Tank əleyhinə daşınan raket kompleksləri əsas döyüş tankları ilə mübarizə aparmaq üçün hazırlanır. 80-ci illərin sonlarında Britaniyanın desant bölmələri standart taborlarla müqayisədə iki dəfə çox "Milan" TƏİRK-lərlə təchiz olunurdu. By say 24 əvəzinə 48-ə çatdırıldı. Bu isə onların əsas vəzifəsindən - Varşava Müqaviləsi dövlətlərin tankları ilə mübarizə aparmaq və tankları hücum helikopterlərinin atəşi altına sıxışdırmasından irəli gəlirdi. Qeyd etmək lazımdır ki, 1982-ci ildə Foklend müharibəsi zamanı Britaniya ordusu "Milan" TƏİRK-lərindən yalnız zirehli vasitələrə qarşı deyil, həm də pulemyotçu heyətə qarşı istifadə edilirdi.
İlkin olaraq, fransız ordusunun silahlanmasına daxil olan yeni MMP (Missile Moyenne Portee - daşınan orta mənzilli raket) kompleksi ilə başlayaq. Beşinci nəsil kompleks, raket və atıcı qurğu da daxil olmaqla, tamamilə rəqəmsaldır. MBDA istehsalı olan MMP kompleksi əvvəlcədən universal sistem kimi hazırlanıb. Ötən münaqişələrin təcrübəsi də göstərir ki, fransız ordusu raketlərin çox hissəsini hətta uzaqdan tanka bənzəməyən hədəflərə qarşı istifadə edib.
Beşinci nəsil MMP raketi köhnə "Milan" kompleksini əvəz etmək üçün MBDA tərəfindən hazırlanıb
Fransız MMP
Fransız ordusunun tələbləri üç əsas növ hədəflərə: müasir əsas döyüş tanklarına (OBR); binalara və qurğulara; açıq ərazidəki canlı qüvvəyə qarşı mübarizə aparmağı nəzərdə tuturdu. Yeni kompleks üçün digər tələblər şəhər şəraitində hərbi əməliyyatların keçirilməsini, yəni qısa məhvetmə məsafəsini və məhdud məkanlarda istifadənin mümkünlüyünü ehtiva edirdi. İki element MMD kompleksini həqiqətən universal edir: döyüş başlığı və məhvetmə üsulu. Döyüş başlığının hazırlanmasında "Saab Bofors Dynamics Switzerland" şirkətinin istehsalı olan müasir enerji materialları və texnologiyaları sahəsindəki son yeniliklərdən istifadə edilir. Kompleks haqqında məlumatlar az olmasına baxmayaraq, ehtimal etmək olar ki, digər tankəleyhinə kumulyativ raketlərdə istifadə olunan müxtəlif qalınlıqlı molibden örtüklü döyüş başlıqları, bu yeni silah sistemində də istifadə olunacaq.
Tanka atəş açarkən iki rejimli (istilik və televiziya) başlığın arxasında yerləşən ilk partlayıcı birinci detonasiya edərək dinamik mühafizə bloklarını sıradan çıxarır, ardınca isə ikinci əsas partlayıcı isə maksimum təsir göstərərək nüfuz etməsi üçün zireh üzərində partlayır. MBDA şirkəti "1000 mm-dən çox homogen zirehə nüfuz edilməsini" iddia edir. Burada "çox" sözünün neçə mm ifadə etdiyini söyləmək çətindir. Müasir texnologiyalar raket diametrinin 10 qatından çox qalınlığa zəmanətli nüfuzetməni təmin etməlidir. Raket 140 mm diametrindədir, deməli nüfuz etmə 1000 mm-dən daha çox olmalıdır. Daha kiçik diametrli raketlərin 1500 mm zirehə nüfuz etdiyi də məlumdur.
Kimsə gözlənilməz görünə bilər, lakin istehkam qurğularına (hər hansı tipli infrastruktura) qarşı istifadə edildikdə, ilk partlayıcı detonasiya etmir. MBDA-ya görə, ilk partlayıcının təsiri əsas partlayıcının effektivliyini azalda bilər, çünki sonuncu uyğun bir gecikmə ilə partlayır. Şirkət kompleksin betona qarşı səmərəli olduğunu sübut etmək məqsədi ilə çoxsaylı sınaqlar həyata keçirdi.
Nəhayət, MMP kompleksinin az vacib olmayan son tətbiqi açıq ərazidə olan canlı qüvvə ilə mübarizədir və onun əsas effektivlik parametri kinetik fraqmentlərin ətrafa bərabər paylanması ilə əldə olunur. Maksimum təsir əldə etmək üçün raket asmalı bir trayektoriya boyunca uçur. Bu kiçik yayınma ilə fraqmentləri daha yaxşı paylanmasını əldə etməyə, operatora isə əlavə bir neçə saniyə qazanmasına imkan verir.
Adətən betona nüfüzetmə rejimində raket maili, zirehə nüfuzetmə rejimində isə şaquli (asma) trayektoriya üzrə uçur və tank zirehi ilə görüşdə kumulyativ tandem raket işə düşür. Operator raketi buraxmazdan öncə başqa bir rejim seçməzsə, bu rejim daim aktiv olur.
Tank əleyhinə rejimdə, MMR raketi, əsas döyüş tankının həssas nöqtələrinə təsir etmək üçün hədəfə yuxarıdan hücum edən trayektoriya boyunca uçur
Universal raket
MMD kompleksinin daha da inkişaf etdirilməsinə gəldikdə, atəş məsafəsi diapazonunun mümkün artımı barədə müzakirələr aparılır. Aydındır ki, bunun üçün daha sürətli bir raket buraxılışı tələb ediləcək. Mövcud raket sürətləndirici 15 m/s sürətlə uçuşu təmin edir, sonra atıcı qurğudan bir metr aralandıqda əsas raket mühərriki fəaliyyətə başlayır, bu isə raketin məhdud məkanlarda istifadəsini təhlükəsiz edir. Sürətin artırılması isə bağlı məkanlarda və binalarda MMP-lərin istifadəsini məhdudlaşdırmaqla minimum məsafənin artmasına səbəb olacaq. Bu isə şəhər döyüşündə əsas parametrlərdən heab olunur.
Aydındır ki, məhvetmə məsafəsinin 4 km ilə məhdudiyyəti Fransa ordusunun tələblərinə cavab verir, həm də istehsalçının sözlərinə görə, çox böyük dəyişiklik edilmədən, raketin məhvetmə radiusu bir qədər artırıla bilər. Eyni zamanda, MMP kompleksinin bir piyada silahı kimi istifadə edərkən, doğrudan da birbaşa ərazi baxış bucağının məhdud olduğu məlum olur. Bütün bunlar nəzərə alınaraq sistemin böyük potensiala malik olduğunu söyləmək olar. MMP kompleksi müasir, tam rəqəmsal bir sistemdir, raket və atıcı qurğuda geniş istifadə olunan rəqəmsal texnologiya isə digər yerüstü platformalara daha asan inteqrasiya olunmasına imkan verir.
MBDA artıq Fransa ordusu tərəfindən seçilib və "Jaguar 6x6" yeni zirehli kəşfiyyat maşınlarına quraşdırılıb, digər qüllələrə də quraşdırılması da kifayət qədər sadə məsələ hesab olunur. Bundan əlavə, şirkət artıq raketlərin taktik pilotsuz aparatlara inteqrasiyasını araşdırır. Xüsusi təyinatlı qüvvələrə məxsus yüngül kater və gəmilərə MMP-lərin quraşdırılması da maraqla qarşılanır və MBDA artıq belə yeniliklərin həyata keçirilməsi yollarını nəzərdən keçirir. Potensial müştərilərin ehtiyaclarını müəyyən etmək məqsədilə, helikopterlərə inteqrasiya ilə əlaqədar, texniki-iqtisadi təhlil və bazar araşdırmaları aparılır.
LR2 raketi məşhur "Spike" ailəsinin yeni üzvüdür. Yeni soyudulmayan özütuşlanan başlıq və yeni universal döyüş hissəsi quraşdırılıb
İsrailin zəngin döyüş təcrübəsi
"Rafael Advanced Defense Systems" korporasiyası tərəfindən hazırlanan "Spike" ailəsindən olan TƏİRK-in istifadə tarixi, İsrail ordusunun 1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı rəqibin kütləvi tank hücumlarını dəf etməklə başlayıb. Ailənin atası, 30 km atəş məsafəsinə və məhvetmə üsuluna görə artilleriya silahlarına aid edilə bilən "Spike" NLOS (non-line of sight- birbaşa görünüş olmadan) hesab olunur.
İndi bu ailə xeyli genişlənıb. "Spike" SR (1.5 km), "Spike" MR (2,5 km), "Spike" LR (4 km), "Spike" LR2 (5,5 km aralığında yeni bir versiya) və "Spike" ER (8 km) modelləri mövcuddur. İki SR və MR özütuşlanan qısa məsafəli raketlər istisna olmaqla, bütün qalan "Spike" raketləri atıcı qurğunu birləşdirən optik lifli kabelə sahib bobin ilə təchiz olunur.
"Spike" LR2 raketinin dəmir-beton divarına zərbəsinin nəticəsi. Yeni reallıqlar daşınan raket komplekslərindən zirehi olmayan hədəflərə qarşı mübarizə qabiliyyətlərini artırmağı tələb edir
2017-ci ilin ortalarında təqdim olunan "Spike" LR2-nin son versiyası əvvəlcədən universal bir sistem olaraq dizayn edildi. "Spike" LR2, müasir materialların istifadəsi sayəsində əvvəlki versiyasından daha yüngüldür. Bundan əlavə, yeni nəsil raket əvvəlki model "Spike" LR ilə müqayisədə soyudulmayan termal sensor sayəsində daha dəqiq görüntülər əldə edir, aktivləşməyə daha az zaman sərf edir, atəş tapşırığını təxirə salmağa və raketi yenidən istifadə etməyə imkan verir. Ətalətli naviqasiya sisteminin tətbiqi raketlərin imkan dairəsini genişləndirir, raketləri hədəf bölgəsinə göndərərək ön hissədəki gündüz/gecə sensorları vasitəsilə uçuş zamanı hədəflərin daha dəqiq görüntülərini əldə edərək məhv ediləcək obyekti təyin etməyə imkan verir. Əvvəllər bu funksiya yalnız "Spike" NLOS-un modelində mövcud idi. LR2 modeli iki fərqli döyüş başlığı ilə mövcuddur: tank əleyhinə və universal. Kumulyativ partlayıcı ilə tandemdə olan tank əleyhinə döyüş başlığına sahib raket ağır zirehli hədəflərin məhv edilməsi üçün optimallaşdırılıb. "Rafael" korporasiyası müasir məqsədlərə nail olmaq üçün bir sıra universal imkanlara malikdir. Sadəcə bir düymənin köməyi ilə operator betona qarşı rejimə keçərək raketin divara nüfuz etdikdən sonra daxildə detonasiya etməsini təmin edir. Bu, isə tankəleyhinə versiyanın funksional rahatlığını böyük dərəcədə artırıb. Lakin "Rafael" şirkəti bir az da irəli gedərək universal döyüş başlıqlı LR2 raketinin yaradılmasına qərar verdi.
Beləliklə yeni raketin tərkibində, hədəflə görüşənədək operator tərəfindən real zaman kəsiyində nəzarət edilən, son ana qədər bir obyektdən digərinə keçid imkanı verən "ağıllı" partlayıcı mövcuddur.
"Spike" NLOS və "Spike" ER kompleksləri sahil hədəfləri ilə mübarizə aparmaq üçün İsrail hərbi gəmilərində quraşdırılır
Universal döyüş başlığı ilə raket 340 bar təzyiq yaratmaqla 200 mm qalınlığında dəmir beton divara nüfuz edə bilir. Nüfuzedən FTB (Follow-Through-Bomb) döyüş başlığı qapalı termobarik effekti yaradan bir gecikmə ilə detonasiya edir. Bu bunker əleyhinə imkanları sayəsində müxtəlif variantlarda "Spike" kompleksləri 28 ölkənin ordularının arsenalında yer almaqdadır. Əlavə olaraq, operator raketin döyüş başlığının havada və ya bunkerdə partlaması rejimini də seçə bilər.
Bütün bu funksiyalar "Spike" LR2 kompleksini tank, gəmi, piyada və bunker əleyhinə effektiv taktiki qərarlar qəbul etmək üçün istifadə edilməsini mümkün edir.
"Rafael" kompaniyası yüngül təyyarə üçün çox yüngül qoşa atıcı "Spike" raketini inkişaf etdirdi
"Spike" MR, LR və LR2 daşınan hesab olunur və istehsalçı raketin kütləsini 13 kq göstərir, uzun mənzilli ER variantı isə atıcı qurğu ilə birlikdə 34 kq-dır. Kompleks mobil platformalar və döyüş helikopterləri üçün variantlarda istehsal olunur. MR, LR və LR2 raketləri üçün eyni atıcı qurğudan istifadə edilə bilər. Raket qəlpəli zirehdələn döyüş başlığı ilə də təmin oluna bilir. Bu isə inşaat obyektinə və ya gəmiyə nüfuz etdikdən sonra daxildə güclü qəlpəli fuqas təsiri yaradır. Keçən ilin mayında Filippin Dəniz Donanmasının tərkibinə daxil olan 3 ədəd yeni hücum katerləri üçün də "Spike" ER kompleksi seçildi.
"Spike" NLOS, bu ailənin ilk üzvü kimi, ER raketinin yuxarıda qeyd olunan qəlpəli zirehdələn döyüş başlığı ilə modernləşdirilib və hədəfə də eyni təsiri göstərir. Tuşlama sistemi hədəfləri yüksək dəqiqliklə məhv etməyə imkan verir, bu isə xərclərin azaldılmasına səbəb olur.
İsveçin "Saab Dynamics" şirkətinin RBS-56B Bill 2 daşınan tank əleyhinə kompleksi kumulyativ raketin hədəf üzərində (zirehin kiçik qalınlığı nöqtəsində) aralı məsafədən partlayış prinsipini həyata keçirir
İsveç yaradıcılığı
"Bill 1" kompleksinin təkmilləşdirilən təcəssümü olan RBS-56B "Bill 2" TƏİRK, İsveçin "Saab Bofors Dynamics" şirkəti tərəfindən hazırlanıb. Bu kompleksdə zirehin kiçik qalınlığa malik yerlərində hədəfdən aralıda partlayıcının işə düşməsi prinsipi ilə həyata keçirilir. Raketin tuşlama sistemi yarımavtomatdır və görmə xətti ilə raketin tuşlanması, qurğu və raketi biləşdirən fiber-optik kabel tərəfindən təmin edilir.
Yeni "Bill 2" raketlərinə İki alternativ rejim əlavə edilib. Raket tanklara asma trayektoriya ilə atəş açan zaman maqnit və optik sensorlar aktiv olur və xüsusi alqoritmlər hədəf üzərində detonasiyanı optimallaşdırır.
Canlı qüvvəyə və digər zəif, həssas hədəflərinə qarşı atəş açarkən raket asma trayektoriya üzrə buraxılır. Bu zaman yalnız optik sensor aktiv olur və xüsusi alqoritmlər də yuxarıdaki kimi detonasiyanın optimal variantını seçir. Şirkət "Bill 2" versiyasının təkmilləşdirilməsinə yönələn hər hansı bir inkişaf barədə məlumat verməkdən imtina edir.
Qısa məsafəli raketlər: əsas universallıqdır
Son münaqişə və qarşıdurmalar nəticəsində bir sıra kiçik mənzilli ucuz daşınan komplekslər ortaya çıxıb. Prioritet hədəflər istehsalçıları universal imkanları vurğulamağa sövq edir. Dolayısı ilə xərcləri azaltmaq üçün müvafiq dəqiqlik də tələb olunur. Bundan əlavə, silahların idarəolunması vacib elementə çevrilir, çünki şəhər şəraitində döyüş səmərəliliyinin artırılması üçün yüksək dəqiqlik şərtdir.
Bu sistemlərin əksəriyyəti özütuşlanan "atdım-unutdum" prinsipi ilə idarə olunur.
İsrailin kiçik "Spike" SR raketi
Ən geniş inkişaf edən kompleks isə "Rafael" şirkətinin "Spike" SR (Short Range - qısa mənzilli) raket kompleksidir. Hədəfi ələ keçirmək üçün ön tərəfdə soyudulmayan infraqırmızı 3-cu nəsil özütuşlanan başlıq yerləşdirilir və onun aktiv olması üçün tələb olunan vaxt 6 saniyədən azdır.
Uzun məsafəli "Spike" raketlərində başlıq sensoru kardan asqısına, SR raketində isə sabit olaraq korpusa bərkidilir. Raket üçün müxtəlif döyüş hissələri mövcuddur. Bunlardan ən çox yayılanı yüngül və orta zirehli vasitələrlə mübarizə aparmaq üçün nəzərdə tutulan tankəleyhinə kumulyativ döyüş hissələridir. Qəlpəli və beton əleyhinə döyüş hissələri isə ən az istifadə olunananlardır. "Spike" SR TƏİRK Sinqapur ordusunun arsenalına qəbul edilib.
Hədəfləri ələ keçirmək üçün "Spike" SR raketi soyudulmayan özütuşlanan başlıqla təchiz olunur
Alman bacarıqları: Enforcer
Üç il hazırlıqdan sonra Avropanın raket sistemləri istehsalçısı MBDA-nın Almaniya ofisi 2018-ci ilin sonunda və 2019-cu ilin əvvəlində "Enforcer" kompleksinin ixtisas təsnifat sınaqlarını keçirəcək. Kompleksdə bu şirkətin müxtəlif proqramlarında aparılan tədqiqatların nəticələrindən istifadə edilib. "Enforcer"in dəyərini azaltmaq üçün modul prinsipindən və hazır komponentlərdən geniş istifadə edilib.
Yeni komplekslərin texniki xüsusiyyətləri, "Dynamit Nobel Defence" istehsalı olan mövcud RGW90 AD raket kompleksini yeni sistem ilə tamamlamağı planlaşdıran Bundesverin tələblərinə də cavab verir.
"Enforcer" kompleksi 5.5 dəfə böyütmə təmin edən "Airbus OS Optronics" istehsalı "Dynahawk" nişangah qurğusu, maksimum məsafədə 1 metr ölçü dəqiqliyi olan lazer məsafəölçəni, atmosfer sensorları (təzyiq, temperatur, küləyin sürəti), avtomatik ələkeçirmə və hədəf izləmə sistemləri ilə təmin olunur.
MBDA KFK "Enforcer" kimi yüngül raketlər əsasən tikililəri məhv etmək və insan qüvvəsi ilə mübarizə aparmaq üçün nəzərdə tutulur. Lakin onlar yüngül və orta zirehli nəqliyyat vasitələrinə qarşı da effektivdir
"Enforcer", TDW tərəfindən hazırlanan çox məqsədli yüksək qəlpəli fuqas başlığı sayəsində tamamilə çoxyönlüdür. Universal döyüş başlığı sığınacaqların, binaların və zəif zirehli vasitələrin arxasında qorunmayan hədəfləri uğurla məhv etməyə imkan verir. 2017-ci ilin sonunda 1000-2000 metr məsafələrdə sabit hədəflər üzrə aparılan sınaqlardan sonra, havada partlayış rejimində də sınaqlar uğurla həyata keçirildi. Sınaqlar zamanı raketlərdən biri MBDA İtaliya ofisi tərəfindən istehsal olunan karbon lifindən hazırlanan yüngül atıcı qurğudan buraxıldı. MBDA, şəhər döyüşlərinin tələblərini daha yaxşı yerinə yetirmək üçün minimum atəş məsafəsini azaltmaq istiqamətində yorulmadan çalışır. MBDA layihələr haqqında məlumat verməyə meyilli olmasa da, digər variantlar gözləniləndir.
MBDA Almaniya ofisi tərəfindən hazırlanan KFK "Enforcer" xərcləri azaltmaq üçün çox hazır komponentlərdən istifadə edir. İlin sonuna qədər kompleksin ixtisas təsnifat sınaqları gözlənilir
Yenə də İsveç: ULM
2014-cü ildə "Saab Dynamics" şirkəti "Ultra Light Missile" (çox yüngül raket) anlayışının araşdırılmasına başladı və nəticədə 84 mm "Carl Gustaf" qumbaraatanı üçün idarəolunan raket əldə etdi.
Proqram erkən mərhələdədir və bu barədə məlumat çox azdır. "Saab Dynamics"in məlumatına görə, fərdi komponentlər artıq mövcuddur, hazırda elementlərin 84 mm kalibrə uyğunlaşdırma işləri gedir. Raket yumşaq bir başlanğıc sisteminə sahib olacaq, yəni raket qurğudan ayrıldıqdan sonra raket mühərriki işə başlayacaq. Qatlanan sükan və daşıyıcı qanadların lülə yivləri ilə uyğunlaşması problemi isə hələ həll olunmayıb. Raketin atıcı qurğuya konteynerlə birlikdə yerləşdirilməsi variantı da mövcuddur. Bu isə kalibrin və döyüş hissəsində xüsusiyyətlərin zəifləməsinə səbəb ola bilər. Hələ ki, ilkin mərhələ olduğuna görə bütün mümkün variantlar araşdırılır.
84-mm "Carl Gustaf" qumbaraatanının atəş məsafəsini və dəqiqliyini təkmilləşdirmək üçün "Saab Dynamics" şirkəti 1500-2000 metr məsafəlik çox yüngül "Ultra Light Missile" raketinin konsepsiyasını inkişaf etdirməyə başladı
Raket burun hissədə hədəfin ələ keçirilməsindən atəş anına qədər fəaliyyət göstərən özütuşlanan başlığa sahib olacaq. Başlıq iki diapazonda fəaliyyət göstərəcək.
Əminliklə demək olar ki, ULM raketi çoxrejimli hücum xüsusiyyətlərinə sahib olacaq, çünki tankları məhv etmək üçün yuxarıdan hücum etmək tələb olunur. Döyüş başlıqlarının tipi tam dəqiq deyil, lakin çox məqsədli və tank əleyhinə kumulyativ kimi iki variantın aşkar üstünlük təşkil edəcəyi gözlənilir.
ULM raketləri ilə məhdud məkanlarda atəş açmaq mümündür, 5 kq ağırlığındadır və 1500-2000 metr məsafədə effektivdir. Bu proqramın həyata keçirilməsi qrafikinə daha çox sifarişçinin maraqları təsir göstərəcək və bu səbəbdən "Saab Dynamics" şirkəti yeni raketin hazır olacağı tarix barədə fərziyyələr irəli sürmür.
Hərbi ekspert Ədalət Verdiyev
Yazı Aleks Alekseyevin məlumatları əsasında hazırlanıb
Ordu.az