3 taktiki vəzifə: Bic quşun dimdiyi sərhəddindən kənardadır – HƏRBİ EKSPERT (ANALİZ)

2018/05/2_3055537306.jpg
Oxunub: 4325     20:19     31 May 2018    
Aprel ayında “Ermənistan hökumətinin Naxçıvan və Tavuş siyasəti nəyə hesablanıb” yazısında Ermənistan rəhbərliyinin siyasi tətbiqlərinin istiqamətinin müəyyən qədər döndəriləcəyini fərz edib proqnozlaşdırmışdıq. Mayın əvvəllərində qonşu ölkədə inqilaba oxşar bir hadisə baş verdi. Onun hökuməti hakimiyyətdən tələsik uzaqlaşdırıldı.

Lakin yeni hökumətin Azərbaycanla konfrontasiya siyasətini keçmiş hökumətin qurduğu lekallarla tam uyğun apardığını gördükdə, Molla Nəsrəddinin yorğan hekayətindəki əhvalat yada düşür. Qonşumuzdakı bu hay-qışqırıqlar ilk növbədə yorğan kimi alleqorik ifadə olunan Qarabağı ələ keçirib hüquqi yolla mənimsəmək cəhdindən başqa bir şey deyil. Guya yeni hökumətin seçilməsi Ermənistanın iqtisadi problemləri ilə əlaqədar olmasını düşünənlər həmin hekayədəki molla kimi çox sadəlöhvdürlər. Qonşu ölkədə beşikdəki körpələr də bilir ki, onların iqtisadi problemlərinin 90% Qarabağın işğalı ilə bağlıdır.

Bu baxımdan, iqtisadi problemlərini əsaslı həll etmək istəyən millət, qonşu dövlətin ərazisini işğaldan azaq edib, onunla daha konstruktiv razılaşmalara can atmalıdır. Yəni ölkənin coğrafi mövqelərinin yaratdığı iqtisadi-siyasi və mənəvi resursların köməyindən bəhrələnməyə çalışmalıdır. Bir otaqda oturanların papaqlarının bir-biri ilə dəyişməsindən yeni baxış və struktur problemlərin həlli alınmayacaq. Bu baxımdan yeni erməni hökumətinin köhnə hökümətin məkrli və hiyləgər planının tətbiqatını davam etdirməsi “erməni inqilabı”nın süni olması haqqında heç bir şübhələr yaratmır.


Ölkəmiz düşmənin bu yeni oyunlarına qarşı əks-tədbirlər keçirməyə məcburdur. Bilərək ki, düşmənin növbəti provokasiyaları Naxçıvanla əlaqədar olacaq, müəyyən işlərin görülməsi vacibdir.

Belə ki, düşmən 1992-ci ildə özünün hərbi və siyasi havadarlarının köməyi ilə Naxçıvan Muxtar Respublikasının əhali yaşamayan dağlıq sərhəd bölgələrində dağ zirvələrindən keçən sərhəd xəttini adlayaraq, hərbi nöqteyi-nəzərdən daha əlverişli nöqtələrdə mövqeləri işğal etmişdilər. Bu mövqelər əsasən Ermənistanın sıx məskunlaşmış bölgələri ilə həmsərhəd olan Naxçıvanın Şərur rayonunda yerləşir. Bu rayonun işğal altında olan Kərki eksklavı (kəndi) transermənistan sosse yolunun üzərində yerləşsə də, o biri işğal olunmuş ərazilər bu yolun üzərindən “sallanan” dağlarda yerləşir. Naxçıvan yol şəbəkəsinin dağ biçənəklərində qurtaran yumşaq örtüklü sonucları düşmən nəzarəti altında idi. Həmin yolları, düşmənin çox sıx daxili yol şəbəkəsindən bir neçə yüksək keçidli texnika üçün maneə olmayan aşırımlar ayırır. Bu da düşmənin hərbi provokasiyaları üçün potensial şərait yaradırdı.

Ordumuz bu yaxınlarda həmin ərazidə irəliləyərək, sərhəd zolağını işğal edərək bərkitmiş düşmən ordusuna daha yaxın əlverişli mövqeləri azad edib. Qısa zamanda həmin mövqelərə yol şəbəkəsi çəkərək, təhcizatlarını və manevr qabiliyyərlərini gücləndiriblər. Artıq ordumuzun qabaq mövqeləri ərazimizə 1-2 km irəliləyib, mövqe qurmuş düşməndən 3-4,5 km məsafədə yox, 700-1500 metr məsafədə yerləşir. Əlbəttə, hal-hazırda ordumuzun imkanı əl verir ki, düşməni ərazimizdən tamamilə qovub çıxarsın. Lakin bu qərar kifayət qədər böyük ümumqoşun əməliyyatı tələb edir ki, o da mühüm bir operativ-taktiki məsələni həll etmədiyindən yalnız siyasi ambisiya daşıya bilər.

Onsuz da bizim bir strateji siyasi ambisiyamız var. Bütün hərəkətlərimiz ona tabe olmalıdır. Düşməni birdəfəlik öz ərazimizdən qovmaq və ona öz təcavüzkar milli siyasətini təftiş etmək şəraiti yaratmaq. Bu vəzifə heç vaxt bizim gündəmimizdən götürülməyəcək və kompleks şəklində həll olunacaq.


Hələlik ordumuzun düşmən düşərgəsini çaxnaşmaya salan tədbirlərinə nəzər salaq. Qeyd edək ki, düşmən çəbhənin bu istiqamətində aktivləşərsə, ordumuzun cəbhə infrastrukturu ona müqavimət imkanı verməyəcəkdi. Yol şəbəkəsi ilə yaxşı təhciz olunmuş erməni postları qısa zaman ərzində istənilən döyüş vahidinə qədər gücləndirilib, zərbə qüvvələrinə çevrilə bilərlər. O cümlədən Arpaçay su anbarını ələ keçirərək, Naxçıvan ərazisində su və еlektrik enerjisi təhcizatında böyük peoblemlər yaratmaqla, Muxtar Vilayətdə panika yaratmağa cəhd edə bilərlər. Çünki ildə 60 milyon kVt.saat enerji istehsal edən Arpaçay SES-i Naxçıvanı 17% elektrik enerjisi ilə təmin edir. Bundan əlavə, düşmən, özünə lazım olan məqamda Arpacay və Bağırsaq dərələri ilə irəliləyərək Şərur rayonunu və Sədərək qəsəbəsini mühasirəyə almağa çalışa bilərdi. Son ayların erməni təhdidləri buna əyani sübutdur. Düşmən hər vəchlə Muxtar Respublika ilə olan dövlət sərhədlərində gərginliyi artırmağa çalışır. Həyasızlığın dərəcəsi o dərəcəyə çatıb ki, sərhədləri aşaraq ərazimizdə qurduğu mövqelərdən də gərginliyi artırmaq üçün istifadə edirlər.

Bütün bu riskləri nəzərə alan Ali Baş Komandanlıq bu məsələlərin qarantiyalı həlli üçün ordumuzun mövqelərinin dövlət sərhədlərimiz daxilində yeni taktiki vəzifələr yerinə yerirə biləcək yerdəyişməsinə başladı:

1. Bağırsaq dərəsi boyu irəliləyərək onun nəzarətedici yüksəkliklərində yeni mövqelər qurmaq və Xunnut dağının cənub-şərq yamaclarında bərkimək;

2. Bağırsaq və Arpaçay dərələri arasında dövlət sərhəddinə yaxın ən hündür Qızılqaya yüksəkliyində mövqe qurmaq ki, bu da düşmənin Arpa kəndindən keçən nəqliyyat qovşağına vizual nəzarətdir ki, düşmənin hərbi hazırlıqları bizim postlardan gizli qalmasın;

3. Arpaçay dərəsinin şimal tərəfdən girişinə nəzarət edən, ölkəmiz ərazisində yerləşmiş iki erməni postunun arasındakı Qaraqaya yüksəkliyində bərkimək.

Bu tədbirlər gələcəkdə döyüş əməliyyatları başlayarsa, düşmənin bu istiqamətdə təcavüz imkanlarını qat-qat azaldır.


Nəticədə sözügedən tədbirlər təcavüzkar davranışa narkoman hərisliyi ilə aludə olan erməni əhalisinin bir hissəsində məyusluq, bəzi hissəsində isə panika yaradıb.

Fikrimizcə iki səbəbdən, erməni siyasi rəhbərliyi cəmiyyətdəki bu fikirləri dəf etməyə tələsmir. Onlardan biri obyektiv səbəb, o birisi isə strateji maraqlarından doğan subyektiv səbəbdir. Onlar obyektiv səbəbdən cəmiyyətlərinə açıq deyə bilmirlər ki, nə üçün Azərbaycan ərazisində Azərbaycan ordusunun mövqe dəyişmələrinə cavab vermək imkanları yoxdur. Əvvəla, Azərbaycan ordusu öz imkanlarına görə 1992-ci ildən qat-qat fərqlidir. İkincisi, erməni əhalisini öz postlarının hələ də Azərbaycan dövlətinin ərazisi dərinliklərində olmasını bildirməklə sakitləşdirmək cəhdinin, ölkəmizin diplomatiyası tərəfindən tam haqlı əsaslarla istifadə olunacağına əmin olduqlarından, bu məsələni açıb-ağartmamağa çalışırlar. “Təcavüz-təcavüz!” deyə bağıran düşmən öz ordusunun başqa bir ölkənin ərazisində yerləşməsindən utanmasa da, bunu rəsmi açıqlamada bildirməyi məqsədəuyğun saymır.


Subyektiv səbəb isə, əhalinin bu əhval-ruhiyyəsinin Ermənistan rəhbərliyinin yeni strategiyası ilə uzlaşdığından, onlar hamıda inam yaratmağa çalışırlar ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlayarsa, Naxçıvan ordu qruplaşması Ermənistan ərazisinə güclü zərbə endirmək üçün istifadə olunacaq. Həmin məsələni biz bu mövzuda araşdırmışıq. Erməni əhalisinin bir çox dünya ölkələrində şanvari horizontal əlaqələri olduğundan, həmin ölkələrin cəmiyyətlərini və KİV-lərini də həmin fikrə inandıra bilərlər. Bu isə münaqişədə yeni ictimai-siyasi və strateji-geopolitik durum yarada bilər. Həmin durumun inteqrallaşmış nəticələrinin ermənilərə nə qədər sərfəli olması sual altındadır. Lakin son nəticə olaraq, perspektivini itirmiş keçmiş erməni strategiyasına dinamiklik gətirərək, manevr meydançalarının genişlənməsinə ümid edirlər. Necə deyərlər, top bizim hərbi-siyasi rəhbərliyin meydançasındadır. Ümid edirəm ki, yaranmış durumdan düşmənin özünə qarşı istifadə etmək imkanı da olacaq. Atalar demiş “Bic quşu dimdiyindən tələyə salırlar”.

Vüqar Miraslanov
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Günnüt   Arpaçay   Naxçıvan   Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin