MK/QİO ilə işğalçı qoşunların say tərkibi, silah və hərbi texnikasına BAXIŞ (FOTOLAR) - I Yazı

2018/09/456546_1536938698.jpg
Oxunub: 2578     14:58     15 Sentyabr 2018    
Müsəlman Korpusu və Qafqaz İslam Ordusunun say tərkibi

Müsəlman Korpusunun strukturu təsdiq ediləndə onun tərkibində 30-40 min döyüşçünün olacağı nəzərdə tutulurdu. Hərbi mükəlləfiyyət görməyən, əhalisinin əksər hissəsi hərbi xidmətdə olmayan, zabit kadrları, silah və sursat sarıdan korluq çəkən ölkədə bu sayda qüvvəni təşkil etmək üçün azı 4-5 il vaxt tələb olunurdu. Əslində isə hərbi hissələrə ilk zabit və əsgərlər gələndə, az da olsa silahla təmin edilir və döyüşə göndərilirdi.

Nəticədə 1918-ci ilin martında Müsəlman Korpusunun Azərbaycan ərazisinə səpələnmiş hərbi hissələri tərkibində 3 minə yaxın döyüşçü ehtimal ki, bir о qədər də erməni-bolşevik təcavüzünə qarşı mübarizə aparan ayrı-ayrı könüllü dəstələr olub. Bütün bu qüvvələr arasında yeganə yaxşı təşkil edilmiş hərbi hissə Tatar süvari alayı idi ki, onun da tərkibində 500-dən artıq döyüşçü var idi.


1918-ci ilin aprelində erməni-bolşevik qoşunlarına qarşı Maqalovun dəstəsində təxminən 2 min nəfər, İsmayıl xan Ziyadxanlının dəstəsində təxminən 3 min nəfər, Bakıdan çıxan könüllülər, Quba, Xaçmaz, Dəvəçi könüllüləri cəmi 1-2 min nəfər təşkil edirdilər. N.Qosiskinin göndərdiyi qüvvələrə polkovnik Cəfərov rəhbərlik edirdi. Azərbaycanın qərb sərhədlərində - Naxçıvan, Zəngəzur və Qarabağda ayrı-ayrı könüllü dəstələr olub. Onlar Dro, Njde və Andranikin erməni dəstələrinə qarşı vuruşduğundan Bakı istiqamətinə cəlb oluna bilməzdilər. Pərakəndə halda, bir-birləri ilə əlaqəsi olmayan qüvvələr, əlbəttə ki, ordu sayıla bilməzdi. Azərbaycana gələn Nuru paşa yazırdı ki, Müsəlman Korpusunun uğursuzluqlarına baxmayaraq könüllülər toplanır. Onların sayı 1000-ə yaxındır. Bir çox yerlərdə əhali I Dünya müharibəsində rus ordusu tərəfindən əsir götürülmüş türk zabit və əsgərlərini azad etmişdilər ki, onlar da yerli dəstələr təşkil etmişdilər. Bəzi yerlərdə belə dəstələrin tərkibində 2 minə yaxın könüllü vardı. 1918-ci ilin əvvəllərinə 3-cü ordunun tərkibində 45 min döyüşçü var idi.

Qafqaz İslam Ordusunun say tərkibini müəyyənləşdirərkən türk və Azərbaycan hissələrinin ştatlarına əsasən döyüşçülərin sayını müəyyən etmək doğru olmazdı. 5-ci Qafqaz firqəsində 330 zabit, 7403 əsgər (5277-si döyüşən hissələrdə) var idi, lakin firqə Azərbaycana hissə-hissə gələrək elə döyüşlərə də hissə-hissə qatılırdı. Eləcə də Azərbaycan hissələrinin sayı döyüşlər nəticəsində azad edilən ərazilərin əhalisinin hesabına artırdı. Nəzərə almaq lazımdır ki, ilk döyüşlərdən sonra orduda sadə say artımını həyata keçirmək qarşıya qoyulan əsas məqsəd deyildi, çünki toplananları silahlandırmaq, təşkil etmək, təmin etmək, öyrətmək lazım idi. Bütün bunlar isə tədricən həyata keçirilirdi.


Sovet tarixçisi A.Kadişev QİO tərkibində azərbaycanlıların sayının 5 min nəfər olmasını göstərir. Bolşevik-erməni, ingilis kəşfiyyatının məlumatlarını, eyni zamanda Osmanlı hərbi sənədlərini və mövcud tədqiqat materiallarını təhlil edərək M.Süleymanov sübut edib ki, iyul ayında QİO tərkibində azı 4-5 min azərbaycanlı var idi. Araşdırmalar göstərir ki, artıq 1918-ci ilin iyun-iyul döyüşlərində ümumi sayı 10 min nəfər olan Qafqaz İslam Ordusunun 6 min döyüşçüsü osmanlı, 4 mini isə azərbaycalı türkü idi. Sentyabrın əvvəllərində bu rəqəm daha da artmışdı.

