Qanlı Yanvarda doğulan şəhidimiz: “Ad günümə 100-lərlə şəhidimiz öz qanlarıyla müstəqillik hədiyyəsi bəxş edib”

2019/01/50544-1548051984.jpg
Oxunub: 9582     10:18     21 Yanvar 2019    
“Mənim hər il olan ad günümü siz yüksək səviyyədə qeyd eləmisiniz. Amma, indi ad günümə 100-lərlə şəhidimiz öz qanlarıyla bir müstəqillik hədiyyəsi bəxş ediblər. İnciməyin onların mənə yadigar qoyduğu bu ad günü hədiyyəsini mən öz əməllərimlə saxlamağa borcluyam. Mən ad günümü daha sizin keçirdiyiniz kimi yox, şəhid olan qardaş bacılarımızın qanını almaqla keçirəcəyəm”.

O, 20 yanvar tarixində dünyaya gəlib. Hər il özünəməxsus ad günü keçirərdi. Lakin, 19 yaşından sonra o öz doğum gününü mənim “Qara-qara ad günüm” deyə adlandırıb. Qarşısına qoyduğu əsas məqsəd isə Qanlı Yanvar hadisələrinə səbəb olan düşməndən bacardıqca çox qisas almaq idi.

Ordu.az Qanlı Yanvar tarixində dünyaya göz açan şəhid, Natiq Sevindik oğlu Əliyevin həyat yolunu təqdim edir.

Natiq Sevindik oğlu Əliyev 1971-ci ildə Ağdərə rayon Sırxavənd kəndində anadan olub. 1989-cu ildə Sovet ordusu sıralarında xidmətə başlayıb. Xidmətini başa vurmağa bir neçə ay qalmış 1990-cı il Bakı şəhərində baş verən Qanlı Yanvar hadisələrini eşidir. Ailə üzvlərinin bildirdiyinə görə, 20 yanvar hadisələrindən sonra xidmət etdiyi hərbi hissəni tərk edəcəyi barədə komandir heyətinə məlumat verir. Bu fikirindən sonra, bir neçə gün onu əsgərlərin intizam kamerasına salırlar. Lakin, bu tənbeh tədbiri Natiqi öz fikirindən döndərə bilmir. O, intizam kamerasından çıxandan sonra, bir neçə azərbaycanlı əsgərlə birgə hərbi hissəni tərk edir.


“1989-cu ildə hərbi xidmətə gedib. Hərbi xidmətinin bitməsinə bir neçə ay qalmış eşidib ki, Bakıda 20 yanvar hadisələri baş verib. Natiq hərbi xidmətini Rus ordusunda yarımçıq qoyaraq, Azərbaycana gəlib. Onun hərbi hissədə olmadığını fevralın əvvəlində eşitdik. Bir neçə yerə soraq elədik. Sonra o vaxtı Biləcəridəki çağırış məntəqəsində gedəndə dedilər ki, Natiq burda qeydiyyata düşüb, Azərbaycan ordusu sıralarına yazılmaq istəyir. Ona tövsiyyə olunub ki, o özünümüdafiə batalyonuna yazılsın. Heç ataya-anaya deməmiş, Natiq, həqiqətən, getdi və bizim Azərbaycan ordusuna yazıldı”, - deyə ailə üzvü Gilas Əliyeva bildirib.

Bu məlumatı aldıqdan sonra valideynləri arxayın olsalar da, onun hansı istiqamətdə olan özünümüdafiə dəstələrində olduğunu bilmirdilər. Bir neçə gündən sonra isə o özü evə gəlir. Ailə üzvləri deyir ki, valideynlərinin ondan niyə hərbi hissəni tərk etməsi sözlərinə onun verdiyi cavab hamını göz yaşına boğub. Bundan sonra isə heç kim onun qərarına qarşı çıxmayıb.

“Mənim hər il olan ad günümü siz yüksək səviyyədə qeyd eləmisiniz. Amma, indi ad günümə 100-lərlə şəhidimiz öz qanlarıyla bir müstəqillik hədiyyəsi bəxş ediblər. İnciməyin onların mənə yadigar qoyduğu bu ad günü hədiyyəsini mən öz əməllərimlə saxlamağa borcluyam. Mən ad günümü daha sizin keçirdiyiniz kimi yox, şəhid olan qardaş bacılarımızın qanını almaqla keçirəcəyəm”, - deyə o cavab verib.


Natiq həmin vaxtlardan başlayaraq, bir müddət Ağdam, daha sonra isə öz kəndlərində formalaşan ərazi özünümüdafiə batalyonunda xidmətini davam etdirir. O xidməti dövründə Qarabağ bölgəsində fərqli istiqamətlərdə aparılan döyüş əməliyyatlarda iştirak edir.

Əliyev Elşən şəhidin qardaşı: “Nərgiztəpə uğrunda gedən döyüşlərdə, Daşbaşı əməliyyatında uğurlu əməliyyatlar keçirib. Orada çoxlu sayda erməni məhv ediblər. Natiqin döyüş yolları Vəngə qədər gedib. Yəni Natiq Vəng əməliyyatında, Dovşanlı, Çıldıran əməliyyatında çox uğurlu döyüş yolu keçib”.

Bir çox döyüş əməliyyatlarında iştirak edən Natiq Əliyev xidməti dövründə nizam-intizamlı olması ilə də seçilib. O, 1994-cü ilin may ayında Ağdərənin Həsənqaya kəndi uğrunda gedən döyüşlərdə şəhid olur.


Oruc Kərəmli döyüş yoldaşı: “Biz Ağdərədən Umudlu kəndinə gedən yolun üstündə mövqelərimizi tutub dayanmışdıq. Bir neçə istiqamətdən ermənilərin hücumlarını qətiyyətlə dəf etməyə nail olduq. Ermənilər bu istiqamətdə bizi keçə bilməyəcəklərini görüb taktikanı dəyişdilər. Onlar Qırmızı kənd istiqmətində keçərək bizi mühasirəyə saldılar. İki gündə bu cür müqavimət göstərməyə davam elədik. Sonra bizə rabitə ilə məlumat verdilər ki, kömək göndərmək olmur, bacarıb çıxmalıyıq. Bizim patronlarımız da azalmışdı. Bütün gücümüzü toplayıb son həmlə ilə mühasirəni yarıb çıxdıq. Həmin vaxt o istiqamətdə 6 şəhidimiz oldu. Onlardan biri də Natiq idi”.

Erməni hücumunu dəf edərkən qəhrəmancasına şəhid olan Natiq Əliyevin meyiti 2 ay, 5 gün ermənilərin girovluğunda qalır. Uzun aparılan danışıqlardan sonra meyiti alınan şəhidimiz, Bərdə şəhidlər xiyabanında dəfn edilib.

O, “İgidliyə görə” medalı ilə təltif edilib.


Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: 20Yanvar   Natiq-Əliyev  


Bizi "telegram"da izləyin