ABŞ-ın "Super Tukano" tədarükü: Vətəndaş müharibəsinə doğru bir addım? (ANALİZ)

2018/06/4_6113857852.jpg
Oxunub: 3566     21:25     08 İyun 2018    
Mayın son günlərində Livan Silahlı Qüvvələri təlim təyyarəsi əsasında yaradılan Amerika Birləşmiş Ştatlarından dörd ədəd (çəmi altı ədəd təslim edilib) EMB-314/A-29 "Super Tucano" yüngül hücum təyyarəsi aldı.

Mayın 28-də "Nord Hamat" bazasında təyyarələrin Livan Silahlı Qüvvələrinə təhvil verilməsinə həsr edilən təntənəli mərasim keçirildi.

Xatırladaq ki, yüngül turbovint mühərrikli hücum təyyarəsi A-29 "Super Tucano" Braziliyanın "Embraer" şirkəti tərəfindən istehsal edilib və təlim təyyarəsi kimi layihələndirilib. Lakin döyüş təyyarəsi kimi hücum zərbələri yerinə yetirməyə qadir olduğu üçün ondan quru qoşunların dəstəklənməsində və patrul xidmətində də istifadə edilir.


Müasirləşdirilən təyyarələr kokpitin kevlar zirehlənməsini, iki ədəd 12.7-mm FN "Herstal M3" pulemyotunu , o cümlədən 20-mm topun, idarəolunan raketlərin, idarəolunmayan raket blokunu, bombanın daşınması və buraxılması üçün 5 ədəd asqı əldə etdi.

Braziliya ilə yanaşı, təyyarə Çili və Kolumbiya Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur. Kolumbiyalılar onu partizan əməliyyatlarında istifadə edirdilər. Boqotanın məlumatına görə, "Super Tucano"nun bəzi nümunələri itki vermədən 18.000 saat döyüş uçuşu həyata keçirirdilər.

Bir neçə il bundan əvvəl A-29-lara, həm təlim təyyarəsi, həm də Əfqanıstan və digər aşağı intensivlikli münaqişələrdə, kəşfiyyat və qoşunların hava dəstəyi təyyarəsi kimi istifadə etmək istəyən Pentaqon da maraq göstərdi. Təyyarələr "Sierra Nevada Corporation" tərəfindən modernləşdirilir.

Ötən ilin yanvar ayında ABŞ mediası Pentaqon və ABŞ Konqresindəki mənbələrə istinadən, ən son və bahalı F-22 və F-35 qırıcılarını daha ucuz A-29 təyyarələr ilə əvəz etmək niyyətinin olması barədə məlumat verdilər. F-22 qırıcısının bir saat uçuşu 35000 dollara, "Super Tucano"nun uçuşu isə 500 dollara başa gəlir.


Bu qərarı əsaslandırmaq üçün Cənubi Vyetnamda partizanlara qarşı uğurlu istifadə edilən P-51 "Mustang" yüngül hücum təyyarələrini misal gətirirdilər. Lakin qeyd etmək lazımdır ki, Vyetnam partizanları "Strela" DZRK əldə etdikdən sonra P-51 "Mustang" və AC-130 "Ganship" təyyarələrinin istifadəsində problem yarandı. Amerikalılar əvvəllər də HHM vasitələrinin sıx yerləşdiyi ərazilərdə yüngül turbovint mühərrikli hücum təyyarələrindən istifadəyə üstünlük vermirdi.

Kolumbiya üsyançılarından fərqli olaraq, ABŞ-ın sözügedən ucuz yüngül hücum təyyarələrini göndərəcəyi bölgələrin HHM potensialı daha yüksəkdir. Belə ki, onların həm çox sayda hava hücumundan müdafiə sistemləri, həm də ekipajları kifayət qədər təcrübəlidir. Əlbəttə, vəsaitlərə qənaət etmək vacibdir, lakin ucuz da olsa təyyarələrin, əsasən də, pilotların itkisi Pentaqon üçün ciddi siyasi nəticələrə səbəb ola bilər. Xatırladıq ki, Somalidə general Aididin ələ keçirilməsinə edilən uğursuz cəhd nəticəsində coşan kütlə 18 nəfər "Delta" döyüşçüsünü parçaladı. Nəticədə ABŞ regiondakı hərbi fəaliyyətini dayandırdı.

İlin əvvəlində elan edilən ABŞ planlarına əsasən, Yaxın Şərq teatrında keçiriləcək əməliyyatlarda daha həssas və yüngül hücum təyyarələrini amerikalılar deyil, xarici pilotlar idarə edəcək.

ABŞ HHQ-nin qərargah rəisi general David Qoldfeyn elan edib ki, A-29 təyyarələri ABŞ-ın Latın Amerikası və Şərqi Avropada olan müttəfiqlərinə satılacaq, onlardan "beynəlxalq eskadrilya" yaradılacaq və bu qüvvələr Amerika koalisiyasının Yaxın Şərq maraqlarına uyğun hərəkət edəcəklər.

Qoldfeyn bu il əvvəlində bildirib ki, potensial təchizatçılar ilə ilkin danışıqlar aparılıb və bütövlükdə ABŞ-ın təşəbbüsü dəstəklənib.


O, həmçinin bildirib ki, müttəfiqlər bəzi hallarda yüngül hücum təyyarəsini satın almayacaqlar, sadəcə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olan təyyarələri idarə etmək üçün öz pilotlarını təqdim edəcəklər.

Həmin vaxtdan sonra yüngül hücum təyyarələrinə məxsus "Beynəlxalq eskadrilya"nın yaradılmasında irəliləyişlər barədə heç bir məlumat verilmədi. A-29 təyyarələrinin Livan HHQ-yə verilməsinin bu proqramın tərkib hissəsi olduğunu demək çətindir, lakin belə bir ehtimal kifayət qədər böyükdür.

Pentaqon Livana ötürdüyü A-29 "Super Tucano" təyyarələrini ABŞ Dövlət Departamentinin təsdiq etdiyi "Xarici hərbi satış" proqramında nəzərdə tutulmayan və silah baza paketinə daxil olmayan AGM-114 "Hellfire", GBU-12 və GBU-58 "Paveway II" raket və bombaları ilə təchiz edib. Livanın Hərbi Hava Qüvvələrinin pilot və texniki heyətinin "Moody" (Corciya ştatı) bazasında təlim keçdiyi də məlumdur.

Əslində, "Sierra Nevada Corporation" şirkəti ilə ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı arasında bağlanan müqavilənin, 172.5 milyon dollar dəyərində 6 ədəd A-29 "Super Tucano" təyyarəsi ilə bərabər Livanın Hərbi Hava Qüvvələrinə veriləcək ehtiyat hissələr və texniki xidmət dəyərinin tam və ya qismən Pentaqon tərəfindən ödəniləcəyi istisna olunmur.


Əgər amerikalılar bu şəkildə Livan HHQ-ni koalisiya tərkibinə uğurla əlavə edə bilsələr, bunun Beyrut üçün çox ağır nəticələri olacaq. ABŞ və müttəfiqlərinin son hava hücumlarının hədəfləri arasında Dəməşq tərəfindən döyüşlərdə iştirak edən Livanın "Hizbullah" döyüşçülərinin mövqeləri də yer alır.

Livan pilotlarının öz vətəndaşlarına qarşı, başqa ölkə ərazisində olsa belə, havadan bomba-raket zərbələrində iştirakı etməsi birbaşa milli parçalanmaya, bəlkə də vətəndaş müharibəsinə gətirib çıxara bilər.

Amerikalıların görmək istəmədiyi və nifrət etdiyi "Hizbullah" təşkilatını Livanda vətəndaş müharibəsinə cəlb etməklə sıradan çıxarmaq ABŞ-ın planlarına tam uyğun gəlir.

Həmçinin onu da qeyd edək ki, öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün Livana yüngül hücum təyyarələri əvəzinə, müasir HHM kompleksləri daha çox vacibdir.

Yazı Boris Dzherelievskinin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Super-Tucano   A-29   Livan  


Bizi "telegram"da izləyin