Ermənistan Müdafiə Nazirliyinin səfərin gündəliyini açıqlamaması, Hindistan tərəfinin də mövzularla bağlı rəsmi şərh verməməsi səfərin həssas xarakter daşıdığını göstərir. Belə səfərlər adətən silah alqı-satqısı mərhələsində deyil, silahın tətbiqi, şəxsi heyətin hazırlanması, əməliyyat inteqrasiyası və logistik davamlılıq kimi məsələlərin müzakirə edildiyi mərhələdə həyata keçirilir. Bu baxımdan general Çauhanın İrəvana gəlişi Ermənistan-Hindistan hərbi əməkdaşlığının artıq kağız üzərindən real hərbi müstəviyə keçdiyini göstərən əsas göstəricilərdən biri kimi çıxış edir.

Bu səfəri əhatə edən siyasi və diplomatik fon da onun təsadüfi olmadığını təsdiqləyir. Xüsusilə Hindistanın Ermənistandakı səfiri Nilakşi Saha Sinhanın son aylarda verdiyi ardıcıl və açıq bəyanatlar bu xəttin əvvəlcədən planlaşdırılmış və mərhələli şəkildə icra olunan strategiyanın tərkib hissəsi olduğunu göstərir. Səfirin Ermənistanın “respublika günü” münasibətilə çıxışında və daha sonra erməni KİV-lərinə verdiyi müsahibələrdə Ermənistan Silahlı Qüvvələrinin nümayəndələrinin Hindistanın müxtəlif müdafiə qurumlarında təlim keçməsinin artan miqyasını vurğulaması diqqətəlayiqdir. Bu, sadəcə silah satışından yox, kadr səviyyəsində asılılıq, doktrinal uyğunlaşma və uzunmüddətli institusional əlaqələrin qurulmasından xəbər verir. Onun “müdafiə əməkdaşlığını növbəti səviyyəyə qaldırmaq imkanlarını nəzərdən keçiririk” ifadəsi isə artıq mövcud mərhələnin keçid xarakterli olduğunu açıq şəkildə göstərir.
Bu məntiq xətti Ermənistan prezidenti Vahaqn Xaçaturyanın Hindistan səfiri ilə keçirdiyi görüşdə də davam etdirilib. Görüş zamanı yüksək texnologiyalar, təhsil və müdafiə sahəsində əməkdaşlığın strateji əhəmiyyət daşıdığı xüsusi vurğulanıb. Bu yanaşma Ermənistan tərəfinin Hindistanı təkcə silah tədarükçüsü kimi deyil, təhlükəsizlik arxitekturasında alternativ dayaqlardan biri kimi görməyə başladığını göstərir. Rusiya faktorunun zəiflədiyi bir mərhələdə bu cür açıq mesajların verilməsi region üçün ciddi siqnal kimi dəyərləndirilməlidir.

Hindistan tərəfi də bu əməkdaşlığı gizlətmir. Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysvalın açıqlamaları göstərir ki, Yeni Dehli Ermənistanla əlaqələrin dərinləşməsini Hindistanın artan müdafiə imkanlarının və qlobal ambisiyalarının təbii nəticəsi kimi təqdim edir. Onun “Hindistanın bu gün Ermənistana və dünyaya təklif edəcəyi çox şey var” fikri, əslində, Hindistanın postsovet məkanında və Yaxın Şərqə yaxın regionlarda özünü yeni təhlükəsizlik oyunçusu kimi mövqeləndirmək istədiyini açıq şəkildə ortaya qoyur. Bu kontekstdə Ermənistan Hindistan üçün strateji müttəfiqdən daha çox regional mövcudluğun sınaqdan keçirildiyi platforma rolunu oynayır.
Bütün bu siyasi-diplomatik ritorika fonunda “Pinaka” idarə olunan raketlərinin Ermənistana faktiki tədarükü artıq əməli mərhələyə keçib. Hindistanın müdafiə naziri Racnat Sinqin Naqpurdakı istehsal müəssisəsindən ilk partiyanın göndərildiyini şəxsən bəyan etməsi bu prosesə verilən siyasi çəkini göstərir. Ermənistanın dörd batareya üzrə müqavilə imzalaması, buraxılış qurğularının 2024-cü ilin sonunadək tam çatdırılması və raketlərin mərhələli şəkildə göndərilməsi bu sistemlərin Ermənistan ordusunun əsas atəş vasitələrindən biri kimi planlaşdırıldığını göstərir.

