Avropa Əməliyyat Teatrında Ballistik Raketlərin Dərinlikdə Döyüş Taktikaları və Afinanın Yeni Raketləri – TEXNİKİ ANALİZ (FOTOLAR)

2025/12/1766061203.jpg
Oxunub: 1061     09:31     21 Yanvar 2026    
Avropa və müttəfiqlər arasında raketdən müdafiə istehsalının artmasına baxmayaraq, onlar Rusiyanın raket istehsal sürətinə çata bilmirlər. Rusiya, Avropanın istehsal etdiyi raket əleyhinə raketlərin təxminən bir yarım-iki qatı qədər ballistik və qanadlı raket istehsal etməklə yanaşı, uzun mənzilli Pilotsuz Uçuş Aparatlarının (PUA) istehsalında Avropanı açıq şəkildə geridə qoyur. Üstəlik, bahalı yeni nəsil raket əleyhinə sistemlərə asılılıq Avropanın raketdən müdafiə strategiyasını mahiyyət etibarilə maliyyə baxımından səmərəsiz və uzunmüddətli perspektivdə dayanıqsız edir.

Avropa hərb tarixində, Napoleon müharibələri və Birinci Dünya müharibəsində olduğu kimi, demək olar ki, bütün böyük quru döyüşlərində artilleriya sinfinin atəş gücü döyüşün taleyini müəyyən edən əsas silah sistemi olub. İkinci Dünya müharibəsi quru döyüşlərində artilleriya dəstəyi ilə yanaşı, tankların və raketlərin, eləcə də döyüş təyyarələrinin yaxın hava dəstəyinin qarşıdurmalarda üstünlüyü müəyyən edən əsas amil olduğunu göstərib. Müharibənin gələcəyi, əhəmiyyətini itirmək əvəzinə, ehtimal ki, hücum və müdafiə atəşlərinə tələbatın artması ilə formalaşacaq. 1991-ci il Körfəz müharibəsi və Kosovo müharibəsi təcrübələri bir neçə strategiyanı ön plana çıxardı və hava gücünün üstünlüyünü açıq şəkildə nümayiş etdirdi. Strateji hava gücü təkbaşına müharibəni qazana bilməsə də, Körfəz müharibəsində də aydın göründüyü kimi, hava gücü quru qoşunlarının İraq ordusunu tam şəkildə məğlub etməsini asanlaşdırıb.

Gələcəyin Döyüş Meydanının Təbiətində Oyunu Dəyişdirən Silah: Hipersəs Raketləri

Materikə yönəlmiş birbaşa təhdidlər ilkin mərhələdə yalnız uzun mənzilli aviasiya ilə məhdudlaşırdı, lakin sonradan qitələrarası ballistik raketləri, sualtı qayıqlardan buraxılan ballistik raketləri və qanadlı raketləri də əhatə edəcək şəkildə genişləndi. Müasir raket dövrü müxtəlif mənzilli hücum imkanlarına və onlara qarşı müdafiə sistemlərinə qlobal tələbat və təklifin artması ilə səciyyələnir. Türkiyə üçün əsas proqnoz ondan ibarətdir ki, dəyişən strateji və geosiyasi mühitin tələb etdiyi raket texnologiyaları sahəsində sürətli transformasiya və qarşı tədbirlərin qətiyyətlə həyata keçirilməsi regional sülh və çəkindirmə üçün zəruridir. Qarşıdakı iyirmi il ərzində hərbi münaqişələr ehtimal ki, resursların qorunması, iqtisadi bərabərsizliklər və ideoloji fərqlərdən tutmuş güc və nüfuz axtarışına qədər tarixən müharibələri alovlandıran eyni amillər tərəfindən yönləndiriləcək, lakin müharibənin aparılma üsulları yeni texnologiyalar, tətbiqlər və doktrinalar ortaya çıxdıqca və əlavə aktorlar bu imkanlara çıxış əldə etdikcə dəyişəcək. Bununla belə, artilleriya sinfi və raketlər mahiyyət etibarilə döyüşün əsas vasitələri olaraq qalacaq və mövcud modernləşmə proqramlarına istiqamət verəcək.


