Zəngəzur dəhlizi: Cənubi Qafqazda yeni strateji mərhələ və regional əlaqələrin yenidən qurulması – Türkiyəli araşdırmaçı yazır

2026/01/1769072805.jpg
Oxunub: 1025     15:30     22 Yanvar 2026    
Zəngəzur dəhlizi İranın Cənubi Qafqaza çıxışını pozmağı və İsrailin İranı geosiyasi baxımdan əhatə etməsini asanlaşdırmağı, potensial olaraq Tehranın Rusiya ilə regional əlaqəsini kəsməyi hədəfləyir.

ABŞ Prezidenti Donald Tramp avqustun əvvəlində Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etdi. Gündəliyin əsas mövzularından biri Zəngəzur dəhlizi olub. Prezident İlham Əliyev 2025-ci ilin əvvəlində belə açıqlama vermişdi:

“Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik?”.

Digər tərəfdən, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Bakıya regional nəqliyyat əlaqələrini açmağı hədəfləyən “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) adlı təklifi rəsmi şəkildə təqdim etdiyini və alternativ layihənin nəzərdən keçirilmədiyini iddia edirdi. Lakin sonrakı aylarda iki ölkə arasında danışıqlar ABŞ vasitəçiliyi ilə sürətləndi və avqustun 8-də sözündən görüş baş tutdu, Trampın şahidliyi ilə razılaşma imzalandı.

Zəngəzur dəhlizi nədir?

Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisi ilə onun eksklavı olan Naxçıvan Muxtar Respublikası və dolayısı ilə Türkiyə arasında birbaşa avtomobil və dəmir yolu əlaqəsi yaratmağı hədəfləyir. Ermənistanda Sünik, Azərbaycanda isə Zəngəzur kimi tanınan bu strateji baxımdan həssas bölgə şərqdə Azərbaycan, cənubda İran, qərbdə isə Naxçıvanla həmsərhəddir. Dəhliz ticarət və enerji üçün həyati əhəmiyyətli tranzit marşrut rolunu oynayacaq və Xəzər dənizini Aralıq dənizi və Fars körfəzi ilə effektiv şəkildə birləşdirəcək.

Daha geniş strateji müstəvidə dəhliz İranın Cənubi Qafqaza çıxışını pozmağı və İsrailin İranı geosiyasi baxımdan əhatə etməsini asanlaşdırmağı, potensial olaraq Tehranın Rusiya ilə regional əlaqəsini kəsməyi hədəfləyir. Bu təsirlər analizin növbəti bölmələrində ətraflı şəkildə araşdırılacaq.

Təşəbbüs Ermənistan, Türkiyə, Azərbaycan, İran və Gürcüstan arasında ticarəti, enerji axınını və insanların hərəkətini asanlaşdırmaq üçün genişmiqyaslı infrastruktur investisiyalarını nəzərdə tutur. İqtisadi hədəflərdən kənarda, regional güc balansı üçün dərin strateji təsirlərə malikdir.

Hüquqi və siyasi əsaslar

Zəngəzur dəhlizi layihəsinin kökləri 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə başa çatan Qarabağ müharibəsinin ikinci mərhələsini bitirən üçtərəfli atəşkəs razılaşmasına dayanır. Razılaşmanın 9-cu maddəsində deyilir:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Razılaşmada əlavə olaraq bildirilir: “Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

Azərbaycan bu maddəni Zəngəzur dəhlizi ilə bağlı faktiki razılaşma kimi şərh edərkən, Ermənistan mətndə nə “Zəngəzur” termininin, nə də Bakının müdafiə etdiyi dəhliz modelinin yer almadığını israrla vurğulayır. Azərbaycanın 2023-cü il sentyabrın 20-də Qarabağda bölgə üzərində tam nəzarəti ələ keçirdiyi son hərbi əməliyyatdan sonra erməni separatçılar təslim olub və Bakı ilə yenidən inteqrasiya danışıqlarına başlamağa razılaşıb.

Lakin Ermənistan regiondakı tranzit infrastrukturu üzərində daha çox nəzarət təmin etdiyini iddia etdiyi “Sülh kəsişməsi” adlı alternativ təşəbbüsü irəli sürüb.

ABŞ-nin vasitəçiliyi və geosiyasi sahiblik

Artıq tərəflər dəhlizlə bağlı razılığa gəlib və dəhlizin adı “Tramp Beynəlxalq Sülh və İnkişaf Dəhlizi” olacaq. Bildirilir ki, ABŞ layihəyə uzun müddət nəzarət edəcək, tikinti və idarəetmə məsələlərində ABŞ podratçılarına tam səlahiyyət veriləcək.



