Hərbi əməliyyatların başlanması silahlı mübarizənin yenilməz qanunlarını hərəkətə gətirir və onlara riayət olunmasını tələb edir. Bütün qanunlar kimi bu qanunlar da obyektivdir, insaneların iradə və zəkasından asılı olmayaraq mövcuddurlar və həmin qanunlara riayət edilməməsi məntiqi olaraq ordunun məhvinə, dövlətin isə məğlubiyyətinə yol aça bilər. Mürəkkəb ictimai tarixi hadisə olan müharibənin və silahlı mübarizənin xarakterinin və məzmununun aydın dərk edilməsi üçün bu qanunauyğunluqların mahiyyətinə nüfuz etməyin böyük əhəmiyyəti var. Onlar müharibələrin meydana gəlməsinin, aparılmasının və başa çatdırılmasının ümumi tərəflərini əks etdirir. Mahiyyət etibarilə bütün müharibələrin arasında bir ümumilik, oxşarlıq var və onların düzgün təhlili üçün ilk növbədə müharibənin qanunauyğunğuqları öyrənilməlidir. Ancaq müharibələr arasında mahiyyətcə bir oxşarlıq, ümumilik olmasına baxmayaraq xarici əlamətlərinə və təzahür xüsusiyyətlərinə görə bir-birinin oxşarı olan müharibə tapmaq mümkün deyil. Belə fərqlilik bir çox tarixçilərə müharibənin sabit qanunlarının olmasını inkar etməyə əsas versə də əslində bu mütəhərriklik elə müharibə qanunlarının öz daxili xarakterindən doğur.
Məlumdur ki, ictimai-tarixi hadisələr, o cümlədən də hərbi-tarixi hadisələr mütləq eyni şəkildə təkrar olunmur. Onların yalnız hərəkətverici qüvvələrində bir oxşarlıq tapmaq və ümumiləşdirmələr aparmaq mümkündür. Hərb tarixindən də məlumdur ki, müharibə aparan tərəflər həmişə bir çox obyektiv şərtlərlə qarşılaşmalı olur. Bunlar hansılardır? Birincisi, müharibə aparan tərəflər yalnız aid olduqları cəmiyyətin daxili iqtisadi potensiala və imkanlara uyğun olaraq verə bildiyi maddi vəsait, texnika və canlı qüvvə ilə kifayətlənməyə məcburdurlar. İkincisi, vuruşan tərəflər mövcud ictimai və iqtisadi münasibətlərlə, hərbi şəraitlə müəyyənləşən konkret siyasi və hərbi məqsədlər uğrunda mübarizə aparırlar. Üçüncüsü, vuruşan tərəf qarşı tərəfin əks fəaliyyəti ilə rastlaşmalı olur. Dördüncüsü isə vuruşan tərəflər müəyyən xarici amillərlə - məkan, zaman, metroloji və s. amillərlə hesablaşmalı olurlar.
Bütün bu sadalanan xüsusiyyətlər əsasında vuruşan tərəflərin iradəsindən və istəyindən asılı olmayaraq mövcud olan müharibə qanunlarının əsas əlaqələrini və zəruri həlqələrini izləmək mümkündür. Bu qanunların obyektivliyi heç də onların elm tərəfindən nə dərəcədə öyrənilməsindən, insanlar tərəfindən nə səviyyədə başa düşülməsindən asılı deyil. Qanunlar elm və ayrıayrı subyektlər tərəfindən təsdiq edilməsindən asılı olmayaraq mövcuddur və onların subyektiv şəkildə ləğv etmək və ya aradan qaldırmaq mümkün deyildir. Əksinə, onların tələblərinə riayət edilməməsi, praktiki fəaliyyətdə rəhbər tutulmaması acı nəticələrə gətirib çıxara bilər. Müharibə qanunlarının obyektiv xarakteri başqa qanunlar kimi xüsusən özünü o zaman qabarıq hiss etdirir ki, insanlar onların əksinə gedirlər və bununla da qarşıya qoyulan məqsədə çata bilməyib uğursuzluğa düçar olurlar. Lakin müharibənin başlaması ilə ona qədərki siyasətə son qoyulmur, yalnız başqa vasitələrlə davam etdirilir. Cəmiyyətin inkişafında özünü göstərən qanunlar da yeni şəraitə uyğunlaşaraq müharibənin qanunları ilə qarşılıqlı əlaqədə təzahür edir.
Müharibə qanunauyğunluqlarını şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq mümkündür:
1) Müharibələrin meydana gəlməsini, onların məqsədlərini və həmçinin müharibələrə siyasi rəhbərliyin iqtisadi və siyasi şəraitdən asılılığını müəyyənləşdirən qanunauyğunluqlar;
2) Müharibələrin gedişinin və başa çatdırılmasının qüvvələr nisbətindən (iqtisadi, elmi-texniki, mənəvi, hərbi) asılılığını ifadə edən qanunauyğunluqlar;
3) Silahlı mübarizənin gedişi və başa çadırılmasının hərbi əməliyyatların aparılması üsullarından asılılığını ifadə edən qanunauyğunluqlar;
4) Hərbi əməliyyatların aparılması üsullarının onların inkişafından və yeniləşməsindən asılılığını ifadə edən qanunauyğunluqlar.
Hərbi ədəbiyyatda müharibənin qanunauyğunluqlarının başqa şəkildə də, başaq forma və əlamətlərinə görə də qruplaşdırılmasına da rast gəlmək mümkündür. Mütəxəssislərin fikrincə, yuxarıda sadalanan qanunauyğunluqların içərisində birinci və ikinci qanunauyğunluqlar daha üstün rola malikdirlər və onların düzgün həlli ilə müharibənin gedişinə həlledici təsir göstərmək mümkündür. Ancaq, bu heç də digər qanunauyğunluqların rolunun kiçildilməsi, diqqətdən qaçırılması kimi qəbul edilməməlidir.
Beləliklə, müharibələrin meydana gəlməsi onu başlayan dövlətlərin daxili və xarici siyasətləri ilə birbaşa bağlıdır və bu bağlılıq özünü aşağıdakı şəkildə təzahür etdirir: birincisi, müharibə və onun əsas atributu olan silahlı mübarizə siyasətin davamıdır. Bəzi dövlətlər qarşılarına qoyduqları məqsədə dinc yolla çata bilmədikdə siyasətin zorakı vasitələrinə əl atıb müharibə seçimi edirlər. Burada bir cəhət də nəzərə alınmalıdır ki, müharibənin başlanması dolayı yolla təcavüzə məruz qalan dövlətin tutduğu mövqedən də asılıdır. Təcavüzə məruz qalan tərəf siyasi mənafelərinin qorunması üçün düzgün daxili və xarici siyasət yeridərsə, təcavüzkarın cilovlanması üçün lazımi işlər görə bilər. Ölkə daxilində müdafiə işlərini düzgün təşkil etməklə təcavüzü zəiflətmək və ya düşmən tərəfdə təcavüzün mənasızlığına yəqinlik yaratmaq olar. Xarici siyasətin düzgün qurulması nəticəsində isə müttəfiqlər taparaq onların hərtərəfli köməyinə arxalanıb təcavüzkarı təkləmək və beləliklə, müharibə kəsinin qarşısını almaq olar. Azərbaycanın cəlb olunduğu müharibənin nəticələri göstərir ki, Ermənistanın işğalçılıq müharibəsinə başladığı dövrdə respublikamızda buna qarşı konkret və ciddi tədbir görülməmişdi və bu da məntiqi olaraq müharibəyə gətirib çıxardı.
Müharibənin siyasətlə bağlılığı bir də onda özünü göstərir ki, müharibənin sosial xarakteri, onun ədalətli və ədalətsiz olması müharibəyə gətirib çıxaran siyasətin xarakteri ilə müəyyənləşir. Bu bağlılıq müharibənin mahiyyətini, onun hərəkətverici qüvvələrini və mənbəyini araşdırmağa daha geniş zəmin yaradır.
Mehman Süleymanov, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik
Ordu.az