Əvvəlki nəsil MIM-14 "Nike-Hercules" və MIM-23 "HAWK" ZRK-nı əvəz etmək üçün nəzərdə tutulan "Patriot" kompleksinin hazırlanmasına 1963-cü ildə başlanıb. Raketin ilk uçuş sınağı 1970-ci ilin fevral ayında baş verib və 1974-cü ilin yanvarın 11-də raket ilk dəfə olaraq yerüstü radardan gələn komandalara uyğun manevrlər etdi. Kompleks 1982-ci ildə ABŞ Ordusu tərəfindən qəbul edildi.
Zenit raket batareyası hər birində dörd raket olan 4-8 ədəd atıcı qurğudan ibarətdir. Batareya müstəqil bir döyüş missiyasını yerinə yetirə biləcək ən kiçik taktiki döyüş vahididir. Adətən döyüşdə batareya divizion tərkibində istifadə olunur.
"Patriot" ZRK yüksək döyüş imkanlarına malikdir, ABŞ və digər NATO ölkələrinin Silahlı Qüvvələrinin arsenalında yer alır. Kompleksin səmərəliliyi qabaqcıl sxemlərdən, proqramlardan, materiallardan və innovativ texnologiyalardan istifadə etməklə əldə edilir.
Kompleksin quruluşu və növləri
"Patriot" kompleksinə daxildir:
- AN / MPQ-53 mərhələli antenaya sahib çoxfunksiyalı radar;
- Atəşi idarəetmə məntəqəsi AN/MSQ-104;
- Atıcı qurğular M901;
- İdarəolunan zenit raketləri MIM104;
- Enerji qaynağı AN / MSQ-26;
- Kommunikasiya vasitələri, texnoloji avadanlıqlar;
- Radiotexniki və maskalanma vasitələri;
- Anten- maçta qurğuları (maksimum hündürlüyü 30.5 m);
- Radio-rele stansiyaları AN/MCR-137;
- M269A1 yarım qoşqulu M819 nəqliyyat doldurma maşını;
- Generatorlu qoşquya sahib texniki xidmət maşını M814;
- Kiçik ölçülü ehtiyat hissələr maşını;
- Qaldırıcı kran M819.
"Patriot" ZRK PAC-1, PAC-2, PAC-3 və PAC-3 MSE modifikasıyaları mövcuddur. Sonuncu PAC-3 MSE vesiya daha uzaq mənzilli, dəqiq və sürətli idarəolunan zenit raketlər ilə təmin olunur. Həd2əfi aşkaretmə radiusu iki dəfə artırılıb. Maneə olmadıqda bir raketlə ehtimal olunan effektiv məhvetmə əmsalı 0.8-0.9-a bərabərdir.
"Patriot" ZRK-da istifadə olunan raketlər
Bu komplekslərdə istifadə olunan idarəolunan MIM-104 zenit raketləri də komplekslər yeniləndikcə inkişaf etdirilir. Hər bir raketin fərqli təyinatı mövcuddur.
- MIM-104A - aerodinamik hədəflərin ələ keçirilməsi üçün;
- MIM-104B - maneə mənbələrinə və yerüstü radarlara passiv tuşlama funksiyalı;
- MIM-104C, MIM-104D, MIM-104E - ballistik hədəfləri ələ keçirilməsi üçün;
- MIM-104F (MSE) - əlavə Ka-diapazonlu fəal özütuşlanan başlıq imkanlarına sahibdir və ballistik hədəfləri ələ keçirmək üçündür.
Sonuncu raketlər "Patriot" ZRK PAC-3 MSE kompleksinin tərkibinə uyğunlaşdırılıb. "Patriot" raket sistemində istifadə edilən MİM-104A raketi, normal bir aerodinamik sxemlə icra edilən bir mərhələli idarə olunan raketdir.
Raket aşağıdakı bölmələrdən ibarətdir: axarlı başlıq, özütüşlanan başlıq, döyüş hissəsi, mühərrik və idarəetmə sistemi (idarəetmə bloku, 4 hidravlik sürücü sükan və 4 çarpaz kəsişən sabitləşdirici).