Regional reaksiyalar

İran bu layihəni İsrailin xeyrinə olan və İranın Qafqazdakı strateji mövqeyini təhdid edən geosiyasi manevr kimi qiymətləndirərək başlanğıcdan etibarən kəskin şəkildə qarşı çıxıb. 2024-cü il sentyabrında İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, “qonşu ölkələrin sərhədlərində ediləcək hər hansı dəyişiklik İran üçün “qırmızı xət”dir və qətiyyən qəbuledilməzdir”.

Rusiya isə daha ikili mövqe nümayiş etdirib. Moskva İsrailin regiondakı hədəflərinə qarşı ehtiyatlı olsa da, Azərbaycanla Naxçıvanı birləşdirən yeni tranzit marşrutlarını dəstəkləyirmiş kimi görünür. İran Rusiyanın son açıqlamalarını Kremlin Bakının Zəngəzur təşəbbüsünü dəstəklədiyinə dair işarə kimi şərh edib.

Türkiyə layihəni tam şəkildə dəstəkləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəhlizin yalnız Azərbaycan, Ermənistan və Türkiyə üçün deyil, daha geniş region üçün də faydalı olacağını vurğulayıb. Ərdoğan bildirib: “Bu dəhlizi son dərəcə mühüm geoiqtisadi layihə kimi görürük. Regional inteqrasiyanı və strateji əlaqələri gücləndirəcək”.

Prezident İlham Əliyev, həmçinin xəbərdarlıq edib ki, Ermənistan dəhlizin açılmasına mane olmağa davam edərsə, həm siyasi, həm də iqtisadi baxımdan daha dərin izolyasiya riski ilə üzləşə bilər. Bu açıqlama Prezident İlham əliyevin Ermənistanın daxili mülki-hərbi dinamikalarını və siyasi sinfin struktur məhdudiyyətlərini dərindən anladığını göstərir.

İlham Əliyev milli lider rolundan kənarda, beynəlxalq münasibətlərdə strateji düşüncə sahibi kimi tanınır. Onun Ermənistanın yaxınlaşan izolyasiyası ilə bağlı iddiası sadəcə ritorika deyil, Ermənistanın daxili parçalanmasına və xarici siyasətin formalaşdırılmasında təhlükəsizlik aparatının zəifləyən təsirinə dair detallı təhlilə əsaslanır.

Ermənistanda dövlət-kilsə qarşıdurması: Zəngəzur dəhlizi mübahisəsinin strateji əks-sədaları

Bu, Ermənistanın yaxın tarixində ən böyük qarşıdurmadırmı?

Zəngəzur dəhlizi üzrə danışıqlar intensivləşdikcə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sərt xəbərdarlıq edib: dəhlizin açılmasına qarşı müqavimətin davam etməsi və Azərbaycan, İsrail, Türkiyə və ABŞ ittifaqına qarşı çıxılması İrəvanı dərin siyasi izolyasiyaya sürükləyə bilər. Lakin İlham Əliyevin xəbərdarlığı daha dərin məna daşıyır: təkcə geosiyasi təcrid deyil, həm də Ermənistanın öz mülki-hərbi və dini bölünmələrindən qaynaqlanan daxili qeyri-sabitlik.

Ermənistanın daxili mənzərəsini yaxşı oxuyan İlham Əliyev anlayır ki, ölkənin regional inteqrasiya layihələrini rədd etməsi mülki hökumət ilə ənənəvi dini institutlar arasında ciddi daxili qarşıdurmanı alovlandıra bilər. Bu güc mübarizəsi artıq İrəvan küçələrində özünü göstərməyə başlayıb.

Bu daxili qarşıdurmanın mərkəzində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə güclü Erməni Apostol Kilsəsi, xüsusilə də Üçmüədzin kilsəsinin rəhbəri və bütün ermənilərin katolikosu II Qaregin arasında artan gərginlik dayanır. Son dövrlərdə baş verən bir sıra hadisələr (kütləvi həbslər, çevriliş planlaşdırılması ittihamları və din xadimlərinə yönəlmiş ritorik hücumlar) Ermənistanın dərin rejim və kimlik böhranı yaşadığını göstərir.

Paşinyan niyə kilsəyə qarşı çıxdı?

Paşinyan son dövrlərdə Erməni Apostol Kilsəsinə qarşı genişmiqyaslı ritorik və siyasi hücuma başlayıb. O, ruhaniləri təkcə mənəvi çürümədə ittiham etməyib, eyni zamanda xarici güclərin siyasi aləti kimi fəaliyyət göstərməkdə günahlandırıb. Bu, kilsənin Bizans dövründəki ruhanilərinin davranışlarına bənzədilən, tarixi və müasir xarici təsir agenti roluna dolayısı ilə istinad kimi qiymətləndirilir.