Belə ki, Nuru paşanın avqustun əvvəllərində həyata keçirdiyi struktur dəyişikliyi azərbaycanlıların sayının artmasına dəlalət edir. Ştata əsasən Azərbaycan piyada alayında 61 zabit, 2700 əsgər olmalı idi. Ştatların tam dolmamasını nəzərə alsaq belə təşkil edilən iki Azərbaycan diviziyası (ən aşağı rəqəmləri götürsək: hər biri 1000-1500 nəfərlik 7 piyada alay), iki süvari alay (hər birində 200-300 nəfər) və topçu hissələrində avqustun əvvəllərinə azı 8-9 min döyüşçü olmalı idi. Düşmən tərəfinin (ingilis və erməni mənbələri) Bakıya hücum ərəfəsində Qafqaz İslam Ordusu tərkibində 14-15 min döyüşçünün olması haqqında məlumatları doğru hesab oluna bilər. Gəncədən Bakıyadək olan ərazilərdə yaradılmış postlar, hərbi məktəb, yerli dəstələr, Muğan qiyamçılarına qarşı dayanan könüllü dəstələrini nəzərə alsaq bu rəqəm daha da böyük olmalıdır. Üstəlik, Azərbaycanın qərb ərazilərindəki, həmçinin Naxçıvan, Zəngəzur və Qarabağdakı dəstələrin say tərkibi bu statistikaya daxil edilməyib.

Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının say tərkibi

1918-ci il martın əvvəllərində S.Şaumyan Moskvaya göndərdiyi teleqramda yazırdı kı, Bakı Sovetinin qoşunları 7 min bolşevik və 4 min erməni silahlısından ibarətdir.


B.Şeboldayev Sovet Rusiyası hərbi-dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubunda yazırdı ki, iyunun 10-da Bakı Sovetinin əsas zərbə qüvvəsi olan korpusda 4 atıcı briqada (12.000-13.000 süngü), 3 yüzlük süvari, topçu və çevik qüvvələr var. Bakı Sovetinə qoşulan L.Biçeraxovun dəstəsində isə 1500 nəfərdən çox döyüşçü var idi.

İyulun 1-nə olan vəziyyəti təsvir edən general Denstervilin qeydlərinə görə, vuruşan Qırmızı Ordunun sayı azı on minə çatırdı. Bununla yanaşı, iyulun 19-da Petrovun 780 nəfərlik dəstəsi Bakıya gəldi.

İyulun sonlarında Bakı Soveti qoşunlarında vahimə dəhşət həddinə çatmışdı Q.Korqanovun teleqramları göstərir ki, Ələtdən geri çəkilən 1600 nəfərlik dəstədə 200 nəfər qalmış, digərləri isə fərarilik etmişdilər.

Avqustun 4-də ilk ingilis hərbi hissələri Bakıya gəlməyə başladı. Avqustun 17-də isə general Denstervil və onunla birgə bütün ingilis dəstələri Bakıya gəldi. Çoxsaylı ingilis qoşunları, tanklar və zirehli avtomobillər, möhtəşəm toplar və digər ağır texnika gözləyən Erməni Milli Şurasının və Sentrokaspi Diktaturasının nümayəndələri ingilislərin qüvvələrinin cüzi olduğunu görüb təlaşa düşdülər.


Azərbaycanda gedən döyüşlərdə ingilis qoşunlarının əsas taktiki bölməsi piyada bölüyü idi. Taqımlardan ibarət bölüklər üç yığma tabor şəklində toplansalar da əslində pərakəndə halda fəaliyyət göstərirdilər. General Denstervil bölükləri strateji əhəmiyyətli mövqelərdə yerləşdirmiş, onların cinahlarında və arxada erməni taborları üçün mövqelər seçilmişdi. Erməni taborlarını döyüşə sövq etmək üçün general hər birində 1 ingilis və 3 erməni taboru olan briqada təşkil etməyi planlaşdırsa da, bu planı həyata keçirə bilmədi.

Kral səhra artilleriyasının 8-ci batareyasını vahid şəkildə saxlayan general Sentrokaspi Diktaturasının batareyalarını ayrı-ayrı mövqelər arasında böldü. Eləcə də zirehli avtomobillər rus zirehli avtomobilləri ilə bir dəstədə toplanıb ən təhlükəli mövqelərə göndərildi. İngilislər həmçinin "Prezident Kryuger", "Kursk" və "Abo" gəmilərinə yiyələndilər. "Prezident Kryuger" nəqliyyat gəmisi Xəzərdə üzən bütün nəqliyyat gəmiləri sırasında ən sürətlisi olmaqla bərabər, böyük tutumlu idi və təsadüfi deyil ki, məhz burada Denstervil öz müvəqqəti qərargahını yerləşdirdi. О yazırdı: "Gəmidə mənim bütün qərargahım, kargüzarlar, dəftərxana və üstəlik 300 əsgər üçün otaqlar vardı; ehtiyac yarandıqda gəminin üst göyərtəsində daha 800 əsgər yerləşdirmək olardı. Gəmidə biz səhra radiostansiyasını da quraşdırdıq". Sonra ingilislər daha iki gəmi, "Ventyur" və "İqnati" gəmilərini əldə etdilər və onları silahlandırmağa başladılar. Bu gəmilərdə onlar özləri ilə gətirdikləri bir neçə dörddüymlük top yerləşdirməyə çalışsalar da, Bakını tərk edənədək bu işi sona çatdıra bilmədilər. Təxliyyə zamanı ingilislərdə olan beş gəminin beşi də Ənzəliyə aparılmışdı. İngilis dənizçilərinin sayı 160 nəfərdən ibarət idi.


