Bu məqalədə Rusiyanın T- 90 markalı tankları ilə Amerikanın ən yaxşı tanklarını müqayisə ediləcək. T- 90 tankının modernləşdirilən versiyasının Azərbaycan oxucusu üçün də maraqlı olacağı qənaətinə gəldik, çünki bu tanklar Silahlı Qüvvələrimizin tank bölmələrinin silahlanmasında əsas döyüş tankıdır.
Rusiyanın zirehli texnikaları içində ən son yenilik "Armata" tankları hesab olunur. Lakin bu tanklar qoşunlarda real silahlanmadan hələ çox uzaqdır.
"Armata"nın hazır olmasını gözləməyən rus tank istehsalçıları mövcud zirehli qruplaşmanın gücləndirilməsi üçün Rusiyanın silahlanmasında olan T-90 kimi tank növlərinin müasirləşdirilməsinə start veriblər. Son zamanlarda bu tankların 40 ədəddən ibarət bir partiyasının T-90M layihəsi çərçivəsində təkmilləşdirilməsinin başa çatması və tezliklə müştəriyə veriləcəyi ilə bağlı məlumatlar yayıldı.
Yazıda Rusiya modernləşdirmə layihəsini Amerikanın məşhur "Abrams" tanklarının modernləşdirilməsi olan M1A2 SEP v.3 tankları ilə müqayisə edəcəyik. Bu tanklara bir sıra yeni avadanlıqlar quraşdırılaraq tankların texniki xüsusiyyətlərini yaxşılaşdırmağa imkan yaradılıb. Eyni zamanda, hazırkı T-90M nümunələrinin tədarükü barədə heç bir dəqiq məlumat yoxdur. İki yeni modernləşdirilən tankın döyüş imkanlarını müqayisə etməyə cəhd edək.
Yeni T-90M əvvəlki Rusiya tanklarından fərqli olaraq, müasir xarici texnologiyaya xas olan bütün xüsusiyyətlərə malikdir. Əvvəlki modellərdə maşınların gündüz/gecə komandir nişangahları mövcud olsa da, gecə rejimi ayrılıqda bir sistem kimi mövcud deyildi. İndi tank komandirinin özünə aid PK-PAN nişangahından istifadə etməsi təklif olunur. Tuşlayıcının sərəncamında isə ayrıca gecə kanalı olan "Sosna-U" nişangahı mövcuddur. Bu qurğuların tərkibində Fransanın istehsalı olan "Catherine" matritsalarından istifadə olunmasına inanmaq üçün bir çox səbəblər var. T-90M tanklarının müasir "Irbis-K" istilik modulları ilə təchiz edilməsi barədə məlumat hələ təsdiqlənməyib.
Komandir və tuşlayıcının atəş nişangahları bir sıra mühüm imkanları olan ümumi atəşi idarəetmə sisteminə birləşdirilib. Məsələn, hədəfi aşkar edən komandir onu tuşlayıcıya "ötürə" bilir. Rusiya mənbələrinə görə, bu imkan ilk dəfə rus ordusunun tankında tətbiq edilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, bu tip yeniliklər artıq digər müasir tanklarin atəşi idarəetmə sistemlərində də geniş istifadə olunur.
T-90-nın əvvəlki versiyaları "Kontakt- 5" dinamik mühafizə növü ilə təchiz olunur. Yeni layihədə "Kontakt- 5" dinamik mühafizəsi yeni "Relikt" sistemi ilə əvəzlənib. Bundan əlavə, qüllənin aşağı hissəsində tora bənzər və digər ekranlar yer alır və dinamik qoruma bloklarını tamamlayır. Bu isə tankın kümulyativ mərmilərə qarşı dayanıqlılığını artırmağa imkan verir. Əvvəllər T-90M tankının ilk fotoşəkillərində bu hissədə barmaqlıq ekranlar müşahidə olunurdu. Daha sonralar, ötən ilin payızından başlayaraq torabənzər ekranlar görünməyə başladı. Barmaqlıqlar arxa hissədə də quraşdırılaraq güc qurğusu üçün riskləri azaldır.
Gələcəkdə T-90M tanklarının "Malaxit" kimi yeni bir "reaktiv zireh"lə təmin olunacağı barədə məlumatlar var, lakin bu cür dinamik mühafizə olunan döyüş vasitəsinin təsvirləri hələ açıqlanmayıb. Yəqin ki, T-90M tanklarının ilk seriyaları bu cür vasitələrə sahib olmayacaq.
Rəsmi məlumatlara əsasən, T-90M layihəsi əsas silahın yüksək dəqiqliyini əldə etməyə imkan verib. Lakin bu məqsədlə hələ də əvvəlki kimi 2A46 ailəsinə məxsus əsas silah sistemdən istifadə olunur. Qüllənin damında, komandirin iş yerinin üstündə, uzaqdan idarə olunan 12.7 mm pulemyot yerləşdirilib. Bu pulemyotun əvvəlki T-90 tanklarındakı pulemyotladan üstün olduğu iddia olunur. Bəziləri bu onun imkanları baxımından rus döyüş modulunu təxminən Amerikanın CROWS (Common Remotely Operated Weapon Station) sisteminə bərabər olduğunu düşünürlər.
Yenilənən tank, lazer şüalanması barədə xəbərdarlıq sensorlarını qoruyub saxlayır və hələ də "Ştora" sistemindən olan tüstü bombaları qurğusu daşıdığı ehtimal olunur. Müxtəlif iddialara görə, bu kompleksdən projektorların çıxarılmasına səbəb onların müasir tankəleyhinə raket sistemlərinə qarşı mübarizədə aşağı effektivlik nümayiş etdirməsi olub. Eyni zamanda, T-14 tankı üçün inkişaf etdirilən "Afqanit" aktiv qorunma kompleksinin də sözügedən tanklarda yeni bir vasitə kimi istifadə ediləcəyi söylənilirdi. Lakin, "Malaxit" iddiasında olduğu kimi, bu təkliflərin həyata keçirilməsinə aid heç bir sübut yoxdur.
Əvvəlki Rusiya tanklarına nisbətən T- 90M tanklarında erqonomika yaxşılaşdırılmasını qeyd etmək vacibdir. Xüsusilə ekipajın fəaliyyət göstərdiyi bölmələr yeni kondisionerlərlə təmin edilir. İdarəetmə bölməsi sürücü - mexanikin rahatlığını artırmaq üçün modernləşdirilib. Öyrənilməsi kifayət qədər mürəkkəb olan ənənəvi rus tanklarının idarəetmə mexanizmi indi M1A2 tanklarında olduğu kimi kompakt sükan avadanlığı ilə əvəz olunub. Ayrıca, T-90M özünü tam diaqnostika funksiyalı yeni bir nəzarət sistemi və təkmilləşdirilən radiostansiyalar ilə təchiz edilib.
Amerikanın "Abrams" M1A2 SEP v.3 layihəsi də Russiyanın T-90M tanklarında istifadə olunan bir çox bənzər yenilikləri tətbiq edib. "Abrams" tank modernizasiyası zamanı tankın korpusu inkişaf etdirilib, komandir və tuşlayıcının nişangahlarının tərkibində 3-cü nəsil termal kameralardan istifadə edilib, həmçinin ən son versiya CROWS (Common Remotely Operated Weapon Station) sistemi tətbiq edilib. Maraqlıdır ki, yeni pulemyotlar əvvəlki pulemyotlardan kiçik ölçüsü ilə fərqlənir. Rusiyanın T-90M layihəsində isə əksinə daha böyük çaplı silah tətbiq edilir.
SEP v.3 modifikasiyasında M1A2 tankı mövcud 120 mm silindrli silahı qoruyur. Atəşi idarəetmə sistemində müxtəlif tipli mərmilərlə eyni zamanda fəaliyyət göstərməyə imkan verən yeni bir data kanalı tətbiq olunub. Xüsusilə, döyüş potensialını artırmaq üçün M829A4 APFSDS mərmilərindən atışı həyata keçirmək artıq mümkündür.
Amerikan layihəsi, "Trophy" aktiv müdafiə sisteminin quraşdırılmasını təmin edir. Nəhayət, rus tankında olduğu kimi, M1A2 tankının SEP v.3 modifikasiyası da rabitə və idarəetmə sistemlərinin yeniləməsini nəzərdə tutur.
Silahlanma baxımından, aparıcı ölkələrin hər iki yeni tankı təxminən bir-birinə bərabərdir. M1A2 SEP v.3 versiyasında istifadə olunan yeni proqramlaşdırılan sursat layihənin ciddi bir yeniliyi kimi təqdim edilsə də, sonradan eyni atəş imkanlarının artıq Rusiya layihələrdən birində həyata keçirildiyi bəlli oldu. Hələ 90- cı illərin əvvəllərində T-90K tanklarının eyni xüsusiyyətlərə malik "Aynet" mərmilərinə sahib olub!
Hər iki tankın sursatlarının döyüş göstəriciləri də oxşar ola bilər. İddiaya görə, ABŞ M829A4 sursatı üçüncü nəsil "Relikt" dinamik qorunma sisteminə malik tankı məhv edə bilər. Kumulyativ mərmilərə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulan barmaqlı və tor ekranlar kalibraltı sursatların qarşısını almaqda şətinlik çəkir.
T-90M tanklarının sursat arsenalın1da kifayət qədər yüksək xüsusiyyətlər nümayiş etdirən keçən onilliklərin "Svinets" zirehdələn mərmiləri və standart topdan atıla bilən "İnvar" idarəolunan raketləri qorunub saxlanılır. Amerikanın M1A2 tankı isə belə bir imkanlardan məhrumdur, baxmayaraq ki, nəzəri olaraq onun topundan İsrailin "LAHAT" raketindən atəş açılmasının mümkünlüyü iddia edilir.
Müşahidə cihazları sahəsində Amerika tankı üstünlüyə malikdir. Rusiya istehsalı olan tanklarda idxal məhsulları istifadə edilərkən "Abrams" tankları yerli istehsalın üçüncü nəsil termal görüntüləmə sistemi ilə tamamlanır. T-90M tankları az döyüş kütləsi ilə daha üstün mobil imkanlara malikdir.
Birbaşa döyüş qarşılaşması kontekstində iki yeni modelin tanklarını müqayisə etməyə çalışsaq, "Invar" idarəolunan raketlərinin mövcudluğu belə Rusiya döyüş vasitəsinə üstünlük verməyəcəyi ehtimal olunur. M1A2 SEP v.3 mümkün ola bilən təhdidlərə qarşı fəal müdafiə sistemi "Trophy" ilə təchiz olunub. İsrailin "Rafael" şirkətinin məlumatlarına görə, bu kompleks 900 m/s sürətlə uçan hədəfləri ələ keçirə bilir. Rusiya raketi isə 350 m/s sürətlə uçur, bu da "Tropy"nin imkanlarına uyğun gəlir. Mübarizədə qarşılaşan hər iki tank bir-birinə müəyyən zərər vurmaq qabiliyyətinə malikdir. Əsas silahların bənzər dəqiqliyi və gücü bu nəticələri əldə etməyə imkan verir. Buna baxmayaraq, modernləşdirilən "Abrams" ekipajının sağ qalmaq üçün daha çox şans var. Bu davamlılıq döyüş sursatlarının ekipaj bölməsindən ayrıca olaraq qüllənin arxa tərəfində, döşəmədə yerləşdirilməsi və damın qoruyucu panellər ilə qorunması hesabına təmin edilir. T-90M tankları bu baxımdan Sovet/Rus tank hazırlanması ənənəsinə uyğundur. Döyüş sursatlarının böyük hissəsi avtomatik yükləmə cihazında və döyüş bölməsinin perimetri üzrə yerləşdirilir. Yeni tanklarda sursatların bir qismi "Abrams"da olduğu kimi yerləşdirilməyə başlayıb. Bu isə T-90M tanklarının qülləsinin T-72 və ya T-90 tanklarından xeyli uzun olmasına səbəb olub.
Rusiyanın T- 90M tankı ilə Amerikanın "Abrams"M1A2 SEP v.3 tanmklarının modernləşdirilməsinin nəticələrini qiymətləndirərək sadə, lakin məntiqi bir nəticəyə gəlmək mümkündür. Hər iki tankın imkanlarını araşdırandan sonra döyüşdən T-90M və ya M1A2 SEP v.3 tankının qalib gələcəyi sualının cavabı belədir: daha təcrübəli və təlimli heyəti olan tankın qalib gələcəyi şübhəsizdir.
Yazı Ryabov Krilin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az