Mübahisəli hökumət çıxışlarından birində Paşinyan kilsəni “zibil dolu şkaf”a bənzədərək onun müqəddəsliyini və legitimliyini simvolik şəkildə rədd edib. O, Ermənistandakı bəzi kilsələrin unudulmuş əşyalarla dolu, real mənəvi funksiyasından məhrum, sadəcə qalıq obyektlərə çevrildiyini iddia edib.

Paşinyan kilsə qaydalarına əsasən subay qalmalı olan katolikos II Qareginin övladı olduğunu iddia etdikdən sonra siyasi gərginlik daha da artıb. O, bunun sadəcə şayiə deyil, sübut oluna bilən fakt olduğunu bildirib və Qareginin istefasını tələb edib. Əgər bu iddia təsdiqlənsə, katolikosun dini legitimliyi ciddi şəkildə sarsılacaq və kilsənin mənəvi avtoritet kimi cəmiyyətin etimadını itirməsi ilə nəticələnəcək.

Paşinyan bu kampaniyanı “ruhani oliqarxiyaya qarşı xalq inqilabı” kimi xarakterizə edir. 2018-ci ildəki siyasi yüksəlişinin populist tonunu təkrarlayaraq bildirib: “Xalq dövləti geri aldı, indi isə kilsəni geri almağın vaxtıdır”. O, hətta yeni katolikos seçkisinin keçirilməsi üçün ruhanilərlə yanaşı dünyəvi vətəndaşların da daxil olacağı yeni koordinasiya qrupunun yaradılmasını təklif edib.

Kilsənin siyasi rolu və Baqrat Qalstanyanın yüksəlişi

Konstitusiyaya görə dövlətdən ayrılmış olsa da, Erməni Apostol Kilsəsi Ermənistanda, eləcə də Rusiya, Fransa, Livan və ABŞ kimi ölkələrdəki diaspor daxilində mühüm sosial-siyasi təsirə malikdir. Kilsənin milli məsələlər, xüsusilə Qarabağ problemi ilə bağlı açıqlamaları müxalifət siyasətçilərinin bəyanatlarından daha böyük çəkidə qiymətləndirilir.



Kilsənin ən tanınmış simalarından biri olan arxiyepiskop Baqrat Qalstanyan güclü müxalif səs kimi önə çıxıb. 2023-cü ildə katolikos II Qaregin Paşinyanın Azərbaycanla barışıq siyasətini açıq şəkildə tənqid edərək Baş naziri Qarabağı tərk etməkdə ittiham edib. Bu açıqlamalar Qalstanyan tərəfindən də təkrarlanıb və o vaxtdan etibarən Qalstanyan küçə etirazlarına rəhbərlik edib, “Müqəddəs Mübarizə” kimi də tanınan “Vətən naminə Tavus” hərəkatını yaradıb.

Əvvəlcə sosial etiraz kimi qəbul edilən “Müqəddəs Mübarizə” qısa müddətdə təşkilatlanmış siyasi hərəkata çevrilib. Lakin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, qrupun üsyan planları hazırladığı iddia olunur.

Çevriliş ittihamları və terror planları

Baqrat Qalstanyan və onun hərəkatı koordinasiyalı sabotaj aksiyaları və mülki üsyanlar vasitəsilə hökuməti devirməyi planlaşdırmaq ittihamı ilə istintaq altındadır. Təhlükəsizlik orqanları 2025-ci il yanvar ayı ilə may ayı arasında “Müqəddəs Mübarizə”nin ölkəni sabitlikdən çıxarmaq məqsədilə mindən çox iştirakçını səfərbər etdiyini iddia edir.

İddia olunan planlara bunlar daxildir:

- Hərəkəti iflic etmək üçün mismarlı qurğulardan (kod adı “Ulduzlar”) istifadə
- Genişmiqyaslı yol bağlamaları və saxta yol-nəqliyyat hadisələri təşkil etmək
- Hökumət saytlarına kiberhücumlar həyata keçirmək
- Elektrik xətlərini və rabitə şəbəkələrini kəsmək
- Partlayıcı və yandırıcı materiallar əldə etmək


Təhlükəsizlik qüvvələri iddia edir ki, bu planlar paytaxtı xaosa sürükləməklə idarəetməni zəiflətməyi və rejimin çökməsini hədəfləyib. İrəvan xəritələri üzərində kritik infrastruktur obyektlərinin işarələndiyi aşkar edilib. Rəsmilər bildirir ki, hərəkatın etirazdan iddia edilən üsyana sürətlə keçməsi dinin, millətçiliyin və siyasi müxalifətin strateji birləşməsini əks etdirir.

Strateji təsirlər: regional yenidənqurma fonunda parçalanmış ölkə

Bu daxili dövlət-kilsə qarşıdurması Ermənistanın daha geniş geosiyasi mövqeyi kontekstində qiymətləndirilməlidir. Zəngəzur dəhlizinin rədd edilməsi və ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilən inteqrasiya cəhdlərinə müqavimət Ermənistanı Türkiyə, İsrail və ABŞ daxil olmaqla regionun və dünyanın aparıcı aktorları ilə üz-üzə qoyub. İrəvan diplomatik baxımdan getdikcə daha çox təcrid olunduqca, daxili çatlar dərinləşir və dini institutlar müqavimətin həm simvolik, həm də əməliyyat mərkəzinə çevrilir.

Bu kontekstdə Prezident İlham Əliyevin Ermənistanın izolyasiyasının dərinləşəcəyi barədə xəbərdarlığı şişirtmə deyil, daha geniş strateji baxışı əks etdirir. Ermənistan həm xaricdən diplomatik marginallaşma, həm də daxildən mülki üsyanlar və Rusiya kimi xarici aktorların dəstəyini ala biləcək ruhanilərin müxalifəti vasitəsilə mühasirəyə düşmək riski ilə üzləşir.

Baş nazir Paşinyan Ermənistanı modernləşdirmək və köklü institusional hakimiyyət strukturlarından uzaqlaşdırmaq məqsədilə dünyəvi-millətçi gündəm izlədiyi halda, tənqidçilər bu gündəmin ölkənin ənənəvi kimliyinin son dayaqlarını aradan qaldırdığını iddia edir. Bu qarşıdurmanın nəticəsi Ermənistanın yeni Avrasiya dəhlizlərinə tam inteqrasiya olunmuş iştirakçıya, yoxsa köhnə sədaqətlər və yeni ittifaqlar arasında parçalanmış dövlətə çevriləcəyini müəyyən edə bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan ölkədə dərinləşən kilsə-dövlət qarşıdurmasında son dövrlərdə qeyri-adi şəkildə səsini yüksəldərək qarşıdurmacı rol oynayıb. Xüsusilə sosial şəbəkələrdə verdiyi açıqlamalar geniş müzakirələrə səbəb olub. Hakopyan diqqətçəkən addımla bütün ermənilərin katolikosu II Qaregini ölkənin “aparıcı mafiya başçısı” adlandırıb. Bu bəyanat həm dini institutlardan, həm də vətəndaş cəmiyyətindən ciddi reaksiyalar doğurub.

Onun bəlkə də ən təhrikedici açıqlaması erməni dilində ənənəvi olaraq zirzəmi və ya köhnə əşyaların saxlandığı yer mənasını verən “çulan” sözündən istifadə etməsi olub. O, bu termini metaforik şəkildə erməni kilsələrinə şamil edərək, bu “çulanların” artıq xalqın inancını təmsil etmədiyini, əksinə qaranlıq işlərin hökm sürdüyü korrupsiyalaşmış strukturlara çevrildiyini iddia edib.

Gözlənildiyi kimi, bu sözlər kəskin reaksiyalara yol açıb. Kilsənin tanınmış simalarından arxiyepiskop Baqrat Qalstanyan bu açıqlamaları dini dəyərlərə və vicdan azadlığına birbaşa hücum kimi qiymətləndirib. Tanınmış hüquqşünaslar da mübahisəyə qoşulub. Vəkil Ara Zöhrabyan Baş nazir Paşinyan və onun həyat yoldaşının konstitusiya ilə tanınmış institut olan Erməni Apostol Kilsəsini zəiflətməklə konstitusion hədləri pozduğunu əsas gətirərək Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına rəsmi şikayət təqdim edib. O vurğulayıb ki, erməni hüququ dövlət məmurlarını kilsəyə hörmət göstərməyə və bitərəf qalmağa məcbur edir.

Siyasi analitik Zoyan Levonisyan bildirir ki, bu böhran qəfil yaranmayıb, əksinə Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişi ilə başlayan uzunmüddətli kilsə-dövlət ayrılmasının davamıdır. Həmin dövrdə xüsusilə korrupsiya iddiaları səbəbilə katolikos II Qareginə qarşı ictimai narazılıq artırdı. Hətta Paşinyanın yeni dini lider təyin etmək istədiyi barədə şayiələr yayılmışdı. Onun Kilikiya Böyük Evinin katolikosu I Aramın bütün Erməni Apostol Kilsəsinə rəhbərlik etməsini təklif etdiyi iddia olunurdu. Bu təklif qəti şəkildə rədd edildi və kilsə daxilində ciddi daxili böhrana səbəb oldu.

Bu rədd Paşinyanla katolikos II Qaregin arasında müvəqqəti uzlaşma yaratdı. Lakin bu kövrək tarazlıq 2022-ci il Qarabağ müharibəsindən sonra pozuldu. Müharibədən sonra Erməni Apostol Kilsəsi siyasi müxalifətlə getdikcə daha çox uzlaşaraq keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana açıq dəstək verdi. Bu gün arxiyepiskop Qalstanyan Paşinyan əleyhinə etiraz hərəkatının lideri kimi önə çıxıb və dini institutu daha da siyasiləşdirib.

Levonisyan hesab edir ki, kilsə bu qarşıdurmada çox şey itirib. Kilsə vergi güzəştləri, daşınmaz əmlak sahibliyi və hüquqi müdafiələr də daxil olmaqla mühüm imtiyazlara malikdir. Paşinyan isə bu imtiyazların yenidən qiymətləndirilməli olduğunu düşünür. O, kilsənin bitərəf qalmalı və siyasi müdaxilədən uzaq durmalı olduğunu müdafiə edir.

Erməni Apostol Kilsəsi təkcə dini institut deyil, Ermənistanın mədəni və milli kimliyinin əsas sütunlarından biridir. Ermənistan əhalisinin təxminən 97,5 faizi bu kilsəyə mənsubdur. Apostol kimliyi İsanın iki həvarisi olan müqəddəs Faddey və müqəddəs Varfolomey tərəfindən təsis edildiyinə dair inamdan qaynaqlanır. Kilsənin ruhani mərkəzi Ermənistanın Armavir vilayətində yerləşən Vağarşapat şəhərindəki Üçmüədzin Müqəddəs Taxtı kimi tanınır. 1995-ci ildə yenidən adlandırılan bu vilayət tarixi olaraq Sərdarabad kimi tanınırdı və İrəvan xanlığının son hakimi Hüseynəli xanın dövründə formalaşmış, əhəmiyyətli Azərbaycan-türk irsinə malik ərazi olub.

Beləliklə, Erməni Kilsəsinin müasir mənəvi mərkəzi tarixi baxımdan Azərbaycan türkləri ilə bağlı olan bir ərazidə yerləşir və bu da milli narrativi daha da mürəkkəbləşdirir.

Arxiyepiskop Baqrat Qalstanyanın “Müqəddəs Mübarizə” hərəkatı hər ikisi rusiyapərəst mövqeləri ilə tanınan keçmiş prezidentlər Köçəryan və Sarkisyana bağlı siyasi qruplardan ciddi dəstək alıb. Onların hakimiyyəti dövründə Ermənistanın hərbi doktrinası getdikcə Moskavadan asılı vəziyyətə düşüb. Rusiya ilə birgə hərbi bazaların yaradılması, KTMT-yə üzvlük və Ermənistan sərhədlərinə Rusiya qüvvələrinin yerləşdirilməsi kimi mühüm qərarlar məhz onların rəhbərliyi dövründə qəbul edilib.

Bu hakimiyyətlər eyni zamanda Rusiya biznes maraqları ilə sıx bağlı oliqarxik strukturların sürətli yüksəlişinə də şahidlik edib. Rusiyada yaşayan erməni milyarder Samvel Karapetyan kimi fiqurlar siyasi fəaliyyətin maliyyələşdirilməsində və media mənzərəsinin formalaşdırılmasında mühüm rol oynayıb. Uzun müddətdir Moskvanın yumşaq güc alətlərindən biri kimi qiymətləndirilən Erməni Apostol Kilsəsi tarixi olaraq bu əlaqələrdən faydalanıb. Paşinyan bu dinamikaların fərqindədir və Moskvanın kilsə üzərində təsirini azaltmaq üçün addımlar atıb.

Bu cəhdlərə baxmayaraq, daxili siyasi dinamikalar Paşinyanın xeyrinə görünür. Müxalifət geniş ictimai dəstəkdən məhrumdur və keçmiş Qarabağ mərkəzli elita siyasi kapitalını böyük ölçüdə itirib. Nəticə etibarilə, bu ənənəvi aktorlar vasitəsilə Moskvanın dəstəklədiyi rejim dəyişikliyi ehtimalı əhəmiyyətli dərəcədə azalıb.

Bu kontekstdə Erməni Apostol Kilsəsi Ermənistanın daxili işlərində Rusiyanın əlində qalan son rıçaqlardan biri olaraq qalır. Hökumətlə kilsə arasında mövcud qarşıdurma təkcə sekulyarizm üzərində daxili mübarizə kimi deyil, Ermənistan dövlətinin mərkəzində dinin, millətçiliyin və xarici təsirlərin toqquşduğu daha geniş geosiyasi manevr kimi qiymətləndirilməlidir.

