qəbul olunmamışdı. Deyirəm ki, bu gün bizdə D-30 var, biz ondan imtina etməmişik, amma D-30 elə silahlarla tamamlanıb ki…”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ordu günü münasibətilə Ermənistan MN-də hərbçilərlə görüş zamanı bildirib.

Açıqlama faktiki olaraq Ermənistan rəhbərliyinin iki mühüm məqamı etiraf etdiyini göstərir: birincisi, D-30 kimi sovet dövrü artilleriya sistemlərinin hələ də ordunun əsas atəş dayaqlarından biri olması, ikincisi isə bu sistemlərin klassik, “80-ci illər səviyyəsində” deyil, müəyyən texniki və funksional əlavələrlə istismar edildiyi iddiasıdır. Bu hissədən çıxış edərək D-30-un özü, onun dünyada necə təkmilləşdirildiyi və real imkanları üzərində dayanmaq vacibdir.

D-30 122 mm-lik yedəkli haubitsa olaraq 1960-cı illərin əvvəllərində SSRİ-də yaradılıb və uzun müddət sovet və postsovet ordularında standart artilleriya vasitəsi kimi istifadə olunub. Klassik variantda D-30-un atəş məsafəsi adi mərmilərlə təxminən 15,3 km, əlavə gücləndirməli mərmilərlə isə 21-22 km civarındadır. Silahın əsas üstünlüklərindən biri 360 dərəcəyə yaxın atəş sektoru təmin edən üçayaqlı platformasıdır ki, bu da mövqenin dəyişdirilmədən müxtəlif istiqamətlərə atəş açmağa imkan verir. D-30-un çəkisi təxminən 3,2 ton təşkil edir, bu isə onu həm avtomobil, həm də bəzi hallarda zirehli yedək vasitələri ilə daşımağı mümkün edir.


Texniki baxımdan D-30-un güclü tərəfləri sadə konstruksiya, yüksək etibarlılıq və baxım prosesində yüksək dözümlülük nümayiş etdirən mexanizmlərdir. Bu haubitsa çətin iqlim və relyef şəraitində, minimal texniki xidmətlə uzun müddət istifadə oluna bilir. Məhz bu səbəbdən D-30 onilliklər ərzində Afrika, Asiya və Yaxın Şərq ölkələrinin arsenalında aktual qalıb. Eyni zamanda 122 mm-lik mərmilərin geniş yayılması və ucuzluğu da bu silahın logistik üstünlüyü sayılır.

Zəif tərəflərə gəldikdə isə D-30-un əsas problemi müasir döyüş mühitində sağqalma qabiliyyətinin aşağı olmasıdır. Yedəkli artilleriya sistemi olduğu üçün mövqe dəyişmə sürəti məhduddur, atəş açdıqdan sonra əks-batareya zərbələrindən yayınmaq üçün tələb olunan “vur-çıx” taktikasını tam effektiv icra etmək çətindir. Bundan başqa, klassik D-30 analoq nişangahlar və əl ilə hesablama üzərində qurulduğundan, müasir rəqəmsal atəşi idarəetmə sistemləri ilə müqayisədə dəqiqlik və reaksiya vaxtı baxımından geri qalır. Hava kəşfiyyatı, PUA-lar və radarlarla doymuş müasir döyüş meydanında bu çatışmazlıqlar ciddi risk yaradır.

Məhz bu səbəblərdən bir sıra ölkələr D-30-u tamamilə xidmətdən çıxarmaq əvəzinə onu təkmilləşdirmə yolunu seçiblər. Rusiya D-30-un müxtəlif modernizasiya paketlərini tətbiq edib, əsasən rəqəmsal atəşi idarəetmə elementləri, peyk naviqasiyası ilə koordinatların dəqiqləşdirilməsi və yeni mərmi növlərinin inteqrasiyası üzərində işləyib. Ukrayna sovet irsindən qalan D-30-ları yerli istehsal olan rabitə vasitələri, ballistik kompüterlər və NATO standartlarına yaxınlaşdırılmış idarəetmə elementləri ilə uyğunlaşdırmağa çalışıb.


Çin D-30 bazasında “Type-86” kimi variantları istehsal edib və sonradan bu sistemləri özünün artilleriya avtomatlaşdırma həlləri ilə təchiz edib. Serbiya və bəzi Şərqi Avropa ölkələri D-30-un mexaniki hissəsini saxlayaraq, optik-nişangah sistemlərini müasir gecə-gündüz müşahidə vasitələri ilə əvəzləyiblər. Hindistan isə D-30-un ömrünü uzatmaq üçün lülənin resursunun artırılması, yeni mərmilərlə uyğunluq və hesablama prosesinin qismən rəqəmsallaşdırılması istiqamətində işlər görüb.

Bu nümunələr göstərir ki, D-30-un “təkmilləşdirilməsi” anlayışı adətən onu yeni nəsil özüyeriyən haubitsaya çevirmək demək deyil. Söhbət daha çox köhnə platformanın müasir döyüş şəbəkəsinə müəyyən qədər inteqrasiya olunmasından gedir. Yəni atəşin daha tez hazırlanması, koordinatların daha dəqiq hesablanması, rabitənin təhlükəsiz və sürətli qurulması, həmçinin bəzi hallarda atəş məsafəsinin və dəqiqliyin yeni sursatlar hesabına artırılması ilə bu sistemin müasir döyüş mühitində məhdud, lakin funksional rolunun saxlanılması nəzərdə tutulur.

D-30 nə qədər təkmilləşdirilsə də, o, konseptual olaraq yedəkli və köhnə nəsil artilleriya sistemi olaraq qalır. Onun üstünlükləri ucuzluq, sadəlik və etibarlılıqdır, zəif tərəfləri isə müasir kəşfiyyat və əks-batareya imkanları qarşısında həssaslıq, mobil döyüş şəraitində gecikmə və məhdud avtomatlaşdırmadır. Paşinyanın dedikləri də əslində bu reallığı dolayı yolla təsdiqləyir: Ermənistan D-30-dan imtina etmir, sadəcə onu “tamamlayır”.


Digər tərəfdən, Ermənistanın D-30-larla bağlı “təkmilləşdirmə” iddialarına real baxış üçün əvvəlcə ölkənin texnoloji, maliyyə və sənaye imkanlarını nəzərə almaq lazımdır. Ermənistan nə tamhüquqlu artilleriya istehsalçısıdır, nə də dərin modernizasiya aparacaq hərbi-sənaye bazasına malikdir. Bu səbəbdən D-30-un köklü şəkildə yenilənməsi deyil, daha çox mövcud platformanın üzərinə əlavə olunan lokal və məhdud imkanlardan söhbət gedə bilər. Paşinyanın çıxışındakı “D-30 elə silahlarla tamamlanıb ki…” ifadəsi də məhz bu kontekstdə oxunmalıdır.

Ermənistanın D-30-lar üzrə edə biləcəyi ən real və ehtimal olunan təkmilləşdirmə istiqaməti atəşin idarə olunması və koordinasiya sahəsidir. Bu, klassik lülə, daşıyıcı qurğu və mexaniki sistemlərə toxunmadan, əlavə elektron və rabitə vasitələrinin inteqrasiyası ilə həyata keçirilə bilər. Buraya portativ ballistik kompüterlərin tətbiqi, rəqəmsal xəritələr üzərindən koordinatların hesablanması, GPS və ya GLONASS əsaslı mövqe təyinetmə vasitələrinin istifadə olunması daxildir. Bu cür həllər D-30-un ilk atəşə hazırlanma vaxtını azalda, insan faktoru ilə bağlı səhvləri müəyyən qədər minimuma endirə bilər. Lakin bu yeniliklər silahın fiziki imkanlarını deyil, yalnız istifadə prosesini optimallaşdırır.


İkinci ehtimal olunan istiqamət rabitə və kəşfiyyatla inteqrasiyadır. Ermənistanın son illərdə müxtəlif ölkələrdən əldə etdiyi kiçik və orta sinif PUA-lar D-30 batareyalarının atəşi üçün hədəf göstəricisi rolunu oynaya bilər. Bu halda D-30 artıq klassik “kor atəş” silahı deyil, kəşfiyyat vasitəsi ilə əlaqələndirilmiş atəş platformasına çevrilir. Ancaq burada əsas məhdudiyyət yenə qalır: PUA-dan alınan məlumatın ötürülməsi, emalı və atəşə çevrilməsi vaxt aparır və müasir müharibədə bu zaman pəncərəsi çox dardır. Üstəlik, rabitə kanalları radioelektron mübarizə vasitələri ilə asanlıqla sıradan çıxarıla bilər.