Eyni zamanda Ermənistan müdafiə naziri Suren Papikyanın açıqlamaları bu əməkdaşlığın nə qədər həssas və riskli olduğunu dolayısı ilə etiraf edir. Onun İran ətrafında baş verən proseslərin Hindistan silahlarının tədarükünə təsiri ilə bağlı verdiyi cavabda “normal fəaliyyət dayanmayıb” ifadəsini dəfələrlə vurğulaması bu risklərin mövcudluğunu təsdiqləyir. Papikyanın “Tejas” qırıcıları ilə bağlı müqavilənin olmadığını deməsi isə göstərir ki, Ermənistan Hindistanla əməkdaşlığı bütün silah kateqoriyaları üzrə eyni səviyyədə real hesab etmir.
Bu məqamda Ermənistan daxilindən səslənən tənqidi fikirlər analizin mühüm hissəsinə çevrilir. Erməni hərbi ekspert Karen Vrtanesyanın səsləndirdiyi arqumentlər emosional yox, əməliyyat-realistik yanaşmadır. Dağlıq relyef, ilboyu qarlı yüksəkliklər, döyüş sursatının sürətlə tükənməsi və Zəngəzur istiqamətində real nəzarət və manevr imkanlarının itirilməsi Ermənistan üçün ciddi əməliyyat dilemması yaradır. Müharibə şəraitində artilleriya raketlərinin davamlı və təhlükəsiz şəkildə cəbhə xəttinə çatdırılması məsələsi cavabsız qalır və bu, “Pinaka” kimi sistemlərin real döyüş dəyərini kağız üzərində yüksək, praktikada isə riskli edir.
Bununla paralel olaraq “Hraparak” nəşrinin Ermənistanın sərhəd zonalarında aparılan müdafiə infrastrukturu tikintisi ilə bağlı yayımladığı məlumatlar vəziyyəti daha da mürəkkəbləşdirir. Beton bunkerlərin və “sərhəd qalaları”nın açıq tender yolu ilə, əsasən Hindistan, İran, Misir və digər ölkələrdən olan xarici vətəndaşların iştirakı ilə inşa edilməsi, bu şəxslərin ciddi təhlükəsizlik yoxlamasından keçməməsi Ermənistanın müdafiə sistemində struktur zəifliklərin mövcudluğunu göstərir. Bu isə Hindistan kimi ölkələrdən alınan hərbi texnologiyanın real təhlükəsizlik mühitinə inteqrasiyasını daha da riskli edir.

General Anil Çauhanın səfəri təkcə bir ölkənin digərinə silah satması kontekstində baş verən hadisə deyil. Bu səfər Ermənistanın təhlükəsizlik arxitekturasında Rusiyadan Hindistana doğru yönələn strateji sürüşmənin və Hindistanın Cənubi Qafqazda mövcudluq cəhdinin artıq hərbi-planlaşdırma mərhələsinə keçdiyini göstərir. Lakin bu xəttin qarşısında ciddi logistik, coğrafi və əməliyyat maneələri mövcuddur və bu maneələr aradan qaldırılmadan əməkdaşlığın real döyüş dəyəri ciddi suallar doğurmaqda davam edir.
“Pinaka”nın real döyüş dəyəri: logistika, İran riski və perspektivsizlik
Yuxarıda təsvir olunan proseslər (Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisinin əvvəlcədən elan olunmayan səfəri, səfir və rəsmi şəxslərin ardıcıl açıqlamaları, “Pinaka” sistemlərinin tədarükü və Ermənistanın təhlükəsizlik arxitekturasında müşahidə olunan istiqamət dəyişikliyi) zahirən koordinasiyalı və məqsədli təsir bağışlasa da, bu xəttin real hərbi dəyəri yalnız onun davamlılıq və tətbiq qabiliyyəti ilə ölçülə bilər. Məhz bu məqamda, yəni silahın real döyüş şəraitində necə işləyəcəyi, hansı zəiflikləri daşıdığı və hansı geosiyasi risklər fonunda istifadə olunacağı məsələsində Hindistan-Ermənistan əməkdaşlığı ciddi problemlərlə üzləşir.