Ermənistandakı qarışıqlıqda Rusiyanın kölgəsi: Karapetyan işi, kilsə siyasəti və Paşinyan-Ərdoğan görüşü

Ermənistanda baş vermiş son çevriliş cəhdindən sonra Baş nazir Nikol Paşinyan şifrəli, lakin mənalı açıqlama verib: “Tapmacanın hissələri bir araya gəlir. Hər keçən dəqiqə mənzərə daha aydın olur”. Rusiya açıq şəkildə adlandırılmasa da, Paşinyanın sözlərinin alt təbəqəsində açıq şəkildə Moskvaya işarə edilir. O, Ermənistan daxilində qarışıqlığı yönləndirən mərkəzləşmiş siyasi, dini və maliyyə aktorları şəbəkəsindən bəhs edir və Rusiyanın ölkənin daxili işlərinə dərindən qarışdığına dolayı, lakin çoxtəbəqəli formada işarə edir.



Bu geosiyasi tapmacanın mərkəzində Rusiyada mühüm biznes aktivlərinə sahib olan və Kreml ilə sıx əlaqələri mövcud rusiyalı erməni milyarder Samvel Karapetyan dayanır. Karapetyan Erməni Apostol Kilsəsinin, xüsusilə son etirazlarda ön plana çıxan simalardan biri olan arxiyepiskop Baqrat Qalstanyanın əsas maliyyə dəstəkçilərindən biridir. Onun Ermənistan hakimiyyəti tərəfindən saxlanılması Moskvada şok effekti yaradıb. Kreml sözçüsü Dmitri Peskov “qanunlara əməl etməyin vacibliyi”ni vurğulayan ehtiyatlı açıqlama verib və Rusiyanın Ermənistanın “dost və sabit tərəfdaşı” olaraq qalmaqda davam etdiyini bildirib. Bu diplomatik dil İrəvana yönəlmiş təzyiqi incə şəkildə ifadə edirdi.

Paşinyan sosial şəbəkələrdə Karapetyana ünvanlanan üstüörtülü ittihamlar paylaşaraq ritorikanı daha da sərtləşdirib:

“Elektrik kəsintilərinin arxasında kimin dayandığını belə deyə bilmirik. Böyük xeyriyyəçi, yorulmaq bilməyən transfer ağası, dövrümüzün Monte Kristosu. Nə ENA-nı, nə də abonentlərini vecinə almır”.

Paşinyanın paylaşımında qeyd edilən elektrik kəsintilərinin Paşinyanın Karapetyan tərəfindən maliyyələşdirildiyini iddia etdiyi “Müqəddəs Mübarizə Hərəkatı”nın həyata keçirdiyi sabotaj əməliyyatları ilə əlaqəli olduğu düşünülür. “Böyük xeyriyyəçi” ifadəsi Karapetyanın ikili imicini vurğulayır: bir tərəfdən xeyriyyəçi və dini məqsədlərə ianə edən şəxs, digər tərəfdən isə xaosun və mülki qarışıqlığın maliyyələşdiricisi.

“Tashir Group” holdinqi “Ermənistan Elektrik Şəbəkələri” vasitəsilə ölkənin elektrik paylayıcı şəbəkəsinin təxminən 80 faizinə nəzarət edir. Karapetyanı həm sözün həqiqi, həm də məcazi mənasında ölkənin enerjisini nəzarətdə saxlayan və onu sabotaj edən şəxs kimi təqdim edən Paşinyan onu Kreml ilə əlaqəli, infrastrukturu siyasi məqsədlər üçün silaha çevirən oliqarx obrazında göstərir.

Bu fonda Ermənistan parlamenti bu yaxınlarda Karapetyanın holdinqinə məxsus əsas aktivlərin milliləşdirilməsi üçün qanun qəbul edib. Bu addım Karapetyanın təsirini birbaşa hədəf alır. Bu, sadəcə daxili siyasət qərarı deyil, Rusiyanın təsirinə qarşı geosiyasi mövqedir.

Moskva Karapetyanı uzun müddətdir Kreml ilə erməni ruhaniləri, iqtisadi elita və siyasi müxalifət arasında körpü rolunu oynayan yumşaq güc aləti kimi görür. Karapetyanın saxlanılması Rusiya-Ermənistan münasibətlərində riskləri əhəmiyyətli dərəcədə artırır.

