Milli istehsal, yoxsa birgə müəssisələr: Qazaxıstan ordusu hansı imkanlara malikdir? – HƏRBİ EKSPERT
Oxunub: 2571
19:13
23 May 2018
Müasir çağırışlara və təhdidlərə cavab vermək üçün Qazaxıstan Ordusu kifayət qədər hərbi potensiala malikdir. Qlobal hərbi gücün dünya sıralamasında Qazaxıstan Respublikası 50-ci mövqedə qərarlaşıb. Layiqli nəticədir. Prezident Nursultan Nazarbayev dünyada iqtisadi cəhətdən inkişaf edən ilk otuz ölkənin sırasına daxil olmağı milli hədəf olaraq qarşıya qoyub. İnanıram ki, yaxın gələcəkdə Qazaxıstan hərbi gücün reytinqində də 30-cu yeri tuta biləcək.
Qazaxıstan hərbi-texniki əməkdaşlıq sahəsində layiqli tərəfdaş olaraq mobil, yaxşı təchiz olunan 75.000 nəfərlik şəxsi heyəti olan Silahlı Qüvvələrə malikdir. Lakin əvvəllər belə deyildi. Sovet İttifaqının dağılmasından sonra, Qazaxıstan iki yüz min nəfərlik hərbi qruplaşmaya, onun infrastrukturuna, böyük bir miqdarda silah və texnikaya, hərbi obyektlərə, o cümlədən Strateji Təyinatlı Raket Qoşunlarının şaxta bazalı iki diviziyasına və ağır strateji bombardmançı aviasiya diviziyasına sahib oldu. Semipalatinsk, Ust-Kamenogorsk və Karaqanda ətrafındakı yeraltı saxlama bazalarında müharibə dövründə yaradılacaq, motoatıcı və aviasiya birləşmələrini təmin etmək üçün çox sayda hərbi texnika mövcud idi.
1990-cı illərin çətin iqtisadi vəziyyət, ölkənin hərbi sənayesinin inkişafına imkan vermirdi. Qazaxıstan uğurla geosiyasi burulğan dövrünü başa vurdu. Hazırda regionun aparıcı dövləti kimi ən böyük hərbi büdcəyə və Orduya malikdir.
Qazaxıstanın hərbi doktrinası müdafiə xarakterlidir. Bu sənəddə sülhə sadiq qalan silahlı qüvvələrin köməyi ilə milli maraqların qətiyyətlə qorunması əks olunub. Zəif intensivlikli hərbi münaqişələrdə qoşunlardan istifadə edərək gərginliyin lokallaşdırılması və böhranın sülh yolu ilə həlli nəzərdə tutulur. 2001-ci ildən etibarən Silahlı Qüvvələr Baş Qərargah rəisinə tabedir, Müdafiə Nazirliyi isə hərbi quruculuğu idarə edir. Silahlı Qüvvələrin idarəetmə səmərəliliyinin artırılması məqsədilə, Quru Qoşunları dörd regional Komandanlığa bölünüb: "Astana" (Karaqanda), "Şərq" (Semipalatinsk), "Qərb" (Atırau) və "Cənub" Komandanlığı. Emba, Sarı-Şaqan (Priozersk) raket poliqonu, Baykonur kosmodromu, Semipalatinsk nüvə sınaq poliqonu kimi dünyada məşhur və nəhəng obyektlər də məhz Qazaxıstanda yerləşir.
Qazaxıstan Respublikasının Silahlı Qüvvələrinin inkşafında mühüm rol oynayan amillərdən biri də hərbi təhsil müəssisələridir. Almatıda bir neçə müxtəlif qoşun növlərinə aid Ali Hərbi Məktəblər mövcuddur. Bunların arasında SSRİ-nin ən son inşa etdiyi, modern hesab edilən və mənim də bitirdiyim Almatı Ali Ümumqoşun Məktəbini (Hazırda "Quru Qoşunları Hərbi İnsitutu" adlanır) də qeyd etmək yerinə düşərdi.
38-ci Derjavinsk və 57-ci Jangiztobe STRQ diviziyaları hər birində 48 ədəd P-36M nüvə başlıqlı raket olmaqla strateji qüvvələrin əsasını təşkil edirdi. Strateji qüvvələrın digər elementi olan 79-cu ağır strateji bombardmançı aviasiya diviziyası Semipalatinsk yaxınlığında Çaqan yaşayış məntəqəsində yerləşirdi və 240 ədəd qanadlı raket daşıyan 40 ədəd Tu-95 təyyarələri ilə silahlanırdı. 1996-ci ilin sentyabrın 30-da Qazaxıstan nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşuldu, 2000-ci ilin iyulunda isə nüvə arsenalına aid son silah və avadanlıqlar məhv edildi. Dünyada bir çox dövlətlərin 10 illərlə leqal və qeyri-leqal əldə etməyə çalışdığı nüvə silahını Qazaxıstan öz iradəsi ilə məhv edərək bir çox nəhəng dövlətlərə insanlıq dərsi verdi.
Qazaxsıtan Silahlı Qüvvələrinin inkişafını iqtisadiyyatın, xüsusilə də hərbi-sənaye kompleksinin inkişafı olmadan təsəvvür etmək mümükün deyil. Qazaxıstan hərbi-sənaye kompleksi hazırda ən sürətlə inkişaf edən sahələrdən biri kimi nəzərdən keçirilir.
Hazırda Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin "Kazspetsexport" Respublika Dövlət Müəssisəsinin tərkibinə daxil olan təşkilat və müəssisələr, eləcə də əməkdaşlıq edən özəl şirkətlər aşağıdakı istehsal layihələrini uğurla həyata keçirir:
- Reaktiv yaylım atəşi sistemləri;
- Özüyeriyən minaatanlar;
- Təkərli zirehli nəqliyyat vasitələri;
- 12.7 mm və 30 mm 2A42 döyüş modulları;
- Radiolokasiya stansiyaları;
- "KamAZ" yük maşınları;
- kiçik atıcı silahlar üçün sursatlar; yüksək dəqiqlikli raketlər;
- 125 mm artilleriya mərmiləri;
- KB və VHF diapazonlu taktiki səviyyəli radiostansiyalar;
- Robot texnikası;
- "Gələcəyin əsgərləri" avadanlıqları;
- Optik cihazlar;
- Şlemlərin və şəxsi mühafizə avadanlıqlarının hazırlanması;
- Aviasiya avadanlığının və PUA-ların texniki xidmətinin təmin edilməsi;
- Zirehli nəqliyyat vasitələri üçün mühərriklərin yığılması.
Hazırda Qazaxıstanda müxtəlif təyinatlı zirehli avtomobillərin hazırlanması tam sürətlə davam edir. İstehsal edilən maşınlar bir sıra digər ölkələrin arsenalında da yer alır. Zavodun işə salınması müdafiə sənayesi kompleksinin potensialını yüksəltmək və hərbi-texniki təhlükəsizliyin səviyyəsini artırmaq istiqamətində Qazaxıstanın atdığı ciddi addımlardan bir hesab olunur.
Birgə müəssisənin yaratdığı zirehli avtomobillər öz sinfində ən yaxşılardan biridir, çox yüksək xüsusiyyətlərə malikdir və mina təhlükəsizliyi mövcud olan son standartlara uyğundur.
Bu cür avadanlıqların istehsalı dünyada silahların hazırlanmasında mövcud tendensiyaları nəzərə alaraq, müstəqil Qazaxıstanın müdafiə-sənaye kompleksinin formalaşması prosesində yeni bir mərhələdir.
2018-ci ildə zavodun planlaşdırılan zirehli avtomobil istehsal gücü ildə 120 ədəddir, lakin zəruri hallarda ildə 300 ədədə qədər artırıla bilər.
Daha əvvəl istehsal olunan unikal silah hesab edilən "Nayza" YARS barədə qısa məlumat vermək yerinə düşərdi.
Qazaxıstan istehsalı olan "KamAZ-63502" yük maşınını şassisində hazırlanan sistem "Israel Military Industries" tərəfindən hazırlanaraq, lisenziyası Qazaxıstana verilib. Daxili tələbat və ixrac potensialı nəzərə alınaraq, 380 ədəd belə sistem istehsal edilib. Bu kompleksin özünəməxsus xüsusiyyəti çoxkalibrli olmasındadır. YARS 122 mm "Qrad", 220 mm "Uraqan", 240 mm "Ekstra" və 300 mm "Super Extra" raketkərindən atəş aça bilir. 12-40 ədəd istiqamət borularına sahibdir. 13 - 180 km arası məsafədə 11000-dən 46000 kvadrat metrə qədər ərazini atəşlə məhv edə bilir. Heyət 3 nəfərdən ibarətdir.
Sistemin səfər vəziyyətindən döyüş vəziyyətinə keçirilməsinə 5 dəqiqə, atəşdən sonra döyüş mövqeyini tərk etməsinə isə 3 dəqiqə zaman lazımdır. Şossedə maksimum sürəti 110 km/s, ehtiyat gediş məsafəsi 550 km-dir. 8 × 8 təkər formulasına sahibdir. Bir ədəd "Nayza" YARS-ın dəyəri təxminən 600.000 ABŞ dollarıdır.
"Naiza" YARS ilə silahlanan artilleriya divizionunun tərkibinə çoxkalibrli raket qurğusundan başqa artilleriya atəşinin avtomatlaşdırılan idarəetmə sistemi, nəqliyyat-yükləmə maşınları, avtomatik meteostansiya, rəqəmsal rabitə vasitələri, kompüter, kəşfiyyat üçün lazer məsafəölçəni, avtomatlaşdırılan rejimdə atəş açmaq üçün məlumatların hazırlanması və ötürülməsi üçün vasitələr, peyk və ətalətli naviqasiya sistemləri və PUA-lar daxildir. PUA-lar dedikdə "Hermes-450", "Orbiter" və ya "Sunkar" nəzərdə tutulur.
"Arlan" MRAP (bizim "Marauder" kimi tanıdığımız) zirehli vasitələrinin 60 ədədi Qazaxıstan təhlükəsizlik qüvvələrində artıq ikinci ildir ki, fəal şəkildə fəaliyyət göstərir və ümumilikdə çox yaxşı nəticələr göstərir. Ən azından Müdafiə Nazirliyinin mütəxəssisləri bu barədə müsbət rəy bildirirlər. Bu il ərzində əlavə 30 ədəd "Arlan" Quru qoşunlarına təhvil veriləcək. "Arlan"nın silahlanmasında 12.7 mm iri çaplı pulemyotla yanaşı, 7.62 mm PKT tank pulemyotu da yer alır. Maşının çəkisi 16 ton, daşıdığı heyət isə 10 nəfərdir. 100 km/saat maksimum sürətə malik olan ZPD -50⁰ С dən +50⁰ С- yə qədər temperatur diapazonunda istismar edilə bilər.
Qazaxıstan Mühəndislik Şirkəti və Cənubi Afrikanın "Paramount Group"un birgə layihəsi olan "Kazakhstan Paramount Engineering" lisenziyalı müəssisəsi zirehli təkərli nəqliyyat vasitələrinin yeni modelini hazırlayıb. 8x8 təkərli formalı "Barıs" zirehli vasitəsi artıq qış sınaqlarından keçib və ordudakı köhnə Sovet istehsalı olan zirehli vasitələri əvəz etməyə başlayıb.
İlk dəfə bu maşının prototipi 2016-cı ildə "KADEX" silah və hərbi texnika sərgisində təqdim edilib. ZPD-nin salah modulu "Qazaxıstan Aselsan Engineering" tərəfindən hazırlanır. Artıq bir ildir ki, yeni "Barıs" 8x8 də sınaqdan keçirilir. Əvvəlki sərgidən fərqli olaraq, vasitə başqa bir silah modulu ilə təqdim ediləcək. Zirehli vasitə hazırda tamamilə yenidən təchiz edilib. Rusiyanın "Uralvagonzavod" zavodunun istehsalı olan 57 mm avtomatik top yerli istehsal olan 30-mm 2A42 ilə əvəz edilib. Ümumiyyətlə, yeni platformada Qazaxıstan hərbçilərinin bütün istəkləri nəzərə alınıb. Kompleksdə quraşdırılan lazer məsafəölçəni, termal və optik kameralar bəzi yüngül sığınacaqlarda olsa belə düşməni, ondan daha əvvəl aşkar etməyə imkan verir.
2019-cu ildə Quru Qoşunlarının silahlandmasına yerli istehsal olan zirehli personal daşıyıcıları qəbul ediləcək. Dörd təkərli "Alan" zirehli avtomobili ("Sand Kat" kimi tanıdığımız) bu il Dövlət Mühafizə Xidməti tərəfindən silahlanmaya qəbul edilir.
Qazaxıstan KTMT, MDB, ŞƏT, BMT, NATO ilə çoxtərəfli hərbi-siyasi əlaqələrə sahibdir. ABŞ, Çin, Rusiya, Türkiyə, Almaniya, İsrail, Slovakiya və başqa dövlətlərlə müxtəlif sahələrdə səmərəli əməkdaşlıq edilir. Azərbaycanın isə Qazaxıstanla hərbi əlaqələri yüksək və xüsusi bir statusa malikdir.