ABŞ və İsrail raketlərinə yeni rəqib: "Gökdoğan" və "Bozdoğan" raketləri – ANALİZ (FOTOLAR+VİDEO)

2018/04/1_1523516798.jpg
Oxunub: 3670     15:08     12 Aprel 2018    
Ötən ay Türkiyənin ilk milli raketlərinin - "Gökdoğan" və "Bozdoğan"ın yerdən ballistik atışları müvəffəqiyyətlə həyata keçirildi. Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatının (TÜBİTAK) və Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutunun (SAGE) IDEF 2017-də, 13-cü Beynəlxalq Müdafiə Sənaye Sərgisində nümayiş etdirdiyi "Göktuğ" hava-hava raket sistemləri ailəsinin üzvləri olan "Gökdoğan" və "Bozdoğan" sistemlərinin inkişaf prosesi istiqamətində çalışmalar davam edir.

TÜBİTAK- SAGE tərəfindən hazırlanan və həyata keçirilən layihənin əsası 2013-cü ildə qoyulub. Bu ilin son rübündə sınaqların növbəti və son mərhələsinin keçirilməsi gözlənilir.

IDEF-2017-də təqdimat mərasimindən sonra hər iki raketin yerdən ballistik atəş sınaqları həyata keçirildi. Bu sınaqlar çərçivəsində, raket mühərrikinin tuşlanma funksiyaları və havada raketi məhv etmək qabiliyyəti sınaqdan keçirildi. Sinop poliqonunda keçirilən sınaqlar müvəffəqiyyətlə tamamlandı.


Bu ilin son rübündə keçiriləcək son sınaqlar zamanı raketlər real hədəflərə buraxılacaq. Bu təyyarədən atılan raketlər vasitəsilə həyata keçiriləcək. "Gökdoğan" və "Bozdoğan" layihəsi 2019-cu ildə tamamlanacaq.

SAGE inkişaf prosesini tamamladıqdan sonra raketlərin layihəsini istehsalçıya təslim edəcək.

Müdafiə sənayesinin Ar-Ge mərkəzi

SAGE, "müdafiə texnologiyaları sahəsində Türkiyəni müstəqil etmək" prinsipi ilə fəaliyyət göstərir.

İnstitut müdafiə sənayesi üçün əlavə dəyərə və yüksək rəqabət gücünə malik texnologiya, məhsul və xidmətləri Ar-Ge mərkəzinin vasitəsilə təmin edir.


Müdafiə sistemlərinin təməl araşdırması və konseptual dizaynından başlayaraq, bu sistemlərin mühəndislik və prototip istehsalına qədər olan araşdırma və inkişaf etdirmə fəaliyyətlərini davam etdirən SAGE, layihələrinin çoxunu əlaqədar sənaye qurumları ilə ortaq icra edir.

İnstitut, bu günə qədər təyyarədən atılan bombalara izləmə qabiliyyəti qazandıran "Həssas Tuşlama başlığı" (HGK), yerə atılan orta mənzilli sursatlar (SOM), bu sursatlar üçün betona nüfuz edə bilən başlıqlar, təyyarədən atılan raketlərə izləmə və uzun mənzilli imkan verən "Qanadlı İzləmə Başlığı" kimi uğurlu layihələri həyata keçirib.

Raketlərin imkanları

SAGE-nin hava raketlərinə aid proqramının həyata keçirilməsinə, qeyd olunduğu kimi 2013-cü ildən başlayıb. Bu raketlərin ABŞ-ın AIM-9X, İsrailin "Python-5" və Rusiyanın R-73 raketlərindən geri qalmadığı, bəzi parametrlər üzrə daha üstün olduğu iddia olunur. Bu proqram çərçivəsində orta və qısa mənzilli, yüksək dəqiqliklə məhvetmə qabiliyyətinə, minimum yayınmaya, hər şəraitdə istifadə edilə bilən, az dumanlı qatı yanacaq texnologiyalı, yüksək etibarlılıq və təhlükəsizlik səviyyəsinə sahib tam elektron raket mühərrikli, iki vektor sayəsində yüksək manevr imkanlarına, müasir axtarış və görüntüləmə başlığına sahib "Gökdoğan" raketləri hazırlandı.


"Gökdoğan", hərtərəfli atış imkanlarını inkişaf etdirən, qısa və orta mənzilli idarəolunan hava-hava tipli raketdir. Bu raketlər Türkiyənin Hərbi Hava Qüvvələrinin istifadəsində olan İİR idarəetməyə sahib, AIM-9 "Sidewinder" raketlərinin yerini alacaq. Raketin hazırlanmasında IRIS-T korpus quruluşundan, "Hisar-A" və "Hisar-O" sistemlərində istifadə edilən ASELSAN-ın İİR görüntüləmə sistemindən istifadə ediləcək.

Bu proqram çərçivəsində digər uzun mənzilli, aktiv radar başlıqlı, idarəolunan, hava-hava tipli "Bozdoğan" raketi də hazırlandı.

"Bozdoğan" raketi "atdım-unutdum" xüsusiyyətli ağıllı izləmə sistemindən istifadə edir. Bu isə raket atıldıqdan sonra tuşlayıcı dəstəyi olmadan da hədəfin vurulması mənasına gəlir. İlk dəfə hədəfi nişan alarkən raket hədəfə kilidlənir, məlumatları yaddaşında saxlayır və kənar kimsənin müdaxiləsi olmadan hədəfi, hərəkət etsə belə özü tapıb rahatlıqla məhv edir. "Bozdoğan" raketi aktiv radar başlığına, qarışdırma mənbəyini izləmə, məlumat bazasını və hədəf məlumatlarını yeniləmə, eyni zamanda müxtəlif hədəfləri eyni vaxtda nişan almaq və atəşdən sonra hədəfləri zəmanətlə məhv etmək kimi üstün xüsusiyyətlərə malikdir.


Raketlərdə az dumanlı qatı yanacaq texnologiyasından, yüksək etibarlılıq və təhlükəsizlik səviyyəsinə sahib tam elektron raket mühərrikindən, mühafizə olunan atəş və etibarlılığı təmin edən fasiləsiz izləmə sistemindən istifadə edilir. İR (infra qırmızı) aşkaretmə sistemi əvəzinə daha üstün İRR görüntüləmə sistemindən istifadə olunub. Bu isə hədəfin yalnız isti hissələrini deyil, onu bütöv formada iki müxtəlif rəngdə, yüksək kontrastda görüntüləməyə imkan verir.

Beləliklə, Türkiyə Hava Qüvvələri tərəfindən istifadə olunan AIM-120 AMRAAM raketinin yerini alacaq yeni layihə olduqca irəlləyib və son sınaq mərhələsindədir. Uzun mənzilli və radarla idarə olunan raket çoxsaylı üstün texniki xüsusiyyətlərinə görə sinifində dünyanın ən yaxşılarından biri olacaq. Türkiyədə ilk dəfədir ki, bu tip raket hazırlanır. Çoxfunksiyalı aşkaretmə başlığı isə davamlı olaraq inkişaf mərhələsindədir.


Hər iki raket MIL-STD-1553 & MIL-STD-1760 standartlarına uyğundur və F- 15, F-16, F- 18, F-22 və F-35 kimi qırıcılara quraşdırılan LAU-129 atıcı qurğularından buraxılması mümkündür.

Bu tip raketlərin yeni versiyalarına qarşı sürülən tələblərdən biri də HOBS (High-Off-Boresight) xüsusiyyətinin, yəni yüksək yan görünüş bucağına sahib olmasıdır. Yəni yeni raketlər F- 16-larda istifadə edilən CCİP, indi isə F-35 qırıcıları üçün modernləşdirilən JHMCS (Joint Helmet Mounted Cueing System- şlemə montaj edilən müştərək nişangah) sistemi, tətbiq edilən şlemlərin vasitəsi ilə raketlər 90 dərəcə bucaq altında olan hədəflərə belə kilidlənə biləcək. 5-ci nəsil qırıcılarda istifadə edilən bu raketlərin gələcəyin silahları olacağından xəbər verir.

2019-cu ilin sonunda sınaqlar tamamlanacaq və "Göktuğ" ailəsindən olan "Gökdoğan" raketi silahlanmaya qəbul edilərək, F-16 qırıcılarında istifadə olunan "AIM-9X Sidewinder" raketlərini əvəzləyəcək. Uzaqmənzilli "Bozdoğan" raketləri isə Türkiyənin öz istehsalı olacaq yerli TF-X döyüş təyyarələri ilə birlikdə silahlanmaya qəbul edilərək hava məkanının toxunulmazlığının qarantı olacaq.

Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Gökdoğan   Bozdoğan   Göktuğ  


Bizi "telegram"da izləyin