Eyni zamanda Paşinyan misli görünməmiş diplomatik yenidən düzülüş həyata keçirir. Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə son görüşü Ermənistan və Türkiyə arasında onilliklərdən sonra baş tutan ilk yüksək səviyyəli diplomatik təmas olub. Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi üçtərəfli görüşdən sonra baş tutan bu görüş Türkiyə və Azərbaycanın İrəvanla normallaşma prosesini idarə etmək üçün koordinasiyalı strategiya izlədiyini göstərir.

Görüşdə sərhəd-keçid məntəqələrinin yenidən açılması, tam diplomatik münasibətlərin qurulması və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib. Paşinyan həmçinin Müqəddəs Məryəm Ana Kafedral Kilsəsini və Sultanəhməd məscidini ziyarət edib, İstanbulda erməni dini liderləri ilə məsləhətləşmələr aparıb. Bu simvolik addımlar daha açıq və barışdırıcı yanaşmanın siqnallarını verib.

Bu dəyişiklik Ankaranın Cənubi Qafqazda artan rolunu strateji təhdid kimi görən Rusiyanı ciddi şəkildə narahat edib. Lakin bölgədə İsrailin artan təsiri və Tehran üzərində qurulan geosiyasi mühasirə fonunda Moskva açıq reaksiya verə bilməsə də, gizli yollarla təsirini qorumağa çalışır.

Ankara görüşündən qısa müddət sonra Ermənistanda çevriliş cəhdi baş verib. Bir çoxları bu siyasi qarışıqlığı İrəvanın Rusiyadan uzaqlaşaraq Türkiyə və Azərbaycanın rəhbərlik etdiyi regional yenidən inteqrasiya kursuna yönəlməsinin ilk konkret nəticəsi kimi qiymətləndirir.

Bu hadisələrin Rusiyanın birbaşa idarəsi ilə baş verdiyini sübut edən açıq dəlillər olmasa da, Paşinyana qarşı hərəkətə keçən iş adamları, dini liderlər və enerji şirkətlərindən ibarət elitar şəbəkələrin strukturu hibrid müdaxiləyə işarə edir. Kreml bütün ipuclarını əlində saxlamaya bilər, lakin izlər getdikcə daha aydın görünür.

Nəticə: Ermənistanın geosiyasi kəsişməsində strateji hesablaşma

Zəngəzur dəhlizi təkcə təklif olunan tranzit marşrutu deyil, Cənubi Qafqazın geosiyasi gələcəyi üçün strateji lakmus kağızıdır. Ermənistan üçün bu, artıq sadəcə ərazi suverenliyi və ya nəqliyyat-logistika məsələsi deyil, dəyişən qlobal nizamda milli mövcudluq məsələsidir.

Rusiyanın izləri, xüsusilə oliqarx şəbəkələrinin, dini fiqurların və iqtisadi sabotaj mexanizmlərinin səfərbər edilməsi yolu ilə Ermənistanın daxili qarışıqlığında getdikcə daha qabarıq görünür. Samvel Karapetyanın saxlanılması, Anna Hakopyanın siyasi məzmunlu açıqlamaları və arxiyepiskop Baqrat Qalstanyanın aqressiv mövqeyi ayrı-ayrı hadisələr deyil. Bunlar İrəvanda rejim dəyişikliyini təşkil etmək məqsədi daşıyan Rusiyanın daha genişmiqyaslı təşəbbüsünün görünən elementləridir. Bu manevrlərin fərqində olan Baş nazir Paşinyan ideoloji inancdan deyil, geosiyasi zərurətdən çıxış edərək Ermənistanın strateji mövqeyini yenidən formalaşdırmağı seçib.

Kremlin dəstəklədiyi çevriliş və daxili suverenliyin aşınması təhlükəsi ilə üzləşən Paşinyan ABŞ Prezidenti Donald Trampın Zəngəzur təşəbbüsünü dəstəkləmək məcburiyyətində qalıb. Paşinyan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılan layihəni dəstəkləməklə ABŞ-nin himayəsini təmin etməyi, Rusiyanın təsirini zəiflətməyi və hökumətinin süqutunun qarşısını almağı hədəfləyir.

Lakin bu kurs dəyişikliyinin nəticələri də olacaq. Dəhliz layihəsi İsrailin geosiyasi məqsədləri, xüsusilə İranın strateji mühasirəyə alınması və təcridi ilə sıx bağlıdır. İsrail Zəngəzur marşrutunu İranın Qafqaz və Rusiya ilə əlaqələrini kəsəcək və daha geniş regional mühasirə doktrinasının tərkib hissəsi olacaq geosiyasi arteriya kimi görür. Bu vəziyyət İrəvanı həssas mövqeyə salır: dəhlizə qarşı çıxmaq həm Vaşinqtonu, həm də Təl-Əvivi özündən uzaqlaşdırmaq deməkdir, onu dəstəkləmək isə Tehranı və Moskvanı qıcıqlandırmaq anlamına gəlir.

