Ordu.az xəbər verir ki, bunu Türkiyə Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) baş direktoru Mehmet Demiroğlu deyib.
Məlumata görə, İndoneziya prezidenti Prabovo Subianto da Türkiyəyə səfəri zamanı layihədə iştirak etmək arzusunu ifadə edib.
“Birdən çox ölkə ilə “Kaan” üzrə işimiz dövlət səviyyəsində, şirkət səviyyəsində və hər səviyyədə davam edir. İndoneziya bunu dövlət başçısı səviyyəsində bildirdi, danışıqlarımız davam edir. Onların bu layihədə hansı üsulla, hansı modellə, hansı səviyyədə iştirak edəcəklərini müzakirə edəcəyik. Texniki qruplar gedəcək, mən 2 həftə sonra gedəcəm”, - deyə Demiroğlu qeyd edib.
Xatırladaq ki, İndoneziya prezidenti Prabovo Subianto ötən ay Türkiyəyə rəsmi səfər edib. Səfər zamanı o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib. “Qlobal cənubun liderləri, strateji tərəfdaşlar olaraq yeni qlobal nizamın yaradılması üçün məsuliyyət daşımalıyıq”, - deyə Subianto bildirib.
Subianto Türkiyənin müdafiə sənayesi layihələri ilə maraqlandığını deyib: “5-ci nəsil milli döyüş təyyarəsi “Kaan” layihəsində iştirak etmək istəyirik. Eynilə sualtı qayıq layihələrində də iştirak etmək istəyirik. Türkiyənin müdafiə sənayesindən faydalanmaq istəyirik”.
Sevinc Əliyeva
Ordu.az