Rusiyanın Ballistik və Qanadlı Raket Sinfi Mənzilləri

Süni zəka, hipersəs silahları və radioelektron mübarizə kimi digər dağıdıcı texnologiyalar da son dərəcə əhəmiyyətlidir. Buna görə risklər olduqca böyükdür, Soyuq müharibədən və hətta İkinci Dünya müharibəsindən bəri istənilən dövrdən daha yüksəkdir və fövqəladə nəticələr doğura bilər. “Əvvəlki kimi davam etmək” mümkün deyil. 3.800 km mənzilə malik Ukraynanın yeni FP-5 “Flaminqo” qanadlı raketi Rusiya ilə müharibə davam edərkən Ukraynanın hücum imkanlarında maraqlı bir irəliləyişi təmsil edir. Ukraynanın ballistik raketlər əvəzinə qanadlı raketləri seçməsi onun xərc-effektivliyə yönəlmiş praqmatik təhlilinin göstəricisidir. ABŞ, Rusiya və Çin ballistik raketləri bir kənara qoyaraq uzunmənzilli hipersəs silahları və hipersəs süzülən aparatları lehinə müəyyən cavablar verir. Lakin raket başına 41 milyon dollar dəyərində olan bu silahlar Avropa büdcələrinin imkanlarından kənardadır. Avropada dərin zərbə imkanlarının tədarükündə prioritet bir neçə yüksək səviyyəli raketdən çox, qısa müddətdə və böyük sayda mövcud olan çatışmayan qabiliyyətin bərpası olaraq qalır. Rusiya Ukrayna mövqelərini vurmaq üçün getdikcə daha çox “İskəndər-M” raketlərinə güvənir və Şimali Koreyadan KN-23 raketləri idxal edir. Reallıq ondan ibarətdir ki, Avropa qanadlı raket texnologiyasında artıq güclü sənaye bazasına malikdir. MBDA-nın Fransa freqatları və sualtı qayıqlarından buraxılan Dəniz Qanadlı Raket sistemi (MdCN/NCM) Suriyada döyüş şəraitində özünü sübut edib.


Fransız MBDA Dərin Zərbə Qanadlı Raketi və Dəniz Versiyası

MBDA bu əsas üzərində 1.000 kilometrdən artıq mənzilə, ərazini izləyən uçuşa və yüksək davamlılığa malik qurudan buraxılan sistem olan Quru Qanadlı Raketini (LCM) təklif edib və bunu “unikal Avropa suveren həlli” kimi təqdim edib. Gələcəyin Qanadlı/Gəmi Əleyhinə Silahı (FC/ASW) kimi də tanınan Fransa-Böyük Britaniya-İtaliya birgə istehsalı olan “Stratus” layihəsi inkişaf mərhələsinə doğru irəliləyir. Biri gizli və səsaltı, digəri isə səsüstü və yüksək manevr qabiliyyətinə malik iki tamamlayıcı variantda nəzərdə tutulan proqram düşmən hava hücumundan müdafiəsini mürəkkəbləşdirmək və mənzil, dəqiqlik və gizliliyi birləşdirərək nüfuzetmə qabiliyyəti yaratmaq məqsədini əks etdirir. MBDA-ya görə, “Stratus”un 2030-cu ildən əvvəl istismara verilməsi və mövcud “SCALP/Storm Shadow” ehtiyatlarını əvəz etməsi planlaşdırılır. Təkmilləşdirilmiş sensorlar, avtomatlaşdırma və süni zəkanın hipersəs və digər qabaqcıl texnologiyalarla birləşməsi daha dəqiq, daha əlaqəli, daha sürətli, daha uzunmənzilli və daha dağıdıcı silahlar yaradacaq, bunlar əsasən ən inkişaf etmiş ordulara təqdim edilsə də, zamanla bəzi kiçik dövlətlərin və qeyri-dövlət aktorlarının da çıxışına açıq ola bilər. Bu sistemlərin zamanla yayılması daha çox obyektin həssas hala gəlməsinə, eskalasiya riskinin artmasına və münaqişələrin potensial olaraq daha ölümcül olmasına səbəb olacaq, lakin mütləq daha həlledici olmayacaq. Yaxın Şərq və Şərqi Avropa səması müasir müharibədə yeni əməliyyat mühitinin formalaşdığını göstərdi. Ukrayna cəbhə xətləri üzərində PUA sürülərindən tutmuş, İranın İsrailə qarşı həyata keçirdiyi dəqiq ballistik raket hücumlarına, eləcə də Qırmızı dənizdə və ondan kənarda husilərin əməliyyatlarına qədər son münaqişələr hava və raketdən müdafiə ətrafında strateji düşüncəni yenidən formalaşdırır. Ərəb Körfəzi ölkələri üçün bu inkişaflar gələcək risklərin göstəricisi kimi çıxış edir.

