“Leonardo” və “Baykar” müdafiə sənayesində güclü əməkdaşlığa doğru irəliləyir

2025/01/1737958380.jpg
Oxunub: 568     16:11     27 Yanvar 2025    
İtaliyanın aparıcı aviasiya və müdafiə sənayesi şirkəti “Leonardo”nun Baş direktoru Roberto Cinqolani öz texnologiyaları ilə Türkiyənin “Baykar” şirkətinin inkişaf etdirdiyi texnologiyalar arasında çox güclü tamamlayıcılığın olduğunu deyib.

Ordu.az xəbər verir ki, istehsal etdiyi pilotsuz uçuş aparatları ilə dünya miqyasında adından söz etdirən və son olaraq 2024-cü ilin sonunda İtaliyanın köklü aviasiya şirkəti “Piaggio Aerospace”i satın alaraq, diqqətləri üzərinə çəkən “Baykar” xüsusilə İtaliyada maraqla izlənilir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna görə, dünyanın 13-cü və Avropanın 2-ci ən böyük müdafiə şirkəti olan “Leonardo”nun Baş direktoru İstanbulda “Baykar”a etdiyi maraqlı səfərdən sonra şirkətin Romadakı qərargahında jurnalistlərə açıqlama verib.

“Baykar”dakı həmkarlarımızla bir neçə aydır danışıqlar aparırıq, ona görə də bu müzakirələr “Piaggio”dan əvvəl başlayıb. Əvvəllər də səfərlər olub. Ötən həftəki səfərimiz son dərəcə maraqlı oldu, çünki biz İstanbuldakı obyektdə olduq. Biz daha çox texniki müzakirələr apardıq, məhsul və texnologiyaları çox ciddi və operativ şəkildə inkişaf etdirmək imkanlarını araşdırırıq”, - deyə o qeyd edib.

Cinqolani bildirib ki, “Leonardo”nun texnologiyaları ilə “Baykar”ın texnologiyaları arasında çox güclü tamamlayıcılıq var.

“Baykar”dakı həmkarlarımızla birlikdə bəzi işlər görsək, həqiqətən də insansız sistemlərdə irəliyə doğru sıçrayış edə biləcəyimizi və xüsusilə Avropada yeni bazar sahələri aça biləcəyimizi gördük. Ona görə də bu görüş çox əhəmiyyətli idi və biz yaxın günlərdə yenidən görüşməyə razılaşdıq. Çox gərgin işləməyə davam edirik”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leonardo   Baykar  


Bizi "telegram"da izləyin