Ermənistanın D 30 lar üçün sursat sahəsində də müəyyən yeniliklərə getməsi mümkündür. Klassik 122 mm lik mərmilərlə yanaşı, istehsal dəqiqliyi daha yüksək olan mərmilər, təkmilləşdirilmiş barıt yükləri və bəzi hallarda əlavə gücləndirməli mərmilər istifadə oluna bilər. Bu, nəzəri olaraq atəş məsafəsini bir qədər artırır və zərbə nöqtələrinin yayılmasını azaldır. Lakin Ermənistanın bu cür sursatları özü istehsal etməsi real deyil, söhbət yalnız idxaldan və ya mövcud ehtiyatların selektiv istifadəsindən gedə bilər. Bu isə həm bahalıdır, həm də kütləvi tətbiq imkanlarını məhdudlaşdırır.


Texniki baxımdan daha iddialı, lakin praktikada çətin olan variantlardan biri D-30-un qismən özüyeriyən platformaya inteqrasiyasıdır. Bəzi ölkələr D-30 lüləsini yük maşınları və ya təkərli şassilər üzərinə yerləşdirərək “improvizə olunmuş özüyeriyən artilleriya” yaradıblar. Ermənistan üçün bu ssenari nəzəri olaraq mümkündür, lakin geniş miqyasda tətbiqi çətindir. Çünki bu cür sistemlər balans, geri təpmə, sabitlik və təhlükəsizlik baxımından ciddi mühəndislik həlləri tələb edir. Əks halda belə platformalar ya dəqiqlikdən, ya da uzunömürlülükdən məhrum olur.

Bütün bu mümkün təkmilləşdirmələrə baxmayaraq, D-30-un fundamental zəiflikləri dəyişmir. O, hələ də yedəkli və ya yarı-improvizə olunmuş sistem olaraq qalır, bu isə müasir əks-batareya radarları, PUA-lar və yüksək dəqiqlikli sursatlar qarşısında onu son dərəcə həssas edir. Ermənistanın edə biləcəyi təkmilləşdirmələr D-30-u daha “ağıllı” edə bilər, lakin daha “yaşayan” etmir. Müasir döyüşdə əsas məsələ təkcə atəş açmaq deyil, atəşdən sonra sağ qalmaqdır.


Azərbaycan kontekstində bu məsələ daha aydın görünür. Azərbaycan Ordusunun artilleriya strukturu PUA-kəşfiyyat-əks-batareya zərbə zənciri üzərində qurulub. Bu o deməkdir ki, D-30 kimi sistemlər atəş açdığı andan etibarən aşkarlanma və məhv edilmə riski altındadır. Ermənistan D-30-ları rəqəmsal xəritə, PUA və yeni rabitə vasitələri ilə “tamamlasa” belə, bu sistemlər strateji balansı dəyişmir. Ən yaxşı halda onlar lokal və qısa müddətli atəş üstünlüyü yarada bilər.

Paşinyanın çıxışındakı ritorika daha çox daxili auditoriyaya hesablanmış psixoloji və siyasi mesaj kimi dəyərləndirilə bilər. “Bizim dövrümüzdə ilk dəfə zavod istehsalı D-30-a malik olmuşuq”, “sonuncu atəşi biz açmayacağıq” kimi ifadələr real texnoloji sıçrayışı deyil, keçmişlə müqayisədə nisbətən yaxşılaşdırılmış vəziyyəti göstərir. Bu isə faktiki olaraq etirafdır ki, Ermənistan hələ də sovet irsindən qalma artilleriya sistemlərinə söykənir və onları müasir döyüş tələblərinə uyğunlaşdırmağa çalışır.

Yekun olaraq demək olar ki, Ermənistanın D-30-larla bağlı təkmilləşdirmə imkanları məhdud, təsiri isə situativdir. Bu addımlar Ermənistan ordusunun artilleriya bölmələrini tamamilə köhnəlmiş vəziyyətdən bir qədər yuxarı qaldıra bilər, lakin onları müasir, yüksək manevrli və şəbəkə mərkəzli artilleriya səviyyəsinə çıxarmır. D-30 nə qədər “tamamlansa” da, onun üzərində qurulan konsepsiya dəyişmədikcə, bu silah müasir döyüş meydanında daha çox risk mənbəyi olaraq qalacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   D-30  


Bizi "telegram"da izləyin