Geosiyasi mövqeyinə görə Türkiyə həm regional, həm də qlobal təhlükəsizlik təhdidləri ilə üzləşir və bu təhdidlərə qarşı mübarizə aparmaq məqsədilə genişmiqyaslı strategiyalar hazırlayır. Türkiyə son illərdə müdafiə sənayesini gücləndirmək üçün həyata keçirdiyi yerli müdafiə sənayesi layihələri ilə də diqqət mərkəzindədir. Bu layihələr Türkiyənin müdafiə sahəsində müstəqilliyini artırmaqla yanaşı, dost ölkələrlə bağlanan ikitərəfli sazişlər çərçivəsində həmin sistemlərin ixracına da imkan yaradır.
Müdafiə sənayesi tarix boyu milli təhlükəsizlik strategiyalarının əsas dayaqlarından biri olub və beynəlxalq sistemdə güc balanslarını müəyyən edən amil kimi ön plana çıxıb. Müasir dövrdə bu sahə təkcə hərbi ehtiyacları ödəməklə kifayətlənmir, eyni zamanda iqtisadi inkişafı dəstəkləyən və texnoloji yeniliklərin lokomotivi rolunu oynayan bir struktura çevrilib. Müdafiə sənayesinin tarixi inkişafı müharibə texnologiyalarındakı irəliləyişlər və beynəlxalq siyasi dinamikalarla formalaşıb, innovasiyaların idarə olunması isə bu inkişafın mərkəzində yer alıb.
Yerli və milli müdafiənin tarixi yaddaşı: Cümhuriyyətin ilk təyyarə zavodları
Cümhuriyyətin ilk iyirmi beş ili ərzində müdafiə sənayesi Türkiyə İstiqlaliyyət müharibəsi şəraitində atılan təməllər üzərində, xarici siyasətdən iqtisadiyyata qədər tam müstəqilliyə qərarlı olan Türkiyənin milli təhlükəsizlik ehtiyaclarını qarşılamaq istiqamətində inkişaf edib. Türkiyə müdafiə və aviasiya sənayesi baxımından bu dövrün ən diqqətçəkən xüsusiyyəti Nuri Demirağ, Vecihi Hürkuş, Nuri Killigil və Şakir Zümre kimi şəxslərin öz şəxsi təşəbbüsləri ilə Türkiyədə müdafiə və aviasiya sənayesinin inkişafı uğrunda apardıqları mübarizədir.
Aviasiya sahəsində Nuri Demirağın İstanbulda qurduğu müəssisədə planer və təlim təyyarələri istehsal etdiyini, hətta “Nu.D-40” adı ilə döyüş təyyarəsi istehsal etmək üçün təşəbbüs göstərdiyini görürük. Bundan əlavə, Demirağ “Nu.D-38” adı ilə sərnişin təyyarəsi də istehsal edib. Nuri Demirağ tərəfindən 1936-cı ildə İstanbulda qurulan ilk mülki təyyarə zavodu “Nu.D.” tipli mülki təyyarələr istehsal etməklə yanaşı, Hərbi Hava Qüvvələrinin təyyarələrinin texniki baxışı və təmiri üçün də xidmət göstərib. İkinci Dünya müharibəsi dövründə qərarı verilərək yaradılan Etimesqut Təyyarə Zavodunda isə 1948-ci il də daxil olmaqla ümumilikdə 172 təyyarə istehsal olunub.
Xüsusi təşəbbüs və kapitalın məhdud, sənaye investisiyalarının əsasən dövlət tərəfindən həyata keçirildiyi Cümhuriyyətin ilk onilliklərində müdafiə və aviasiya sahəsində ön plana çıxan, lakin sonradan ictimai yaddaşdan demək olar ki, tamamilə silinən bu şəxslər 1990-cı illərdən etibarən yerli və milli müdafiə sənayesinə ehtiyacın daha yaxşı dərk olunması və bu sahədə ciddi irəliləyişlərin əldə edilməsi ilə yenidən kəşf olunub və əfsanələşib.
“Hürkuş”dan HÜRJET-ə: milli aviasiyada sənaye keçidi
2000-ci illərə gəldikdə Türkiyə müdafiə sənayesi 1985-ci ildən etibarən davam edən modernləşmə və xarici şirkətlərlə əməkdaşlıq fəaliyyəti sayəsində müəyyən inkişaf səviyyəsinə çatmışdı. “Türkiyə Aviasiya və Kosmik Sənayesi AŞ” (TUSAŞ) adı ilə yenidən strukturlaşdırılan qurum 2004-cü ildən sonrakı dövrdə pilotsuz uçuş aparatları ilə yanaşı, təyyarə və helikopter layihələrində də böyük uğurlar əldə edib. İlkin və baza təlim təyyarəsi “Hürkuş”, turbofan mühərrikli, qabaqcıl reaktiv təlim təyyarəsi HÜRJET və çoxməqsədli helikopter “Gökbey” bu dövrdə hazırlanıb istehsal olunan hava platformaları arasında xüsusi yer tutur.
HÜRJET TUSAŞ tərəfindən hazırlanmaqda olan, turbofan mühərrikli, qabaqcıl reaktiv təlim və yaxın hava dəstəyi təyyarəsidir. Bildirilir ki, HÜRJET Türkiyədə aviasiya sənayesinin inkişafı baxımından Nuri Demirağdan bu günə qədər uğurla nəticələnən və yeni versiyalarla davam etdirilən “Hürkuş” layihəsi ilə üzərində işlər aparılan Milli Döyüş Təyyarəsi layihəsi arasında sənaye keçidini təmin edəcək.
Müdafiə sənayesi və xarici siyasət oxunda Türkiyənin gələcək vizyonu
Türkiyə müdafiə sənayesi son illərdə yüksək texnologiyalı, üstün imkanlara malik və ən əsası Azərbaycandan (Qarabağ) Liviyaya, Suriyadan Ukraynaya qədər döyüş meydanlarında effektivliyini sübut etmiş müdafiə və silah sistemləri ilə bütün dünyanın diqqətini cəlb edib. Baş podratçılar, subpodratçılar, kiçik və orta sahibkarlıq subyektləri və startaplar daxil olmaqla 3 min 500-dən artıq şirkətdə 100 min nəfər çalışır. Həyata keçirilən layihələrin sayı 1400-ə, illik dövriyyə 20 milyard dollara, ixrac həcmi isə 7 milyard dollara çatıb. Türkiyə müdafiə sənayesi xüsusilə gənclər üçün xəyal üfüqlərinin genişləndirilməsi, karyera hədəflərinin müəyyənləşdirilməsi və motivasiyanın artırılması baxımından mühüm rol oynayır. Populyar mədəniyyətdə, sosial mediada və xəbər buraxılışlarında demək olar ki, hər gün yeni atış sınaqları və məhsul təqdimatları nümayiş etdirilir.
Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlər müdafiə siyasətində özünütəminetmə hədəfinə çatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu irəliləyişlər Türkiyənin müdafiə sahəsində müstəqilliyini gücləndirir və xarici asılılığın azaldılmasına xidmət edir.
Cümhuriyyətin yüz illik tarixinə nəzər saldıqda, Türkiyə xarici siyasətinin tarixi təcrübə və dəyişən geosiyasi dinamikalar fonunda formalaşaraq həm regional, həm də qlobal səviyyədə mühüm aktora çevrildiyini görürük. Bu prosesdə Türkiyənin suverenlik və müstəqillik prinsipləri əsasında milli maraqlarını qorumağa yönəlmiş yanaşması, müxtəlif dövrlərdə beynəlxalq sistemin təzyiqlərinə qarşı müqavimət göstərməsi və balans siyasəti yürütməsi diqqət çəkib. Türkiyənin diplomatik imkanlarının artması və beynəlxalq münasibətlərdə daha geniş manevr sahəsinə sahib olması bu transformasiyanın əsas sütunlarından biri olub.
Sevinc Əliyeva
Ordu.az