ABŞ ATACMS Raketlərinin Mənzili


Həm dövlət, həm də qeyri-dövlət aktorları getdikcə daha mürəkkəb hücum imkanlarından yararlandıqca, Ərəb Körfəzi ölkələri bu yeni yaranan təhdidlərə qarşı hazırlıqlarını yenidən qiymətləndirməlidir. Doğrudur ki, Ukraynada tank əleyhinə silahların istifadəsi ilkin mərhələdə zirehli texnikanın sonunun əlaməti kimi qəbul edilib. Qara dənizdə və Ukrayna ərazisində beş ildir davam edən münaqişələrdə quruda, dənizdə və havada kütləvi insansız platformaların meydana çıxması da eyni şəkildə inkişaf etmiş taktiki təyyarələr və gəmilər kimi platformaların sonunun xəbərçisi olub.

Çoxsaylı kinetik olmayan və radioelektron mübarizə vasitələrinin meydana çıxması, ənənəvi kinetik atəşlərin tamamilə keçmişdə qalmasa belə, ən azı əvvəlkindən daha az əhəmiyyətli olacağına dair proqnozlara səbəb olub. Biz Ukrayna döyüş meydanlarında və İsrail-HƏMAS müharibəsində PUA-lar ilə aparılan müharibənin geniş yayıldığını gördük. ABŞ-nin əsas ərazisi də PUA-larnın hücumlarına məruz qalıb. Bu il Konqresin Hərbi və Xarici Əlaqələr Alt Komitəsi 2024-cü ildə 100 müxtəlif hərbi obyektdə 350-dən çox PUA hücumunun baş verdiyini müəyyən edib. Ən son olaraq, sentyabr ayında NATO üzvü olan Polşa və Rumıniya da PUA hücumları barədə məlumat vetib, 19 Rusiya PUA-sı Polşanın hava məkanına daxil olub. Bu vəziyyət Varşavanın təcili məsləhətləşmələri nəzərdə tutan NATO-nun 4-cü maddəsini işə salmasına səbəb olub. Aşağı qiymətli PUA-larnın artan istifadəsi hibrid müharibədə sürətlə üstünlük verilən vasitəyə çevrilir. PUA-lar təkcə aşağı xərcli kinetik hücumlar həyata keçirmək üçün deyil, eyni zamanda müşahidə və kəşfiyyat, mülki infrastrukturun pozulması, eləcə də ictimaiyyətdə qorxu və siyasi gərginlik yaratmaq üçün də effektivdir. Gələcəkdə süni zəka sahəsindəki irəliləyişlərlə dəstəklənən aşağı xərcli hibrid PUA müharibəsi etibarlı miqyasda hava hücumundan müdafiə üçün real və təcili bir çağırış yaradır.

Rusiyanın zərbə PUA-sı Hücumları


Bu vəziyyət mövcud hava hücumundan müdafiə sistemlərinin imkanlarının yenidən qiymətləndirilməsi və dronlara və digər təhdidlərə qarşı effektiv və səmərəli mübarizə aparmaq üçün modernləşdirmə səylərinin yenidən nəzərdən keçirilməsi istiqamətində təşəbbüsləri gücləndirmişdir. 2025-ci il iyulun 9-u gecə Rusiya Rusiya-Ukrayna müharibəsinin ən böyük birgə PUA və raket hücumunu həyata keçirib, əsasən Kiyevi hədəf alaraq Ukraynanın müdafiəsini 728 kamikadze PUA-sı və 13 raketlə doyurmağa çalışıb. Miqyas heyrətamiz idi və bu, təcrid olunmuş hadisə deyildi. Növbəti günlərdə Ukraynaya daha iki salvo zərbəsi endirildi, bir dalğada 416 silah, digərində isə 625 silah istifadə olundu və hər biri əvvəlki aylarda müşahidə edilən gündəlik orta göstəriciləri üstələdi. Bu hücumlar Rusiya fəaliyyətində sadəcə artım deyil, əməliyyat tempində daha dərin və məqsədli dəyişikliyi, həmçinin Ukraynaya və onun dəstəkçilərinə açıq bir siqnalı ifadə edirdi: Rusiya eskalasiyaya, üstünlük əldə etməyə və Ukraynanı tükəndirməyə hazırdır. Kütləvi “salvo” hücumları Rusiyanın inkişaf edən məcburedici cəzalandırma kampaniyasının bir hissəsidir. Bir vaxtlar istisna sayılan hallar indi adi hala çevrilib. Böyükmiqyaslı “salvo” hücumları hazırda Rusiyanın bütün hava əməliyyatlarının təxminən 10 faizini təşkil edir. Rusiyanın ballistik və qanadlı raketləri kamikadze PUA-lar ilə birlikdə istifadə etməsi bu sistemlərin rəqibin hava hücumundan müdafiə sistemlərinə qarşı bir-birini necə qarşılıqlı şəkildə gücləndirdiyini nümayiş etdirib.