Sentrokaspi Diktaturasına göndərdiyi məktubların birində general Denstervil qeyd edirdi ki, Bakının 15.000 fəal şəhər müdafiəçisi var. Onların döyüş səviyyəsi aşağı olsa da, yaxşı silahlanıblar. Lənkəranda rus əhalisindən toplanmış qüvvələr general Denstervillə əlaqə saxladı. Onların 5 min döyüşçüsü, bir neçə topu var idi. Lənkəran ingilislərə ərzaq və 2 kiçik gəmi bağışladılar və onlardan təlimatçılar istəyərək türk Azərbaycan qoşunlarına qarşı vuruşmağa hazır olduqlarını bildirdilər. Xəbəri razılıqla qarşılayan Denstervil dərhal Muğana bir neçə ingilis zabiti, həmçinin kapitan Stepanov və kapitan Qurlandı göndərdi. Lakin Qafqaz İslam Ordusunun gördüyü tədbirlər nəticəsində Muğandakı hissələr Bakıda olan hissələrlə birləşə bilmədi.

Avqustun 15-də Polkovnik Keyvortdan aldığı raportu şərh edən general Denstervil qeyd edir ki, "adamlar hər birində 150 nəfərdən 500 nəfərədək hərbçi olan 22 taborda cəmləşdiriliblər". Deməli, raporta əsasən, taborların heyətini 3300-11000 nəfər arasında hesab etmək olar. Avqustun 27-nə hazırlanan irimiqyaslı əks-hücum planından aydın olur ki, Sentrokaspi Diktaturasının kifayət qədər qoşunu var idi. Müdafiə mövqelərində dayanan qoşunlardan başqa bu qüvvələr hücumda iştirak etməli idi: bir piyada alayı (8 bölük tərkibində), 7 piyada taboru (14 bölük tərkibində), 37 piyada bölüyü, bir süvari bölüyü, 3 zirehli avtomobil. Lakin Qafqaz İslam Ordusu komandanlığının fəaliyyəti əks-hücumu təşkil etməyə imkan vermədi.


Şahidlərdən biri yazır ki, Bakıda zorla səfərbərlik keçirilsə də, toplanan əsgərlər rüşvətlə evlərinə buraxılırdı. Siyahıya görə, Sentrokaspi Diktaturasının 72 min əsgəri var idi ki, onlardan da 40 mininə silah paylanmışdı, reallıqda isə 3-4 min nəfər toplanmışdı. Osmanlı mənbələrinə əsasən, Bakıda son hücum ərəfəsində 12.500 döyüşçü var idi. Sentyabrın 14-də baş vermiş döyüşlərdə Sentrokaspi Diktaturasının 1647 əsgəri, 30 zabiti əsir götürüldü.

Müsəlman Korpusu və Qafqaz İslam Ordusunun silah və hərbi texnikası

Milli Azərbaycan hissələrinin yaradıldığı andan üzləşdiyi əsas problemlərdən biri müasir silahların çatışmazlığı idi. Müsəlman Korpusunun komandanı general-leytenant Ə.Şıxlinski öz xatirələrində yazırdı ki, "bizim əlimizdə silah, cəbbəxana... yox idi".


Əgər ərzaq və paltar çatışmazlığını milli burjuaziyanın səyləri nəticəsində aradan qaldırmaq mümkün olmuşdusa, silah və hərbi texnika ilə təchizat olduqca zəif idi. Gürcü və erməni milli hissələri hələ müharibə dövründə silahla təmin edilmiş, üstəlik 1917-ci ildə erməni diasporunun səyləri ilə Müvəqqəti Hökumətlə əlaqələr yaradılmış və erməni hərbçilər rus ordusunda hərbi vəzifələrdən çox təminat və təchizata cavabdeh olan vəzifələri tuturdular. Bolşeviklər hakimiyyətə gəldikdə də Qızıl Ordunun silah və sursatla təminatına cavabdeh olan idarələrdə ermənilərin sayı kifayət qədər idi. ZK, azərbaycanlı deputatların səylərindən sonra, bəzi rus hissələrinin silah və sursatlarının Müsəlman Korpusuna təhvil verməsi barədə qərar qəbul etdi. 1918-ci il yanvarın 7-də "Açıq söz" qəzeti yazırdı ki, yaradılmaqda olan Müsəlman Korpusu tədricən Rusiyanın keçmiş 6-cı ordu korpusunu (5-сi və 7-ci atıcı diviziyalar) əvəz etməlidir, bu korpusun silah və sursatı Müsəlman Korpusuna veriləcək. Əslində isə bu məsələ yubadılırdı. Yubadılmanın səbəbi bir tərəfdən rus hərbi hissələrinin bolşevik təbliğatına uyması və milli hissələrə silah verməməsi idisə, digər tərəfdən ZK-nın rus, erməni və gürcü deputatları rus hərbi hissələrindən Azərbaycan hissələrinə silah ayrılmasını qəsdən gecikdirirdilər. Silah çatışmazlığı problemini həll etmək üçün yeganə yol rus ordusunun anbarlarına hücumlar təşkil etmək idi.

A.Səfikürdski bildirirdi: "...Müsəlmanlar günahkar deyillər ki, komissarlıqda təmsil olunan hökumət öz borclarını yerinə yetirmədiyi bir halda, zorakı yolla silah əldə etməyə məcburdurlar...".


Nəhayət Zaqafqaziya Komissarlığından tərksilah prosesini həyata keçirmək üçün razılıq alındı və bu prosesdə Müsəlman Milli şuralarının könüllüləri ilə bərabər əsas rolu Tatar süvari alayı oynamalı idi. Lakin proses olduqca çətin gedirdi. Belə ki, 219-cu atıcı alay öz silahlarını Tatar süvari alayına təhvil verməli idi və bu barədə razılıq əldə edilmişdi. Lakin bolşeviklərin təbliğatı altına düşmüş alay bunu etməkdən imtina etdi. Təkcə Tatar süvari alayının qətiyyəti nəticəsində tərksilahı həyata keçirmək mümkün oldu, 11 pulemyot, 200-dən çox tüfəng, patronlar, yük arabaları, bir neçə əsgər mətbəxti və 40-a qədər minik atı ələ keçirildi. Lənkəranda 4-cü və 7-ci sərhəd alayları tərksilah edildi.

Kərim bəy Şaxtaxtinskinin rəhbərliyi altında olan Şahsevən dəstələri İrandan geri qayıdan rus hissələrinin bir qismini tərksilah edərək 6 pulemyot, 3 min tüfəng, 85 min patron, 10 yeşik bomba (qumbara) ələ keçirdilər. Yanvarın 15-də Şahsevən süvariləri Astara Sovetinin 60 nəfərlik dəstəsini tərksilah etdilər. Zaqafqaziya Komissarlığı hərbi hissələrin zabitləri ilə razılıq əldə edir, lakin bolşeviklərin təsiri ilə rus əsgərlərinin öz zabitlərinə qarşı çıxıb (bəzən isə öldürüb) komissarların dedikləri ilə oturub-durması razılaşmanı pozur, bu isə gözlənilməz hadisələrlə nəticələnirdi. Belə gözlənilməz hadisələrdən biri 1918-ci ilin yanvar ayının 8-10-da Şəmkir stansiyasında baş verdi. Şəmkir dəmir yolu stansiyasından bir neçə eşelonun silahları vermədən Bakıya keçəcəyi xəbərini alan Yelizavetpol Müsəlman Milli Komitəsinin üzvləri, Müsəlman Korpusunun komanda heyəti bu eşelonları tərksilah etmək qərarına gəldi. Başda polkovnik L. Maqalov olmaqla Tatar süvari alayı və polkovnik S. Əfəndiyevin rəhbərlik etdiyi 5-ci Yelizavetpol alayı silahları təhvil almalı idilər. Zaqafqaziya Komissarlığı hərbi hissələrlə razılığın əldə olunmasını bildirmiş, hər ehtimala qarşı bir zirehli qatar və 100 nəfərlik gürcü dəstəsi göndərmişdi. Başda milli ziyalılardan Ələkbər və Xudadat bəy Rəfibəyov qardaşları, A. Səfikürdski, X. Rüstəmbəyov olan Yelizavetpol Müsəlman Milli Komitəsinin bir çox üzvləri də tərksilahda iştirak etməli idilər.

Yanvarın 6-da Qarayazı dəmir yolu stansiyasına bir eşelon əsgər gəlmiş, Ukraynadan olan bu əsgərlər razılığa əsasən silahları bir vaqona toplayaraq təhvil vermiş, əvəzində ərzaq alaraq yola salınmışdılar. Dinc yolla tərksilahın başa çatması digər eşelonlarla da problemlərin olmayacağına ümid etməyə imkan verirdi. Lakin həmin Qarayazı stansiyasına gələn növbəti eşelon büsbütün bolşevik təbliğatına uymuş, nəinki öz silahlarını verməmiş, hətta əvvəlki eşelonun təhvil verdiyi silahları ələ keçirməyə cəhd etdi. ZK-nın göndərdiyi zirehli qatar eşelonun yolunu kəsmiş, knyaz Maqalov ukraynalılardan götürülmüş silahlarla Müsəlman Milli Komitəsinin üzvlərini silahlandırmışdı. Yanvarın 7-si, 8-i və 9-da danışıqlar aparılmış, danışıqları ZK adından polkovnik Maqalov və gürcü dəstəsinin komandiri ştab-rotmistr Abxazava aparmışdılar. Bu "müsəlmanlar silahları alandan sonra rusları qıracaqlar" deyən bolşevik təbliğatının qarşısını almalı idi. Dəmir yolu stansiyasında 10 eşelon düzülmüşdü. Bu eşelonlardakı canlı qüvvənin bütün növ silahlara, о cümlədən toplara malik olması nəticəsində əsgərlər nəinki ZKnın qərarı ilə razılaşmır, hətta onu tanımadıqlarını, zirehli qatarın və digər silahların da onlara verilməsini tələb edir, güc mövqeyindən çıxış edərək hətta danışıqlar üçün göndərilmiş parlamentyoru da girov kimi saxlayırdılar. Eşelonlardan birinin əsgərlərini yola gətirmək mümkün oldu, silahlar götürüldü, götürülmüş toplardan birini A.Səfikürdski Yelizavetpola apardı. Lakin digər eşelonlarla dil tapmaq mümkün olmadı, onlar zorla yolu açıb Bakıya doğru irəliləməyi planlaşdırırdılar. ZK-nın vəzifəli şəxslərindən olan N.Jordaniya hərbi rəhbərliklə telefon vasitəsi ilə danışıqlar aparmağa çalşsa da heç bir nəticə əldə olunmadı. Yanvarın 9-da danışıqlar kəskinləşdi və ilk atəş səsləri eşidildi. Rus əsgərləri dəmir yolu stansiyası və zirehli qatarı, ətraf Azərbaycan kəndlərini atəşə tutdular. Cavab atəşi açıldı, başlayan döyüşün gedişində bir neçə mərmi qonşu yolda dayanmış yanacaq eşelonuna dəydi və onu partlatdı. Partlayış və ondan sonra başlayan yanğın nəticəsində hər iki tərəfdən böyük itkilər oldu.


Stansiyada 3 hərbi eşelon, iki qatar (onlardan biri sərnişin qatarı) və ZK-nın zirehli qatarı sıradan çıxarıldı. Salamat qalan rus eşelonları yolu aça bilmədilər və hadisələri araşdırmaq üçün Şəmkirə göndərilən Zaqafqaziya Komissarlığının nümayəndə heyəti ilə (rəhbər kapitan Strelkovski) danışıqları davam etdirdilər. F.Xoyski, X. Xasməmmədov, X.Mə-likaslanov azərbaycanlı döyüşçülər və əhaliyə müraciət edərək təmkinli olmağa çağırdılar. Uzun danışıqlardan sonra eşelonlar 20 top, 70 pulemyot, 15.000 tüfəng təhvil verərək yola davam etdilər.

Hadisələri müsəlmanların azğınlığı kimi qələmə verməyə çalışan bolşevik mətbuatı günahı Zaqafqaziya Komissarlığı və azərbaycanlıların üzərinə atır. Bu münasibət sovet tarixşünaslığında da öz əksini tapıb. Rus tərəfinin itikiləri kitabdan kitaba artırılır və 1983-cü ildə çap edil-miş "SSRİ-də vətəndaş müharibəsi və xarici intervensiya" ensiklopediyasında maksimum həddə çatıb. Burada hadisələr "Şamxor qırğını" adlandırılıb və 5 minədək rus əsgərinin qırılması göstərilib.

M. Süleymanovun fikrincə, rus hərbi hissələrinin tərksilah edilməsi təkcə Müsəlman Korpusunu silahla təchiz etmək baxımından deyil, həm də bolşeviklərin öz hakimiyyətlərini Bakıdan kənara yaymaq cəhdlərinin qarşısının alınması baxımından da vacib əhəmiyyətə malik olub. Şəmkir-Bakı marşrutunda hərəkət edən, bolşevik təbliğatına uymuş eşelonlar dəmir yolu boyunca yerləşən əsas stansiyaları tutmaqla vəziyyəti bolşeviklərin xeyrinə dəyişə bilərdilər. Nəticədə onların qarşısını almaq qeyri mümkün olardı.

1918-ci ilin əvvəllərindən başlayraq rus hissələrinin tərksilah edilməsi prosesinə Tatar süvari alayının və formalaşmaqda olan MK-nın təzə yaradılan hissələrinin qoşulması nəticəsində iri hərbi hissələri tərksilah etmək mümkün olub. Şəmkir stansıyasında baş vermiş hadisələrdə də məhz onların sayəsində eşelonlar silahı təhvil vermək məcburiyyətində qalıb. Bir müddət silah təchizatında problemi olmayan Müsəlman Korpusu çox keçmədi ki, yenidən silah və sursata ehtiyac duymağa başladı. 1918-ci il mart-aprel aylarında bolşevik-erməni qüvvələrinə qarşı döyüşlər nəticəsində sursat tükənmişdi. Silahların ehtiyat hissələri olmadığından, iri təmir zavodu və emalatxanalarının Bakıda, düşmənin əlində cəmləşdiyindən silahlar sıradan çıxmağa başladı. Bakı Soveti qoşunları bütün lazım olanları Həştərxandan - Sovet Rusiyasından dəniz yolu ilə alırdılarsa Müsəlman Korpusunun hissələri itkiləri bərpa edə bilmirdilər. Xırdalanadək irəliləyən L.Maqalovun tabeçiliyində cəmi 4 top və 6 pulemyot var idi. Mart qırğınlarından sonra Zaqafqaziya hökuməti MK-na 100 min rubl, 2 təyyarə, 1 zirehli qatar, silah və sursat ayırmalı idi, lakin zirehli qatarın ayrılması ilə kifayətləndi.

N.Qosinskinin Azərbaycana gəlmiş dəstələrində də əsasən tüfəng və tapançalar var idi. 1918-ci ilin iyununda Bakı Soveti qoşunları qərbə, Gəncəyə doğru yürüşlərini genişləndirəndə Müsəlman Korpusunda silah və sursat problemi özünü yenidən kəskin şəkildə büruzə verdi. Əlimərdan bəy Topçubaşov Ənvər paşa ilə görüşündə demişdi ki, "Təcrübəli təlimatçılar olarsa, bizim əhalidən həm kəmiyyətinə, həm də keyfiyyətinə görə yaxşı qoşun təşkil etmək mümkündür. Ancaq bizdə silah, geyim və digər hərbi təchizat çatışmır".


Türk təlimatçıları ilə Azərbaycanda qoşun yaratmağı planlaşdıran Osmanlı komandanlığı Müsəlman Korpusunun hissələrini silahla təmin etmək üçün Osmanlı anbarlarında yığılmış rus silahlarından istifadə etmək istəyirdi. Ərzurum, Olti, Ərdəhan, Qars və Gümrü anbarlarında 11-12 min rus tüfəngi vardı. I Dünya müharibəsinin cəbhələrində qənimət kimi ələ keçirilən bu silahlar azərbaycanlı əhalinin bir qisminə tanış idi və təlim zamanı böyük problemlər üzə çıxmamalı idi, ən əsası isə bu silahlar üçün sur-satı elə Bakı Sovetinin anbarlarından götürmək və ya Bakı zavodlarında istehsal etmək olardı. Lakin real vəziyyətin daha ağır olması nəzərə alınaraq Azərbaycana Osmanlı hissələri yeridildi. Osmanlı ordusunun 5-ci piyada firqəsində döyüşçülərin əsas silahı maqazinli tüfənglər idi. Bundan başqa hər taborda 2 pulemyot (makinalı tüfəng) vardı. Alayın tərkibində 3 piyada taborun və bir pulemyot bölüyünün olması alayda pulemyotların sayını 12-ə çatdırmışdı. Firqənin üç piyada alayında 36 pulemyot mövcud idi. Rusiya ordusunda üç tabor nişançı alay şəklində birləşdirilərək ştatlara görə 36 pulemyotla təchiz olunmalı idi. Zəif iqtisadiyyatı olan Osmanlı dövləti ordunun ən müasir silahlarla təmin edilməsində böyük çətinliklərlə üzləşmiş, bu səbəbdən alay şəklində birləşdirilmiş üç tabor cəmi 12 pulemyota malik idi. Rusiya ordusunda üç alay nişançı briqada şəklində birləşdirilir və briqada ştatlara görə 144 pulemyotla təchiz olunmalı idi.

Beləliklə, Rusiya ştatlarına görə tərtib edilmiş üç piyada alayın 144 pulemyotuna Osmanlı ştatları ilə təchiz edilmiş üç piyada alayın 36 pulemyotu cavab verməliydi. Firqənin 5-ci Qafqaz səhra topçu alayı iki topçu taborundan ibarət olub (Şnayder topçu taboru və Dağ topçu taboru). Şnayder topçu taboru 1-ci və 2-ci batareyalar, Dağ topçu taboru 4-cü və 5-ci batareyalardan təşkil edilmişdi ki, hər batareyada dörd top olmaqla alayda 16 top mövcud idi. Rusiya ordusunda üç alay nişançı briqada şəklində birləşdirilir və briqadanın döyüş fəaliyyəti onun tərkibində olan 18 minaatan və 30 topla təmin edilirdi. Bakı Soveti qoşunlarında minaatanlar olmasa da, piyada briqadalarını kifayət qədər çoxsaylı artilleriya dəstəkləyirdi.

Osmanlı qoşunları Azərbaycana hissə-hissə gəlir və dərhal döyüşə göndərilirdi. İlk dəfə türk hissələrinin bolşeviklərlə toqquşması iyulun 16-da (Kürdəmir artıq tutulmuşdu) oldu (10-cu Qafqaz piyada alayı). Bu zaman hər türk əsgərinin cəmi 200 patronu var idi, sərf edilmiş sursatı bərpa etmək üçün patron və mərmi ehtiyyatı yox idi. Döyüşlərin gedişində bu özünü dərhal göstərdi. Üstəlik Müsüslü döyüşündə 2 dağ topu, 41 mərmi, 116 tüfəng itirilməsi qoşunların silah və sursatla təminatını daha çətinləşdirdi. Gürcüstandan keçən dəmir yolları almanların nəzarətində idi, onlar isə hərbi eşelonların hərəkətlərini yubadır, quru yolla göndərilən silah və sursat karvanları ləng hərəkət edir və üstəlik talanma halları ilə rastlaşırdılar.

Osmanlı qoşunlarında olan top və tüfənglər alman və ya Avstriya-Macarıstan istehsalı olduğundan qənimət kimi ələ keçirilmiş sursatdan istifadə etmək olmurdu. Belə şəraitdə çıxış yolu axtaran Osmanlı komandanlığı 5-ci firqənin hər piyada alayının 3-cü taborunda mauzer tüfənglərini yığıb, rus tüfəngləri ilə əvəz etdi.


Artilleriya hissələrinin ştatlarına rus topları ilə silahlanmış Azərbaycan heyətləri əlavə edildi. Qoşunlar Bakıya doğru irəlilədikcə onların təminatı çətinləşirdi. Ağstafaya gətirilən sursat dəmir yolu vasitəsi ilə döyüş bölgəsinə göndərilirdi. Ancaq vaqon və parovozların azlığı bu işi ləngidirdi. Xüsusi Azərbaycan Korpusu və Azərbaycan könüllü dəstələrinin silahla təminatında da problemlər mövcud idi. Hər könüllüyə yığma məntəqəsinə öz silahı ilə gəlmək tövsiyyə edilir, bu isə onların sursatla təminatında problemlər yaradırdı: əsasən köhnə sistemli tüfənglərlə silahlanan əhalidə müxtəlif çaplı və növlü silahlar var idi. Osmanlı dövlətində olan anbarlardan rus silahlarının bir qisminin Azərbaycana gətirilməsi vəziyyəti nisbətən yaxşılaşdırdı. Hətta bilavasitə döyüşlər gedən ərazidən uzaq olan, lakin erməni-bolşevik təcavüzü ilə üzləşə bilən ərazilərin əhalisinə də silah paylamaq mümkün oldu (300 tüfəng Şəki, Padar, Xaçmaz, Qutqaşın, Axtı kəndlərinə paylandı). Ərazilər azad edildikcə könüllülərin sayı artdığından silahla təminat problemi yenidən üzə çıxırdı. Belə ki, 4-cü Azərbaycan alayının 1-ci taborunda 665 nəfərə 581 tüfəng, 2-ci taborunda 662 nəfərə 414 tüfəng düşürdü, bu isə kifayət etmirdi.

Bakı uğrunda döyüşlərdə Maştağada toplaşmış könüllüləri silahlandırmaq üçün Ağdaşda yaradılmış könüllü dəstələrdən silahlar yığıldı. Azərbaycan alaylarının pulemyot bölükləri rus pulemyotları, artilleriya hissələri isə rus topları ilə silahlanmışdı. Bu hissələrin yüksək döyüş səmərəliliyi onların sayının artırılmasına və Osmanlı hissələrinə daxil edilməsinə səbəb oldu. QİO-nun yeganə zirehli qatarı vaxtilə ZK-nın L.Maqalovun dəstəsinə göndərilmiş qatar idi. О sənədlərdə "Azərbaycan zirehli treni" kimi göstərilir. Onun heyəti bütünlüklə azərbaycanlılardan ibarət idi, komandiri İ.İsrafilbəyov hətta Osmanlı medalı ilə də təltif edildi.

Döyüşlərdə qənimət kimi ələ keçirilən bir neçə rus və bir ingilis zirehli avtomobilinin QİO tərkibində istifadə edilməsi barəsində məlumat yoxdur. Sentyabrın əvvəllərində Bakıya son hücum ərəfəsində görülmüş tədbirlər nəticəsində QİO-ya daxil olan hissələrin tərkibində artilleriya və pulemyotların sayı artırılmış və ştatlardan artıq olub. 1918-ci il sentyabrın 10-da 5-ci Qafqaz piyada firqəsində 48 pulemyot olmuş, topçu alayı gücləndirilmişdir. Onun tərkibində 4 topçu batareyası (2 Şnayder, 2 Dağ topçu), səhra topçu, rus səhra topçu, rus dağ topçu taqımları var idi (cəmi 33 top). Azərbaycana yenicə gəlmiş 15-ci piyada firqəsində 24 pulemyot, iki Dağ topçu batareyası, bir səhra topçu taqımı (cəmi 12 top) olub.


15-ci firqənin tərkibində olan və azərbaycanlılardan təşkil edilmiş Zehni bəy müfrəzəsi və Tevfiq bəy müfrəzəsi (Maştağı könüllülər milisi) çoxsaylı olsalar da, onların tərkibində pulemyotlarının sayını söyləmək çətindir. Cənub qrupunda (Azərbaycan diviziyası) azı 8 pulemyot, 6 top var idi. 106-cı Qafqaz piyada alayında azı 4 pulemyot var idi. Bakıya son hücum ərəfəsində Qafqaz İslam Ordusunda 80-dən artıq pulemyot, 53 artilleriya silahı olub. Artilleriya silahlarından 6-cı səhra topu, 39-u dağ topu, 4-ü səhra qaubitsası, 4-ü dağ qaubitsası idi.

Silah növləri. QİO tərkibində olan zirehli qatar ("B tipli"), rus topları (76,2 mm-lik səhra və dağ topları), rus pulemyotları ("Maksim"dəzgahlı pulemyotları), rus tüfəngləri ("üç xətli Mosin tüfəngləri" və onların növləri) Bakı Soveti və Sentrokaspi Diktaturasının qoşunlarında olan müvafiq tipli silahlarla eyni göstəricilərə malik idilər. Azərbaycan hissələrinin soyuq silahları 1913-cü il süvari qılıncı, 1913-cü il zabit şaşkası (Qafqaz növü), 1913-cü il zabit şaşkası (Asiya növü), 1907-ci il nümunəli pulemyot hissələrinin əsgər xəncəri, 1907-ci il nümunəli topçu hissələrinin əsgər xəncəri, 1909-cu il zabit palaşı, 1910-cu il kazak növlü zabit şaşkası, həmçinin milli xəncər və şaşkalardan ibarət olub.

QİO-ya aid sənədlərdə aşağıdakı Osmanlı artilleriya sistemlərinin adları göstərilir: "Şnayder topları", "105 mm-lik səhra qaubitsası", "105 mm-lik Şkoda dağ qaubitsası", "Krupp dağ topu", "Qüdrətli toplar". Osmanlı qoşunlarının artilleriya silahları sırasında “Şnayder topları” nın adlarına bir neçə yerdə rast gəlinir. Fransanın Şnayder şirkətinin istehsalı olan bu toplar sırasında ən geniş yayılanı və hələ müharibədən əvvəl istehsal olunmağa başlayan "105 mm-lik (4,13 düymluq) Şnayder topu" idi. Bir sıra yenilikləri sırasında lülənin çıxararaq lafetdən ayrı daşına bilməsi onu adi arabada uzaq məsafələrə aparmaq imkanı verirdi. Ehtimal ki, bu toplar Osmanlı ordusu tərəfindən qənimət kimi Mesopotamiya və Fələstində ələ keçirilib və ya Almaniyanın Fransada ələ keçirdiyi qənimətlər sırasında Osmanlı dövlətinə verilib.


