Pekindən “6 sistem” təqdimatı: Çinin nəhəng hərbi sənayesi Azərbaycana nə verə bilər? – HƏRBİ EKSPERT (Analiz)

2018/04/4d3b0a6468524005bf6224f6112ab441_th3454_1524831762.png
Oxunub: 3287     20:01     27 Aprel 2018    
Dünən Çin Xalq Respublikasının Dövlət Surasının üzvü, Milli Müdafiə naziri, general-polkovnik Ven Fenxe cənablarının dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Pekinə səfər edib. Müdafiə nazirliyinin press-relizində deyilir ki, Zakir Həsənov Çin Xalq Respublikasının müdafiə sənayesi sahəsində qazandığı nailiyyətlərlə tanış olacaq və bunların içərisində bizim ölkənin ehtiyaclarına uyğun nümunələrə baxış keçirəcək.

Maraqlıdır ki, Çinin Azərbaycana marağı keçən il Ermənistanın Hindistanla təmtəraqlı müdafiə sənayesi sahəsində bağladığı memarandumdan sonra bu şəkildə materiallaşıb.

Çin Xalq Respublikasının dünyadakı böyük siyasi rolunu nəzərə alsaq da, ölkəmizin Çinlə geosiyasi əlaqələri haqqında hələlik uzağa gedən fərziyyələr irəli sürmək istəmirik. Mövzunu əsasən müdafiə nazirliyinin press-relizi çərçivəsində inkşaf etdirərək, ölkəmizi Çində maraqlandıra bilən müdafiə sistemləri haqqında fikir yürütməyə çalışacağıq.


Ölkəmizə müdafiə sistemlərinin satışına tamamilə haqsız çətinliklər yaradan qərb dövlətlərinin “xoş məramı” sayəsində ölkəmiz öz silahlı qüvvələrini balanslaşdırılmış şəkildə inkşaf etdirə bilmir. Bu səbəbdən, ölkəmiz kifayət qədər güclü ordusu olmasına baxmayaraq, özünü potensial düşmənlərinin hamısından müdafiə etmək qabiliyyətinə malik deyil.

ÇXR qərb ölkələri ilə hər hansı bir şəkildə bloklaşmadan nümayişkaranə şəkildə boyun qaçıraraq, yalnız özünün siyasi mülahizələrinə uyğun hərəkət edir. Azərbaycan respublikasının haqlı maraqlarının bir çox güc mərkəzləri tərəfindən nəzərə alınmaması, ölkəmizi Çin dövləti üçün maraqlı bir subyektə çevirir. Əgər bu nəhəng ölkə bizim dövlət maraqlarımızı obyektiv şəkildə qiymətləndirərsə, böyük geopolitik əhəmiyyətə malik region olan Qafqazın ən çoxsaylı cəmiyyəti olan ölkəmizdə özünə rəğbət qazana bilər. Bu da ona regionun siyasi həyatında daha yaxından iştiraka imkan verərdi.

Çin Xalq Respublikasının nəhəng hərbi sənayesində ölkəmizin hərbiçilərini maraqlandıran bir çox sistemlər var.

1) İnformasiya texnologiyaları mühafizəsi sahəsində aparat və proqram qərarları;
2) Döyüş, kəşfiyyat, REM, uçan idarəetmə məntəqələri funksiyalarını yerinə yetirən təyyarələr;
3) Hava Hücumundan müdafiə sistemləri;
4) Universal operativ-taktiki zərbə sistemıəri;
5) Koordinatları müəyyən edən peyk sistemlərinin siqnallarını qəbul imkanı;
6) Hərbi-tədris sahəsində əməkdaşlıq.

Bu sahələri bir-bir nəzərdən keçirməyə çalışaq:

1. İnformasiya texnologiyaları mühafizəsi sahəsində aparat və proqram qərarları

İnformasiya təhlükəsizliyinin vacibliyi artıq heç bir kəsdə şübhə doğurmayan bir fikirdir. ÇXR bu sahədə ən qabaqcıl ölkələrdən biridir. Onlar həm beynəlxalq açıq informasiya kanallarına münasibət strategiyasında mühüm irəliləyişlər etmiş, həm də gizli təsirlərə müqavimət və əks-təsir sahəsində irəli getmiş ölkələrdən biridir. Çin dövləti bu sahədə nəinki proqramm məhsulları vasitəsilə öz maraqlarını müdafiə edir, həm də öz elektron sənayesinin geniş imkanlarından istifadə edir.


Qərb dövlətləri bu mövzuya aid olmayan səbəblərdən 20-ci əsrin 70-80 ci illərdə öz elektron sənayelərinin bir çox komponentlərini Çində yerləşdirdiyindən, artıq bu ölkədə geniş imkanlı elektron sənayesi klasteri yaranıb. Bu sənaye klasteri üçün çoxsaylı səriştəli mühəndis-texniki kadrları hazırlanıb və püxtələşib. Onlar öz proqram məhsullarında yaradılmış ideyalarını asanlıqla mürəkkəb elektron cihazlar şəklində materiallaşdıra bilirlər. Bu da müxtəlif məxfilik çihazlarının, efirdə və ya kabellə nəql qovşaqlarında elektron-mübarizə cihazlarının, mobil rabitə sistemlərinin təhlükəsizliyini təmin edən cihazların və s qurğuların istehsalına inkan verir. Bu ölkənin mühəndisləri lokal sahələrdə istifadə etmək üçün çəkinmədən müxtəlif kibernetik əməliyyat sistemləri layihələndirərək, onların mikroprosessor özəyini qura bilirlər. Bu da bəzi kompüter əməliyyat sistemləri üçün yazılmış “casus proqramlarını” belə lokal sistemlər üçün yararsız edir. Bu sahədə Çindən öyrənə biləcəyimiz çox şeylər var.

2. Döyüş, kəşfiyyat, REM, uçan idarəetmə məntəqələri funksiyalarını yerinə yetirən təyyarələr

Döyüş təyyarələri alışı sahəsində bizim ölkəmizin elə də böyük seçimi yoxdur. Nəinki bizim ölkəmizin, hətta dünya ölkələrinin əksər qisminin seçimi elə də böyük deyil. Müasir döyüş təyyarələri istehsalının tam komponentləri dünyada yalnız ABŞ şirkətlərində, Fransa-İngiltərə-Almaniya sərmayəli Avropa Konsorsiumunda, Fransanın “Dasso” şirkətində, İsveçin “Saab” şirkətində, Rusiya Federasiyasının şirkətlərində və Çin şirkətlərində var.


Qalan bir neçə dövlətdə istehsalın müəyyən qismi yaradılıb ki, bəzi qovşaqlar tam istehsallı dövlətlərdən alınır. Bunların içində xarici köməklə artıq öz təyyarələrini yaratmış Hindistan və Pakistanı misal çəkmək olar.

Sadalanan ölkələrin hər biri ilə əməkdaşlığımızın səviyyəsi haqqında keçən aidiyyətli yazılarımızda məlumat vermişdik. Həmin mülahizələri nəzərə alarsaq, ÇXR-nın aviasiya sənayesi məhsulları da ordumuzun tələbləri üçün maraqlı ola bilər. Çin aviasiyasının təşəkkülü haqqında geniş və məzmunlu bir şərh yazmaq imkanımız olsa da, materialın həcm formatını gözləyərək demək olar ki, bu ölkə həmin sahədə yaxın keçmişdə yeni texnoloji mərhələyə keçərək, kifayət qədər keyfiyyətli maşınlar istehsal edə biləcək durumdadır. Fikrimizcə, bu ölkədə istehsal olunan təyyarələrin içində bizim üçün ən maraqlısı 2000-ci illərin əvvəllərində ÇXAO (Çin Xalq Azadlıq Ordusu) silahlanmasına daxil edilmiş 4+ nəsilli "Çendu" J-10 qırıcı-bombardmançı təyyarəsi, Çinin və Pakistanın birgə istehsalı olan “Thander” JF-17 blockll modifikasiyalı çoxfunksiyalı yüngül döyüş təyyarəsi və müasir KJ-500 “Uçan aviasiya idarəetmə məntəqəsi”dir.


Hər üç təyyarə bizim aviasiyamızın döyüş qabiliyyətinin inkşafına böyük təkan verə bilər. Bu maşınlarla silahlanmış aviasiyamız daha asanlıqla potensial düşmənin hücum edən zərbə təyyarələrini məhv edə bilər, həm də onun hava hücumündan müdafiə sistemini qət edib boğa biləcək. Bu isə düşmənin ordusunun infrastrukturu yerləşmiş rayonun üzərindəki səmaya tam sahibliyi ələ keçirərək, onun birləşmələrinə və obyektlərinə birbaşa zərbə endirmək imkanı deməkdir. Belə zərbələr üçün bahalı raket silahı yox, ucuz qiymətli azad düşən aviasiya bombaları kifayətdir. Partlayıcı gücü operativ-taktiki raketlərin partlayıcı gücündən heç də az olmayan bu sursatlar yalnız partlayıcı maddədən və qəlpələnən polad örtükdən ibarətdir. Bir sözlə, bu sursat operativ-taktiki raketlərdən bəzən min dəfə ucuz qiymətə istehsal olunur. Belə sursatların istehsalı da ölkəmizdə artıq seriyaya salınıb və Bakı müəssisələrindən birində istehsal olunur.

Çin mütəxəssisləri “uçan radarlar” sahəsində böyük texnoloji sıçrayış edərək, hədəfi uzaqdan aşkarlayıcı və aviasiyanın uçan idarəetmə məntəqələrinin radiolokatorunu modernizə edərək, elektromaqnit şüasının mexaniki yayımını təmin edən hərəkət edən hissələri ləğv ediblər. Əvəzində radiolokator aktiv şüalı hərəkətsiz antenna müstəvisi alıb ki, bu da həm sistemi daha dayanaqlı edir, həm də onun funksionallığını dəfələrlə artırır. Aşkar və müşayət olunan hədəflərin sayını artırır. Eyni zamanda hədəflərə yönəldə biləcəyi təyyarələrin sayını artırır və düşmən sisteminə daha dayanaqlı, eyni zamanda hər bir sistemi üçün konkret yönəldilmiş ayrıca aktiv maneələr qoya bilir.


Belə sistemlər bizim aviasiyanı sovet mirası olan bir problemdən azad edə bilər. Yerdə yerləşən aviasiyanı hədəfə yönəltmə məntəqələri Sovet İttifaqı aviasiyasının və onun varislərinin ən zəif nöqtələridir. Sovet HHQ özünün son illərində, daha sonra Rusiya Federasiyası bu geridəqalmanı aradan qaldırmaq üçün uçan idarəetmə məntəqələri inşa etməyə başlayıb. Sovet İttifaqı təxminən 25 ədəd A-50 təyyarəsi inşa edib. Rusiya Federasiyası isə onların 4 ədədini modernizə edərək A-50U səviyyəsinə çatdırıb. Maliyələşdirmə işləri zəif olduğundan, Rusiyanın bu sahədə nailiyyətləri elə də böyük deyil.

İkinci tərəfdən, ərazisi əsasən düzənlikdən ibarət olan bu ölkə üçün öz ərazisində döyüş təyyarələrinə nəzarət və idarəetməni yerüstü məntəqələr vasitəsi ilə də həyata keçirmək olar. Lakin ərazisi dağlıq zonada yerləşən dövlətlərin HHQ-ləri cari döyüş şəraitini hər an nəzarətdə saxlamaqdan ötrü bu məntəqələri bir neçə kilometr hündürə qaldırmalıdır. Bunun da ən optimal forması uçan idarəetmə və yönəltmə məntəqələridir. Belə texnikanı əldə etmək müasir qırıcıları əldə etməkdən də çətin bir məsələdir.

3. Hava Hücumundan müdafiə sistemləri

Yuxarıda qeyd etdiyimiz kimi, Çin Xalq Respublikasının 2000-ci illərdəki texnoloji sıçrayışı ona imkan verir ki, yüksək texnologiyalar tələb edən hərbi proqramlar sahəsində layihələr qurub, yeni silah növləri yaratsınlar. Əlbəttə, bütün bu texnologiyalar Çin ərazisində yaranmır. Bəzən bu ölkə onları başqa inkşaf etmiş ölkələrdən mənimsəyir. Lakin Çin sənayesinin fantastik imkanları belə bir mənimsəməni yüksək texnoloji səviyyədə təkrarlamağa imkan verir.


Belə sahələrdən biri də Hava Hücumundan Müdafiə sistemlərinin istehsalıdır. Çin istehsalı olan ZRK-ları - HQ-9, HQ-12 və HQ-16 (LY-80) HQ-17 - bizim ordunu maraqlandıra bilər. Əgər bu sistemlərin deklarasiya olunmuş xüsusiyyətləri onların həqiqi xüsusiyyətləri ilə uyğun gəlirsə, ölkəmizin çoxeşelonlu HHM sisteminin qurulmasında onlardan istifadə etmək olar. Artıq “Çin malı” kəlməsi istehza doğura bilməz. Bu ölkənin sənayesi sürətlə öz keyfiyyət səviyyəsini artırır. Elektron sənayesi isə ən yüksək qərb standartlarında məhsullar istehsal edə bilir. Cənubi və şərqi Avropa ölkələri bu standartları tətbiq etmək gücündə deyil.

4. Universal operativ-taktiki zərbə sistemləri

Çin Xalq Respublikasının reaktiv yaylım atəş sistemləri sahəsində bir çox uğurlu nümunələri nisbətən ucuz qiymətlərinə görə müxtəlif ölkələrin ordularında istismar olunur. Lakin bu reaktiv sursatlar tək ucuzluğuna görə yox, həm də universallığına, müxtəlif şassilərdə yerləşdirilməsinin mümkünlüyünə görə, müxtəlif hədəfə tuşlama və naviqasiya metodlarından istifadə imkanlarına görə populyardır. Həm də Çin dövləti böyük ordusu olan inkşaf etmiş dövlətlərin içində bu yaxınlarda elmi-texnoloji sıçrayış etdiyindən, başqa dövlətlərin HSK sahəsində onilliklərlə yığdığı təcrübəni qiymətləndirib, tətbiq edə bilirlər. Bu mənada həmin ölkədə layihələndirilən universal taktiki cəbhə zərbə sistemlərini (UTCZS) misal gətirmək olar. Belə sistemlər eyni şassi və atəş-idarəetmə komanda kabinəsindən istifadə etməklə həm müxtəlif kalibrli yaylım atəş raketlərini, həm qanadlı raketləri, həm operativ-taktiki raketləri tətbiq edə bilir. Belə sistemlər dünya hərbi fikrinin son müharibələrdən sonra gəldiyi qərarlara əsaslanaraq qurulmağa başlayıb.


Əvvəlcə dünyanın müxtəlif hərb teatrlarında hamıdan müasir döyüşlər aparmış ABŞ özünün 1983-cü ildə yaratdığı M270 MLRS yaylım atəş sistemini 1991-ci ildə təkmilləşdirərək, onu MGM-140A ATACMS operativ-taktiki raketlərin buraxıcı qurğusu kimi də yararlı etmişdi. Bu raketlər təkərli yedəkdə daşınan “Lans” OTRK-lərini əvəz etməkdən ötrü yaradılıb. M270 MLRS RYAS sistemi və MGM-140A taktiki raketləri eyni platformada JTACAMS (Joint Army TACtical Missile System – Ümumi Ordu Taktiki raket kompleksi) adı aldı. 2000-сi illərin əvvəllərində bu sistemi də inkşaf etdirib və onu AGM-137 TSSAM qanadlı raketlərinin də platformasına çevirmək istəyirdilər. Lakin proqram çox baha başa gəldiyindən, onu dayandırmağa məcbur oldular. Hətta bu formada da, amerika sistemi özünün universallığı ilə dünyanın müasir sistemi olaraq qalır.

İsrailin ona oxşar eyni platformadan tətbiq olunan müxtəlif sursatlı zərbə sistemi var. Azərbaycan ordusunun da silahlanmasında olan “Links”(Lynx) RYAS-ı eyni platformadan 122 mm-lik “Qrad”/t-122, 160 mm-lik LAR idarəolunmayan raketlərini, 300 mm-lik EKSTRA idarəolunan yüksək dəqiqlikli raketlərini, yüksək dəqiqlikli “Delilah-GL” qanadlı raketlərini və operativ-taktiki LORA raketini tətbiq edə bilər. LORA-nın hansı səbəblərdən ölkəmizə gətirilməyib, buna uyğun “Lunx” sisteminin tamamlanması faktı maraqlıdır.


Dünyada bu zərbə kompleksinin 3-cü istehsalçısı Çin Xalq Respublikasıdır. Bu ölkədə eyni zamanda iki rəqib korporasiyalar olan CASİC və CASC şirkətləri BP-12A və GATSS universal taktiki cəbhə zərbə kompleksləri hazırlayırlar.

Birinci sistemi keçən il Qətərin milli paradında nümayiş etdiriblər. Həmin sistemdə operativ-taktiki raket kimi mənzili 300 km BP-12A raketi, uzaqmənsilli RYAS sursatı kimi mənzili 200 km olan SY-400 raketləri istifadə olunur.

İkinci sistem daha maraqlıdır. CASC korporasiyasının “Birinci akademiya” adlandırılan bölməsində layihələndirilib qurulmuş GATSS sisteminin sursatları və funksionallığı daha çoxdur.

Belə ki, bu universal cəbhə raket arəşi kompleksində bir platformadan idarəolunmayan 300 mm kalibrli A100 raketləri, uçuşu idarəolunan həmin kalibrli A200 və A300 raketləri, səsdən sürətli düzaxınlı atmosfer oksigenindən istifadə edən raket mühərrikli CX-1 qanadlı raketləri, sınanmış Dunfen-12 ballistik raketinin kiçildilmiş variantı M20 operativ-taktiki raketi tətbiq oluna bilər. GATSS sisteminə zərbə (K) sistemi və rabitə-idarəetmə-kəşfiyyat sisyemi ( C4İSR) daxildir.


Zərbə sistemi bir mobil buraxıcı qurğudan müxtəlif raketlər atmağa imkan verir. 4 nəfərdən ibarət döyüş heyəti olan 45 ton döyüş çəkisi olan səkkizoxlu döyüş maşınının ölçüləri 12,9х3,11х3,55 м, dir. Buraxıcı qurğu döyüş tapşırığındanasılı olaraq öz bortuna, hərəsində bir ədəd CX-1 qanadlı raketi olan 2 ədəd nəqliyyat-buraxıcı konteyneri; və ya hərəsində bir ədəd M20 OTR olan 2 ədəd nəqliyyat-buraxıcı konteyneri; və ya hərəsində 4 hermetik buraxıcı konteyner olan 2 paket A200 və ya A300 raketləri (8ədəd); hərəsində 5 buraxıcı boru olan 2 paket A100 raketləri (10 ədəd) götürə bilir.

İdarəetmə sisteminə 2-3 radioşüalanmaya qarşı kəşfiyyat apara bilən PUA və onun idarəetmə postu, 2-3 optik-spektral şüalanmalara qarşı kəşfiyyat apara bilən PUA və onun idarəetmə postu, rabitə naviqasiya və hədəfi izləyən kəşfiyyat vasitələri olan mobil idarəetmə məntəqəsi daxildir. Belarusun “Polonez” kompleksi bu sistemin məhdud imkanlı analoqudur. Belə sistemin bizim ölkədə olması, ordumuzun operativ zərbə imkanları dünyanın ilk 20 ən güclü ordusu ilə bərabərləşəcək. Bu atəş-zərbə kompleksinin baş kalibrli raketi haqqında bir qədər geniş məlumatı əvvəlki yazımızda vermişdik. Əsasən operativ maraqlar üçün xüsusi ordu əməliyyatların təminatı məqsədi ilə istifadə olunan operativ-taktiki raketlər, aviasiyanın tətbiqi çətinləşərsə, cəbhə boyu onun yaxın arxasında zərbə əməliyyatlarına da cəlb olunmalıdır. Bu halda müasir ordularda universal taktiki raket atəş sistemlərinin rolu qat-qat artmağa başlayır. Çinin bu proqramı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.

5. Koordinatları müəyyən edən peyk sistemlərinin siqnallarını qəbul imkanı

Çin özünü ABŞ-ın, Avropa İttifaqının, Rusiyanın peyk qlobal yerini təyinetmə siqnallarından (GPS) asılı etməmək üçün özünün “Baydu” sistemini qurub.


Ordumuzun bu sistemin şifrli hərbi-kommersiya kanallarına girişinin olması məqsədəuyğun olardı. Koordinatları təyin edən sistemlərimiz nə qədər çox bir-birini tamamlayarsa, o qədər yaxşı olar. Çünki, müəyyən siyasi şəraitdə ABŞ, Avropa və Rusiya öz koordinat peyklərinin dəqiqliyini bizim refion üzərində azalda bilərlər. Bununla da bizim GPS idarəetməsi olan yüksək dəqiqlikli sursatlarımız adi sursatlara çevrilə bilər. Hadisələrin inkşafında belə bir ehtimalı da nəzərə alaraq, ehtiyat kimi “Baydu” sistemindən də istifadə etmək məqsədəuyğundur.

6. Hərbi-tədris sahəsində əməkdaşlıq

Çin dövləti min illik hərbi ənənələri olan bir dövlət dövlətdir. Onun güclü hərbi məktəbi var. Dünyanın ən ambisiyalı və sürətlə inkşaf edən ordusudur.


Bu baxımdan ÇXR hərbi məktəblərində və akademiyalarında keyfiyyətli hərbi biliklər qazanmaq mümkündür. Bizim ordumuzda həqiqi hərbi xidmətdə olan bir neçə istedadlı hərbiçi bu ölkədə təhsil alıblar. Bu sahə də bizim üçün maraqlıdır. Müxtəlif hərbi sistemlərdə təhsil almış zabitlərimiz ölkəmizdə hərbi fikrin inkşafına təkan verə bilərlər.

Göstərdiyimiz əsas sahələrdən əlavə, sənayesi hər növ hərbi sursat və ləvazimat istehsal edən Çində ordumuz üçün maraqlı çox nümunələr var.

Ümid edirik ki, ordumuzun rəhbərliyinin bu ölkəyə rəsmi səfəri zamanı nəzərdən keçirdiyimiz bütün sahələrdə uğurlu razılaşmalar əldə ediləcək.

Hərbi ekspert Vüqar Miraslanov
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Çin   Hərbi-əməkdaşlıq   Zakir-Həsənov  


Bizi "telegram"da izləyin