1987-ci il Orta Mənzilli Nüvə Qüvvələri (INF) Müqaviləsi

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Avropa güclərini xəbərdar edərək bildirib ki, əgər onlar Rusiya ilə müharibəyə girsələr, Moskva döyüşməyə hazırdır və Avropa qüvvələrinin məğlubiyyəti o qədər qəti olacaq ki, sülh sazişi barədə danışıqlar aparacaq kimsə qalmayacaq. Putin Rusiyanın Avropa ilə müharibə istəmədiyini iddia edib. O deyib: “Əgər Avropa qəfil bizimlə müharibə başlatmaq istəsə və bunu başlatsa, bu Avropa üçün o qədər sürətlə sona çatar ki, Rusiyanın danışıqlar aparacaq kimsəsi qalmaz”. Putin rus dilində “müharibə” mənasını verən sözdən istifadə edib. Rusiyanın Avropa ilə müharibəyə hazır olduğu barədə təhdidlərini səsləndirməsindən sonra Rusiya ilə ABŞ arasında Ukrayna mövzusunda sülh sazişinə nail olunması istiqamətində irəliləyiş əldə edilmədiyi bildirilib. Putin Avropa güclərini Ukraynada sülhü sabotaj etməkdə ittiham edib və müharibənin dayandırılması ilə bağlı “Avropa tələblərinin” “Rusiya üçün qəbuledilməz” olduğunu deyib. Putin bildirib: “Avropa ABŞ administrasiyasının Ukrayna üzrə sülhü təmin etməsinə mane olur”. O əlavə edib: “Rusiya Avropa ilə müharibə aparmaq niyyətində deyil, lakin Avropa başlasa, biz dərhal hazırıq”. Putin Avropanın hansı tələblərini qəbuledilməz hesab etdiyini açıqlamayıb. Avropa qüvvələrini nəzərdə tutaraq o deyib: “Onlar müharibənin tərəfidir”.

Rusiya Prezidenti Vladimir Putin son günlərdə Qara dənizdə baş verən tanker hücumlarından sonra Ukraynanı Qara dənizlə əlaqəsini kəsməklə hədələyib. Dekabrın 2-də Rusiya mediasına verdiyi müsahibədə Putin deyib: “Ən radikal həll Ukraynanın Qara dənizlə əlaqəsini kəsməkdir ki, prinsip etibarilə quldurluq mümkün olmasın”. Putin Ukraynanın Qara dənizdə tanker hücumları ilə “quldurluq” etdiyini bildirərək qeyd edib: “Rusiya Ukrayna limanlarına və bu limanlara daxil olan gəmilərə hücumlarını genişləndirəcək”. O əlavə edib ki, “tankerlərə hücumlar beynəlxalq sularda deyil, başqa bir dövlətin, üçüncü bir dövlətin müstəsna iqtisadi zonasında həyata keçirildikdə bu, quldurluq sayılır”.


Qara dənizdə Rusiya neft tankerlərinə Ukraynanın kamikadze dəniz vasitələrinin hücumları neft sızması və ətraf mühitin çirklənməsi təhlükəsi yaratmaqla yanaşı, beynəlxalq dəniz hüququnda dənizdə hərəkət azadlığının ciddi şəkildə pozulmasıdır.

