Hərbi paradda "Lynx"lər: Universal şassinin geniş unikal imkanları – HƏRBİ EKSPERT (ANALİZ)

2018/06/435_1530104340.png
Oxunub: 4869     17:00     27 İyun 2018    
Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yer alan müxtəlif tipli artilleriya sistemləri arasında İsrailin "Lynx" Yaylım Atəşli Reaktiv Sistemləri də mövcuddur.

İqtisadi baxımdan çox sərfəli olan bu sistemlər, mobil 6x6 şassisinə yerləşdirilən 122mm-dən 300 mm-ə qədər çapa malik raketlərlə atəş açmaq üçün nəzərdə tutulur. Bu tam avtonom sistem 10 dəqiqə ərzində tam doldurula bilir. "Lynx" şassisi müxtəlif raketlərin buraxılışı üçün nizamlana bilər. Onun universal şassisinə 40 (2x20) ədədlik paket ilə 122 mm-lik "Qrad" raketlərindən 20-40 km məsafədə, 26 (2x13) ədədlik paket ilə 160 mm-lik LAR-160 və ya ACCULAR raketlərindən 45 km məsafədə və ya 8 (2x4) ədədlik 300 mm-lik EXTRA raketlərindən 150 km məsafədə yerləşən hədəflərə atəş açmaq üçün atıcı konteynerlər quraşdırıla bilər. Bundan əlavə, bu platforma yüksək dəqiqlikli qanadlı "Delilah-GL" raketlərinin, eləcə də 280 km maksimum atəş məsafəsinə sahib LORA raketlərinin buraxılması üçün atıcı qurğu kimi də istifadə edilir.


Raketlər qəlpəli, yandırıcı, işıqlandırıcı, tüstü, fuqas və ya tank əleyhinə elementlərə malik kasetlərə malik döyüş başlıqları ilə təchiz edilə bilər.

"Lynx" YARS-ları inkişaf edən atəşi idarəetmə sistemi, hücum hədəfinə uyğun olaraq avtomatik olaraq konteyner paketini seçməyə və lazımi parametrləri təyin etməyə imkan verir. Yüksək keçicilik və hərəkətlilik imkanları avtomobilə mövqeyini qısa bir zamanda dəyişdirməsinə və batareyanın atəş altında olma riskini minimuma endirməsinə şərait yaradır. Müasir rabitə və kompüter texnologiyası "Lynx" kompleksinə həm avtonom, həm də şəbəkə mərkəzli dövrələrin elementi kimi fəaliyyət göstərməyə imkan verir, həmçinin YARS daha böyük artilleriya bölmələrinin passiv və ya inteqrasiya olunan elementi kimi istifadə edilə bilər.

"Israel Military Industries"(IMI) konserni dünya miqyasında Silahlı Qüvvələrə yüksək texnologiyalı müdafiə məhsullarının aparıcı təchizatçısı kimi qəbul edilib. IMI müştərilərinə əməliyyat tələblərinə cavab verən müasir məhsul və sistemləri təklif edir. Onun əsas məhsulları arasında yüksək intensiv münaqişələrdə, assimmetrik müharibələrdə və daxili təhlükəsizliyin təminatında istifadə edilə biləcək, bütün növ vəzifələrə uyğun gələn yerüstü və hava silah sistemləri, o cümlədən sursatlarına rast gəlmək mümkündür. Son illərdə IMI-nin sabit orta illik gəliri 485 milyon dollardan artıq olur. Hər il şirkət tədqiqat və elmi-dizayn işləri üçün təxminən 50 milyon dollar xərcləyir.

Raketlər birdəfəlik hermetik qapalı paket-konteynerlərə fabrikdə yüklənir, onlar nəqliyyat konteyneri və atıcı qurğu kimi istifadə edilir. BM-21 "Qrad" blokları əllə də doldurula bilər, lakin bu səmərəli deyil. Bu metod adətən təlim üçün istifadə olunur. "Lynx" YARS tam müstəqil ballistik hesablamalar və atəş funksiyalarına malikdir. Səfər vəziyyətindən bir neçə dəqiqə sonra ərazidə yerləşərək atəş açmağa qadirdir. Atəş operator tərəfindən kabindən və ya uzaqdan həyata keçirilə bilər. Mobil "Lynx", atıcı qurğusuna kranla təchiz edilən yükləmə vasitəsi ilə xidmət göstərilir. O, 4 ədəd daxilində raket olan konteyner (iki dəfəyə doldurulur) daşıyır. Əks-batareya atəşindən yayınmaq üçün konteynerlərin yüklənməsi atəş mövqeyindən kifayət qədər aralı məsafədə həyata keçirilir.


"Lynx" YARS-ın müxtəlif versiyalı sistemləri Azərbaycan, Argentina, Venesuela, Gürcüstan, İsrail, Qazaxıstan, Rumıniya və Çili ordularında xidmət göstərir. Gürcüstan 6x6 şassisinə malik Mercedes 3341 "Actros" yük maşını üzərində qurulan LAR-160 kompleksini 2007-ci ildə əldə edib. Azərbaycan da bu silah sistemlərinin bütün versiyalarını əldə edib. Azərbaycan tərəfinin tələbi ilə raketlərin quruluşunda bəzi spesifik dəyişikliklər edildi və komplekslər Azərbaycanda istehsal edilən "KamAZ-6350" şassisinə keçiridi. Alınan "Lynx" YARS kompleksləri Azərbaycanın Türkiyədən aldığı 122 mm-lik T-122 "Sakarya" paket- konteynerlərindən də istifadə edə bilər. Qazaxıstan da "KamAZ-63502" modeli bazasında "Lynx" YARS əldə edib.

"Lynx"YARS: tam müstəqil atıcı qurğuya malikdir, 122-dən 300 mm-ə qədər istənilən raketi buraxa bilir, 10 dəqiqədən az zamanda doldurula bilir, özü-özünü məhv edə bilən sursata sahibdir, müasir komanda, idarəetmə, əlaqə və kəşfiyyat sistemi ilə təchiz edilir və yüksək dəqiqliyə malikdir. İnkişaf etmiş ətalətli naviqasiya, avtomatik atəş idarəetmə sistemi və təkmilləşdirilən mexaniki/hidravlik sistemlər də kompleksin üstünlükləri siyahısına daxildir.

"Delilah"

"Israel Military Industries" (IMI) konserni yüksək dəqiqlikli zərbələr tətbiq etmək üçün "Delilah" raketlərini təklif edir. Uzaq mənzilli qanadlı raketlərdən fərqli olaraq, "Delilah" 250 km məsafə ilə hədəf üzərində "gəzərək" hücum üçün əhəmiyyətli və unikal imkanları birləşdirə bilir.


200 kq-lıq turbo reaktiv raket ətalət və GPS məlumatlarını bir arada istifadə edərək, əvvəlcədən planlaşdırılan marşrut üzrə hədəfə müstəqil olaraq istiqamətlənir. Paketin sürəti 0.3- 0.7 max, kreyser hündürlüyü 8.500 m, atəş məsafəsi 250 kq, yayınması 1 metrə qədər, start çəkisi 250 kq, uzunluğu 3310 mm, qanad açılımı 1150 mm, diametri isə 330 mm-dir.

EXTRA (Extended Range Artillery tactical-range artillery missile) raketi

Təkmilləşdirilən dəqiqliyə malik EXTRA raketi IAI-nin "Rocket Systems Division" və MLM bölmələri tərəfindən hazırlanıb. Bu proqramın məqsədi yerüstü hədəflərinin məhv edilməsində geniş yayılan platformalara uyğun raket silahlarının inkişaf etdirilməsindən və yüksək dəqiqliyin təmin edilməsindən ibarət idi. Bu yüksək dəqiqlikli üfüqarxası silah İsrail və xarici silahlı qüvvələrin silahlandırılması üçün nəzərdə tutulur.


EXTRA hazırda yerüstü atıcı qurğulardan buraxılmaq üçün hər birində 4 ədəd raket olmaqla konteyner paketlərində təklif olunur. Raketlər daha dəqiq zərbə endirə bilməsi üçün GPS tuşlama sistemi ilə təchiz olunur. Birdəfəlik hermetik konteyner paketləri sayəsində raketlərin uzun müddətli xidmət ömrü və aşağı istismar xərcləri əldə edilir. Raket 150 kilometr atəş məsafəsinə malikdir və 125 kiloqramlıq döyüş başlığı ilə təchiz edilir. Raketin start çəkisi 450 kq, dairəvi ehtimal olunan yayınması isə 10 metrdən azdır. Raketin ölçüsü ABŞ Ordusu və onların müttəfiqləri tərəfindən istifadə edilən M270 YARS-da istifadə edilən M26 raketləri ilə çox oxşardır. 4 metr uzunluğa sahib EXTRA raketlərinin diametri ABŞ- ın M26 raketlərindən (227 mm-ə nisbətən 300 mm) daha böyükdür.


Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında özünəməxsus yer tutan EXTRA raketləri 2018-ci ilin iyunun 26-da keçirilən hərbi paradda nümayiş etdirilib.

160 mm LAR

Standart 160 mm LAR raketinin uzunluğu 3314 mm, çəkisi 110 kq, maksimum atəş məsafəsi 45 km-ə qədərdir. Standart paket 13 LAR raketindən ibarətdir. Qatı yanacaqlı raket mühərriki 36 kq ağırlığındadır və "qısa yanma müddəti" olduğu ifadə edilir.


Atəşdən sonra açılan quyruq pərləri raketin konteynerindən çıxdığı andan sonra onun uçuşunun sabitləşməsini təmin edir. Pərlərin qanad açılımı 350 mm-dir. Böyük və orta məsafələri əldə etmək üçün raketlərin burun hissəsinə spoyler halqaları əlavə edilə bilər. Starta ilk fırlanma sürəti saniyədə 12 dövrə, yanacağın tükənmə mərhələsində isə saniyədə 20 dövrə qədər yüksəlir.


Maksimum yanma sürəti 1022 m/s-dir. Raketin döyüş başlığı aşağı aerodinamik müqavimətə malikdir. Onun uzunluğu 1279 mm, ümumi çəkisi isə 46 kq-dir.

ACCULAR

ACCULAR, GPS tuşlama sisteminə malik "yer-yer" tipli müstəqil raketdir. LAR-160-a əsaslanır. 160 mm diametrdə və 3995 mm uzunluğunda olan raket 14-40 km arasında atəş məsafəsinə və 35 kq döyüş başlığına malikdir.


Onun dairəvi ehtimal olunan yayınması 10 metrdən azdır. Raketin idarə edilməsi və naviqasiyası bort kompüteri tərəfindən həyata keçirilir. Reaktiv idarəetmə dəsti hədəfə dəqiq zərbə endirmək üçün trayektoriyaya düzəliş etməyə imkan verir.

ACCULAR, yüksək partlayıcı və vahid döyüş başlığlı raketlərlə hədəflərə dəqiq zərbə endirmək üçün sərfəli bir seçimdir.

122 mm BM-21 "Qrad" reaktiv mərmisi


Standard paket, uzunluğu 2.87 metr və çəkisi 66 kq olan 20 raketdən ibarətdir. Raket maksimum 21 (40) km atəş məsafəsinə və 20 kq ağırlığında döyüş başlığına malikdir. Bu sistem həmçinin yeni hazırlanan 122 mm-lik raketlərlə də uyğun gəlir.

Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-parad   Lynx  


Bizi "telegram"da izləyin