"Patriot" ZRK taktiki- texniki xüsusiyyətləri
Hədəfin məhv edilmə ehtimalı - 0,8 (döyüş şəraitində 0,4-0,6)
İdarəetmə - çarpaz kəsişən 4 sabitləşdirici
Mühərrik - "Thiocol" şirkətindən RDTT TX-486
Döyüş başlığı - yüksək qəlpəli fuqas
Döyüş başlığının tərkibi - adi partlayıcı + volfram doldurucular
Partlayıcı - kontaktsız XM818
Konteynerin ölçüləri 0.99 x 1.09 x 6.1 m
Səfər vəziyyətindən açılma müddəti - 30 dəqiqə
Raketin diametri - 410 mm
Raketin uzunluğu - 5310 mm
Stabilizatorlar diapazonu - 870 mm
Raketin kütləsi - 912 kiloqram
TPK-da raketin kütləsi - 1696 kq
Döyüş başlığının çəkisi - 91 kiloqram
Uçuşun maksimal sürəti - 1,800 m/s
Minimum atəş məsafəsi - 3 km
Balistik hədəflər üçün maksimum məsafə - 20 km
Aerodinamik hədəflər üçün maksimum atəş məsafəsi - 80-100 km
Hədəfin məhvetmə yüksəkliyi - 0.06 - 25 km
Maksimum yüklənmə - 30 g
Uçuş vaxtı - 8,3-17 san,
Mühərrikin işləmə müddəti - 11,5 san
Dartı qüvvəsi - 11 ton
Atıcı qurğuların sayı - 4 ədəd
Orta məsafədə tuşlama sistemi radio komandalar, son mərhələdə isə TVM (raketin özünə aid) radiolokasiya sistemi vasitəsilə həyata keçirilir.
TVM nədir
MİM-104 raketini digər sistemləndən fərqləndirən cəhət TVM (TVM -Track-Via-Missile), yəni "raket vasitəsilə izləmə" üsuludur. Uçan raket hədəfdən əks etdirilən siqnalı alır və bu istiqamətdəki əlaqə kanalı vasitəsilə komanda məntəqəsinə göndərir. Uçuşda olan raket, onu yönləndirən RLS-dən hədəfə həmişə daha yaxın olduğu üçün hədəfdən əks etdirilən siqnallar daha dəqiq, daha effektiv və daha səmərəli qəbul edir.
Beləliklə, tuşlama radarının şüaları qəbuledici stansiya üçün fəaliyyət göstərir: RLS-in öz qəbuledicisinə və raketin qəbuledicisinə. İdarəetmə məntəqəsinin kompüteri yerüstü radardan və raketdən alınan məlumatları müqayisə edir və traektoriyaya düzəlişlər edərək raketi hədəfə yönləndirir. Bu fərqli cəhət "Patriot" komplekslərinin məhvetmə əmsalının yüksəlməsinə səbəb olan amillərdən biridir.
Döyüşlərdə istifadəsi
ABŞ 1991-ci ildə İraq ərazisində "Səhrada Fırtına" əməliyyatına başlamadan öncə döyüş əməliyyat teatrının raket hücumundan müdafiəsini yaratdı. Regiondakı RƏM sisteminin əsasını "Patriot" ZRK təşkil edirdi: 22 batareya (132 atıcı qurğu) Səudiyyə Ərəbistanının hava, dəniz limanlarını, qoşunlarının və neft sənayesi obyektlərinin yerləşdiyi əraziləri, yeddi batareya (dörd ABŞ, iki İsrail və bir Danimarka - ümumilikdə 48 atıcı qurğu) - İsrailin böyük şəhərlərini, dörd batareya isə (iki ABŞ və iki Danimarka - ümumilikdə 26 atıcı qurğu) Türkiyə aviabazalarını qorumaq üçün yerləşdirilib.
Əməliyyat zamanı İraqın hava hədəflərini məhv etmək üçün qeyd olunan qüvvə və vasitələrdən fəal şəkildə istifadə olundu. Yalnız Türkiyədə yerləşən "Patriot" ZRK batareyaları istisna təşkil etdi. Ankara qonşusuna qarşı birinci silah istifadəsindən aşkar imtina etdi.
2003-cü il İraq müharibəsində isə "Patriot" ZRK yeni raketlərlə təmin olundu, tuşlama sistemləri yeniləndi. Nisbətən daha yüksək nəticələr əldə edildi, məhvetmə əmsalı yaxşılaşdırıldı.
"İraq azadlığı" hərbi əməliyyatları zamanı "Patriot" batareyalarını koalisiya qüvvələrinin qərargahının raket əleyhinə müdafiəsini təşkil etmək üçün Küveytın "Kamp Doha" poliqonunda yerləşdirdilər. 2003-cü ilin martın 27-də bu qərargah İraqdan atılan operativ taktik raketlərlə hücuma məruz qaldı. Bütün raketlər "Patriot" raket əleyhinə sistem tərəfindən müvəffəqiyyətlə ələ keçirildi və məhv edildi.
İki dəfə isə "dost" atəşi baş verdi. 2003-cü ilin martında "Patriot" batareyası ilə Britaniyanın "Tornado" qırıcı təyyarəsi vuruldu. Başqa bir vaxtda isə İraq-Küveyt sərhədinə ABŞ-ın F/A-18 təyyarəsi vuruldu.
2014-ci ilin sentyabrında İsrailin RƏM sistemi bu komplekslə bir neçə saniyə sərhədlərini pozan Suriyanın HHQ-nə məxsus Su-24 təyyarəsini məhv etdi.
2016-cı ildə isə İsrail hava sahəsini pozan PUA vurulmadan geri dönə bildi. Ekspertlər bu faktı təyyarənin göndərilməsi üçün "fora" kimi dəyərləndirirlər. Ən güclü RƏM sisteminin istifadəçisi və istehsalçısı olan İsrail üçün PUA məhv etməyin ciddi bir problem olmadığını hər kəs çox gözəl bilir.
2017-ci ilin aprelində isə İsrail tərəfi Suriyadan göndərilən və hava sahəsini pozan bir PUA-nı ələ keçirərək endirdi.
Suriyada atılan raketlərdən müdafiə olunmaq üçün Türkiyə hökumətinin xahişini nəzərə alan NATO, 2012-ci ildə "Patriot" kompleksini "Aktiv Məhdudiyyət" əməliyyatı çərçivəsində Türkiyə-Suriya sərhədindəki ərazilərdə yerləşdirdi.
Yəməndə vətəndaş müharibəsi
2015-ci ilin iyun ayında "Patriot" kompleksi Səudiyyə Ərəbistanı ərazisinə üsyançı husilər tərəfindən atılan R-17 ballistik raketini bir, 26 avqustda başqa bir R-17 OTR isə iki "Patriot" raketi ilə məhv etdi. Oktyabrın 1-də atılan raket Səudiyyə Ərəbistanı ərazisindəki aerodroma düşdü. Digər bir raket isə boş səhraya düşdü.
2017-ci ildə Ər-Riyad beynəlxalq hava limanına atılan R-17 ballistik raketi, "Patriot" kompleksinin MIM-104 anti raketi tərəfindən məhv edildi.
İndi isə mövzunun əvvəlində "Patriot" kompleksinin davamlı izlədiyi 8 hədəfin hər birinə niyə məhz 3 raket tuşladığına aydınlıq gətirək. Demək ki, bu kompleksin istehsalçısı olan "Lockheed Martin" şirkəti hər bir izlənən hədəfin zəmanətli məhvi üçün maksimum 3 raketdən istifadə edilməsi ideyasını konsepsiyanın özünə inteqrasiya edib. Bu konsepsiya birinci və ya ikinci raketlə hədəfin məhv edilməsini istisna etmir.
Təbii ki, dünyada bütün raketləri zəmanətlə 100% məhv edə biləcək sistemlər hələ ki yaradılmayıb. Ən müasir ZRK isə ABŞ, İsrail, Rusiya və İtaliyada istehsal olunur. "Patriot" kompleksinin döyüş istifadəsi zamanı ortalama olaraq 50 % dən yuxarı effektiv məhvetmə əmsalı göstərməsi hələ ki ən yüksək nəticələrdən hesab olunur.
Bir çox ordu arsenallarında olan bu tip komplekslərdən istifadə etməkdən bəzən çəkinirlər. "Uğursuzluq sindromu", prestij, mövcud bazarın itirilməsi, raketin yüksək dəyəri və s. kimi faktorların nəzərə alındığı şübhəsizdir. Silahdan istifadə edilməlidir ki, çatışmamazlıqlar, onları yaradan səbəblər aşkar edilsin və aradan qaldırılsın. Yeni kompleks yaradılan zaman çatışmamazlıqların olacağı labüddür. Amma onun ən qısa zamanda optimal şəkildə aradan qaldırılması vacib şərtlərdəndir.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az