Rusiya tanker hücumlarına cavab olaraq Ukrayna limanlarına və bu limanlara daxil olan gəmilərə qarşı hücumlarını genişləndirəcək. Hücumlar davam edərsə, Ukraynaya bu quldurluq əməliyyatlarını həyata keçirməkdə yardım edən ölkələrin gəmilərinə qarşı cavab tədbirlərinin görülməsi ehtimalını da qiymətləndirəcəyik. Putin Ukrayna rəhbərliyinin və “onların arxasında dayananların bu hücumları yenidən nəzərdən keçirməli olduğunu” bildirib.

Ukraynadakı müharibə və ABŞ-nin Avropa müdafiəsinə yanaşmasında dəyişiklik Avropanın öz təhlükəsizliyini proaktiv şəkildə təmin etməsini zəruri edir. ABŞ-nin yenidən mövqelənməsinin dəqiq forması hələ işlənmə mərhələsində olsa da, istiqamət aydındır: Hind-Sakit okean regionuna daha çox diqqət yetirilməsi və bunun nəticəsi olaraq Avropanın öz müdafiə yükünün daha böyük hissəsini üzərinə götürməsi gözlənilir. ABŞ müdafiə naziri Pit Heqset 2025-ci ilin fevralında NATO müdafiə nazirlərinin iclasında etdiyi hazırlıqlı çıxışda ABŞ-nin “Avropanın daimi təminatçısı olacağına dair gözləntilərin real olmadığını” vurğulayıb. ABŞ-nin NATO-dakı səfiri 2025-ci ilin may ayında verdiyi açıqlamada bildirib ki, ABŞ ilin sonrakı dövrlərində Avropadakı ABŞ qoşunlarının azaldılması ilə bağlı avropalı müttəfiqlərlə danışıqlara başlayacaq. Transatlantik münasibətlərdə yeni bir dövr başlayır və bu dövr Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımasını tələb edir. Transatlantik münasibətlərdə yeni bir dövr başlayır və bu dövr Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımasını tələb edir.

Bu, ABŞ xarici siyasətində əsas təhdid kimi Çinə fokuslanan iki partiyalı yanaşmanın yaratdığı struktur dəyişikliyini təmsil edir. ABŞ-Çin qarşıdurması ehtimalı ABŞ resurslarını ciddi şəkildə gərginləşdirəcək və Avropaya dəstək vermək qabiliyyətini məhdudlaşdıracaq. Aparılan bəzi təhlillər göstərir ki, ABŞ Tayvan məsələsində Çinlə münaqişəyə girdikdən cəmi bir neçə gün sonra əsas sursat ehtiyatlarını, xüsusilə də uzun mənzilli raketlərini tükədə bilər. Bu vəziyyət Vaşinqtonun qısa və orta müddətdə Avropaya müəyyən kritik sursatları təmin etmə imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq. Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımasını tələb edən yeni bir transatlantik münasibətlər dövrü formalaşır.

Yunanıstanın Hava Hücumundan Müdafiəsində “Axillesin Qalxanı” Layihəsi


Türkiyənin yerli və milli müdafiə təşəbbüslərindən narahat olan Yunanıstan Egey dənizindəki yüzlərlə adaya mobil raket sistemləri yerləşdirəcəyini elan edib. Yunanıstanın müdafiə naziri Nikos Dendias ölkəsinin əsas təhlükəsizlik riskini Türkiyə kimi dəyərləndirərək, dəniz müdafiə doktrinasını tamamilə dəyişəcəklərini açıqlayıb. Türkiyənin son dövrlərdə müdafiə sənayesində əldə etdiyi irəliləyişlər və yerli sistemlər istehsal etməsi qonşu Yunanıstanı narahat etməyə davam edir. Yunanıstanın müdafiə naziri Nikos Dendias NATO müttəfiqi olmasına baxmayaraq Ankaranı hədəf alan sərt açıqlamalarında Türkiyəni “əsas təhdid” kimi xarakterizə edib. Dendias Egey dənizinin təhlükəsizliyi üçün genişmiqyaslı strateji yenidən baxış apardıqlarını və yüzlərlə adaya mobil raket bölmələri yerləşdirməyi planlaşdırdıqlarını bildirib.

ABŞ-Avropa cəbhəsində bu gərginliklər yaşanarkən, Yunanıstanın müdafiə naziri Dendias Türkiyəni hədəf alan bəyanatlar verib. Türkiyənin Yunanıstan üçün təhdid yaratdığını iddia edən Dendias Egeydə yüzlərlə adaya raket yerləşdirəcəklərini irəli sürüb. O, Türkiyənin ölkəsi üçün təhlükə təşkil etdiyini təkrarlayaraq belə deyib: “Yunanıstan 1952-ci ildən NATO üzvü olduğu vaxtdan etibarən bir ziddiyyət içində yaşayır. NATO üzvü Yunanıstan üçün ən böyük təhlükə Alyansın başqa bir üzvü olan Türkiyədən gəlir. Yunanıstan özünü müdafiə edir, Türkiyə isə təhdid edir”. Daha sonra o, “qurunu ordu, dənizi donanma, havanı isə döyüş təyyarələri qoruyur” doktrinasını dəyişəcəklərini bildirərək yeni doktrinanın əsas xətlərini belə izah edib:

Yunanıstanın Hava Bazaları və ABŞ Bazaları


“İndiyə qədər olduğu kimi Egeyi yalnız donanmanın müdafiə etməsi mənasızdır. Yeni freqatlar və yeni döyüş gəmiləri Egey kimi dar bir dənizdə məhdud fəaliyyət göstərmək və müasir təhdidlərə məruz qalmaq üçün həddindən artıq bahalı vasitələrdir. Dəyəri 1 milyard avro olan bir freqatı dəyəri bir neçə min avro olan bir PUA ilə məhv etmək mümkündür. Buna görə doktrinamızı tamamilə dəyişdik. Egey yalnız donanma tərəfindən qorunmayacaq. Əsasən minlərlə olmasa da, yüzlərlə adaya yayılmış mobil raketlərlə müdafiə ediləcək. Egeydə dənizi qurudan, yəni adalardan bağlayacağıq. Beləliklə donanmanın əməliyyatları da bu dar dənizlə məhdudlaşmayacaq.

Bu günə qədər hava hücumundan müdafiə əsasən hava qüvvələri tərəfindən təmin edilirdi. Bu düzgün cavab deyil. Üstəlik, çox bahalı bir cavabdır. Hava hücumundan müdafiə əsasən zenit silah sistemləri ilə təmin ediləcək. “Axillesin Qalxanı” adını verdiyimiz layihəni həyata keçiririk. Bunun sayəsində Egey yalnız dənizdən deyil, havadan da bağlanmış olacaq”.

Dendiasın nəzərdə tutduğu “Axillesin Qalxanı” layihəsi çərçivəsində Egey adalarına və Türkiyə-Yunanıstan quru sərhədi yaxınlığına beş müxtəlif tip raket sisteminin yerləşdirilməsi hədəflənir. Yunanıstan bu raket sistemlərinin əhəmiyyətli bir hissəsini İsraildən almağı planlaşdırır. Dendias Türkiyənin PUA-lar sahəsindəki sıçrayışına da diqqət çəkərək bu istiqamətdə tədbirlər görməli olduqlarını qeyd edib: “İndiyə qədər quru qoşunlarında əsgərin silahı tüfəng idi. Artıq əsgərin silahı PUA-dır. Yunan ordusu sürətlə PUA-lar dövrünə daxil olmalıdır. Hər bir əsgər PUA üzrə təlim almalıdır. Bizim üçün ən görünən təhlükəni yaradan ölkə PUA-lar istehsal edir. Əldə etdiyimiz məlumatlara görə, bu ölkənin istifadəyə hazır vəziyyətdə 1 milyondan çox PUA mövcuddur. Qırmızı dənizdə real döyüş şəraitində uğurla sınaqdan keçirdiyimiz və “Kentavros” adlandırdığımız PUA-larna qarşı sistemi bütün freqatlara yerləşdirməyi planlaşdırırıq. Bu sistemi müəyyən dəyişikliklərlə quruda da PUA-larna qarşı istifadə edə biləcəyik. Bundan əlavə, 150 min könüllü ehtiyat hərbçidən ibarət yeni bir qüvvə formalaşdırmağı hədəfləyirik. Beləliklə, ümumi ehtiyat hərbçi sayının 250 minə çatmasını planlaşdırırıq”.

Mövcud prosesləri dəyərləndirən NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen açıqlamasında bildirib ki, Avropa Rusiyaya təzyiqini artırmasa, Ukrayna “sonsuzadək davam edəcək bir müharibə” və tədricən ərazi itkiləri ilə üz-üzə qalacaq.