Təsadüfi deyil ki, Zəngəzur sülh sazişi Qarabağ müharibəsinin ikinci mərhələsindən dərhal sonra deyil, regional balansları yenidən formalaşdıran qısa, lakin həlledici 12 günlük İsrail-İran müharibəsindən sonra imzalanıb. Sazişin imzalanması İsrailin Qafqaz üzərindən İranı mühasirəyə alaraq şimal cinahını təmin etmək istəyi səbəbindən müharibənin nəticəsi dəqiqləşənədək məqsədli şəkildə təxirə salınıb. Bu geosiyasi hesablamada Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi üzrə əldə olunan razılaşma İsrailin təhlükəsizlik strategiyasının həyati komponentinə çevrilib. Trampın vasitəçiliyi ilə bu ittifaq rəsmiləşib və Paşinyan üçün bu razılaşma təkcə diplomatik irəliləyiş deyil, həm də ölkəsində yaxınlaşan çevriliş təhlükəsindən xilas olmağa kömək edən xilasedici ip rolunu oynayıb.

Vaşinqtondakı təsiri və bölgədə kəşfiyyat əməkdaşlığı əvəzsiz olan İsrail ilə qarşıdurmaya girmək istəməyən Paşinyan özünü daralan dəhlizdə tapıb. Siyasi məhvi və daxili qarışıqlığı önləmək üçün həm Türkiyə, həm də Azərbaycan ilə sabit münasibətlər qurmağa məcburdur. ABŞ-nin vasitəçiliyi ilə formalaşan bu üçtərəfli əməkdaşlıq təkcə iqtisadi canlanma üçün yol təqdim etmir, həm də rəqiblərlə əhatələnmiş rejim üçün geosiyasi qalxan rolunu oynayır.

Bu baxımdan Prezident İlham Əliyevin Ermənistanın dərin siyasi və iqtisadi izolyasiyaya düşmə riski barədə dəfələrlə səsləndirdiyi xəbərdarlıqlar sadəcə ritorika kimi qəbul edilməməlidir. İlham Əliyevin Ermənistanın daxili zəifliklərinə və regionun daha geniş geosiyasi mənzərəsinə dair strateji oxunuşu öz təsdiqini tapıb. Ermənistan, xüsusilə ABŞ və İsrail tərəfindən dəstəklənən Zəngəzur dəhlizi layihəsinə qarşı çıxarsa, təkcə qlobal güclərin dəstəyini itirməyəcək, eyni zamanda daxili qeyri-sabitlik vasitəsilə birbaşa cavab tədbirləri ilə üzləşəcək. Bu cavab tədbirləri böyük ehtimalla Rusiyanın dəstəyi ilə Ermənistanın siyasi sistemini sarsıtmağa başlayan ruhanilər, oliqarxlar və paramilitar aktorlardan ibarət eyni şəbəkələr vasitəsilə həyata keçiriləcək.

İlham Əliyevin İrəvanın izolyasiyası ilə bağlı irəli sürdüyü proqnoz bu baxımdan sərt geosiyasi reallığa söykənir: Ermənistan rejim dəyişikliyinin bədəlini ödəmədən Tramp-İsrail regional vizyonuna qarşı çıxa bilməz. Bu mənada İlham Əliyev təkcə haqlı deyil, eyni zamanda uzaqgörəndir. Onun qiymətləndirməsi mövcud güc dinamikalarının və regional nizamın yenidən formalaşma mexanizmlərinin soyuqqanlı təhlilinə əsaslanır.

Ermənistan regional yenidən inteqrasiya ilə daha dərin izolyasiya arasında transformasiya həddində dayanarkən, mülki-hərbi qarşıdurmalardan çıxarılan dərslər xüsusi əhəmiyyət kəsb edir. Bu an, daxili qeyri-sabitliyin xarici güclərin oyun meydanına çevrildiyi və neytrallığın artıq seçim olmadığı qlobal geosiyasətdəki digər böhran nöqtələrini xatırladır.

Məşhur geosiyasi strateq və mülki-hərbi münasibətlər üzrə mütəxəssis Edvard N. Lattvakın sözləri ilə desək:

“Müasir geosiyasətdə yolayrıcında tərəddüd edən dövlət təkcə geri qalmır, yolunu seçməyə cəsarət edənlər tərəfindən parçalanır”.

Ermənistan üçün Zəngəzur Dəhlizi məhz bu yolayrıcıdır. Və seçim vaxtı çatıb.

Araşdırmaçı-yazar Mehmet Bildik
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur-Dəhlizi   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin