Kəşfiyyat hesabatı: Səudiyyə Ərəbistanı gizli şəkildə Rusiyanın “Pantsir-S1” HHM sistemlərini sifariş edib

2025/01/1738043967.jpg
Oxunub: 595     16:00     28 Yanvar 2025    
Rusiyanın Pantsir-S1 Hava Hücumundan Müdafiə (HHM) sistemləri 2023-cü ildə gizli şəkildə Səudiyyə Ərəbistanına təhvil verilib.

Ordu.az xəbər verir ki, bu vəziyyət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatları Layihəsi (OCCRP) tərəfindən Rusiyanın holdinq şirkəti “Roselectronics”dən sızdırılan sənədlər əsasında hazırlanan kəşfiyyat hesabatı ilə ortaya çıxıb.

Sözügedən holdinq Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə “Pantsir-S1” zenit-raket və silah sistemlərinin tədarükü üçün 2021-ci il aprelin 8-də imzalanmış 2,2 milyard avroluq müqavilənin icrasında iştirak edir.

Hesabata görə, müqavilə beş illik müddəti əhatə edir, Səudiyyə Ərəbistanına 39 ədəd “Pantsir-S1” döyüş vasitəsi, 10 ədəd mobil batareya komanda mərkəzi və zenit raketlərinin tədarükünü ehtiva edir.

Səudiyyə tərəfi müqavilə üzrə 326 milyon avroluq ilk ödənişi 2021-ci ilin avqustunda edib.

Hesabata görə, “Pantsir-S1M” HHM sisteminin tədarükü 2023-cü ildə başlayıb. Sistemlər “Remdiesel” istehsalı olan zirehli kabinəyə sahib KAMAZ-53958 (8×8) şassisi üzərində təhvil verilir.

Həmçinin, hesabata görə, Rusiya tərəfi Səudiyyə Ərəbistanına “Pantsir-S1M” “yer-hava” raket sistemi üzrə gələcək əməkdaşlıq üçün 3 saziş layihəsi təqdim edib.

Məlumata görə, birinci layihədə Səudiyyə Ərəbistanında xidmət obyektlərinin inşası, ikinci layihədə isə Ciddədə personal hazırlığı üçün təlim mərkəzinin yaradılması nəzərdə tutulurdu.

Üçüncü layihə Səudiyyə Ərəbistanında “Pantsir” və sursat istehsalı üçün əhəmiyyətli yerliləşdirməni təmin edəcək obyektin inşasını nəzərdə tuturdu. Lakin bu müqavilələrin imzalanıb-imzalanmadığı bəlli deyil.

2024-cü ildə Hindistan da Rusiya ilə birlikdə yeni “Pantsir” zenit-raket və silah sisteminin yaradılmasında maraqlı olub. “Pantsir”in yeni versiyasının Hindistanın artilleriya bölmələrində olan sovet istehsalı “Tunguska” və “Shilka” sistemlərini əvəz etməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Rusiya   Pantsir-S1  


Bizi "telegram"da izləyin