Rusiyanın 9M “Novator” və “İskəndər” Raketlərinin Mənzili



1987-ci il Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsi həm ABŞ-yə, həm də Sovet İttifaqına 500-5500 km mənzilli qurudan buraxılan raketlərin yerləşdirilməsini qadağan etmişdi. 1990-cı ilə gəldikdə Sovet RSD-10 “Pioner” (SS-20), ABŞ “Pershing II” və BGM-109G “Qrifon” sistemləri, eləcə də INF Müqaviləsinə daxil olmasa da Almaniyanın “Pershing Ia” raketləri xidmət xaricinə çıxarılmışdı. Lakin sonradan Rusiya ABŞ-nin INF Müqaviləsini pozduğunu iddia etdiyi yeni raket sistemlərini yerləşdirib və sınaqdan keçirib, bu da prezident Trampın 2019-cu ildə müqavilədən çıxmasına səbəb olub.


Rusiya bu gün Ukraynaya qarşı hücumlarda intensiv şəkildə istifadə etdiyi geniş qanadlı və ballistik raket arsenalına malikdir. Bundan əlavə, sərhədləri boyunca və Kalininqrad bölgəsində S-400 “Triumf” uzun mənzilli “yer-hava” raket sistemləri və K-300P “Bastion-P” supersəs gəmi əleyhinə raketləri yerləşdirib. Bu silah sistemləri NATO qüvvələrini bir neçə yüz kilometr məsafədən risk altına salaraq, Rusiyaya NATO-nun şərq cinahındakı bölgələrə çıxışını məhdudlaşdırmaq imkanı yaradır. Rusiya müxtəlif raket sistemləri ilə Avropa əməliyyat məkanında ciddi təzyiq formalaşdırır. Çin isə yüksələn iqtisadi və hərbi-texnoloji gücünü ballistik raketlər, PUA-lar ilə təchiz olunmuş təyyarələr, sualtı qayıqlar və mobil sistemlər vasitəsilə Sakit okean-Hind okeanı-Yaxın Şərq bölgəsinə yayacağını 2025-ci il 3 sentyabr Qələbə tədbirlərində açıq şəkildə nümayiş etdirib.

Transatlantik gərginliklər ABŞ-nin NATO daxilindəki təhlükəsizlik zəmanətlərinin gücünü zəiflədir. Avropa təkcə hazırda yerləşdirilə bilən qüvvələr üçün deyil, həm də strateji dəstək baxımından böyük ölçüdə ABŞ-dan asılı vəziyyətdə qalmaqdadır.

Strateji mühitin pisləşməsi və ABŞ ilə Rusiya arasında Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin (INF) məhdudiyyətlərinin aradan qaldırılmasına cavab olaraq, bir sıra Avropa ölkələri hazırda düşmən qüvvələrini uzaq məsafədə risk altında saxlamaq üçün nəzərdə tutulmuş, “dərin dəqiq zərbə” (deep precision strike - DPS) imkanları kimi tanınan zərbə sistemlərini satın almağı və ya inkişaf etdirməyi planlaşdırır. Bununla yanaşı, dərin zərbə vasitələrinin sürətini, dəqiqliyini və gizliliyini artırmağı hədəfləyən müxtəlif proqramlar çərçivəsində texnoloji səylər fasiləsiz davam edir.

Bu məqsədlə əlaqəli bir təşəbbüs olan Avropa Uzun Mənzilli Zərbə Yanaşması (European Long-Range Strike Approach/ELSA) seçilmiş NATO üzvləri tərəfindən, konvensional silahlarla təchiz edilmiş DPS imkanlarının və kəşfiyyat, müşahidə və tanıma (ISR) kimi dəstəkləyici texnologiyaların müdafiə tələblərini müəyyənləşdirmək və onların birgə inkişafını təşviq etmək məqsədilə irəli sürülüb. Uzunmüddətli perspektivdə, bəlkə də qarşıdakı on il ərzində qabaqcıl ELSA layihələri Avropanın yükü tam şəkildə üzərinə götürməsinə imkan yarada bilər. Bu müddətdə isə Avropanın əsas vəzifəsi yalnız öz texnologiyalarını inkişaf etdirmək deyil, həm də ABŞ-nin qitənin konvensional müdafiə mövqeyinə sadiqliyini qoruyub saxlamasını təmin etmək olacaq. Bu baxımdan Boris Pistoriusun ABŞ istehsalı hücum sistemlərinə marağı ABŞ-Avropa yük bölgüsündə yeni bir mərhələyə doğru mühüm addım kimi qiymətləndirilə bilər.


Avropa Raketdən Müdafiəsinin Gələcəyi

Lakin eyni zamanda bu, ani, arzuolunmaz və bəlkə də həyata keçirilməsi mümkün olmayan bir yük ötürülməsini tələb edəcək daha radikal ABŞ geri çəkilməsinin də xəbərçisi ola bilər. 2024-cü ildə Fransa, Almaniya, İtaliya və Polşa 2030-cu illərə qədər istifadəyə verilməsi gözlənilən, 1.000-2.000 kilometr mənzilə malik olduğu iddia edilən Avropa istehsalı qurudan buraxılan qanadlı raketin hazırlanması üçün Avropa Uzun Mənzilli Zərbə Yanaşmasını işə salıb. Artıq İsveç, Niderland və Birləşmiş Krallığın da qoşulduğu bu təşəbbüs vasitəsilə avropalılar təcili imkan boşluğunu aradan qaldırmağı və “ittifaq daxilində daha yaxşı yük bölgüsünü təmin etməyi” hədəfləyirlər.


Avropadan daha çox uzun mənzilli zərbə sistemi yoldadır: Britaniya-Fransa (-İtaliya) birgə istehsalı olan Gələcəyin Qanadlı/Gəmi Əleyhinə Silahının dənizdən və havadan buraxılan versiyalarının müvafiq olaraq 2028 və 2030-cu illərdə istifadəyə verilməsi gözlənilir. Bu iki ölkə 1.600 kilometrdən artıq məsafədə yerləşən hədəfləri vurmaq qabiliyyətinə malik olacaq. Eyni zamanda Almaniya hökuməti 2029-cu ildən etibarən istifadəyə verilməsi planlaşdırılan, artırılmış mənzil, dəqiqlik və partlayıcı gücə sahib yeni nəsil “Taurus Neo” raketinin hazırlanması üzərində işləyir. Bu son səylərə baxmayaraq, Avropanın uzun mənzilli raket imkanları hələ də məhduddur. Soyuq müharibədən sonra avropalılar ordularına böyük investisiyalar yatırmaqdan imtina etməklə yanaşı, əsasən münasib əməliyyat mühitlərində fəaliyyət göstərmələrinin yetərli olacağı fərz edilirdi. Nəticə etibarilə hava qüvvələri yaşayış məntəqələrində fəaliyyət göstərən nizamsız qüvvələrə qarşı istifadə üçün məhdud partlayıcı gücə malik bombaların və qısa mənzilli raketlərin tədarükünə üstünlük verib. Rusiya ilə yüksək intensivlikli qarşıdurmanın hökm sürdüyü hava məkanının əməliyyat fərziyyəsi olduğu bir münaqişədə bu cür silahların istifadəsi məhdud qalacaq.

Rusiyanın Ukraynaya orta mənzilli ballistik raketlər buraxması Qərb ölkələrini Soyuq müharibənin sonunda istifadəsi qadağan edilmiş IRBM-lərin yenidən inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirməyə məcbur edir. Qərb bu təhdidi son dərəcə ciddi qəbul edir. “Avropa Müdafiəsi üzrə Ağ Kitab - Hazırlıq 2030” sənədində deyilir: “Avropa kəskin və artmaqda olan bir təhdidlə üz-üzədir. Sülhü təmin etməyin yeganə yolu bizə zərər vermək istəyənləri çəkindirməyə hazır olmaqdır”. Bu məqsəd praktiklik tələb edir. Ukrayna, İsrail və Pakistandakı son əməliyyat təcrübələri açıq şəkildə göstərir ki, qanadlı raket əsaslı həllər ballistik həllərlə müqayisədə daha üstün texnoloji-əməliyyat effektivliyinə malikdir. Bu, ballistik sistemləri qəti şəkildə istisna etmir, lakin Avropanın özünü sürətlə, böyük miqyasda və məqbul xərclərlə silahlandırmaq kimi təcili zərurətləri nəzərə alındıqda, hazırda inkişaf mərhələsində olan qanadlı raket həlləri qədər qabiliyyətli və effektiv yeni ballistik silahların hazırlanmasının real olmadığını vurğulayır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ballistik-raket   PUA  


Bizi "telegram"da izləyin