Qafqaz İslam Ordusunun Osmanlı hissələrinin artilleriya silahları sırasında "105 mm-lik səhra qaubitsası"na rast gəlinir. Almaniyanın istehsalı olan 1898/99 il nümunəli 105 mm-lik səhra qaubitsası о dövr üçün tipik quruluşa malik olmuşdur. Digər qaubitsalara nisbətən yüngül və çevik olan bu qaubitsa döyüş zamanı asanlıqla mövqeyini dəyişdirir, təkcə açıq ərazidə deyil, təbii və süni maneələr arxasında gizlənən düşməni məhv etməyə imkan verirdi. "105 mm-lik Şkoda dağ qaubitsası" adından göründüyü kimi Çexiyanın Şkoda zavodlarında istehsal olunan silahlara aid olmalıdır. Bu zavodların Avstriya-Macar ordusu üçün silah istehsal etdiyindən belə qənaətə gəlmək olar ki, belə qaubitsanı məhz Avstriya-Macar artilleriya sistemləri sırasında axtarmaq lazımdır. Doğrudan da, potensial hərbi əməliyyatlar teatrının böyük hissəsini dağlıq ərazilər təşkil edən Avstriya-Macar dövləti dağ topları və qaubitsalarının istehsalına böyük diqqət yetirirdi. Osmanlı dövlətinin silahlarının Osmanlı ordusunda istifadə edilməsi normal hal idi. Lakin axtarışlarımız göstərdi ki, I Dünya müharibəsi dövründə Avstriya – Macar ordusunda “105 mm-lik Şkoda dağ qaubitsası” deyil (belə artilleriya sistemi heç vaxt mövcud olmayıb), "75 mm-lik Şkoda dağ qaubitsası" istifadə edilib. Hesab edirik ki, sənədlərdə Osmanlı artilleriya sistemləri 105 mm-lik Şnayder, 105 mm-lik səhra qaubitsası (Almaniya) göstərilərkən Şkoda qaubitsasının çapı mexaniki olaraq 75 mm əvəzinə 105 mm yazılıb. Azərbaycan Tarixi Muzeyinin Osmanlı silahları kolleksiyasında osmanlı topuna aid iki 75 mm-lik qaubitsa üçün nəzərdə tutulmuş mərminin qorunması da məhz 75 mm-lik qaubitsaların olmasını dolayısı ilə təsdiqləyir. 75 mm-lik Şkoda dağ qaubitsası sökülüb-yığılan ayrı-ayrı modullardan ibarət olur ki, bu isə onun atlar və ya qatırlar vasitəsi ilə dağlarda daşınmasını asanlaşdırır. Digər dağ top və qaubitsalarından fərqli olaraq Şkoda dağ qaubitsasının lüləsinin qaldırılıb endirilmə bucağı olduqca böyük idi - 56°, bu isə onu sıldırımlı dağlar və küçə döyüşlərində (evlərin yuxarı mərtəbələrinə atəş açmaq lazım gəldikdə) əvəzsiz edirdi.


QİO-nun Osmanlı komandanlığının əmrlərində "Krupp dağ topu" ifadəsinə rast gəlinir. Sənədlərdə "Qüdrətli toplar"adı ilə hansı topların nəzərdə tutulması bizim üçün qaranlıq qalıb. М1903 növlü osmanlı tüfəngi QİO-nun piyada hissələrinin əsas silahı idi. Bu növ tüfənglərin əsası Belçikanın Mauzer sistemli sandıqlı tüfəngi olub, lakin Osmanlı ordusunda tətbiq edilən tüfəng Almaniya ordusunun "Mauzer 98" tipli tüfəngi əsasında düzəldilirdi. Dövrün ən mükəmməl atıcı silahlarından olmuş bu tüfəngin çapı 7,65 mm, uzunluğu 1240 sm (süngü ilə birlikdə 1750 mm), çəkisi 3,9 kq (süngü ilə birlikdə 4,4 kq) idi, sandığa 5 patron qoyulurdu. Bu tüfənglərə М1903 növlü süngü (tiyənin uzunluğu 527 mm) taxılırdı.


Süvari qılıncının tiyəsinin üzərində müharibə rəmzləri (dəfnə çələngi arasında qılınclar, yay-oxlar) həkk olunub, həmçinin istehsal olunma yeri (Almaniyanın Zolingen hərbi zavodu) qeyd edilib. MATM-ın kolleksiyasında qurunan və osmanlı zabitlərinin silahlarından olan “Parabellum, model 08" növlü tapança 1914-1917-ci illərdə Almaniya istehsalı modifikasiyasına aiddir. Tapançanın çapı 9 mm, uzunluğu 217 mm, çəkisi 890 qram idi, sandığa 8 patron qoyulurdu. Digər zabit silahı, "Mauzer, model 1896" növlü tapança rəsmən heç bir dövlət tərəfindən qəbul olunmasa da, I Dünya müharibəsində iştirak etmiş bir çox dövlətlərin zabitləri tərəfindən istifadə edilirdi. Almaniya istehsalı olan bu tapançanın çapı 7,63 mm, uzunluğu 276 mm, çəkisi 1,1 kq idi, sandığa 10 patron qoyulurdu. Xayrem S.Maksimin pulemyotları sırasında Almaniyada istehsal edilən növlər xüsusi yer tutur. Türkiyəyə bu pulemyotun MG.09 növü satılırdı (kalibr 7,65 mm). Xüsusi xizəkli dəzgahı olan bu pulemyot Rusiya istehsalı olan pulemyotdan cüzi fərqlənirdi. Bu dəzgahlı pulemyot əsasında MG 0815 əl pulemyotu istehsal edilirdi. Eyni quruluşa malik olan bu pulemyotun ayrı-ayrı detallarının çəkisi azaldılmış və bunun hesabına pulemyotun ümumi çəkisi azaldılmışdı. Pulemyot Antanta ölkələrinin əl pulemyotlarından ağır idi. Osmanlı qoşunlarının "Alman növlü" əl qumbaraları əsasən canlı qüvvəyə qarşı istifadə edilir, 0,820 kq çəkiyə malik idilər. Ehtimal ki, döyüşlərdə rus əl qumbaralarından da istifadə edilirdi.

(Ardı var...)
Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə "Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin xatirasinə ithaf olunur.

Yusif Ağayev
Səbuhi Əhmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müsəlman-Korpusu   QİO   BXK   Silah   Texnika  


Bizi "telegram"da izləyin