“Pinaka” idarə olunan yaylım atəşli reaktiv sistemləri kağız üzərində modern və effektiv görünə bilər, lakin Cənubi Qafqaz əməliyyat teatrının spesifik şərtləri bu sistemlərin üstünlüklərini avtomatik olaraq reallaşdırmır. Bu sistemlər geniş əraziyə yaylım atəşi üçün nəzərdə tutulub və əsas effektivliyi açıq, manevr imkanları geniş olan cəbhə xəttində ortaya çıxır. Ermənistanın relyefi isə dar dərələr, məhdud manevr imkanları və müşahidəyə açıq yüksəkliklər üzərində qurulub. Bu şəraitdə “Pinaka”nın əsas üstünlüyü olan yaylım sıxlığı öz yerini hədəfin tez aşkarlanması və cavab zərbəsi riskinə verir. Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları, əks-batareya vasitələri və operativ kəşfiyyat imkanları fonunda bu tip sistemlərin mövqelərinin qısa müddətdə aşkar olunması yüksək ehtimallıdır.
Daha kritik məsələ sursatın davamlılığıdır. Erməni hərbi ekspert Karen Vrtanesyanın da qeyd etdiyi kimi, raketlər müharibə şəraitində “sürətlə tükənən” resursdur. “Pinaka” üçün idarə olunan raketlərin istehsalı ucuz və sürətli proses deyil. Ermənistanın özündə bu sursatın istehsal bazası yoxdur və Hindistan səfirinin səsləndirdiyi “yerində istehsal” ideyası hazırkı texnoloji, maliyyə və təhlükəsizlik reallıqları fonunda daha çox niyyət bəyanatı təsiri bağışlayır. Belə olan halda Ermənistanın bu sistemlərdən uzunmüddətli intensiv döyüşlərdə istifadə etməsi real görünmür.

Bu məqamda İran amili həlledici faktora çevrilir. Birinci hissədə də vurğulandığı kimi, Hindistandan Ermənistana silah tədarükünün faktiki olaraq yeganə real marşrutu İran üzərindən keçir. Lakin hazırkı regional vəziyyət bu marşrutu getdikcə daha riskli edir. İranda davam edən daxili sosial-siyasi gərginlik, iqtisadi sanksiyalar və dövlət institutlarının artan təzyiq altında qalması fonunda logistik sabitlik zəifləyir. Bundan əlavə, ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi zərbə ehtimalı artıq nəzəri ssenari deyil, gündəlik müzakirə olunan real təhlükədir. ABŞ-nin bölgədəki hərbi kontingentinin artırılması, Körfəz və Yaxın Şərqdə gərginliyin yüksəlməsi İran üzərindən keçən istənilən strateji təchizat xəttini potensial risk zonasına çevirir.
Belə bir vəziyyətdə Ermənistan üçün əsas sual ortaya çıxır: mümkün regional eskalasiya və ya ABŞ-nin İrana qarşı hərbi əməliyyatı halında Hindistan silahları hansı marşrutla və hansı zəmanətlə Ermənistana çatdırılacaq? Bu sualın hazırda real və inandırıcı cavabı yoxdur. Ermənistan müdafiə naziri Suren Papikyanın “normal fəaliyyət dayanmayıb” ifadəsini israrla vurğulaması da məhz bu qeyri-müəyyənliyin dolayısı ilə etirafı kimi oxunmalıdır. Çünki dayanmamış fəaliyyətin özü belə, sabah dayanmayacağına zəmanət vermir.

Bu reallıqlar fonunda Hindistan-Ermənistan hərbi xəttinin uzunmüddətli perspektivi ciddi şübhə doğurur. Hindistan üçün Ermənistan strateji müttəfiqdən çox, məhdud riskli sınaq platformasıdır. Yeni Dehli bu əməkdaşlıqla silah ixracını genişləndirir, siyasi mövcudluq nümayiş etdirir və regional təsir imkanlarını yoxlayır. Ermənistan üçün isə bu xətt həyati təhlükəsizlik zəmanəti yox, alternativ axtarışının müvəqqəti mərhələsidir. Nə coğrafiya, nə logistika, nə də regional güc balansı Hindistan-Ermənistan hərbi ittifaqının dərin və davamlı olmasına imkan verir.
Nəticə etibarilə, general Anil Çauhanın səfəri və onu müşayiət edən açıqlamalar qısa müddətli taktiki yaxınlaşmanı əks etdirsə də, bu xətt Ermənistanın təhlükəsizlik problemlərini köklü şəkildə həll etmir. “Pinaka” sistemləri Ermənistan üçün psixoloji və siyasi alət rolunu oynaya bilər, lakin real döyüş ssenarisində onların təsiri logistik zəifliklər, coğrafi məhdudiyyətlər və regional eskalasiya riskləri fonunda ciddi şəkildə azalır. İran amilinin qeyri-sabitliyi və ABŞ-nin artan hərbi təzyiqi isə bu əməkdaşlığı istənilən anda iflic vəziyyətinə sala biləcək faktorlardır.
Beləliklə, Hindistan-Ermənistan hərbi əməkdaşlığı strateji dönüş nöqtəsi yox, daha çox geosiyasi boşluqdan doğan müvəqqəti konfiqurasiya kimi qiymətləndirilməlidir. Bu konfiqurasiya isə Azərbaycan üçün fundamental təhlükə yaratmaqdan çox, regionda dəyişən balansın diqqətlə izlənilməsini tələb edən epizodik proses kimi qalır.
Firuz Bağırov
Ordu.az